Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(5-115)-3/2026 24.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli qızı, X2 məhkəmə-iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-cı ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 16 dekabr 2025-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Biləsuvar Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, 15 iyun 2025-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və həmin qanunun 64-cü maddəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 90km/saat sürətdən artıq surətlə sürücülük vəsiqəsi olmadan Biləsuvar-Bəhrəmtəpə yolunun 39-cu kilometrliyində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin yəni, “sürücü surətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaldıqda və gözlənilmədən dayandıqda onunla toqquşmasının qarşısını almaq mümkün olsun” müddəalarının tələblərini pozaraq və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki inkanı olduğu halda bunlara riayət etməyib, eyni istiqamətdə hərəkətdə olan Şahid3 idarə etdiyi “Belarus MTZ 82” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı 2 yarımqoşqulu nəqliyyat vasitəsini ötmək istəyərkən traktorun sonuncu yarımqoşqusunun sol yan tininə dəyib toqquşması nəticəsində, avtomobilin ön sərnişin oturacağında əyləşərək sağ qolu qapının üzərində olan atası Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan “sağ bazu sümüyünün distal ucunun sınığı və sağ said sümüklərinin proksimal ucunun çoxqəlpəli açıq sınıqları, sağ dirsək oynağı nahiyyəsini əhatə edən geniş həcimli əzilmiş yara” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü əvvəlcə təqsirli bilməsə də, sonradan verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində Cəlilabad rayonunda keçirilən toy məclisindən çıxaraq ailə üzvləri ilə birlikdə yaşadıqları İmişli rayonunun Çaxırlı kəndinə doğru hərəkət etmişlər. O, atası Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı avtomobili idarə etmiş, digər ailə üzvləri isə qardaşı Şahid1 idarə etdiyi “VAZ-2101” markalı avtomobildə olmuşlar. Gecə vaxtı olduğu və atasının görmə qabiliyyəti zəif olduğu üçün avtomobili özü idarə etdiyini bildirmişdir. Atası sağ ön sərnişin oturacağında əyləşmişdir. Bilsuvar–Bəhrəmtəpə yolu ilə hərəkət edərkən avtomobilin sürəti təxminən 90–100 km/saat olmuş, qardaşı Şahid1 idarə etdiyi “VAZ-2101” markalı avtomobil ilə aralarındakı məsafə təxminən 10 metrə yaxın təşkil etmişdir. Onun sözlərinə görə, qardaşı qarşıda hərəkət edən traktorun xarici işıq cihazlarını yandırmadığını gec fərq etmiş və bu səbəbdən dərhal əyləcdən istifadə etmişdir. Bunu görən Təqsirləndirilən şəxs da əyləcdən istifadə etmişdir. Toqquşmadan yayınmaq məqsədilə yan zolağa çıxmaq istəsə də, qarşıdan yük avtomobilinin gəldiyini gördüyündən bu manevri tamamlaya bilməmiş, nəticədə avtomobil sürüşərək qardaşı Şahid1 idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Bu zaman qardaşı yük avtomobili ilə traktorun arasındakı boşluqdan istifadə edərək ötmə manevrini etmişdir. Təqsirləndirilən şəxs isə traktorun arxa qoşqusu ilə toqquşmamaq üçün qarşı zolağa çıxaraq hərəkətini davam etdirmək istəmiş, lakin idarə etdiyi avtomobilin sağ ön hissəsi traktorun qoşqusunun sol arxa hissəsinə toxunmuşdur. Nəticədə sağ ön sərnişin oturacağında əyləşən atası Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisədən sonra avtomobili yolun sağ kənarında saxlayaraq atasını xəstəxanaya aparmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025ci il tarixdə Cəlilabad rayonunda ailə üzvləri ilə birliklə qohum toyunda iştirak etmişdirlər. Toydan çıxdıqdan sonra o və ailə üzvləri Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı avtomobil ilə, digər ailə üzvləri isə kiçik oğlu Şahid1 idarə etdiyi “VAZ 2101” markalı avtomobil ilə yaşadıqları, İmişli rayonu Çaxırlı kəndinə doğru hərəkət etmişlər. O, avtomobilin sağ ön sərnişin oturacağında əyləşmiş, oğlu Təqsirləndirilən şəxs isə avtomobili idarə etmişdir. Sonuncuya Anarın arxasınca sürməyi demişdir. Biləsuvar- Bəhrəmtəpə yolu ilə yaşadıqları kəndə doğru hərəkətdə olan zaman avtomobilin təqribi sürəti 90 km/saat olmuş, oğlu Şahid1 idarə etdiyi “VAZ 2101” markalı avtomobil ilə “Khazar” markalı avtomobil arasındakı məsafə isə 5-10 metr olmuşdur. Qəfildən avtomobildə əyləşən qızı qışqıraraq Şahid1 traktorla toqquşacağını bildirmiş, Anarın əyləcdən istifadə etdiyini gördükdən sonra Təqsirləndirilən şəxs da əyləcdən istifadə etmişdir. Ani tormozlanma etdiyindən avtomobilin yalnız bir təkəri tormozlanmış, bu səbəbdən avtomobil sürüşərək oğlu Şahid1 idarə etdiyi avtomobilin arxa baqaj hissəsi ilə toqquşmuşdur. Bu zaman qarşı zolaqdan gələn yük avtomobili bir qədər sağa çəkilmiş, bundan sonra Anar onlarla eyni istiqamətdə hərəkətdə olan traktorla yük avtomobilinin arasından ötüb keçmişdir. Zərərçəkmiş şəxsin sözlərinə görə, əgər Azad Anarın idarə etdiyi avtomobilin arxa hissəsinə dəyməsəydi, Anar traktora çırpıla bilərdi. Azad da toqquşmanın qarşısını almaq üçün təkrar manevr edərək, ötmək istəsə də avtomobillin sağ ön tərəfi ilə traktorun qoşqusunun sol arxa hissəsi toqquşmuş, nəticədə zərərçəkmiş avtomobilin sağ ön sərnişin oturacağında əyləşəndiyindən qolu sınmışdır. Bu səbəbdən ona tibbi yardım göstərilməsi üçün oğlu Təqsirləndirilən şəxs onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs oğlu olduğu üçün ona qarşı heç bir şikayətinin olmadığını, hadisənin ehtiyatsızlıqdan törədildiyini nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmamasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 öz izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonunda ailə üzvləri ilə birlikdə qohum toyunda iştirak etmişlər. Toydan çıxdıqdan sonra idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yaşadıqları İmişli rayonunun Çaxırlı kəndinə doğru hərəkət etmişdir. Qardaşı Təqsirləndirilən şəxs isə atasına məxsus “Khazar” markalı avtomobillə onun arxasınca eyni istiqamətdə hərəkətdə olmuşdur. Bilsuvar–Bəhrəmtəpə yolu ilə hərəkət edərkən qarşı zolaqdan yük avtomobili gəlmişdir. Yük avtomobilinin uzaq işıqları yanılı vəziyyətdə olmuş və həmin işıqların fonunda qarşısında eyni istiqamətdə hərəkətdə olan traktoru fərq etmişdir. Traktoru gec gördükdən sonra əyləcdən istifadə etmişdir. Bu zaman qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Toqquşmadan sonra traktorun qoşqusuna dəyməmək üçün hərəkətini davam etdirmiş, traktoru ötərək yolun hərəkət hissəsinin sağ kənarında avtomobili saxlamışdır. Daha sonra onun ardınca qardaşı Təqsirləndirilən şəxs da ötmə əməliyyatı edərkən sağ qabaq oturacaqda əyləşmiş atası Zərərçəkmiş şəxs sağ qolu traktorun arxa tininə dəymişdir. Hadisədən sonra qardaşı da avtomobili saxlamış və atalarını xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 izahatında bildirdi ki, traktor qardaşı Şahid2 məxsusdur. xx.xx.2025-ci il tarixdə əkin sahəsində qardaşı ilə birlikdə ot taylarını traktorun qoşqusuna yüklədiklərini, qardaşı yorğun olduğundan özü yan oturacaqda əyləşərək, traktoru sürməyi ondan xahiş etdiyini bildirmişdir. Əkin sahəsindən çıxaraq Biləsuvar-Bəhrəmtəpə yolu ilə İmişli rayonu Aranlı kəndi istiqamətində hərəkətdə olan zaman anidən toqquşma səsi eşitdiyini və bu səbəbdən traktoru yolun hərəkət hissəsinin sağ kənarında saxladığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, traktorun arxa xarici işıq cihazları işləməsə də, qoşqunun arxasında işıq qaytarıcı qurğuları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -13 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. -Təqsirləndirilən şəxs 16 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının CMnin 263-1.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 avqust 2025-ci il tarixli 8/1619 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Khazar markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Khazar” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/ saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90km/ saat sürətdən artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyul 2025-ci il tarixli 212 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs sağ bazu sümüyünün distal ucunun və sağ said sümüklərinin proksimal ucunun çoxqəlpəli açıq sınıqları, sağ dirsək oynağı nahiyəsinə əhatə edən geniş həcimli əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. -16 iyun 2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokolla, ona əlavə edilmiş sxem və fotoşəkillərlə sürücü Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə saat 22:00 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Khazar markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləsuvar- Bəhrəmtəpə yolunun 39-cu kilometrliyində hərəkət edərkən təqsirli olaraq yol-nəqliyyat hadisəsini ehtiyyatsızlıqdan törətdiyi təsdiq olunmuşdur. -Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-nin rəisi tərəfindən verilmiş 10 noyabr 2025ci il tarixli raportdan görünür ki, DİN-in BDYPİ-nin X1 vasitəsi ilə yoxlanılmış məlumata əsasən, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmaması, “Khazar” markalı, 30_BK-606 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs adına olması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 “maddi sübutların ekspertizası”nın 2631/K nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şahid1 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 “maddi sübutların ekspertizası”nın 2633/K nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şahid3 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. -11 iyul 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki,”Khazar” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngdədir. Avtomobilin sol ön hissəsi əzilmiş, sol ön işıqları sınaraq itmiş, sağ sərnişin qapısı deformasiyaya uğramış, sağ yan güzgü avtoqəza zamanı sınaraq itmişdir. -12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. -Zərərçəkmiş şəxs 15 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, 15 iyun 2025ci il tarixdə Biləsuvar-Bəhrəmtəpə yolunun 39-cu kilometrliyində baş vermiş avtoqəzada ağır dərəcəli bədən xəsarəti almışdır və hadisə ilə bağlı heç kimdən şikayət və tələbi olmamışdır. -Şahid1 15 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş hadisə nəticəsində ona heç bir maddi ziyan və zərər dəyməmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 02 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il tarixdə (X5), xx.xx.2022-ci il tarixdə (X4) və xx.xx.2021-ci il tarixdə (X6) doğulmuş yetkinlik yaşına çatmayan uşaqları vardır. -Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat müəyyən edilmişdir. -“Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etməsi, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi şahid ifadələri, üzləşdirmə protokolu, istintaq hərəkəti protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli 8/1619 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 maddi sübutların ekspertizasının 2631/K nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə-kimyəvi rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 maddi sübutların ekspertizasının 2633/K nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə-kimyəvi rəyi, eləcə də, işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinin İV hissəsinin tələbinə əsasən, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti sistemində təhlükəsizlik prinsipi qarşılıqlı etimad və qaydalara ümumi riayət üzərində qurulmuşdur. Hər bir sürücü digər hərəkət iştirakçılarının qanunvericiliyin tələblərinə əməl edəcəyini əsas götürərək hərəkət edir. Bu sistem daxilində bir iştirakçının qaydaları pozması yalnız öz hərəkət trayektoriyasını deyil, eyni zamanda digər sürücülərin və piyadaların təhlükəsizliyini də təhlükə altına qoyur. Belə hallarda risk zəncirvari xarakter alır və hadisənin nəticələri əvvəlcədən tam proqnozlaşdırıla bilməyəcək dərəcədə genişlənə bilər. Sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə olunması isə bu riskləri daha da artırır. Çünki bu halda şəxs yol hərəkətinin hüquqi və texniki normalarını mənimsəmiş şəxs kimi deyil, kifayət qədər hazırlığı və məsuliyyət anlayışı formalaşmamış iştirakçı kimi çıxış edir. Bu isə təhlükənin başvermə ehtimalını obyektiv şəkildə yüksəldir. Məhkəmə hesab edir ki, təhlükəsiz ara məsafəsinin seçilməməsi, hərəkət şəraitinə adekvat reaksiya verilməməsi və mümkün təhlükəni əvvəlcədən qiymətləndirməmək yolnəqliyyat hadisələrinin əsas risk faktorlarındandır. Bu cür pozuntular yalnız maddi zərərə deyil, insanların həyat və sağlamlığına birbaşa təhlükə yaradır. Nəticə etibarilə, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 33-cü, 50-ci və 64-cü maddələrinin tələblərini pozması nəticəsində baş vermiş və onun hərəkətləri ilə hadisə arasında birbaşa səbəbli əlaqə mövcud olmuşdur. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin şikayətinin olmaması, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, himayəsində 3 yetkinlik yaşına çatmayan azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin öz atası olması, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, və onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci qismində 150 (yüz əlli) manat pul məbləği Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №1(5-115)-3/2026
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(5-115)-3/2026
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver