Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(5-126)-9/2026 04.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (X3), müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə, tərcüməçi Əli Şükrünün (Ali Shokri) iştirakı ilə 21 mart 2008-ci ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, Əfqanıstan İslam Respublikasının Bəğlan vilayəti, Puli-Xümri şəhərində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs (X3) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(067)- 190/2025 saylı qərarından müəyyən edilir ki, Əfqanısatn İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.7-ci maddələrinə əsasən xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Bundan sonra ********* nömrəli cinayət işi prosessual pozuntular (şəxsin anket məlumatlarının dəqiq olmaması, ana dilində tərcümə olunmuş ittiham aktının verilməməsi) aradan qaldırıldıqdan sonra xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Habelə iş materiallarında olan “Məlumatların dəqiqləşdirilməsi haqqında” 13 fevral 2026-cı il tarixli qərardan, şəxsiyyət vəsiqəsinin əslindən və həmin vəsiqənin Azərbaycan dilinə edilmiş tərcüməsindən, ittiham aktından müəyyən edilir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin adı, soyadı, ata adı, təvəllüdü, doğum və yaşayış yeri dəqiqləşdirilmiş, cinayət işinin materiallarında olan sənədlərdə (tutulma protokolları, baxış protokolları, cinayət işi başlanması haqqında qərar, müdafiəçi təyini barədə qərar, izahat, tələbnamə və b.) təqsirləndirilən şəxsin anket məlumatları 21 mart 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (X3) kimi nəzərə alınmışdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, daha sonra isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd etmişdir. Belə ki, o, Rusiya Federasiyasında işləmək və yaşamaq üçün sənədləri və müvafiq vizaları olmadığından, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçərək Rusiya Federasiyasına getmək məqsədilə 06 oktyabr 2025-ci il tarixdə, saat 19:37 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Astara şəhərində yerləşən 16-cı sərhəd zastavasının 11-ci sahəsindən piyada hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, daha sonra 8 oktyabr 2025-ci il tarixdə, saat 19:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni N nömrəli hərbi hissənin Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən 3-cü sərhəd zastavasının 20-ci sahəsindən təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən maneə çəpərindən 100 metr, dövlət sərhəd xəttindən 300 metr məsafədə “Dayan!” çağırış komandası verilərək saxlanıldığından, ilkin cinayət əməlini başa çatdırsa da, sonuncu cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasında işləmək məqsədilə İran İslam Respublikasından dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasına, Astara rayonuna keçmiş, oradan Bakı şəhərinə getmiş və taksi ilə Xaçmaz rayonunun Nabran kəndinə gəlmiş və oradan da dövlət sərhədini qanunsuz olaraq Rusiya Federasiyasına keçmək istəyərkən Azərbaycan Respublikası DSX tərəfindən saxlanılmışdır. Həmçinin bildirdi ki, o, törətdiyi cinayət əməlinə görə peşmandır. X4 Respublikasından keçməklə Rusiya Federasiyasına getmək üçün iki yolu olmuş – Azərbaycan Respublikasından və ya Ermənistan Respublikasından keçməklə. Azərbaycan Respublikasından keçmək qərarına gəlməsinin səbəbi eyni dinə mənsub olmaları olmuşdur. X1 Respublikasında heç bir iş olmadığından o, işləmək üçün Rusiya Federasiyasına getmək qərarına gəlmişdir. Onun Azərbaycanda heç bir qohumu, yaşayış yeri yoxdur, onun valideynləri Əfqanıstan İslam Respublikasının vətəndaşlarıdır, o, siyasi sığınacaqla bağlı rəsmi müraciət etməmiş, onun vətəndaşı olduğu ölkədə hakimiyyət tərəfindən ona qarşı hər hansı təzyiq edilməmiş, öz ölkəsində cinayət törətməmiş və ölkəsində axtarışda deyildir. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2024-cü ilin iyun ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına qanunsuz yolla gəlib, İran İslam Respublikasının Tehran şəhərində yaşayan qardaşı Harun Əlizadənin yanında məskunlaşmışdır. O, Tehran şəhərində yaşadığı müddət ərzində orada maddi vəziyyətinin yaxşı olmaması səbəbindən Rusiya Federasiyasına gedib orada yaşamaq və işləmək qərarına gəlmişdir. Bu səbəbdən də o, 6 oktyabr 2025-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gedib, mobil telefonunda olan “Google MAPS” tətbiqindən istifadə edərək həmin gün, saat 19:37 radələrində qanunsuz olaraq Azərbaycan Respublikasına keçmiş, Azərbaycan Respublikasına keçdikdən sonra bir gecə adını və ünvanını xatırlamadığı parkda bir gecə qalmışdır. O, növbəti gün, yəni 7 oktyabr 2025-ci il tarixdə Astara şəhərindən qara rəngli avtomobilə əyləşib, Bakı şəhəri istiqamətində hərəkət etmiş, daha sonra Bakı şəhərində avtomobildən düşüb taksilər olan tərəfə getmiş və onlara Nabran tərəfə getmək istədiyini demişdir. O, Nabrana çatdıqda yenə də telefonunda olan “Google Maps” tətbiqindən istifadə edib Qusar rayonu, Şirvanovka kəndi istiqamətində piyada hərəkət etmiş və həmin kəndə çatdıqda xəritədə Rusiya Federasiyasına keçmək üçün Zuxuloba kəndində meşəlik ərazi olduğunu görmüş, həmin istiqamətə doğru irəliləmişdir. O, həmin əraziyə gəlib çatmış və meşəlik ərazi görmüşdür. 8 oktyabr 2025-ci il tarixdə Rusiya Federasiyasına qanunsuz olaraq keçmək üçün həmin meşəlik əraziyə doğru hərəkət etmiş və bir qədər Rusiya Federasiyasına keçəçəyi istiqamət üzrə irəlilədikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. 13 fevral 2026-cı il tarixdə əlavə dindirilərkən bildirmişdir ki, Əfqanıstan İslam Respublikasında hicri təqvimdən istifadə edilir. Həmin səbəbdən öz təvəllüdünü miladi təqvimə çevirib istintaqa bildirmiş və bu zaman səhvlik etmişdir. Lakin təvəllüdü xx.xx.2008-ci ildir. Soyadı, adı və atasının adı isə Təqsirləndirilən şəxsdir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 08 oktyabr 2025-ci il tarixdə Xaçmaz rayonu, Zuxuloba kəndində bir nəfər əcnəbi şəxsin olması, yəni iş üzrə təqsirləndirilən şəxsin barəsində məlumat daxil olmuş, məlumat əsasında o, 1-ci sərhəd komendantlığının əməliyyat işi üzrə müavini, kapitan Şahid1la birlikdə saat 19:45 radələrində Xaçmaz rayonu, Zuxuloba kəndi ərazisində yerləşən 3-cü sərhəd zastavasına doğru hərəkət etmişdir. Həmin şəxsin 3-cü sərhəd zastavasının 20-ci sahəsində Rusiya Federasiyası istiqamətində hərəkət etməsini kapitan Şahid1la birlikdə müşahidə etmiş və onu saat 19:50 radələrində maneə çəpərindən 100 metr arxada saxlamışlar. Onlar həmin şəxslə filtirasiya tədbirləri aparmaq məqsədilə onu götürüb 3-cü sərhəd zastavasına aparmışlar. Onunla aparılmış filtirasiya tədbirləri zamanı onun 2008-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı olması, İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq gəlməsi, həmçinin Rusiya Federasiyasına da getməkdə məqsədi orada yaşamaq və işləmək olması müəyyən edilmişdir. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat-axtarış işi üzrə müavini Şahid1 ifadəsindən müəyyən edildi ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 08 oktyabr 2025-ci il tarixli raportdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50 radələrində 3-cü sərhəd zastavasının 20-ci sahəsinin arxa hüdudunda, 88 nömrəli sərhəd nişanından 50 metr solda, dövlət sərhəd xəttindən 300 metr, maneə çəpərindən 100 metr aralıda, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçməyə cəhd edərkən saxlanılmışdır. “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərində 600000 (altı yüz min) İran realı məbləğində pul, 01 ədəd “REDMİ” markalı mobil telefon, 01 ədəd bel çantası, geyim dəstləri aşkar edilmişdir. İş materiallarında olan 08 oktyabr 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2025-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin 3-cü sərhəd zastavasının 20-ci sahəsidir. Qeyd olunan yer həmin zastavanın 20-ci sahəsinin arxa hüdudunda, 88 nömrəli sərhəd nişanından 50 metr solda, dövlət sərhəd xəttindən 300 metr, maneə çəpərindən 100 metr aralıda yerləşir. Həmin nöqtədən sağ tərəfə qonşu 4-cü sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. Müqabil tərəfdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Kabil Kazmalyar kəndi yerləşir. İş materiallarında olan 09 oktyabr 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2025-ci il, saat 19:38 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi yeri əli ilə işarə edərək göstərmiş, həmçinin dövlət sərhəd xətti keçən Astara çayının Azərbaycan Respublikasına tərəf sahilində, eyni zamanda nəzarət iz zolağında Təqsirləndirilən şəxs məxsus ayaq izləri aşkar edilmişdir. Həmin yer 143 saylı dövlət sərhəd nişanından 834 metr solda, dövlət sərhəd xəttindən 239 metr məsafədə olan ərazidir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 29,318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhədi rejimidir. Bu cinayət obyektiv cəhətdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmədə ifadə olunur. Nəzarət-buraxılış məntəqələri dedikdə, dəmir yol vağzalının, avtovağzalın, dəniz və çay limanlarının, aeroport və aerodromların hüdudlarındakı müəyyən ərazilər, həmçinin sərhəd və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlər nəzərdə tutulur. Belə məntəqələrdən kənarda dövlət sərhədini keçmə qadağandır və Cinayət Məcəlləsinin 318-ci maddəsinin tərkibini yaradır. Bu cinayət formal tərkiblidir və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə anından cinayət başa çatmış sayılır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhdin qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunan obyektiv əlamətinin mənasına görə, qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə cinayəti başa çaldırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Törədilən hərəkətin (hərəkətsizliyin) xarakterinə va baş verməsi gözlənilən kriminal nəticəyə yaxınlığına görə cinayətə cəhdin iki növü fərqləndirilir: cinayətə bitməmiş cəhd və cinayətə bitmiş cəhd. Cinayətə bitməmiş cəhddə cinayəti başa çatdırmaq üçün şəxs zəruri saydığı əməlin müəyyən hissəsini yerinə yetirə bilmir və buna görə də cinayət başa çatmır. Cinayət etməyə cəhdin bu növü hərəkətin tamamlanmaması ilə, cinayətin obyektiv cəhətinin qismən icrası ilə fərqlənir. Şəxsin şüurunda cinayətin başa çatması üçün obyektiv olaraq tələb olunan, lakin onun tərəfindən tamamilə edilə bilməyən konkret hərəkətlər əks olunur Cinayətin başa çatdırılmaması şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən baş vərir. Cinayətə cəhdin bitmiş növü başa çatan cinayətdən onunla fərqlənir ki, cinayətə cəhdin bu növü törədilərkən, başa çatmış cinayətdən fərqli olaraq, arzu olunan nəticə baş vermir (“maddi cinayətlərdə”), yaxud da burada cinayətin obyektiv cəhətini yaradan əməlin axıra qədər edilməsi mümkün olmur (“formal cinayətlərdə”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29,318.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Lakin məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin təkrarlıq kimi qiymətləndirilməsində düzgün qənaətə gəlinməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan əməli təkrarən qəsdən törətməsi qənaətinə gəlmiş, bununla da bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin izahatından, ifadələrindən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən, eləcə də ittiham aktının nəticəvi hissəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında işləmək və yaşamaq məqsədilə xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, keçdikdən sonra həmin məqsədinə (RF-nə keçmək) nail olmaq üçün yolunu davam etdirərək xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonunun Zuxuloba kəndinə çataraq həmin tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanunsuz olaraq keçmək istəyərkən saxlanılmışdır. Hazırkı cinayət işi ilə bağlı məhkəmə hesab edir ki, məsələn, təqsirləndirilən şəxs sərhədi qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına gəlib burada yaşamaq, işləmək və s. üçün yer axtarmış olsaydı və bundan sonra yenidən qanunsuz olaraq sərhədi keçməklə digər dövlətə getmək qərarına gələrək bu məqsədlə keçmək istəyərkən saxlanılsaydı, onun əməlini təkrarlıq kimi səciyyələndirmək olardı. Hazırkı cinayət işinin hallarından görünür ki, təqsirləndirilən şəxs Rusiya Federasiyasına getmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, Rusiya Federasiyasına getmək məqsədilə Azərbaycan Respublikasından RF-na keçmək istəmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq - Azərbaycan Respublikasından keçməklə Rusiya Federasiyasına getmək məqsədilə - İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, daha sonra isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd etmişdir. Belə ki, o, Rusiya Federasiyasında işləmək və yaşamaq üçün sənədləri və müvafiq vizaları olmadığından, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçərək Rusiya Federasiyasına getmək məqsədilə 06 oktyabr 2025-ci il tarixdə, saat 19:37 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Astara şəhərində yerləşən 16-cı sərhəd zastavasının 11-ci sahəsindən piyada hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, daha sonra 8 oktyabr 2025-ci il tarixdə, saat 19:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni N nömrəli hərbi hissənin Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən 3-cü sərhəd zastavasının 20-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən maneə çəpərindən 100 metr, dövlət sərhəd xəttindən 300 metr məsafədə “Dayan!” çağırış komandası verilərək saxlanıldığından, ilkin cinayət əməlini başa çatdırsa da, sonuncu cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs (X3) məhkum olunmamışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs (X3) xx.xx.2008-ci il təvəllüdlü olmaqla hazırkı iş üzrə cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (X3) Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1ci (29,318.1) maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzaların çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. İş materiallarından müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə Təqsirləndirilən şəxs 18 yaşı tamam olacaqdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X3) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 08 oktyabr 2025-ci il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 oktyabr 2025-ci il tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2025-ci il tarixli 4(009)-568/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. “Sərhəd mühafizə orqanları haqqında” 6 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə və 30-cu maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin “Sərhəd Qoşunları haqqında” Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs (X3) cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs (X3) Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaş olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli axtarış protokolundan, xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin əşyalarının təhvil-təslimi barədə” aktdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus içərisində paltarlar olan 01 ədəd qara rəngli çanta Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi tərəfindən Nərimanov RPİ-nin MSY-nin məsul şəxsinə (Ələkbərli E.) təhvil-təslim edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs (X3) Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.. Cəzasını hökm qanuni qüvvəsini aldıqdan sonra ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs (X3) əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübutun, mülki iddianın, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(5-126)-9/2026
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(5-126)-9/2026
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver