Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(5-112)-4/2026 26.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Səfərli Dünya Azad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Balakən rayonu Cederovtala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, 3-cü dərəcəli əlil, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2026-cı il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 9,74 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon polis X2 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 yanvar 2026-cı il tarixdə saat 15:51-də ünvan 1i ərazisində yol kənarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd qara rəngli sellofan bükümdə olmaqla əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 5 ay əvvəl Balakən rayonu Şambul kəndindən keçən Mazımçay adlı çay kənarında olduğu zaman daşlıq yerdən bir ədəd sellofan büküm tapmışdır. O, həmin bükümü götürüb içərisinə baxdığı zaman narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin bükümü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotiki tapdıqdan sonra ondan iki dəfə istifadə etmişdir. Qalan narkotik vasitəni də istifadə etmək üçün üzərində saxlamışdır. 03 yanvar 2026-cı il tarixdə, saat 15:51 radələrində ünvan 1i ərazisində yol ilə piyada getdiyi zaman mülki paltarda olan 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Pollis əməkdaşı ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdir. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan həmin narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Həmin kütlə polis əməkdaşları tərəfindən qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Narkotik vasitə saxlamağında və daşımağında şübhəli kimi onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımır, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur, polis əməkdaşları tərəfindən saxlanılmasını heç kim görməmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır. Üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır. Yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Əməlindən çox peşmandır, evlidir, 2 uşağı var, gözdən əlildir, ailəsinə özü baxır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 03 yanvar 2026-cı il tarixdə ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı raportla Qabaqçöl PBnin rəhbərliyinə məruzə etmişdir. Həmin tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs ünvan 1i ərazisində yol kənarında saxlanılmış, sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa verməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində olan 01 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisinin 10,7 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik tərkibli bitki olan marixuananı təxminən 5 ay əvvəl “Mazımçay” adlı çayın kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdıqdan sonra həmin kütlədən iki dəfə istifadə etdiyini, narkotik vasitədən kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Sonra tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əlavə əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə video çəkiliş Şahid3 tərəfindən “Samsung S 23” markalı mobil telefon vasitəsilə aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Qabaqçöl PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş və protokola Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk əlavə olunmuşdur. Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən maddi sübutun qablaşdırıldığı zərfə vizual olaraq baxış keçirilmiş və Təqsirləndirilən şəxs üstünün yoxlanmasının əks olunduğu video diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin Qabaqçöl PB-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPX polis nəfəri Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. 260320002 nömrəli cinayət işinin: 7-9-cu vərəqələrində olan xx.xx.2026-cı il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 03 yanvar 2026-cı il tarixdə saat 15:51-də Balakən Rayon Polis X2 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli bilinən ünvan 1ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ünvan 1i ərazisində yol kənarında saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmas nı ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə ünvan 1i ərazisində yol kənarında Şahid1 tərəfindən üstü yoxlanmışdır. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli selofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Onun üzərində üstünü yoxlama aparılan zaman əlavə hər-hansı bir qanunsuz kütlə və ya vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə ümumi çəkisinin 10,7 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik tərkibli bitki kütləsini təxminən 5 ay əvvəl Mazımçay adlı çayın kənarına balıq tutmaq üçün getdiyi zaman çay kənarından tapdığını, iki dəfə üzərindən istifadə etdiyini, heç kimə satmadığını və vermədiyini, əlavə olaraq narkotik vasitə saxlamadığını bildirmişdir. Üstünü yoxlama ünvan 1i ərazisində keçirilmişdir. Üstünü yoxlama zamanı “Samsung S 23” markalı mobil telefon ilə Balakən RPŞ- nin Qabaqçöl PB-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin Qabaqçöl PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 01 (bir) ədəd DVD disk əlavə olunmuşdur. 11-ci vərəqində olan xx.xx.2026-cı il tarixli “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 03 yanvar 2026-cı il tarixdə saat 15:51-də ünvan 1ində saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bükümdə ümumi çəkisi 10,7 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 01 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür. Təqdim olunan üzərində Balakən rayon Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs, bitki kütləsi” yazılı 01 (bir) ədəd ağ rəngli zərfə açılmadan vizual baxış keçirilmiş, həmçinin 01 (bir) ədəd DVD diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra 01 (bir) ədəd DVD diskə “HP” markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs ondan ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Redmi Note 9» markalı mobil telefon ilə Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 01 (bir) ədəd DVD disk əlavə olunmuşdur. 21-ci vərəqində olan 03 yanvar 2026-cı il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 03 yanvar 2026-cı ildə saat 15:51 dəqiqədən tutulmuş hesab edilir. 36-37-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2026-cı il tarixli 17/7 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayon Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs, bitki kütləsi..” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi - 9,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 66-67 və 70-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 yanvar 2026-cı il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2026-cı il tarixdə saat 15:51də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 82-ci vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 83-cü vərəqində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 16 yanvar 2026-cı il tarixli 53 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 87-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 nömrəli 13 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Hacımurad və xx.xx.2019-cu il təvəllüdlü Ayşa adlı uşaqları var. 88-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmadığı göstərilir. 90-cı vərəqində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs afakiya, OD-Afakiya, zədədən sonrakı vəziyyət diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlildir. 91-96-cı vərəqlərində olan 21 yanvar 2026-cı il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.72 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşağının olması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, 3-cü dərəcəli əlil olmasını, sağlamlıq vəziyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 03 yanvar 2026-cı il tarixdən 05 yanvar 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 87.14 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 9.72 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 yanvar 2026-cı il tarixdən 05 yanvar 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri ünvan 1i ünvanını gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 87.14 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 9.72 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(5-112)-4/2026
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(5-112)-4/2026
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver