Məhkəmə qərarları › İş №1(5-111)-8/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №1(5-111)-8/2026

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(5-111)-8/2026 12.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 2007-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 29 noyabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 25 iyun 2025-ci il tarixdə, saat 18 radələrində Astara şəhəri, 28 May küçəsində yerləşən “Dadım” restoranının yaxınlığında tanışı Şahid3 ilə Zərərçəkmiş şəxs arasında baş verən mübahisəyə müdaxilə edib, Zərərçəkmiş şəxs danışıq tərzinə görə irad tutarkən sonuncunun nalayiq ifadə işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan üstünlüyünü nümayiş etdirmək məqsədilə xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə dizi ilə zərbə vuraraq burun sümüyünün basılmış qəlpəli sınığı, sol göz qapaqları-gözaltı nahiyəsində qançır kimi xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə cinayət işi üzrə sübutları cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı yetkinlik yaşına çatmamış şəxs olmuşdur. 25 iyun 2025-ci il tarixdə saat 18 radələrində Astara şəhərində yerləşən dənizkənarı bulvara gəzməyə getmiş, bulvarda piyada gəzən zaman tanışı Cəbrayılı görmüş, onunla görüşdükdən sonra birlikdə gəzən zaman adlarını bildiyi Zərərçəkmiş şəxs, Sadiq və Amili görmüş, Cəbrayıl onlarla salamlaşmış və Sadiqlə onu tanıdğı üçün keyf əhval etmiş, həmin vaxt Cəbrayıl onlara salam verəndə Nihad ona “Aleykum salam ürəy” ifadə dəyərək cavab vermişdir. Cəbrayıl cavabında Nihada “bizim yaxın münasibətimiz yoxdur, bu necə cavabdır verirsən mənə” demişdir, Nihad ona yaxşı edirəm deyərək nalayiq ifadə işlətmişdir.Bu zaman oda mübahisəyə müdaxilə edərək Nihada “sən niyə borzu-borzu danışırsan ki, Cəbrayıl səndən yaşda böyükdür, niyə onunla o tərzdə danışırsan” –demişdir, Nihad onada nalayiq ifadələr işlədərək yaxşı etdiyini bildirmiş və üzərinə gəlməyə başlamışdır. arxaya çəkiləndə Nihad onun üzərinə gəlib onun baş nahiyəsinə yumruq zərbəsi vurmuş, daha sonra Nihadı əli ilə itələyərək özündən uzaqlaşdırmış, bundan sonra təkrar üzərinə hücum edib ayağına girib onu yerə yıxmaq istəyəndə dizi ilə onun burun nahiyəsinə vurmuş və Nihad arxası üsdə gedərək yerə yıxılmışdır. Daha sonra Nihadın burnundan qan açıldığını görüb onun üzərini su və salfetlə təmizləmişlər. Ona xəsarət yetirdiyi üçün peşmandır lakin bunu xuliqanlıq niyyəti ilə etməmişdir. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışmışdır ona vurmuş olduğu ziyanı ödəmişdir. Əməlindən peşman olmasını və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 25 iyun 2025-ci il tarixdə, saat 18 radələrində dostları Şahid4 Hafis oğlu, Şahid1 və Şahid2 Qadir oğlu ilə birlikdə Astara şəhərində yerləşən bulvara gəzməyə getmiş, bulvarda, Dadım restoranının yaxınlığında olan zaman Şahid3 onlarla birlikdə gəzən Şahid4 salam vermiş, lakin Sadiq onun salamını eşitmədiyindən onun salamına cavab verərək “Aleykum Salam ürəy” –demişdir, bu zaman Şahid3 ona iradını bildirərək “sən məni tanımırsan o necə salama cavab verməkdi” – demiş, ona “salam verdin cavab verdim, başqa söz işlətmədim ki” –demişdir, bu zaman aralarında sözlə mübahisə yaranmış, həmin vaxt Cəbrayılla birlikdə olan Təqsirləndirilən şəxs onların mübahisəsinə müdaxilə edərək ona “sən niyə belə borzu-borzu danışırsan” – demiş və onu əli ilə itələmiş aralarında mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı Rəsul dizi ilə onun burun nahiyəsinə bir zərbə vurmuş və arxası üsdə kafelin üzərinə yıxılmış, başı kafelə dəyərək huşunu itirmişdir. Hal hazıra Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.Bundan başqa suala cavab olar Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq ona xəsarət yetirənin yalnız Təqsirləndirilən şəxs olduğunu və Şahid3 onu vurmadığını bildirmişdir.Zərərçəkmiş şəxs bu ziddiyəti məhkəmə iclasında izah edə bilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hafis oğlu ifadəsində göstərmişdir ki, Astara rayonu, Maşxan kəndində ünvanda yaşayır. Zərərçəkmiş şəxs iləaralarında dostluq münasibətləri vardır, həmçinin Şahid3 da qiyabi tanıyır, aralarında qərəzli münasibət yoxdur. 25 iyun 2025-ci il tarixdə saat 18 radələrində tanışları Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 Qadir oğlu ilə birlikdə Astara şəhərində yerləşən dənizkənarı bulvara gəzməyə getmişlər, bulvarda gəzən zaman Cəbrayıl tanışı Rəsul adlı şəxslə onlara tərəf gələndə Cəbrayıl Sadiqə salam verəndə Nihad ona “salam ürək demişdir” Cəbrayıl Nihaddan “niyə elə salamlaşdın, biz tanış deyilik, yaxın münasibətimiz yoxdur” – demiş, Nihad da ona yaxşı etdiyini bildirmiş, bundan sonra aralarında narazılıq və sözlə mübahisə yaranmışdır, bundan sonra Təqsirləndirilən şəxs Nihada “sən niyə borzu borzu danışırsan ki, demişdir. Bu zaman Rəsul Mirzyev ilə Nihad arasında mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı Nihad əlində olan mobil telefonunu yanındakı oturacağın üzərinə qoyaraq Rəsulun üzərinə getmiş, ona bir yumruq zərbəsi vurmuş, ardınca Rəsul onu itələyərək özündən uzaqlaşdırmış və Nihad təkrar Rəsulun üzərinə gedərək onun ayağına girib yıxmaq istəyəndə Rəsul diz nahiyəsi ilə onun burun nahiyəsinə bir zərbə vurmuş, bu zərbədən sonra Nihad arxası üsdə yerə yıxılmış və başı yerə dəymiş, bundan sonra Nihadın burnundan qan gəlməyə başlamış, daha sonra Nihadın burnundan qan açıldığını görüb onun üzərini su və salfetlə təmizləmişlər, daha sonra isə Rəsul tanışı Cəbrayılla birlikdə oradan uzaqlaşaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, 25 iyun 2025-ci il tarixdə saat 18 radələrində Astara şəhərində yerləşən dənizkənarı bulvara gəzməyə getmiş, bulvarda gəzən zaman tanışı Rəsulu görmüş, Rəsulla görüşdükdən sonra Zərərçəkmiş şəxs, Sadiq və sonradan adlarını bildiyi Ruslan və Amili görmüş, onlarla salamlaşmış və Sadiqlə kehv əhval etmiş, həmin vaxt onlara salam verəndə Nihad ona “Aleykum salam ürəy” ifadəsini işlətmiş, Nihada bildirmişdir ki, “bizim yaxın münasibətimiz yoxdur. Bu nə cavabdır verirsən mənə”. Cavabında Nihad ona yaxşı edirəm deyərək nalayiq ifadə işlətmiş, bundan sonra aralarında sözlə mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs onların mübahisəsinə müdaxilə edərək Nihada “sən niyə belə borzu-borzu danışırsan ki?” –demiş, bundan sonra Nihad Rəsula nalayiq ifadə işlədib yaxşı etdiyini bildirmiş, Rəsulu əli ilə itələmiş, daha sonra mobil telefonunu oturacağın üzərinə qoyaraq Rəsulun üzərinə getmiş və onun boyun nahiyəsinə yumruq zərbəsi vurmuş, Rəsul onu əli ilə uzaqlaşdırmış, Nihad yenidən Rəsulun ayağından tutub onu yıxmaq istəyəndə Rəsul dizi ilə onun burun nahiyəsinə bir zərbə vurmuş, Nihad arxası üsdə gedərək burnundan qan açılmağa başlamış, daha sonra Nihadın burnundan qan açıldığını görüb onun üzərini su və salfetlə təmizləmişlər, sonra isə Nihadın yaxşı olduğunu görüb Rəsulla birlikdə oradan uzaqlaşaraq getmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxs və digər şahidlərin ifadələrini nəzərə alınaraq iştirakları təmin edilməsi mümkün olmayan hərbi xidmətdə olan şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr təqsirləndirilən şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan sübutların təhlili: İş materiallarında olan (səhifə 64-66) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 tərəfindən verilmiş 28 iyun 2025-ci il tarixli, 165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunmuş məlumata əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün basılmış qəlpəli sınığı, sol göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, aşkar edilmiş xəsarətlər eyni mexaniki təsir nəticəsində, eyni vaxtda, diz nahiyyəsi ilə yetirilmiş tək bir zərbə nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 3-4 gün uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan 3000 (üç min) manat pul təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin gedişatını əks etdirən digər sənədlər. İş materiallarında olan (səhifə 142-143) 29 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (səhifə 156-157) 29 noyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (səhifə 128) 18 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (səhifə 170-183) 20 dekabr 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş "Xuliqanlıq" cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. 15 iyul 2025-ci il tarixdə Şahid3 29 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham asassız olduğundan onun barəsində cinayət təqibinə və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqinə xitam verilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs Şahid3 tərəfindən döyülərək xəsarət alması barədə xüsusat öz təsdiqini tapmadığından həmin xüsusat barədə cinayət təqibindən imtina edilmişdir. Şahidlər Şahid1, Şahid2 Qadir oğlu, Şahid4 Hafis oğlu, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və sonradan ona elan olunmuş ittiham əsassız olduğundan barəsində aparılan cinayət təqibinə xitam verilmiş şəxs, Şahid3 ibtidai istintaqın gedişində verdikləri ifadənin yalan olduğunu könüllü olaraq bildirdiklərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, "Hadisə yerinə baxış keçirilməsi barədə" protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, "üzləşdirmə keçirilməsi haqqında" protokollar, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Huquqi şəxsindən verilmiş xx.xx.2025-ci il tarixli 165 nömrəli rəy, eləcə də işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan (səhifə 167) Astara RİHB-nın Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Astara şəhər, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. İş materiallarında olan (səhifə 168) Astara RİHB-nın Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, Atası – X4, Anası – X2, Qardaşı – X9, Qardaşı – X5 bə X1r. İş materiallarında olan (səhifə 169) Astara RİHB-nın Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan (səhifə 105-108) Şahid1 ilə Zərərçəkmiş şəxs arasında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə prokolundan görünür ki, Şahid1 “baş verən hadisə zamanı Rəsul sənlə Cəbrayılın söhbətinə müdaxilə etdi və sən ona yumruq atdığın üçün o səni itələdi, daha sonra sən təkrar onun ayağına girib yerə yıxmaq istəyəndə Rəsul sənin burun nahiyənə dizi ilə vuraraq xəsarət yetirdi və sən arxası üstə yerə yıxıldın” deyə bildirmişdir. İş materiallarında olan (səhifə 109-112) Şahid2 ilə Zərərçəkmiş şəxs arasında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə prokolundan görünür ki, Şahid2 “baş verən hadisə zamanı Rəsul sənlə Cəbrayılın söhbətinə müdaxilə etdi və sən ona yumruq atdığın üçün o səni itələdi, daha sonra sən təkrar onun ayağına girib yerə yıxmaq istəyəndə Rəsul sənin burun nahiyənə dizi ilə vuraraq xəsarət yetirdi və sən arxası üstə yerə yıxıldın” deyə bildirmişdir. İş materiallarında olan (səhifə 113-116) Şahid4 Hafis oğlu ilə Zərərçəkmiş şəxs arasında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə prokolundan görünür ki, Şahid4 Hafis oğlu “baş verən hadisə zamanı Rəsul sənlə Cəbrayılın söhbətinə müdaxilə etdi və sən ona yumruq atdığın üçün o səni itələdi, daha sonra sən təkrar onun ayağına girib yerə yıxmaq istəyəndə Rəsul sənin burun nahiyənə dizi ilə vuraraq xəsarət yetirdi və sən arxası üstə yerə yıxıldın” deyə bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq niyyəti törədilməsi ilə hadisəni xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq niyyəti ilə törədilməsi hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını ittihamda göstərməməklə təqsirləndirilən şəxsə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq niyyəti kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi şəraiti nəzərə almamışdır. Belə ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadə zamanı 3 dostu Şahid4 Hafis oğlu, Şahid1 və Şahid2 ilə birlikdə gəzən zaman Təqsirləndirilən şəxs və Şahid3 ilə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs və Şahid3 birlikdə onu döydüyünü bildirmişdir. Lakin məhkəmə iclası zamanı təkidlə onu təkcə Təqsirləndirilən şəxs döydüyünü bildirmişdir. Bu da Zərərçəkmiş şəxs səmimi olmadığını bildirir. Əlavə olaraq Zərərçəkmiş şəxs öz dostları Şahid4 Hafis oğlu, Şahid1 və Şahid2 üzləşmə protokolunda Zərərçəkmiş şəxs ilk öncə Təqsirləndirilən şəxs yumruğ atdığını, daha sonra onun ayağına girmək istəyən zaman Təqsirləndirilən şəxs onun burnuna vurmasını bildirmişlər. Bu xüsusat Təqsirləndirilən şəxs heç bir xuliqanlıq niyyətinin olmadığını təsdiq edir. Cinayət əməli tövsif edilərkən hadisənin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi itələməsi sonradan isə ayağına girərək onu yıxmaq istəməsi nəzərə alınmamış, xuliqanlıq niyyətinin olmasının onun hansı hərəkətlərində öz əksini tapdığı müəyyən edilməmişdir. Halbu ki, zərərçəkmiş şəxsin hadisə zamanı orda olan öz dostları şahid kimi verdikləri ifadələrində və üzləşmədə göstərmişlər ki, Zərərçəkmiş şəxs ilk əl hərəkətlərin etmiş daha sonra isə Rəsulun ayağına girərək onu yıxmaq istədiyi zaman artıq Rəsul dizi ilə Nihada xəsarət yetirmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən az ağır xəsarəti xuliqanlıq niyyəti ilə yetirməsi barədə ibtidai istintaq orqanı tərəfindən gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə az ağır zərər yetirməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və ekspert rəyi ilə tamamilə sübuta yetirilmişdir. Bu səbəbdən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli böyük içtimai təhlükəli törətməyən əməl olduğundan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 5.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4 maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri xitam olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar