Məhkəmə qərarları › İş №1(5-121)-7/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(5-121)-7/2026

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(5-121)-7/2026 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, nəzərdə tutulmuş layihə üzrə iş görmək istədikdə ona maddi cəhətdən dəstək olmağa, görüləcək layihəyə investisiya qoymağa adam lazım idi ki, nəzərdə tutulmuş layihəyə tələb olunan xərcin çəkilməsində ona kömək etsin və nəticədə nəzərdə tutulmuş layihəni həyata keçirəndən sonra onunla birlikdə payçı olaraq əldə olunan gəlirin bölgüsündə iştirak etsin. Bundan əlavə investisiya qoyan şəxs layihəyə qoymuş olduğu xərci götürəndən sonra əldə olunan gəlirə payçı olmalı idi. Bu məqsədlə tanıdığı insanlara fikrini bildirəndə Aynur adlı bir xanım onunla layihədə payçı olmaq istəmiş və ona izah etmişdir ki, layihədə payçı olmaq üçün 500.000 (beş yüz min) manat investisiya yatırmaq lazımdır ki, nəzərdə tutulan işlərin görülməsinə başlasınlar. Aynur xanım onunla razılaşmış və qısa müddət ərzində ona 20.000 (iyirmi min) manat vermiş, qalanını isə sonra verəcəyini bildirmişdir. Həmin pulu ona verəndə onların arasında heç bir formada faiz almaq və ya faiz vermək məsələsi olmamış, yəni sadəcə olaraq aralarında şifahi müqaviləyə əsasən həmin şəxs insan nəzərdə tutulan layihəyə investisiya qoyub payçı olurdu. Həmin məbləği Aynur xanımdan götürəndən sonra layihənin sənədləşdirilməsinə və digər məqsədlərə sərf etmiş, gözləmişdir ki, Aynur xanım pulun qalan hissəsini gətirəndən sonra layihənin icrasına xərcləyəcək və işə başlayacaqlar. Aradan qısa müddət keçəndən sonra Aynur xanım ona “***-***-**-**” nömrəli telefonla zəng edib verdiyi pul məbləğini faizə götürdüyünü, həmin məbləğin geri qaytarılmalı olduğunu və üstündə 6000 manat əlavə olaraq faiz qismində ödəməli olduğunu bildirmişdir. Aynur xanımın investisiya qoyduğu məbləği tələb etməsi və söz verdiyi kimi qalan hissəni ödəməkdən imtina etməsi nəzərdə tutulan layihənin icrasını dayandırdı və bununla da layihənin icrasından götürəcəkləri böyük miqdarda gəlirdən məhrum oldular. Qısa müddət ərzində soyadını və ata adını bildirməyən, özünü Aynur kimi təqdim etmiş bu xanım ona yuxarıda göstərilən telefon nömrəsi ilə zəng edib müxtəlif adamların adı ilə onu şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başladı. Bu zaman tanışlarının vasitəsilə əlaqə saxladıqları telefon nömrəsinin kimə məxsus olmasını araşdıranda məlum oldu ki, həmin nömrə X3 məxsusdur və Aynur xanım həmin şəxsin adından və digər müxtəlif adlardan istifadə edərək hədə-qorxu gələrək ondan vermiş olduğu 20000 (iyirmi min) manatı və üzərindəki 6000 manat faizi tələb edir. Hesab edir ki, Aynur xanım X2 adının hallanmasını istəməyərək öz adından, lakin onun istifadəsində olan telefon nömrəsi ilə zəng edərək hədə-qorxu ilə özünün istəyi ilə investisiya qoyuluşuna sərf olunan 20000 (iyirmi min) manat pulu və üzərində şərtləşdikləri faiz kimi 6000 manatı da əlavə olaraq tələb edir, pulları dərhal qaytarmadığı halda müxtəlif şəxslərin adını çəkərək ona və ailəsinə qarşı zorakılıq hərəkətlərinin tətbiq ediləcəyini, onu fırıldaqçı adlandırıb rüsvay edəcəyini bildirir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin dispozisiyası ilə uyğun gəlir. Həmin maddənin mənasına görə: “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüquqlarını və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməsini tələb etmə” başa düşülür, yəni Aynur xanımın ondan əlavə 6000 manat pul tələb etməsi də daxil olmaqla pulları vaxtında verə bilmədiyi halda onun başına müxtəlif şəxslərin adlarından istifadə edərək həmin maddənin dispozisiyasında göstərilən hərəkətlərin gələcəyini bildirir. Yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası CM-nin 88-ci maddəsini rəhbər tutaraq, X8 barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X1 vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X11 şikayətin dəlillərinə uyğun çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xüsusi ittiham qaydasında şikayət vermiş X4 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 məlumat verilsə də, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, X10 Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 163 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X5 CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə baxılması Gəncə Şəhər Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət, bu şikayətin verilməsinə əsas olan məlumatları yayan şəxsin, yəni X5 yaşadığı ünvan üzrə məhkəməyə verilməlidir. Həmin ünvan isə (ünvan 1ail Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir. CPM-in 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatları yaymış şəxslərin yaşayış ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X5 CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar