Məhkəmə qərarları › İş №1(5-117)-7/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(5-117)-7/2026

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(5-117)-7/2026 11.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olanı, Əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad şəhəri, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Səttərxan küçəsi ev 114-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.

İşin faktiki halları

2. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2026-ci il tarixdə saat 01 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən fərdi yaşayış evinin dəhlizində arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət, sağ əl və sol çiyin nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq sonuncunun sağ gözyuvası ətrafı-alın nahiyyəsində hematoma, sağ əlin arxa səthində və sol çiyin qurşağı nahiyyəsində qançır kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir.

3. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:

4. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.

Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

6. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Proesessual Məcəlləsi:

7. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir.

8. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir.

9. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir.

10. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

12. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar