Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(5-121)-1/2026 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi olduğunun nəzərə alınaraq xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilərək onun təqsirləndirilən şəxs qismində həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərədə tutulan ən ağır cəza ilə (üç il müddətə azadlıqdan məhrum etmə ilə cəzası) cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanda yerləşən ata mülkü olmuş, həmin ev Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən sökülərək əvəzində 4 bacısına və 1 qardaşı oğluna ayrı-ayrı torpaq sahələri verilmişdir. Daha sonra ünvan 3 ünvanda yerləşən torpaq sahəsini alqı-satqı yolu ilə almış və özünə fərdi yaşayış evi inşa etmişdir. Həmin evə bitişik olan icra hakimiyyəti tərəfindən sökülmüş ata evinə aid olan torpaq sahəsi barəsində şikayət etdiyi şəxsin adına çıxarış çıxarılmış və aralarında hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Gəncə şəhəri, Ş.Bədəlbəyli küçəsi 148 ünvanda yerləşən fərdi yaşayış evinin Brilyant Məmmədovaya heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq X7 onun evini göstərərək guya ona vərəsəlik qaydasında keçən evə daxil olduğunu, həmin evdən oğurluq etdiyimi bildirərək polis orqanına şikayət etmiş, onu 1 ədəd 680 manat dəyərində soyuducu, 1 ədəd 500 manat dəyərində paltaryuyan maşını oğurlamaqla ittiham etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsində araşdırma aparılmış, dəfələrlə polis şöbəsinə çağırılmış, izahatı alınmış, həyəcan-qorxu hisləri keçirmişdir, lakin nəticədə ittiham öz təsdiqini tapmamış, Brilyant Məmmədovaya vərəsəlik qaydasında keçən mülkdə ümumiyyətlə yaşayış evi olmadığı aşkar olunmuş və onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 onu ağır cinayət törətməkdə ittiham etmiş və araşdırma nəticəsində ittiham öz təsdiqini tapmamışdır. Beləliklə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət hadisəsi törətmişdir. X7 xx.xx.2026-cı il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X9 vərəsəsi kimi o, tanınmışdır. Şəhadətnamə ilə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.7 kv.m olan fərdi yaşayış evindən və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0229 ha olan torpaq sahəsindən ibarətdir. Bundan sonra o, xx.xx.2024-cü il tarxli 2V-45 resyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2024-cü il tarixli **********02-10301 reyestr nömrəli çıxarış almışdır. X1 onun qanuni mülkiyyətində olan yuxarıda qeyd olunan əmlakına qanunsuz girərək oradan 01 ədəd 600 manat dəyərində soyuducunu, 01 ədəd 600 manat dəyərində paltaryuyan maşınını (cəmi 1200 manat) oğurlamış və evin giriş darvazasının açarlarını dəyişərək onun öz mülkiyyətindən istifadə etməyinə qanunsuz mane olmuşdur. O, hələ də öz mülkünə girə bilmir və ondan istifadə edə bilmir. Ona görə də o, bu barədə polisə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq Gəncə şəhər Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən X3 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra o, qeyd olunan qərardan narazı qalaraq qərarın ləğv olunması və X3 barəsində cinayət işinin başlanılması üçün həmin qərardan Gəncə şəhər Prokurorluğuna şikayət etmişdir və hazırda şikayəti Gəncə şəhər Prokurorluğunda araşdırılır. Digər tərəfdən X8 ona qarşı ittiham irəli sürür ki, guya ona qarşı böhtan atmış və ona görə də Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ittiham olunmalıdır. Birincisi o, X3 barəsində heç bir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında hər hansı bir məlumat yaymamışdır. Yalnız evindən olunan oğurluq faktının araşdırılması üçün polisə müraciət etmişdir. İkincisi, X8 onun Azərbaycan Respublikası CM-nın 147.2-ci maddəsi ilə ittiham olunmağını tələb edir. İttiahmçmın isə onu ittiham etdiyi CM-nin 147.2-ci maddəsi də əməlin ağır və ya xüsusi ilə ağır olmasını tələb edir. Göründüyü kimi ittihamçının iddiası bütün hallarda əsassızdır. Ona görə də məhkəmədən X3 ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətin qanunsuz və əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayəti tam müdafiə edərək ifadəsində bildirdi ki, X7 ilə mübahisəsi ünvan 1 ünvanda yerləşən ata mülkü ilə bağlı olmuşdur. X7 özünü tək vərəsə kimi təqdim edərək 2024-cü ilin fevral ayında ata mülkünü ələ keçirmişdir. X7 onun evini göstərərək guya ona vərəsəlik qaydasında keçən evə daxil olduğunu, həmin evdən oğurluq etdiyimi bildirərək polis orqanına şikayət etmiş, onu 1 ədəd 680 manat dəyərində soyuducu və 1 ədəd 500 manat dəyərində paltaryuyan maşını oğurlamaqla, yəni ona 1180 manat ziyan vurmaqda ittiham etmiş, qabağına çıxan hər kəsə onun oğru olduğunu demişdir. Bu məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsində araşdırma aparılmış, dəfələrlə polis şöbəsinə çağırılmış, izahatı alınmış, həyəcan-qorxu hisləri keçirmişdir, lakin nəticədə ittiham öz təsdiqini tapmamışdır. Bununla da barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 onu ağır cinayət törətməkdə ittiham etmiş və bu araşdırma nəticəsində ittiham öz təsdiqini tapmamışdır. Beləliklə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət hadisəsi törətmişdir. Sonda şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 ərizəsinin məzmununa uyğun çıxış edərək ifadəsində bildirdi ki, 2023-cü ildə vərəsə kimi tanınmış, 2024-cü ildə əmlaka dair dövlət reyestrindən çıxarış almışdır. Özündən başqa dörd bacısı var. Oğurluq olunan ev mülkiyyət hüququ ilə ona məxsusdur. X8 onun evindən oğurluq etdiyi üçün onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə müraciət etmişdir. Belə ki, X8 onun qanuni mülkiyyətində olan əmlakına qanunsuz girərək oradan 01 ədəd 600 manat dəyərində soyuducunu və 01 ədəd 600 manat dəyərində paltaryuyan maşınını, yəni cəmi 1200 manat məbləğində əşyaları oğurlamış və evin giriş darvazasının açarlarını dəyişərək onun öz mülkiyyətindən istifadə etməyinə qanunsuz mane olmuşdur. O, hələ də öz mülkünə girə bilmir və ondan istifadə edə bilmir, həmin evdə yaşayış yoxdur. Digər bacısı X5 oğurluq edəndə görmüşdür. Sonda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 və X3 müraciətləri əsasında toplanmış materialda hər hansı bir cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat və nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna göndərilmiş, qərarın surəti X4 və X6 göndərilməklə qərardan narazı olduğu halda prokurora, yaxud prokurora və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, vətəndaş X6 bacısı X7 tərəfindən təhqir olunması, evindən oğurluq etməsi barədə böhtan atılması ilə əlaqədar olaraq xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmiş, material saxlanması üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin dəftərxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1-ci, 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən, cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Mirvari Məmmədova barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs Brilyant Məmmədovanın Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Halbuki, xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətdə barəsində şikayət verdiyi şəxsin onu 1 ədəd 680 manat dəyərində soyuducunu və 1 ədəd 500 manat dəyərində paltaryuyan maşını oğurlamaqla, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində ittiham etdiyini bildirərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin CM-in 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etsə də, həmin maddənin dispozisiyasına görə CM-in 147.2-ci maddəsi ağır və xüsusilə ağır cinayət əməlində ittiham etməklə böhtan cinayətini nəzərdə tutur, göründüyü kimi Cinayət Məcəlləsinin 177.1-ci maddəsi az ağır cinayətdir. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(5-121)-1/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(5-121)-1/2026
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver