Məhkəmə qərarları › İş №1(5-106)-8/2026

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(5-106)-8/2026

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(5-106)-8/2026 25.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Cəlal oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllə adlanan ünvanda yaşayan X2 təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X1 şəhərində yuxarıda göstərilən ünvanda 33 ildir yaşayır, ailəlidir, 4 övladı var, Ağcabədi şəhərində özəl çörəkxanada işləyir. Özü başda olmaqla ailəsinin qara günləri 8 il öncə X8 başçısı olduğu ailənin yaxın qonşuluğuna köçməsindən sonra başlayıb. Belə ki, Mahir Kərimovun arvadı, Ağcabədi rayonu, Cəfərbəyli kənd tam orta məktəbində X4 rəhbəri vəzifəsində işləyən X5 mütəmadi olaraq, dayanmadan ona böhtan ataraq şərəf və ləyaqətini ləkələyir, onun qulaqlarının eşitmədiyi sözlərlə təhqir edir. Bununla kifayətlənməyən Nuranə ailəsi ilə Rusiya Federasiyasında yaşayan qızlarını əxlaqsızlıqda günahlandırır. "Qızlarının üçü də fahişədir, Dubayda klublarda gəzib kef edirlər, səni saxlayırlar, ailən onların fahişəliklə qazandıqları pullarla yaşayır. Sən və ailən Ağcabədidə pozğunluqla ad çıxarmısınız, qızların odur ki, sən gəzən ağacı budaq-budaq gəzirlər". Onu küçədə uca səslə bağırabağıra "fahişə", əri, Allahın fağır bəndəsi Rza Cəlilovu "peysər" adlandırır. Bu minvalla onu tanıyanlar arasında, yaxın və qohumları olan insanların yanında nüfuzdan salır, şərəf və ləyaqətini təhqir edərək ayaqlar altına atır. Onun oğlu, əlinin zəhməti ilə dolanan, gənc olmasına baxmayaraq tanıyanların sevimlisinə çevrilən Məhəmməd Cəlilovla birlikdə daim onu güdməkdə, onun şəxsi həyatına müdaxilə etməkdə, böhtan ataraq günahlandırır. Ona və qızlarına atılan böhtanlar hər gün yenilənir. İndi Nuranə mənim qızlarımın Rusiyada onun əri Mahirin məşuqələri olduğunu, ədəbsiz, son dərəcədə əxlaqsız ifadələrlə bəyan edir. Onun əri, Rza və oğlu Məhəmməd ona və azyaşlı oğluna xüsusi amansızlıqla şiddət göstərməkdə, ona mütəmadi olaraq müxtəlif bədən xəsarətləri yetirməkdə yalandan günahlandırır. Bu qadın tərəfindən, heç bir səbəb olmadan söyülərək təhqir olunmağı haqqında xəbərlər artıq bütün Ağcabədi sakinlərinin müzakirə mövzusuna çevrilmişdir. Beləliklə, bir zəhmətkeş ailənin nüfuzu və Nuranənin yalanı və böhtanı ayaq tutub yeriyir. Bütün bunlarla kifayətlənməyən bu qadın bədxah əməllərini artırmaqda artıq uzun müddətdir ki, o, məişət və qida tullantılarını onların yaşadıqları evin çöl qapısının (darvazasının) qabağına atır və bunu xüsusi rişxəndlə nümayişkaranə edir. Nuranə, eləcə də kirayənişin kimi saxladığı 5 nəfər tələbənin tullantılarını buraya daşıyaraq evlərinin ağzını "zibil poliqonu"na çevirmişdir. O, buna etirazını bildirəndə Nuranənin tərəfindən yeni təhqir dalğasına tuş gəlmişdir. İndi onlar Nuranə tərəfindən daşa basılır, yeni qüvvə ilə təhqir olunur və böhtanlara məruz qalırlar. Evlərindən çıxmaqdan, işə gedib-gəlməkdən zorlanırlar, darvazaları Nuranənin atdığı daşlar səbəbindən gözlə görünən əzinti və zədələr almışdır. Nuranənin atdığı yalançı böhtanlarla, yağdırdığı təhqirlərlə qızlarının ailəsində ağır psixoloji atmosfer yaratmışdır. Onun qızlarının guya Nuranənin əri ilə sevgili münasibətlərində olması barədə böhtanları qızlarının həyat yoldaşlarını hərəkətə gətirmiş və indi onlar Azərbaycana gələrək Nuranəni cəzalandırmaq niyyətindədirlər. Hesab edirəm ki, bu Nuranənin növbəti təxribatıdır. Qızlarının ailələrinin dağıdılmasına hesablanmış növbəti addımdır. Paşayeva Nuranə öz bəd əməllərini yazdıqları ərizələrlə, polis şöbəsinə müraciətlərlə, dayanmadan 102 qaynar xəttinə zənglərlə ictimailəşdirir. Ailəmizi və məni idarə və təşkilatlar arasında şərləyərək təhqir edir. O və əri bu vaxta qədər polisin yolunu tanımamışdırlar. Qanunla heç bir problem yaşamamışdırlar. Onun mərhəmətinin nəticəsidir ki, tez-tez polisə dəvət olunur və törətmədiyi əməllərə görə izahatlar vermək məcburiyyətində qalır. Sonuncu dəfə polisdə olarkən Nuranə tərəfindən senzurasız ifadələrlə təhqir olundum. Nuranə çoxlu sayda ətrafımızda olan polis əməkdaşlarının gözləri önündə üzümə tüpürdü. Bu hadisə Ağcabədi rayon X10 Təhlükəsizlik Bölməsinin rəisi və yaşadığımız ərazinin sahə müvəkkilinin gözləri önündə baş vermişdir. Polis əməkdaşları bir ağızdan bu qadınla bacarmadıqlarını bəyan edirlər. Onun şahidləri olmaq istəyən qonşular və digər məsələdən xəbardar olan insanlar Nuranənin qəzəbindən qorxaraq bu gün onun bildirdiklərini təsdiq edəcək ifadələr vermək istəyirlər. O, bunu yaxşı bilir, elə bu səbəbdən darvazanın üzərinə müşahidə kamerası yerləşdirmişdir. Onun əsl şahidləri bu kameranın görüntüləridir. Hesab edir ki, bu görüntülər məruz qaldığı böhtan və təhqirlər barədə müəyyən təsəvvürlər yaradacaqdır. Qeyd etdiyi kimi, Nuranə onu Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi Regional İdarəsinin işçiləri yanında dəfələrlə və ən pis ifadələrlə təhqir etmiş, ona və ərinə zor tətbiq edərək onların yanında daşa basmışdır. Bütün bu hadisələr görüntü kamerasına düşüb və məhkəmə tərəfindən təyin ediləcək ekspertlər bu kameralara sərbəst şəkildə baxış keçirə bilərlər. Hesab edir ki, kameranın xx.xx.2025-ci il saat 20:17də, xx.xx.2025-ci il saat 21:52-də, xx.xx.2026-cı il saat 13:27-də, xx.xx.2026-cı il saat 09:27-də, xx.xx.2026-cı il saat 16:33-də və saat 16:35-də lentə aldığı görüntülər diqqətinizə çatdırdığı məqamların doğruluğu barədə lazımi qədər təəssürat yarada biləcəkdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 verilmiş şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsini və şikayətin icraata qəbul edilməsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməməsini və şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırki şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (293.3.1), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, (293.3.2.), onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) və yer (293.3.6) göstərilməlidir. Göründüyü kimi X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində onun zərərçəkmiş şəxs qismində tanınması və məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsi barədə qərar qəbul edilməsini tələb etmədən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin, haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi istisna olmaqla) qeyd etsə də, törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi yer göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. X7 isə xüsusi ittiham qaydasında şikayətini X2 onu müxtəlif yerlərdə şifahi qaydada təhqir etməsi və ya böhtan xarakterli ifadələrdən istifadə etməsi ilə əsalandırmışdır. Buna sübut kimi yalnız Nuranə Paşayevanın qanunsuz hərkətlərini öz mənzilinin üzərinə quraşdırdığı video görüntü kamerasından əldə edilmiş görünütülərini məhkəməyə təqdim etmişdir. X7 barəsində hansı kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma hallarını əsaslandırmamışdır və buna dair sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Həmçinin cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan normaya əsasən şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə xüsusi ittiham qaydasında verilən şikayətdə göstərilən hallar üzrə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin bu əsaslarla məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 293, 300.1.3, 302.2.3 və 300.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan elan edildiyi gündən 20 (iyirmi) gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar