Məhkəmə qərarları › İş №1(5-126)-4/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(5-126)-4/2026

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(5-126)-4/2026 27.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X4 iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinməsini, ona bilərəkdən və qəsdən böhtan atdığına görə bu maddə ilə onu cinayət məsuliyyətinə cəlb edib, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, Adil İmamverdiyevlə 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. Adil İmamverdiyev spirtli içki aludəçisi olduğu üçün onunla birlikdə yaşamaq istəmədiyi üçün nikahları 2014-cü ildə rəsmi şəkildə pozulmuşdur. Boşandıqdan sonra valideyinlərinin ünvanında övladları ila yaşayır. Adil ilə boşandıqdan sonra Adil davamlı olaraq bir neçə dəfə TikTok sosial şəbəkəsində onun şəkillərini paylaşaraq barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Bu paylaşımlar onu və övladlarını çox narahat etdiyi üçün Xaçmaz rayon polis şöbəsinə bu barədə rəsmi müraciət etmişdir. Xaçmaz rayon polis şöbəsində izahat verən Adil İmamverdiyev onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını etriaf etmiş, bunu etməyinə səbəb kimi onunla arasında olan narazılıqları ilə bağlı olduğunu qeyd etmişdir. Həmin izahatda Adil İmamverdiyev özü etiraf etmişdir ki, paylaşdığı məlumatlar onun tərəfindən paylaşılıb, tam əsassız məlumatlardır. Xaçmaz rayon polis şöbəsində cinayət işinin başlanılması məhkəmənin səlahiyyətində olmasını qeyd edilərək cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin paylaşımların dəqiq tarixi videonun üzərində qeyd edilmişdir. Həmin paylaşımlarda guya Anar adlı şəxsin evindən oğurluq etməyə hazırlaşdığını, evdə olan xəstəyə gizlin şəkildə yuxu dərmanı verəcəyini və guya bunun köhnə hobbisi olduğunu qeyd etmişdir. Həmçinin öz Tiktok səhifəsində onun fotosunu paylaşaraq onun “maşennik” olduğunu, ev yiyələri onun özünü söydüyü yazısı ilə paylaşımlar etmişdir. Göstərilən məlumatlar onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirmişdir. Həmçinin Cəmil adlı şəxslə onun şəkilini fotoşop edərək sosial şəbəkələrdə paylaşım etmiş, onun həmin şəxslə münasibətinin olması görüntüsü yaratmışdır. O, bu səbəbdən məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı izahat verərək bildirmişdir ki, onun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə heç bir ədavəti yoxdur. O, Bakı şəhərində işləyir və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsdən rəsmi qaydada boşanmışdır. Lakin bu zamana kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsdən aliment belə tələb etməmişdir. TikTok sosial şəbəkəsində barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış və bütün bunlar övladlarına pis təsir göstərmişdir. Qızına rəfiqəsi zəng edərək onun barəsində sosial şəbəkədə nəsə paylaşıldığını bildirmişdir. O, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yuxarıda qeyd etdiyi şəkildə paylaşımlar etməməsinin, bu şəkildə ailəsi ilə əlaqəli saxlamamasının və onlardan uzaq durmasının kifayət olmasını bildirmişdir. Məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs izahat verərək bütün bunların 3-4 ay əvvəl baş vermiş hadisələr olduğunu, artıq barışıq əldə olunduğunu, olanların isə xəstəliyi ilə əlaqədar və özündən asılı olmadığını bildirmişdir. Məhkəmə xüsusi ittihamçının şikayətini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, eləcə də iş materiallarını nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarına əsasən xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında verilmiş şikayətdə hadisənin törədildiyi tarix o cümlədən, şikayət vermiş şəxsin doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü və vəzifəsi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi, xüsusi ittihamçı X5 tərəfindən verilmiş şikayət CPM-in 293-cü maddəsinin tələblərinə riayət olunmadan tərtib olunduğundan işə baxılması mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 X2 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar