Məhkəmə qərarları › İş №1(5-111)-5/2026

Astara Rayon Məhkəməsi Hökm — İş №1(5-111)-5/2026

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(5-111)-5/2026 17.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2005-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 02 oktyabr 2025ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxx 1980-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "Dövlət Sosial Müdafiə Fondu" X8 sürücü işləyən, məhkumluğu olmayan, Astara şəhəri, Azərbaycan küçəsi, ev 84 ünvanında qeydiyyatda olmaqla yaşayan, 02 oktyabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında 30 sentyabr 2025-ci il tarixdə, saat 21:45 radələrində Astara şəhəri, İstiqlaliyyət küçəsində yerləşən “Gənclər” şadlıq sarayının həyətindəki meyvətərəvəz yerinin qarşısında olan zaman Zərərçəkmiş şəxs1 ünvansız söyüş söyməsini özünə qarşı qərəzli münasibət hesab edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə sonuncunun üz nahiyəsinə iki dəfə yumruqla zərbə vuraraq Zərərçəkmiş şəxs1 sağ göz almasına yayılmış qansızma kimi sağlamlığa YÜNGÜL zərər vurmaya aid, sağ göz qapaqları-gözaltı, burun sol gicgah nahiyələrində qançırlar, sağ gözaltı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonra cinayətkar hərəkətlərinə davam edərək qrupun digər üzvü olan atası Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 üzərinə hücum edib bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq sonuncuya sol gicgah və sağ sağrı nahiyələrində qançırlar kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 10 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında 30 sentyabr 2025-ci il tarixdə, saat 21:45 radələrində Astara şəhəri, İstiqlaliyyət küçəsində yerləşən “Gənclər” şadlıq sarayının həyətindəki meyvə-tərəvəz yerinin qarşısında olan zaman Zərərçəkmiş şəxs1 oğlunun ünvansız söyüş söyməsini özünə qarşı qərəzli münasibət hesab edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə qrupun digər üzvü olan oğlu Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 üzərinə hücum edib üz nahiyəsinə yumruqla zərbələr vuraraq sol gicgah və sağ sağrı nahiyələrində qançırlar kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 10 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı aşağıdakı ardıcıllıqla təhlil edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 21:35 radələrində atası Emin ona zəng edərək Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayındakı toydan çıxdığı bildirərək gəlib onu evə aparmağımı xahiş etmişdir. Təxminən 5 dəqiqə sonra həmin şadlıq sarayının qarşısındakı meyvə-tərəvəz yerinin qarşısına çatanda atasının orada dayandığını və ətrafda da çox sayda şəxslərin dayandığını görmüş, avtomobili saxlayıb atasına tərəf getmiş, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 sərxoş halda təhqirlər işlətdiyini eşitmiş, atası Azərə irad bildirərək təhqir etməyi dayandımasını istədikdə sonuncu mübahisə etməyə başlamış və onların ünvanına nalayiq söyüşlər işlətməyə başlamışdır. O, Azərə dayanmağı bildirdikdə Azər onu nalaiq ifadələrlə təhqir etmişdir.Bu səbəbdən Azəri yumruqla sifət nahiyəsindən 2 dəfə ardıcıl zərbələr vuraraq yerə yıxmışdır, ondan sonra da Xeyrullaya tərəf dönüb sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla və bir dəfə də bədən nahiyəsinə təpiklə zərbə vurmuşdur. Sonra çox keçmədən o, atasını da götürərək avtomobilə əyləşdirib oradan uzaqlaşmışdır. Daha sonra son sözündə təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərlə barışdıqlarını, bir daha belə səhvə yol verməyəcəyini, cavan olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 17 radələrində Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayında qohumu Şahid5 qızının toy məclisində iştirak etmişdir. Təxminən saat 21:30 radələrində məclisdən çıxaraq oğlu Təqsirləndirilən şəxs1 zəng edərək onu gəlib avtomobili ilə evə aparmasını bildirmişdir.Həmin an restoranın yanında Zərərçəkmiş şəxs1 sərxoş halda Şahid5 ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Həmin zaman o Zərərçəkmiş şəxs1 bu toyun kasıb toyu olduğunu, toyu dağıtmamasını bildirərək getməsini xahiş etmişdir. Azər cavabında ona sən işinlə məşgül ol demiş ardıncada nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin zaman onu götürməyə gələn oğlu Təqsirləndirilən şəxs1 da Azərin ona nalaiq ifadələr işlətdiyini eşitmişdir. Əli yaxınlaşanda ki,ayıbdır söyüş söymə camaat var Azər onuda söymüşdür.Bu səbəbdən Əli əsəbiləşərək anidən Azərin sifət nahiyəsindən ardıcıl 2 dəfə yumruqla zərbələr vuraraq yerə yıxmış, sonra da Xeyrullaya tərəf dönüb yumruq və təpiklə zərbələr vurmuşdur. O da həmin an əsəbiləşib Xeyrullaya yumruqla bir neçə dəfə zərbələr vurmuş, sonra çox keçmədən o və Əli avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Son sözündə təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərlə barışdıqlarını, bir daha belə səhvə yol verməyəcəyini, 2 oğul atası olduğunu, onlardan birinin hal-hazırda hərbi xidmətdə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 17 radələrində Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayında tanışı Şahid5 qızının toy məclisi olmuş, o da həmin toya dəvətli olmuş, tək getmişdir. Toyda oturan zaman spirtli içki qəbul etmişdir. Təxminən saat 21:40 radələrində hava almaq üçün həyətə düşmüş, orada içkili olduğundan nalayiq ifadələr işlətmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 ona irad bildirmiş, o da əsəbiləşmişdir və Təqsirləndirilən şəxs2 ilə aralarında söz mübahisəsi başlamışdır. Aralarında baş verən mübahisə zamanı o, Təqsirləndirilən şəxs2 ünvanına nalayiq ifadələr işlətmiş və bu zaman Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 ona yumruq zərbəsi endirmişdir. Yumruq zərbəsindən o huşunu itirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 21:35 radələrində Astara şəhər ərazisində olan zaman atası Zərərçəkmiş şəxs1 ona yığaraq Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayında toyda olduğunu, çıxmaq istədiyini və ona görə də götürməyini istəmiş, təxminən 5-6 dəqiqə içərisində oraya çatmış, oraya çatdıqda atası ilə Təqsirləndirilən şəxs2 adlı şəxsin söz mübahisəsi etdiklərini görmüşdür, həmin zaman atası Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətmişdir. Baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 atası Zərərçəkmiş şəxs1 2 dəfə yumru zərbəsi vurmuşdur. Davanı ayırmaq üçün Əliyə tərəf getdikdə onun da yumruqla sifət nahiyəsindən və təpiklə bədən nahiyəsindən vurmuş, Əlinin arxasıyca da atası Emin onun sifət nahiyəsindən yumruqla zərbələr vurmuşdur. Ondan sonra isə ətrafda olan tanımadığı şəxslər onları bir-birlərindən ayırmışlar. Halhazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 21:50 radələrində Astara şəhər ərazisində olan zaman qardaşı oğlu Zərərçəkmiş şəxs2 ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs1 “Gənclər” şadlıq sarayında mübahisə etdiyini demiş, oraya gedib çatdıqda Azəri orada görməmiş, Xeyrullanın orada dayandığını görmüşdür. Xeyrullanın köynəyinin cırıq olmasını görüb və onu kimin vurmasını soruşmuş, o isə cavabında onları Təqsirləndirilən şəxs1la atası Təqsirləndirilən şəxs2 döydüyünü demişdir. Mübahisə yerində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Astara RPŞ-nin PPXB-nin bölük komandirinin müavini vəzifəsində işləyir. 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 17 radələrində Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayında tanışı Şahid5 qızının toy məclisi olmuş, o da həmin toya dəvətli olmuş, təxminən saat 20:55 radələrində evə getmək üçün restorandan çıxıb avtomobilinə əyləşib getmişdir. Təxminən 1 saat keçdikdən sonra şəhər ərazisində hərəkət edərkən “Gənclər” şadlıq sarayının yanındakı meyvə-tərəvəz yerinin qarşısında insanların toplaşdığını və PPX-nin avtomobilinin dayandığını gömüş, dərhal avtomobili saxlayıb oraya yaxınlaşmış, orada Azərin qan içində dayandığını və oğlu Zərərçəkmiş şəxs2 onun yanında olduğunu görmüşdür. Nə olduğunu soruşduqda onları Emin və Əli tərəfindən döydüyünü demişlər. O, gələn zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə şəhər ərazisində xidmətdə olduqları zaman növbətçi hissədən zəng gəlmiş və şadlıq sarayının qabağında mübahisə olduğunu bildirdilər. Mübahisə yerinə çatan zaman Zərərçəkmiş şəxs1 orada olduğunu gördük lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada görməmişlər. Nə olduğunu soruşan zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 döydüyünü bildirdilər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə şəhər ərazisində xidmətdə olduğumuz zaman növbətçi hissədən zəng gəldi və şadlıq sarayının qabağında mübahisə olduğunu bildirdilər. Mübahisə yerinə çatan zaman Zərərçəkmiş şəxs1 meyvə dükanının qabağında qan içərisində oturduğunu, içkili vəziyyətdə olduğunu, halının pisləşdiyini, oğlunun onun üzünə su vurduğunu həmçinin oğlunun ağladığını görmüşlır. Orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 17 radələrində Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayında tanışı Orxanın qızının toy məclisi olmuş, o da həmin toya dəvətli olmuş, toyda oturan zaman spirtli içki qəbul etmişdir. O, təxminən saat 21:45 radələrində hava almaqdan ötrü həyətə düşmüş, həyətdə olan zaman restoranın yanındakı meyvə-tərəvəz yerinin qarşısında səs-küy olduğunu eşitmiş, o tərəfə yaxın getdikdə Zərərçəkmiş şəxs1 yerdə qan içərisində oturduğunu görmüş lakin onun kim tərəfindən vurulduğunu görməmiş sonradan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə meyvə almaq üçün meyvə-tərəvəz satan yerə daxil olan zaman tanımadığı şəxslərin dava etdiyini görmüşdür. İnsani borcunu yerinə yetirərək mübahisəni ayırmaq istəmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 orada görmüşdür və ətrafda təxminən 15-20 nəfər adam olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. 30 sentyabr 2025-ci il tarixdə, təxminən saat 17 radələrində Astara şəhər ərazisindəki “Gənclər” şadlıq sarayında qızının toy məclisi olmuş, həmin şəxsləri də toy məclisinə dəvət etmiş, gələn qonaqlara da spirtli içki vermiş, təxminən saat 21:40 radələrində qonaqları yola salmaqdan ötrü həyətə düşmüş, orada Zərərçəkmiş şəxs1 sərxoş halda durduq yerə təhqirlər etdiyini, Təqsirləndirilən şəxs2 da Azərə etdiyi hərəkətin düz olmadığını irad kimi bildirdiyini görmüş, Azərin də Eminə qarşı heç bir şey etmədiyini, ona görə də qarışmamalı olduğunu demiş, o zaman Azər ilə Emin arasında söz mübahisəsi başlamış və onlar əlbəyaxa olmuşlar. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (cild İ səhifə 04-06) “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və hadisə yerinin videogörüntülərindən görünür ki, 30 sentyabr 2025-ci il tarixli diskə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə mübahisə edən zaman sonuncunun sifət nahiyəsinə 2 dəfə yumruqla zərbə vuraraq yerə yıxdığını, daha sonra ətrafdakı şəxslərin müdaxiləsinə məhəl qoymayaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 də yumruqla və təpiklə zərbələr vurduğunu, mübahisənin davamında Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 yumruqla zərbələr vurduğunu, ətrafda olan Şahid4, Şahid5 və Şahid6 da onları sakitləşdirmək üçün müdaxilə etdiklərini, ancaq yenədə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 qərəzli hərəkətlərinə davam etdiklərini, ona görə də mübahisənin ətrafa narahatçılıq verdiyini müəyyən edilmiş və həmin xüsusatları protokola əlavə edilmişdir. İş materiallarında olan (cild İ səhifə 44-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli, 275 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində – sol gicgah, sağ sağrı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan (cild İ səhifə 41-43) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli, 276 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində – sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı, burun sol gicgah nahiyələrində qançırlar, sağ gözaltı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ göz almasına yayılmış qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa YÜNGÜL zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. Digər prosessual sənədlər; İş materiallarında olan (cild İ səhifə 54) şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından olan (cild İ səhifə 98-99) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 133-135) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyevin “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Astara rayon Polis Şöbəsinin MSY-dan həbsdən azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa tədbir seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan (cild İ səhifə 139-140) 02 oktyabr 2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (cild İ səhifə 194) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (cild İ səhifə 216,218) Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında yaşayır. Atası- Təqsirləndirilən şəxs1, anası- X1, qardaşı- X7 ailə üzvləri vardır. İş materiallarında olan (cild İ səhifə 217) xx.xx.2025-ci il tarixli, Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Astara şəhər icra nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan (cild İ səhifə 73-74) şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından olan (cild İ səhifə 116-117) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 136-138) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyevin “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Astara rayon Polis Şöbəsinin MSY-dan həbsdən azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa tədbir seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan (cild İ səhifə 144-145) 02 oktyabr 2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal MSY-dən azad edilmişdir. İş materiallarında olan (cild İ səhifə 195-196) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Astara rayon məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15% tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan (cild İ səhifə 212-213) Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 1597 və 15971 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yaşayır. Arvadı- X2, oğlu- Təqsirləndirilən şəxs1, oğlu- X7 ailə üzvləri vardır. İş materiallarında olan (cild İ səhifə 214) xx.xx.2025-ci il tarixli, 15972 nömrəli Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında Astara şəhər icra nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan (cild İ səhifə 180) xx.xx.2025-ci il tarixli qanuni nümayəndə qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2010-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində təyin edilməklə ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan (cild İİ səhifə 17-31) 20 dekabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarına 01 ǝdǝd "DVD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında əlavə olunmuş hadisə anının özündə əks etdirən saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, ifadənin yerində yoxlanılması haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 01 oktyabr 2025-ci il tarixli, 275 həmçının digər istintaq hərəkətı protokolları sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə və 276 saylı nömrəli rəyləri, habelə təqsirləndirilən, zərərəçəkmiş və şahid ifadələri, sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizəsindən görünür ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmişdir, onlardan şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahid ifadələri, ekspert rəyləri, baxış protokolları tam şəkildə təhlil edilib bir biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, onlar qeyd edilən maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qanunvericilik: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Odur ki, Təqsirləndirilən şəxs1 üzərinə Astara rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və şübhəli şəxs qismində saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə Astara rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və şübhəli şəxs qismində saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə maddi sübut kimi tanınmış 01 ǝdǝd "DVD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Astara rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Astara rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar