Məhkəmə qərarları › İş №1(5-132)-7/2026

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(5-132)-7/2026

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(5-132)-7/2026 18.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə 18 mart 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs Müşviq Vəzirov məhkəmə hazırlıq iclasında iştirak etməmiş, barəsində şikayət verilən şəxs ilkin təyin edilmiş hazırlıq iclasında iştirak etsə də növbəti iclasa gəlməmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət verən şəxs Müşviq Vəzirovun ərizəsini, ərizəsinə əlavə etdiyi materialları nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi)» göstərilməlidir. Qeyd olunur ki, hazırkı iş üzrə şikayətdə Müşviq Vəzirovun soyadı, adı, atasının adı, doğulduğu il və yaşayış yeri göstərildiyinə baxmayaraq, onun məşğuliyyət növü və vəzifəsi göstərilməmiş, bununla da prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbi pozulmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.5-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş» göstərilməlidir. Şikayətdə isə X1 əməlində cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalı olmasının hesab edildiyi göstərildiyinə baxmayaraq, bu hallar konkret olaraq əsaslandırılmamışdır. Bunlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Şikayətdə isə tərtib edildiyi tarix və yer göstərilməyib. Beləliklə, şikayət verilərkən Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan maddələrinin tələbləri pozulub. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Həmin Məcəllənin 302.1-ci maddəsiə uyğun olaraq aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Yuxarıda qeyd olunduğu kimi xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittiham qaydasında şikayət verən şəxs Müşviq Vəzirova ilkin məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb bildirmədən iclasa gəlmədiyi üçün məhkəmə hazırlıq iclası təxirə salınaraq yenidən xx.xx.2026-cı il tarixə saat 09:10-a təyin edilmiş, göstərilən tarixdə də xüsusi ittiham qaydasında şikayət verən şəxs Müşviq Vəzirov heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1- 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar