Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(5-126)-7/2026 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, Sumqayıt şəhər sakini X9 qızı X10 ilə ailə qurmuş, bu nikahdan xx.xx.2022- ci ildə Mədinə adlı bir övladları olmuşdur. Onlar Rusiya Federasiyasında yaşamış və qızı uşaqla birlikdə hazırda da Rusiyada yaşayır. Aralarındakı nikah 2023-cü ildə ləğv edilmişdir. Bundan sonra Vüqar Vahabov uşağı bəhanə edərək Xaçmaz rayonunun Üçgün kəndindəki evinə gələrək səs-küy qaldırır, onu və ailə üzvlərini nalayiq küçə söyüşləri ilə söyüb təhqir edir. Onun səsləndirdiyi ifadələri etik baxımdan yazmaq mümkün deyil. Son vaxtlar isə telefon vasitəsilə də həmin təhqirlərini və nalayiq söyüşlərini, şəxsiyyət alçaltma hərəkətlərini davam etidirir, onu və ailə üzvlərini doğrayacağı ilə hədələyir. Onun təhqiləri və hədərlərinə dözməyən həyat yoldaşı X11 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, X9 əvvəllər də evli olmuş, Rusiyada yaşayarkən yaşadığı həyat yoldaşını qəsdən öldürmüş və xx.xx.2010-cü il tarixli hökmlə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Yəni onun üçün adam öldürmək çətin məsələ deyil. Özü də dəfələrlə açıq şəkildə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən: İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. İV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən: İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İİİ. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Azərbaycan Respublikası MM-nin 23-cü maddəsi: 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiyavasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxslərin şərəf və ləyaqətini nalayiq qaydada qəsdən alçaltma cinayət məsuliyyətinə səbəb olur. X4 etdiyi cinayət xarakterli hərəkətlər ondan başqa bütün ailə üzvlərinə və yaxınlarına məlumdur. Eşidənlər şok effekti yaşayırlar. X1 qanun qarşısında cavab verməlidir ki, hərəkətlərinə bir dəfəlik son qoysun. Ona görə də X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini müdafiə etməklə ərizəsində göstərilənləri nəzərə alaraq, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 həqiqətən də arvadı ilə ailə münasibətləri pozulduqdan sonra keçmiş qaynanası X5 ilə aralarında uşağını ona göstərmədiklərindən bir neçə dəfə mübahisələr düşdüyünü, əsəbiləşərək sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyini, aralarında sırf ailə münasibətləri zəminində mübahisələr baş verdiyini və hazırda kobud davranışlarına görə peşman olduğunu bildirməklə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi çıxışında xüsusi ittiham qaydasında verilmiş şikayətin Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib olunmadığını, ümumiyyətlə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Sumqayıt şəhərində yaşadığından şikayətin Xaçmaz rayon məhkəməsinə verilməli olmadığını, digər tərəfdən barəsində şikayət etdiyi şəxsin ona qarşı hüquqiazidd hərəkətlərə yol verməsinin kütləviliyini və müxtəlif informasiya vasitələrində yayılmasını sübut edən hər hansı əsas olmadığını bildirməklə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını nəzərdən keçirərək və işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti- yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in təhqir cinayəti- yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. X5 şikayətində göstərmişdir ki, barəsində şikayət etdiyi X9 2023-cü ildə qızından ayrıldıqdan sonra uşağını bəhanə edərək Xaçmaz rayonunun Üçgün kəndindəki evinə gələrək səs-küy qaldırır, onu və ailə üzvlərini nalayiq küçə söyüşləri ilə söyüb təhqir edir. Onun səsləndirdiyi ifadələri etik baxımdan yazmaq mümkün deyil. Son vaxtlar isə telefon vasitəsilə də həmin təhqirlərini və nalayiq söyüşlərini, şəxsiyyət alçaltma hərəkətlərini davam etidirir, onu və ailə üzvlərini doğrayacağı ilə hədələyir. Belə olan halda, ərizəçinin istinad etdiyi təhqir üzrə istinad etdiyi ifadələr kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmadığından, CM-nin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsi istisna olunur. Konkret olaraq hazırki halda ərizəçinin müdafiə hüququ cinayət-hüquqi müstəvidə deyil, mülkihüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçiyə sübütları toplamaqla, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Həmçinin ərizəçiyə izah edilməlidir ki, X9 tərəfindən onun həyatı üçün təhlükəli əməllərə yol verilməsi və ölümlə hədələməsi halları təkrarlandığı təqdirdə aidiyyatı üzrə hüquq mühafisə orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə görə, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə görə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə CPM-nin 302.1.6-cı və 302.1.7-ci maddələrinə istinadən şikayət ərizəsində göstərilən məlumatlara və şikayətə əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayətlə müraciət etmiş şəxs X2 özünə münasibətdə X7 hazırda ittiham etdiyi məsələ xüsusi ittiham qaydasında məhkəmədə baxılmasına əsas vermir və hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 X4 onun ünvanına dediyi təhqir xarakterli ifadələr kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmadığından və bunun əsasını təsdiq edən hər hansı və sübutu təqdim edə bilmədiyindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 X8 qarşı xüsusi ittiham qaydasında verdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(5-126)-7/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(5-126)-7/2026
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver