Məhkəmə qərarları › İş №1(5-111)-14/2026

Astara Rayon Məhkəməsi Hökm — İş №1(5-111)-14/2026

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(5-111)-14/2026 24.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi olaraq heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 19 yanvar 2026-cı il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2025-ci il tarixdə, saat 10:30 radələrində VAZ 21214” markalı, “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Təngərüd kəndindən Pensər kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almalı, avtomobili öz hərəkət zolağı ilə hərəkət elətdirməli, həmin nişanlanma xəttini kəsməməli, hərəkət üçün təhlükə şəraiti yaratmamalı, nəqliyyat vasitəsinin yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək avtomobilini yaşayış məntəqəsi daxilində, 70 km/saat sürətlə idarə edib, anidən onunla eyni istiqamət üzrə hərəkət edən X4 etibarnamə əsasında idarə etdiyi, “Mercedes-benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı edərkən ehtiyatsızlıqdan sol yan tərəfini vuraraq Kamran Məmmədova qabırğaların (İİİ-X) sol tərəfli çoxsaylı sınıqları, sol plevranın, sol ağciyərin zədələnməsi, qarın boşluğunda (850 ml) qansızma, qaraciyərin, dalağın zədələnməsi, qarın boşluğunda (950 ml) qansızma, sol peritonarxası sahədə qansızma, sol böyrəyin zədələnməsi, ənsə nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, başın ənsə nahiyəsində əzilmiş yaralar ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə X4 döş qəfəsin və qarının küt travması nəticəsində sol ağciyərin, qaraciyərin, dalağın və sol böyrəyin zədələnməsi ilə əlaqədar baş vermiş daxili qanaxmadan ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,atasına məxsus “VAZ-21214” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 12 noyabr 2025-ci il tarixdə, saat təxminən 10:20 radələrində dəqiqədə həmin avtomobillə Siyakü kəndinə getmişdir, həmin vaxt dostu Şahid1 da onun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. O dostu Şahid1 işləri ilə bağlı “kalkulyator” tətbiqinə girməyi bildirmişdir. Başı həmin tətbiqə qarışdığından ötmə əməliyyatı edən zaman “Mercedes” markalı avtomobil sol tərəfiə dönmüş və onlar toqquşmuşlar. Toqquşmanın qarşısını almağa çalışsa da, avtomobillər arasında məsafə az olduğundan tormoz vura bilməmiş və bu səbəbdən də idarə etdiyi avtomobilin qabaq tərəfi ilə Mercedes markalı avtomobilin sol yan tərəfi toqquşmuşdur. Toqquşma zamanı o və Şahid1 xəsarət almışlar, “Mercedes” markalı avtomobilin sürücüsü isə dünyasını dəyişmişdir. Hadisənin baş verməsində özünü təqsirli bilir. Son sözündə təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirdiyini, evli olduğunu və 2 övladının olduğunu, qarşı tərəflə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbin olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X6 bildirmişdir ki, mərhum X10 onun atasıdır. Hadisəni şəxsən görməmişdir. O Bakı şəhərində olan zaman dayısı ona zəng vurmuş və atasının yol nəqliyyat hadisəsi keçirtdiyini bildirərək vəziyyətinin ağır olduğunu demişdir. O Astaraya yola düşmüş və yolda olan zaman atası artıq dünyasını dəyişmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 12 noyabr 2025-ci il tarixdə, saat təxminən 10:40 radələrində xidməti ərazidə xidmətdə olan zaman Təngərüd kəndi ərazisində yol-nəqliyyat hadisənin baş verilməsini onlara bildirilmiş və onlar hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasının baş verdiyini görmüşlər. Hadisə yerinə təcili yardım briqadası gəlmiş və xəsarət alanlara yardım etmişdir. “Mercedes Benz 190” markalı maşının sürücüsünü isə artıq xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum X10 onun həmkəndlisidir, heç bir qohumluq əlaqələri olmamışdır. Çayxanada oturduqları onlar hadisəni görmüşlər. Belə ki, mərhum “Mercedes Benz 190” markalı avtomaşını ilə dönən zaman digər maşın sol tərəfdən gəlib ona dəyimişdir. Onlar hadisə yerinə getmiş və onlara dərhal köməklik göstərmişlər və X12 RMX-na aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan öncə dindirilən Şahid3 ifadəsinə oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etdi. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum onun həmkəndlisidir, heç bir qohumluq əlaqələri olmamışdır. Hadisədən sonra oraya gəlmiş və mərhum Kamran Məmmədovun maşından düşürüldüyünü, həmçinin Cəsarət və Şahid1 orada xəsarət aldığını görmüşdür. Hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhumla heç bir qohumluq əlaqələri olmamışdır. “Mercedes C230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olmuşdur heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 12 noyabr 2025-ci il tarixdə, saat təxminən 10:40 radələrində evinə gedərkən Təngərüd kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “NİVA” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmasını, həmçinin orada Mercedes markalı iki başqa avtomobilin dayanmasını, avtomobillərin yanında çoxlu şəxslərin toplaşmasını gördüyü üçün avtomobili yolun kənarında saxlayıb həmin yerə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “NİVA” markalı avtomobillə «Mercedes-benz 190» markalı avtomobilin toqquşmasını, Cəsarətin və onun idarə etdiyi avtomobildə olan Fail adlı şəxsin xəsarət almasını, həmçinin «Mercedes-benz 190» markalı avtomobilinin sürücüsünün xəsarət almasını görmüşdür. «Mercedes-benz 190» markalı avtomobilinin sürücüsünü orada olan şəxslərdən biri avtomobillə Lənkəran RMX-ya aparmışdır. Cəsarət və Faili isə hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili Astara RMX-ya aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisi və digər şahidlərin ifadələrini nəzərə alınaraq iştirakları təmin edilməsi mümkün olmayan şahidlər Şahid1 və Şahid8 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr təqsirləndirilən şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (iş vərəqi 6-20) 12 noyabr 2025-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolu, yol-nəqliyyat hadisəsinin sxemi və çəkilmiş fotoşəkillərdən görünür ki, “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs aldığı xəsarətlərlə bağlı Lənkəran RMX-na aparılması səbəbindən baxış Astara RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Şahid6 iştirakı ilə keçirilmişdir. Baxış Lənkəran rayonundan Astara rayonu, Maşxan kəndi istiqamətində və əks istiqamətdə keçirilmişdir. Baxış aydın, günəşli havada, təbbi işıqlandırma şəraitində keçirilmişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, qurudur və düzdür. Yolun ümumi eni 6,90 metr, hərəkət hissəsinin eni 6,2 metrdir. yolda hərəkət iki tərəflidir, hər bir hərəkət zolağının eni 3,1 metrdir. Yolun sağ və sol kənarları ilə sarı nişanlanma xətti çəkilmişdir, sarı nişanlanma xətlərinin hər birinin eni 0,10 metrdir. Sarı nişanlanma xətlərindən sonra yolun sağ və sol tərəflərində 0,20 metr enində asfalt yol örtüyü vardır. Yolun sağ və sol hərəkət hissələrinin ayrılması üçün 0,10 metr enində ağ düz xətt çəkilmiş, Təngərüd kəndi ərazisində Lənkəran rayonundan, Astara rayonu istiqamətində baxdıqda yolun sağ tərəfində, toqquşmadan əvvəl “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətindən sol tərəfdə yerləşən çayxana və digər iaşə obyeklərinin qarşısına getmək üçün yolun ortası ilə qırıqqırıq ağ nişanlanma xətti çəkilmiş, toqquşmanın baş verdiyi yerdə “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətindən sola doğru dönməsinə icazə verilmişdir. Lənkəran rayonundan, Astara rayonu istiqamətində baxdıqda yolun sağ tərəfində 2,4 metr enində çınqıl örtüklü ehtiyat hissə, daha sonra 0,50 metr enliyində və 0,50 metr dərinliyində boş su kanalı, bundan sonra boş torpaq sahəsi, sonra isə çayxana, mağaza, tibbi məntəqəsi və digər işaə obyektləri, yolun sol tərəfində isə 1,8 metr enliyində çınqıl örtüklü ehtiyat hissə, bundan sonra 3,2 metr enliyində boş torpaq sahəsi, daha sonra isə dəmir materaialından çəkilmiş hasar, aptek və ərzaq mağazası yerləşir. Yolda hərəkət sürəti 60 km\saat müəyyən edilmiş, hadisədən əvvəl toqquşmuş hər iki nəqliyyat vasitəsi Astara rayonu Maşxan kəndindən Pensər kəndi, Lənkəran rayonu istiqamətində hərəkətdə olmuşdur. Toqquşma nöqtəsi “VAZ 21214” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi hərəkət zolağının əksində, yəni yolun mərkəzindən 1,5 metr məsafədə (Lənkəran rayonundan Astara rayonu, Maşxan kəndi istiqamətində baxdıqda) yerləşir. Toqquşmadan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində torpaq örtüklü ehtiyat hissədə, Lənkəran rayonu istiqamətində dayanmış, sağ təkərləri ilə asfalt yolun üzərində qalmış, toqquşma nöqtəsindən həmin avtomobilin dayandığı yerə qədər məsafə ölçüldükdə 17,40 metr olması müəyyən edilmişdir. Həmçinin, toqquşmadan sonra Kamran Məmmədovun idarə etdiyi avtomobil yolun sağ tərəfində olan boş torpaq sahəsində Maşxan kəndi istiqamətində çəpəki şəkildə, toqquşma nöqtəsindən 17,30 metr məsafədə sağ qabaq tərəfi ağaca çırpılmış vəziyyətdə dayanmışdır. Toqquşmadan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə mərhum Kamran Məmmədovun idarə etdiyi “Mercedes Benz 190” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 17,30 metr irəliyə doğru sürüdüyündən asfalt yolun üzərinə hər iki nəqliyyat vasitəsinə aid hissəciklər tökülmüşdür. İş materiallarında olan (iş vərəqi 115-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X22 tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli, 24 saylı meyitin ekspertizası rəyindən məlum olur ki, mərhum X4 bədəni üzərində - qabırğaların (İİİ-X) sol tərəfli çoxsaylı sınıqları, sol plevranın, sol ağciyərin zədələnməsi, qarın boşluğunda (850 ml) qansızma, qaraciyərin, dalağın zədələnməsi, qarın boşluğunda (950 ml) qansızma, sol peritonarxası sahədə qansızma, sol böyrəyin zədələnməsi, ənsə nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, başın ənsə nahiyəsində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə nahiyələrini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun abarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığın AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə - döş qəfəsin və qarının küt travması nəticəsində sol ağciyərin, qaraciyərin, dalağın və sol böyrəyin zədələnməsi ilə əlaqədar baş vermiş daxili qanaxma səbəb olmuşdur. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında narkotik, alkoqol və güclü təsiredici maddələr aşkar edilməmişdir. İş materiallarında olan (iş vərəqi 134-136) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2026-cı il tarixli, 8/2968 saylı məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası rəyindən məlum olur ki, VAZ 21214 markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş yəni 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmişdir. Onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan (iş vərəqi 21) 12 noyabr 2024-cü il tarixli, 001917 nömrəli sərxoşluq hallarının yoxlanması protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan (iş vərəqi 186-195) xx.xx.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Astara RPŞ-nin istintaq bölməsinin müstəntiqi X2 qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat işinin açılmasından ötrü şöbənin DYPB-nə göndərilməsi, İş üzrə dindirmə protokolları, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi və fotoşəkilləri, məhkəmə-tibbi ekspertizalarının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, eləcə də digər prosessual hərəkətlər sübut növü kimi qiymətləndirilməsi qərar alınmışdır. Digər prosessual sənədlər; İş materiallarında olan (iş vərəqi 141-142) xx.xx.2026-cı il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan (iş vərəqi 171-172) xx.xx.2026-cı il tarixli "qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 58) xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 112) Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev tərəfindən verilən xasiyyətnamədən görünür ki, ərazi icra nümayəndəliyində Təqsirləndirilən şəxs haqqında müsbət xarakterli məlumatlar daxil olmuşdur. İş materiallarında olan (iş vərəqi 111) nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Cəsarət Sübhan oğlunun həyat yoldaşıdır. İş materiallarında olan (iş vərəqi 113) şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə, X5 xx.xx.2013-cü il tarixdə anadan olmuşlar. İş materiallarında olan xx.xx.2026-cı il tarixli notarial qaydada təsdiq olunmuş barışıq ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs barışmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bununla bağlı gələcəkdə heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə “BC” kateqoriyalı BE-004744 saylı sürücülük vəsiqəsi verilmiş , sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı, şahid ifadələri, ekspert rəyləri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokolu ilə tam şəkildə təhlil edilib bir biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, təqsiləndirilən şəxs qeyd edilən maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. QANUNVERİCİLİK: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinə 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinə 1-ci bəndinin, həmçinin 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndi tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinə 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur,odur ki, O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan (mərhumun oğlu) hüquqi varisi ilə barışıq əldə etməsini, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi X16 müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı X16 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasını X16 Müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı X16 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfini təşkil edən məhkəmə yol-nəqliyyat ekspertizasının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını X16 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi hesab edilən ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar