Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(5-120)-6/2026 02.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə X1 və X2 Аzərbaycan Respublikasının CMnin 147 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X5 xüssusi ittiham qaydasında X1 və X2 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə ittiham olunması şikayətlə müraciət etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosessi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmununda tərəflərin anket məlumatları tam göstərilməmişdir. Bununla da Azərbaycan Respublikasının CPM-nin 293.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İkincisi, xüsusi ittiham qaydasında şikayətin məzmununda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği göstərilməmişdir. Bununla da CPM-nin 293.3.2-ci maddəsinin tələbi pozulmuşdur. Üçüncüsü, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi iki hissədən ibarətdir və ittihamçı X1 və X3 məhz hansı maddə ilə təqsirləndirdiyini göstərməmiş, yəni, CPM-nin 293.3.4-cü maddəsinin tələbi pozulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Аzərbaycan Respublikasının Аli Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 №-li Qərarında nəzərdə tutulur ki, Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında müəyyən edilməli olan məsələlərdən biri də xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-nin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məcəllənin 300.1.3. maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilə bilər. Beləliklə, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 300.1.3, 300.5, 302.1.3 və 321-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 və X2 barəsində Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 iyirmi gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(5-120)-6/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(5-120)-6/2026
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver