Məhkəmə qərarları › İş №1(5-124)-1/2026

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(5-124)-1/2026

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(5-124)-1/2026 03.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci qrup əlil, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 117, mənzil 20 qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2025-ci il tarixdə saat 07 radələrində Gəncə şəhəri Nəriman Nərimanov küçəsi ev 242-də yerləşən, 1993-cü il tarixdən etibarən qeydiyyatdan keçməklə fəaliyyət göstərən Qırıqlı kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs olan Danyarlı şirkətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı ictimai yer hesab edilən Göygöl rayonu, Qırıqlı kəndi ərazisində yerləşən “Şəhidlər xiyabanı”nın yaxınlığında olan “Qırıqlı- Gəncə” sərnişindaşıma xətti üzrə dayaq məntəqəsinə gəlib, orada Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar Birinci Qarabağ müharibəsində iştirak edib, Mina partlayışı nəticəsində sol baldır aşağı 1/3-nin postravmatik amputasion güdülü, sağ incik sümüyünün aşağı 1/3-i, sağ incik sümüyünün aşağı 3/1-nin xrosteomieliti, oyuq oynağının hərəkət məhdudluğu ilə İİ qrup əlil olmasından istifadə edərək özünü həmin şəxslərin şəxsiyyətinin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə Qırıqlı-Gəncə sərnişindaşıma xətti üzrə daşımacılığın həyata keçirilməsinə səlahiyyətli şəxs olmadığı halda, onun sahibi olduğu mikro avtobuslardan kənar heç bir avtomaşınların sərnişin daşımayacağına imkan verməyəcəyini deyib, hüquqi şəxs kimi fəaliyyət göstərən “Danyarlı” şirkətinin rəhbər şəxslərinin və sürücüsü Zərərçəkmiş şəxs2 ünvanına uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozub çoxsaylı şəxslərin toplaşması ilə əhatə olunan hərəkətlərini davam etdirərək, ətrafa toplaşan istintaqa adları məlum olmayan şəxslərin qarşısında Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib silah qismində istifadə etdiyi çəliklə zor tətbiq etmək hədəsi ilə baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla hədələmiş, bundan sonra qanunsuz əməllərini davam etdirib silah qismində istifadə etdiyi cəliklə zor tətbiq edərək Zərərçəkmiş şəxs2 sinə nahiyəsindən vurub, ona fiziki ağrı yetirmiş, daha sonra “Danyarlı” şirkətinin direktoru Zərərçəkmiş şəxs1 məxsus və sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Qazel NEXT” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sol yan qabaq qanadına qəsdən vuraraq 60 (altmış) manat dəyərində maddi ziyan vuraraq ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan, özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar, 10 oktyabr 2025-ci il tarixdə saat 07 radələrində hüquqi şəxs olan Danyarlı şirkətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı ictimai yer hesab edilən Göygöl rayonu, Qırıqlı kəndi ərazisində yerləşən “Şəhidlər xiyabanı”nın yaxınlığında olan “Qırıqlı-Gəncə” sərnişindaşıma xətti üzrə dayaq məntəqəsinə gəlib, orada Birinci Qarabağ müharibəsində iştirak edib, İİ qrup əlil olmasından istifadə edərək özünü həmin şəxslərin şəxsiyyətinin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə Qırıqlı-Gəncə sərnişindaşıma xətti üzrə daşımacılığı həyata keçirilməsinə səlahiyyətli şəxs olmadığı halda, onun sahibi olduğu mikro avtobuslardan kənar heç bir avtomaşınların sərnişin daşımayacağına imkan verməyəcəyini deyib, hüquqi şəxs kimi fəaliyyət göstərən “Danyarlı” şirkətinin rəhbər şəxslərinin və sürücülərinin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozub çoxsaylı şəxslərin toplaşması ilə əhatə olunan hərəkətlərini davam etdirərək, ətrafa toplaşan istintaqa adları məlum olmayan şəxslərin qarşısında, Göygöl RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1, Şahid5 və sürücülər Şahid6, Şahid7 və Şahid8 üzərinə hücum çəkib silah qismində istifadə etdiyi çəliklə zor tətbiq etmək hədəsi ilə qəsdən zərbə vurmaqla hədələmiş, bundan sonra qanunsuz əməllərini davam etdirib X8 məxsus, lakin icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 verilmiş sürücü Şahid6 idarə etdiyi “Qazel NEXT” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun, 80 (səksən) manat dəyərində 1 ədəd sol yan güzgüsünü, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd güzgünün iç şüşəsini, 12 (on iki) manat dəyərində 1 ədəd güzgünün alt şüşəsini, sürücü X6 idarə etdiyi “Qazel NEXT” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun, 80 (səksən) manat dəyərində 1 ədəd sol yan güzgüsünü, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd güzgünün iç şüşəsini, 12 (on iki) manat dəyərində 1 ədəd güzgünün alt şüşəsini, sürücü Şahid7 idarə etdiyi “Qazel NEXT” markalı, ** ES *** dövlət qeydiyyat nömrəli sərnişin avtobusunun, 80 (səksən) manat dəyərində 1 ədəd sol yan güzgüsünü, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd güzgünün iç şüşəsini, 12 (on iki) manat dəyərində 1 ədəd güzgünün alt şüşəsini silah qismində istifadə etdiyi çəliklə zədələmiş, daha sonra özünün idarə etdiyi “Hyundai Santafe” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs1 məxsus “Qazel NEXT” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun arxa hissəsindən vuraraq 180 (yüz səksən) manat dəyərində 1 ədəd arxa ayaqlığına qəsdən zədə yetirib ümumilikdə 933 (doqquz yüz otuz üç) manat dəyərində maddi ziyan vuraraq ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan, özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə təkrar xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar uzun illər ordan evlərinə çörək pulu aparıblar. Tenderə onlar da çıxıblar. Tenderdə onlar 120 bal qarşı tərəf isə 125 bal toplayıbdır. 5 bal ilə uduzublar. Onların yaxşı maşın alıb tendərə çıxmaq imkanları yox idi. Onlar işə başlamamışdan qabaq təxminən sentyabr ayının sonlarında həm Müzadilin, həm də İsrayılin yanına gediblər ki, ora onların çörək pulu qazandıqları yerdir. İsrayıl baba hələ onlara görə 32 nömrəli avtobus xəttinə olan tendərə qoşulmayıb. Oktyabrın 9-u səhər saat 5 radələrində avtovağzala gəliblər. Aralarında mübahisə olub. Deyib ki, siz də, biz də işləyək. Deyiblər ki, onlar işləyəcəklər. Onları iki gün işləməyə qoymayıb. Onun ayağı protezdir. Cəmşid maşınla ayağına vurub. Onun ağrısını o, hələ də çəkir. Ayağına maşınla vurandan sonra o, özündən çıxıb. 3 maşının yan güzgülərini qırıb. Sonra Polis əməkdaşı gəlib və onları polis şöbəsinə dəvət ediblər. Həmin gün izahatlarını veriblər. Onun səhərisi gün 4 maşın onlardan, 4 maşın da özləri işləyib. Oktyabr ayının 21-də o tutulub. O günə kimi bir yerdə işləyiblər. 6 nəfər orda şərik olublar. X1 vətəndaş qəbulunda olublar. AYNAya zəng vurub işin hallarını öyrəndikdən sonra onlara deyiblər ki, işinizə davam edin. Maneçilikləri çörək pulundan olmamaq üçün olub. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü tam təqsirli bilir və zərərçəkmiş şəxslərlə barışıb. Onlara vurulan zərəri ödəyib. İş üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, aralarında barışıq var. Nə baş veribsə onu bağışlayır. Qırıqlı-Gəncə avtobus xətti üzrə tender keçirilib. O, tenderdə qalib gəlib. Onlar oktyabr ayın 10-u günü ora gələndə İsuzu avtobusları işləyirdi. Onları da Eldənizgil işlədirdi. Onlar 4 gün işsiz qalıblar. Ondan sonra müvafiq dövlət orqanları sayəsində işlərinə qayıdıblar. Səhər işə başlamaq istəyəndə Eldəniz əl hasası ilə maşınlarının güzgülərini sındırıb. Onlar etirazlarını Nəqliyyat Departamentinə bildiriblər ki, işləməklərini təmin etsin. Onlar işə başlamaq istəyəndə, Eldəniz deyib ki, onlar işləyəcəklər. Onları işləməyə qoymayacağını deyib. Orda çox adam olub. Əksəriyyəti sürücülər idi. Səhəri gün onlar yenə qıraqda durub gözləyiblər ki, Nəqliyyat Departamenti onlara işləməyə şərait yaratsın. Birinci gün bir maşına yüngül xəsarət verib. Onun səhəri isə güzgüləri sındırıb. **-EF-***, **-EF-***, **-EF-*** dövlət qeydiyyat nişanlı maşınlar idi. **-EF-*** dövlət qeydiyyat nişanlı maşına birinci gün xəsarət verilib. Cəmşidə əl hasası ilə yüngül xəsarət yetirilib. Təsadüfən polis gəlib. Polis Eldəniz ilə söhbət edəndən sonra biraz sakitlik yaranıb. Şikayəti yoxdur. Aralarında ziddiyət yoxdur. Mübahisə avtobus xətti üstündə olub. 9 oktyabr 1 maşına, 10 oktyabrda digər maşınlara zərər vurulub. Sürücülər orda olublar. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə olan günü işə biraz gec gedib. O, gedəndə görüb ki, camaat yığışıb. Eldəniz şirkətin maşınlarını işləməyə qoymurdu. Eldənizlə tanışlığı olmayıb. Orda Eldəniz ilə onun arasında mübahisə olub. Bir-birilərini təhqir ediblər. Eldəniz hasa ilə onun sinəsinə və maşına yüngül zədə vurub. Onlar həmin gün işləməyiblər. Səhəri gün bir zülm ilə az da olsa işləyib. Maşınlara xəsarət vuran gün ona deyib ki, onun maşınını qırmayacaq qaçsın. Digər maşınlara xəsarət vurublar. Sonra polislər gəlib və polis şöbəsinə gediblər. Amma o, Eldənizi bağışlayıb. Sayca çoxdurlar. Saylarını dəqiq bilmir. Kimin şəkil çəkdiyini bilməmişdir. Hasa ilə sinəsindən itələyib. Nəqliyyat işçiləri də orda olub. Polisi onlar çağırıblar. Özü deyib ki, maşınını qaçırtsın. Eldəniz tək olub. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Eldəniz ilə onların heç bir bağlantıları və ədavətləri olmayıb. Ayın 9-u günü işə gedəndə Eldəniz onlara deyib ki, burda işləyə bilməyəcəklər. Bura onundur. Maşınlara xəsarət yetirib. Oktyabrın 9-u və 10-u da maşınlara xəsarət yetirib. Maşınların sol güzgülərini sındırıb. Dava-dalaşın səbəbi marşrut xətti üstündə olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İsrayıl müəllimin müraciəti üzrə hadisə yerinə gəliblər. Məlum olub ki, əvvəllər Təqsirləndirilən şəxs istifadə etdiyi marşrut xəttini Zərərçəkmiş şəxs1 tendərdə udub. Mübahisə bunun üstündə olub. Daha sonra digər əməkdaşlardan aldığı məlumata görə Eldəniz əlindəki hasa ilə maşınların sol yan güzgülərini sındırıb. İş materiallarına əlavə edilmiş video görüntülərdə də əks olunub. Qeyd etdi ki, o, oktyabr ayının 9-da olan müraciət ilə bağlı gedib, oktyabr ayının 10-da hadisə baş verərkən orda olmayıb. Müraciətləri birləşdirib bir material üzrə istintaq aparıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, DİN 102 xidmətinə hadisə ilə bağlı zəng vurub məlumat veriblər. Polis əməkdaşları hadisə yerinə gedən zaman avtomobillərin yan güzgülərinin qırıldığını görüblər. Mübahisə davam edirmiş, sakitləşdirərək polis şöbəsinə gətiriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, sürücü işləyir. Hadisə baş verən günü işləmək üçün gedibmiş. Eldəniz onları işləməyə qoymayıb. İsrayılla aralarında mübahisə yaranıb. Eldəniz maşınların güzgülərini sındırıb. Onun da maşınının sol güzgüsü sınıb. Həmin gün işləməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndi ərazisində xidmətdə olan zaman Qırıqlı istiqamətində hərəkətdə olarkən yol kənarında mübahisə baş verdiyini görüb və yaxınlaşıb. Eldəniz və digər sürücülər mübahisə edirmiş. Onları nizam intizama dəvət edib. Digər polis əməkdaşlarını çağırıb. Onları 5 maşın ilə birlikdə polis şöbəsinə, növbətçi qrupa təhvil veriblər. Məhkəmə iclasında 1 ədəd CD diskə videobaxış keçirildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/2090 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nörməli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs1 Göygöl rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Qırıqlı kəndində Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Şahid5 Hüseynağa oğlu xx.xx.2025-ci il tarixdə Göygöl rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus olan **-ES-*** qeydiyyat nişanlı avtomobilini tanımadığı qazilər Göygöl rayonu Balçılı kəndində qarşısını kəsərək hərəkət etməyə icazə verməyiblər. Həmin şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edir. Şahid5 Hüseynağa oğlu xx.xx.2025-ci il tarixdə Göygöl rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 08 radələrində Göygöl rayon Balçılı kəndində Eldəniz adlı şəxsin əlində olan həsa ilə ona məxsus olan Qazel markalı **-ES-***, **-ES-*** və **-ES-*** qeydiyyat nişanlı mikroavtobuslarının hər üçünün sol yan güzgülərini vurub sındırmışdır. Nəticədə ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Həmin şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 məxsus sərnişin avtobuslarına baxış keçirilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında protokola əlavə edilmişdir. Baxış zamanı “Qazel Next” markalı, ** ES *** qeydiyyat nömrə nişanlı avtobusda 01 ədəd sol güzgünün, güzgünün iç və alt şüşəsinin zədələnməsi, “Qazel Next” markalı, ** ES *** qeydiyyat nişanlı avtobusda 01 ədəd sol güzgünün, güzgünün alt və iç şüşəsinin zədələnməsi, “Qazel Next” markalı, ** ES *** qeydiyyat nişanlı avtobusda 01 ədəd sol güzgünün, güzgünün alt və iç şüşəsinin, həmçinin arxa ayaqlığın zədələnməsi, və “Qazel Next” markalı, ** ES *** qeydiyyat nömrə nişanlı avtobusun sol yan qanadının ehtiyyat hissəsi sayılan plastikdə zədə olması müəyyən edilmişdir. Avtomobillərin Texniki Xidmət Stansiyası servis rəhbəri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Qüsur Aktında göstərilmişdir ki, X8 məxsus olan QAZEL NEXT A65R52 ** ES *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin YHN-si nəticəsində qeyd edilən ehtiyat hissələri zədələnmişdir və yenisi ilə əvəz olunmalıdır. Cəmi məbləğ 307 manat göstərilmişdir. Avtomobillərin Texniki Xidmət Stansiyası servis rəhbəri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Qüsur Aktında göstərilmişdir ki, X8 məxsus olan QAZEL NEXT A65R52 ** ES *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin YHN-si nəticəsində qeyd edilən ehtiyyat hissələri zədələnmişdir və yenisi ilə əvəz olunmalıdır. Cəmi məbləğ 119 manat göstərilmişdir. Avtomobillərin Texniki Xidmət Stansiyası servis rəhbəri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Qüsur Aktında göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus olan QAZEL NEXT A65R52 ** ES *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin YHN-si nəticəsində qeyd edilən ehtiyyat hissələri zədələnmişdir və yenisi ilə əvəz olunmalıdır. Cəmi məbləğ 507 manat göstərilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 18 oktyabr 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilmişdir. “Əşyanın götürülməsi haqqında” 18 oktyabr 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD disk sonuncudan baxış keçirilməklə götürülmüşdür. “Diskə baxış keçirilməsi haqqında” 18 oktyabr 2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edildi ki, 01 ədəd DVD disk - gümüşü rəngdədir, üzərində “Verbatim”, “CD-R”, “700-MB” 52x və 80 min yazıları vardır. Diskin içərisindəki məlumatlara baxmaq üçün kompüterin "DVD ROM"una daxil etdikdə, 05 ədəd “İMG-20251011-WA0000.jpg”, “lMG-20251011-WA0001.jpg”, “VİD-20251011-WA0002.mp4”, “VİD-20251011- WA0003.mp4” və “İMG-20251011-WA0004.mp4” adlı fayllar aşkar edildi. “İMG-20251011- WA0000.jpg” və “İMG-20251011-WA0001.jpg” adlı fayllara baxış keçirən zaman "Qazel Next” markalı, dövlət qeydiyyat nişanı görünməyən avtomobilin sol yan güzgüsünün sınmış vəziyyətdə olan fotoşəkilləri müşahidə edildi. Bundan başqa DVD diskdə olan “VİD- 20251011-WA0002.mp4” adlı fayla baxış keçirən zaman 30 saniyə davam edən videogörüntü olması müşahidə edildi. Videogörütüdən göründü ki, ətrafda çoxlu sayda insanlar var və Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi, əlində olan çəliklə Zərərçəkmiş şəxs1 məxsus, sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Qazel Next" markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sol ön qanadına bir dəfə vurur və Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək nalayiq ifadələr işlədir. Eyni zamanda DVD diskdə olan “VİD-20251011-WA0003.mp4” adlı fayla baxış keçirən zaman 03:14 saniyə davam edən videogörüntü olması müşahidə edildi. Videogörüntüdən göründü ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərəkət etdirərək bir nəfər şəxsin yanında dayanır və onunla mübahisə edərək, ona “dünən məni maşınla vurub bugün kamera çəkmə, qılçamı qırıbsan, niyə vurubsan ə məni maşınla" deyir və nalayiq ifadələr işlədir. Həmçinin Təqsirləndirilən şəxs hərəkətlərini videolentə alan şəxs “bütün maşınları qırıq-qırıq elədi, maşınların aynalarını, güzgülərini qırdı, gedir daş yığır gəlir daşla maşınları qırır” ifadəsi işlədir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs1 məxsus “Qazel Next” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun yanında dayanan şəxslə söhbət edir və avtomobilini yüksək sürətlə hərəkət etdirərək avtomobilinin ön hissəsi ilə həmin sərnişin avtobusunun arxa hissəsindən vurur, sonradan sürücünün yanında dayanır. Həmçinin DVD diskdə olan “VİD-20251011-WA0004.mp4” adlı fayla baxış keçirən zaman 31 saniyə davam edən videogörüntü olması müşahidə edildi. Videogörüntüdən göründü ki, bir nəfər şəxs Zərərçəkmiş şəxs1 məxsus “Qazel Next” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sınmış sol yan güzgüsünü və avtobusun arxa hissəsini videolentə alaraq “gəldi maşınları vurdu qırdı, maşının arxasından vurdu əzdi” ifadələri işlədir. Bununla da diskə baxış başa çatır. xx.xx.2025-ci il tarixli akt-rəydə göstərilmişdir ki, Qazel-Nextə sərbəst bazar qiymətini nəzərə almaqla 60 manat məbləğində ziyan vurulmuşdur. Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 06 avqust 2025-ci il tarixdə X11 QAZEL NEXT A65R52 markalı ** ES *** dövlət qeydiyyat nişanlı mikroavtobusu xx.xx.2030-cu il tarixədək icarəyə götürmüşdür. Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 06 avqust 2025-ci il tarixdə X11 QAZEL NEXT A65R52 markalı ** ES *** dövlət qeydiyyat nişanlı mikroavtobusu xx.xx.2030-cu il tarixədək icarəyə götürmüşdür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 oktyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 oktyabr 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir. Göygöl Rayon Məhkəməsinin 4(066)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İİ qrup əlil ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 75 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə, yəni xx.xx.2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 oktyabr 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilmişdir. “Həbsdə saxlanılan şəxsin digər müəssisəyə köçürülməsi haqqında” 24 oktyabr 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 Göygöl rayon Şöbəsindən məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilməsi üçün 24 oktyabr 2025-ci il tarixdə həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasından Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 Göygöl rayon Şöbəsinə köçürülməsi qərara alınmışdır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 28 oktyabr 2025-ci il tarixli qərara əsasən baş vermiş hadisəni əks etdirən videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 221.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Cinayət işi hal-hazırda icraatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 516 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 513 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 523 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Göygöl Rayon Məhkəməsinin 4(066)-25/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3sində həbs qətimkan tədbiri seçilmiş və 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(066)-17/2025 saylı qərarı ilə xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə seçilmiş həbs-qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 4 ünvanda yaşayış qeydiyyatındadır və hal-hazırda ailəsi ilə birlikdə Göygöl şəhəri H.Əliyev prospekti 75 nömrəli ünvanda yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: X10-1987-arvadı; X5-2020-oğlu. Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 4 ünvanda yaşayış qeydiyyatındadır və hal-hazırda ailəsi ilə birlikdə Göygöl şəhəri H.Əliyev prospekti 75 nömrəli ünvanda yaşayır. Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil Kommunal X2 heç bir şikayət və narazılıqlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 214750 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ Müharibə veteranıdır, 2-ci qrup əlildir. “Elektron Məhkəmə” İnformasiya sistemində axtarış aparılmış himayəsində xx.xx.2020-ci il təvəllüdlü azyaşlı övladı olduğu müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 notarial təsdiqli ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 notarial təsdiqli ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, CD videomaterialı və işdə olan digər sənədlərlə sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də bu barədə şikayət və tələbi olmayacaq, ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə proseslərində ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcək, odur ki məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və vurulmuş zərəri ödəyərək ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə 2-ci qrup əlil olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, xəstəliklərini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, zərəçəkmiş şəxslərin xahişini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə 2-ci qrup əlil olması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Kontitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvəsini alanadək barəsində “başqa yerə getməmə haqqında” qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzаsınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzаsı 1( bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvəsini alanadək barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar