Məhkəmə qərarları › İş №1(5-123)-1/2026

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(5-123)-1/2026

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(5-123)-1/2026 09.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə gizli olaraq ələ keçirmək üçün 13 iyul 2024-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən vaxtda Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan fərdi yaşayış evinin şüşəsi sınıq olan pəncərəsini əli ilə açdıqdan sonra ətrafda onu görən kimsənin olmamasında əmin olmaqla həmin pəncərədən qanunsuz olaraq evə daxil olub, həmin evin sol hissəsində olan otaqdan 4 ədəd bağlamada hər birinin uzunluğu 4 (dörd) metr, eni 5 (beş) sm, hündürlüyü 3 (üç) sm, qalınlığı 2 (iki) mm olan ümumi dəyəri 658 (altı yüz əlli səkkiz) manat olan 47 (qırx yeddi) ədəd “Tavan C”modelli sink örtüklü dəmir profilləri vahid niyyətlə əhatə olunan qəsdlə talamaq istəmiş, lakin çəkisi ağır olduğu üçün əvvəl 2 (iki) ədəd bağlamada 24 (iyirmi dörd) ədəd “Tavan C”modelli sink örtüklü dəmir profili evdən gizli olaraq çıxarıb taladıqdan sonra cinayətkar niyyətinin davamı olaraq həmin gün 15 (on beş) dəqiqə sonra yenidən evə qanunsuz olaraq daxil olub geridə qalan daha 2 (iki) ədəd bağlamada 23 (iyirmi üç) ədəd “Tavan C”modelli sink örtüklü dəmir profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 658 (altı yüz əlli səkkiz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsi ilə Göyçay çayına tərəf gedən zaman təzə məhləllərdə tikilmiş və yaşayış olmayan evlərdən birinin pəncərəsinin şüşəsinin olmadığını görmüş, həmin vaxt araq almaq üçün pulu olmadığından evə daxil olub oğurlamaq qərarına gəlmiş, daha sonra həmin evin həyətinin açıq olan tərəfindən həyətə daxil olmuş, şüşəsi olmayan pəncərəyə yaxınlaşmış, yaxınlıqda olan daş parçasını ayağının altına qoyaraq pəncərədən evə daxil olmuş, içəridə alçipan vurmaq üçün nəzərədə tutulmuş 4 ədəd bağlamada dəmir profillərin olduğunu görmüş, həmin dəmir profilləri saydıqda 47 ədəd olduğunu, 12, 12, 12 və 11 ədəd olmaqla 4 ədəd bağlamada olduğunu saymış, dəmir profillər yüngül olduğu üçün həmin profilləri oğurlamaq qərarına gəlmiş, buna görə də həmin 4 bağlamada olan dəmir profillərin əvvəlcə 2 ədəd bağlamasını evə daxil olduğu pəncərənin kənarına gətirmiş, həyətə çıxartmış, daha sonra özü də həmin pəncərədən evi tərk etmiş, 2 ədəd bağlamada olan dəmir profilləri çiyninə alaraq piyada Bəxtiyara məxsus metal qəbulu məntəqəsinə aparmış, Bəxtiyarın oğlu dəmir profillərə görə ona 5 manat vermişdir. Daha sonra yenidən qalan 2 ədəd bağlamanı oğurlamaq üçün Zərərçəkmiş şəxs məxsus mənzilə yenidən giriş qapısının sol hissəsində olan pəncərədən daxil olmuş, qalan 2 ədəd bağlamada dəmir profilləri evə daxil olduğu pəncərənin kənarına gətirib, birbir həyətə çıxartmış, daha sonra özü də pəncərədən həyətə tullanmış, qalan 2 ədəd bağlamada olan dəmir profilləri də çiyninə alaraq piyada formada yaxınlıqda olan Bəxtiyara məxsus metal qəbulu məntəqəsinə aparmış, Bəxtiyarın oğlu Ümid həmin dəmir profillərə görə ona daha 5 manat vermişdir. X1 məxsus mənzildən 4 bağlamada olmaqla 47 ədəd dəmir profilləri oğurlayıb Bəxtiyara məxsus dəmir qəbulu məntəqəsinə aparmış, 47 ədəd dəmir profillərə görə Bəxtiyarın oğlu Ümid ona 10 manat pul vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evi vardır. 6 ildir ki, həmin evin tikintisinə başlamış, evin həyətyanı sahəsinin kənarını hasarla bağlamamış, belə ki, həyətyanı sahənin bir qismi çəpərlə bağlı olsa da bir az hissəsi açıq olmuş, ona məxsus Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən ev tam hazır olmadığı üçün həmin evdə yaşayış olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhərinə gəlmiş Z.Bünyadov küçəsində yerləşən özünə məxsus evə baxmaq üçün getmiş, evin içərisinə girib baxmış, bu zaman həmin evin otaqlarından birinə yığmış olduğu təzə dəmir profillərin oğurlandığını aşkar etmiş, buna görə də Göyçay RPŞ-nə ərizə ilə müraciət etmiş, ona məxsus Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən və yaşayış olmayan evin otağından 47 ədəd dəmir profil oğurlanmış, ona məxsus evdən oğrulanmış dəmir profillər evin tavan hissəsinə alçipan bağlanılması üçün nəzərdə tutulmuş dəmir profillər olmuş, həmin profillərin hər birinin uzunluğu 4 metr, eni 5 sm, hündürlüyü 3 sm və qalınlığı isə 2 mm olmuş, ona məxsus evdən oğurlanmış 47 ədəd dəmir profilin qiyməti təxminən 650- 670 manat olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, atasına məxsus Göyçay şəhəri i.Əfəndiyev küçəsində yerləşən metal qəbulu məntəqəsi vardır. Həmin metal qəbulu məntəqəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində işlədiyi metal qəbulu müəssisində olan zaman Elçin məntəqəyə gəlmiş, həmin vaxt Elçinin əlində dəmir profillər olmuş, Elçin ona həmin dəmirləri satmaq istədiyini bildirmiş, Elçindən həmin metalları haradan əldə etdiyini soruşmuş, Elçin də ona həmin dəmir profilləri yaşadığı evin həyətindən gətirdiyini və özünün olduğunu bildirmiş, Elçindən həmin profilləri götürmüş və tərəzidə çəkmiş, həmin profillərin ümumi dəyəri 5 manat olmuş, həmin dəmir profilləri götürərək və Elçinə 5 manat pul vermiş, Elçin həmin vaxt yaşadığı evdə daha 2 ədəd bağlamada dəmir profillər olduğunu həmin dəmir profilləri də gətirəcəyini bildirmiş, 15 dəqiqə sonra Elçin yenidən çiynində 2 ədəd bağlamada dəmir profillər onun işlədiyi məntəqəyə gəlmiş, Elçindən həmin profilləri də götürmüş və tərəzidə çəkmiş, həmin profillərin də ümumi dəyəri 5 manat etmiş, bundan sonra Elçin çıxıb getmişdir. Ümumilikdə Elçindən aldığı 4 ədəd bağlamada olan 47 ədəd dəmir profillərə görə 10 manat pul vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2025-ci il tarixli 9/463 saylı rəyində göstərilmişdir ki, 47 ədəd uzunluğu 4 metr, eni 5 sm, hündürlüyü 3 sm, qalınlığı 2 mm dəmir profillərin yeni vəziyyətdə 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablanma yolu ilə təxminən 658,00 manat (14x47) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə gizli olaraq ələ keçirmək üçün 13 iyul 2024-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən vaxtda Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan fərdi yaşayış evinin şüşəsi sınıq olan pəncərəsini əli ilə açdıqdan sonra ətrafda onu görən kimsənin olmamasında əmin olmaqla həmin pəncərədən qanunsuz olaraq evə daxil olub, həmin evin sol hissəsində olan otaqdan 4 ədəd bağlamada hər birinin uzunluğu 4 (dörd) metr, eni 5 (beş) sm, hündürlüyü 3 (üç) sm, qalınlığı 2 (iki) mm olan ümumi dəyəri 658 (altı yüz əlli səkkiz) manat olan 47 (qırx yeddi) ədəd “Tavan C”modelli sink örtüklü dəmir profilləri vahid niyyətlə əhatə olunan qəsdlə talamaq istəmiş, lakin çəkisi ağır olduğu üçün əvvəl 2 (iki) ədəd bağlamada 24 (iyirmi dörd) ədəd “Tavan C”modelli sink örtüklü dəmir profili evdən gizli olaraq çıxarıb taladıqdan sonra cinayətkar niyyətinin davamı olaraq həmin gün 15 (on beş) dəqiqə sonra yenidən evə qanunsuz olaraq daxil olub geridə qalan daha 2 (iki) ədəd bağlamada 23 (iyirmi üç) ədəd “Tavan C”modelli sink örtüklü dəmir profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs məxsus ümumilikdə 658 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar