Məhkəmə qərarları › İş №1(5-134)-1/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(5-134)-1/2026

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(5-134)-1/2026 13.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Nümayəndə xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Nümayəndə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N saylı hərbi hissədə hərbi hissənin komanda məntəqəsinin döyüşü idarəetmə zabiti vəzifəsində xidmət etmiş mayor X8 ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, N saylı hərbi hissənin ərazisində yerləşən "1 nömrəli hərbi şəhərciyində, 18 nömrəli binada 43 nömrəli mənzildə yaşayır. Azərbaycan Respublikası Müdafiə nazirinin 16 aprel 2024-cü il tarixli müvafiq əmri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mayor X8 "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "v" bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. X2 Şəxsi Heyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən "Qaynar Xətt telefon nömrəsinə ünvanladığı şikayətə aidiyyəti üzrə Hərbi Hava Qüvvələri İdarəsində baxılmışdır. X2 şikayət ərizəsində ona qarşı şər və böhtan xarakterli ifadələr bildirmişdir. X2 N saylı hərbi hissənin ərazisində ona şər və böhtan ataraq Şəxsi Heyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən "Qaynar Xatt" telefon nömrəsinə ünvanladığı şikayətdə qeyd etmişdir ki, guya o, ondan 1000 (min) manat və qonaqlıq tələb etmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Nümayəndə oğlu onu bildirmək istəyir ki, o, X2ndan 1000 (min) manat pul və qonaqlıq istəməmişdir və belə bir söhbət olmayıb aralarında. X2 ona qarşı şər və böhtan xarakterli ifadələr işlədib. Hadisənin şahidi qismində olan kapitan X9 xx.xx.1995-ci il tarixdə anadan olmuş, Kürdəmir rayonu N saylı hərbi hissənin "1 nömrəli hərbi şəhərçik də yaşayır. Bununla da, 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda Azərbaycan Respublikasının Konstitusiyasının 48-cı maddəsinə (Şərəf və ləyaqətin qorunması hüququ) əsasən hər kəsin öz şərəfi və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti Dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Onu da bildirmək istəyir ki, şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 onun ünvanına şər, böhtan və təhqiredici ifadələrinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Müdafiə Nazirliyinin N saylı hərbi hissənin nümayəndəsi X6 şikayəti müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdir. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş Müdafiə Nazirliyinin “Qaynar xətt” telefon nömrəsinə daxil olmuş müraciətin mətnindən görünür ki, “ehtiyatda olan X8 2003- 2024-cü illərdə Azərbaycan Ordusunda xidmət etmiş, 2024-cü ildə N saylı hərbi hissədən ehtiyata buraxılmışdır. Vətəndaş hərbi hissədə yerləşən şəhərcikdə yaşadığını, N saylı hərbi hissənin komandiri polkovnik Nümayəndə ondan qonaqlıq və 1000 (min) manat məbləğində rüşvət tələb etdiyini bildirdi. Vətəndaş hərbi hissə komandirinin qanunsuz tələblərini yerinə yetirmədiyi üçün şəhərcikdən çıxarılması ilə əlaqədar məhkəməyə verildiyindən şikayətini bildirərək məsələdə köməklik göstərilməsini xahiş etdi”. Xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Kamal Əlirzayevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsində nəzərdə tutulmuş məcburi rekvizitlərə tam uyğun tərtib edilməmişdir. Belə ki, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, həmin əməlin harada, nə vaxt və necə törədilməsi, habelə şikayətçiyə vurulmuş konkret zərərin nədən ibarət olması CPM-nin 293.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq dəqiq göstərilməmiş, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hərəkətlərinin hansı sübutlarla və konkret hansı şahid ifadələri ilə təsdiq edildiyi CPM-nin 293.3.4-cü maddəsində nəzərdə tutulmuş formada şikayətdə əks etdirilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer göstərilməmiş, bununla da CPM-nin 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan hallar şikayətin məzmununun CPM-nin 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə cavab vermədiyini təsdiq edir və CPM-nin 302.1.3-cü maddəsinə əsasən məhkəmə baxışının keçirilməsindən imtina olunması üçün əsas yaradır. Bununla yanaşı xüsusi ittiham qaydasında verilmiş şikayətdə Kamal Əlirzayevin hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147ci maddəsinin hansı bəndi ilə, hansı hərəkət və hərəkətsizliyinin isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət tərkibinin yaranması göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş materiallardan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 tərəfindən səsləndirilmiş iddia xarakterli məlumatlar Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” telefon xəttinə ünvanlanmış müraciətdə əks etdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində birbaşa göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif dövlət orqanlarına və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks etdirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması hesab edilmir və bu halda belə məlumatları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna olunur. Həmçinin qeyd edilən Plenum Qərarının izahına əsasən, CM-nin 147 və 148-ci maddələri üzrə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, böhtan və ya təhqir xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayılmış olsun. Hazırkı iş üzrə isə X8 tərəfindən bildirilmiş məlumatlar yalnız aidiyyəti dövlət qurumuna ünvanlanmış fərdi müraciətdə əks etdirilmiş, üçüncü şəxslərin sərbəst şəkildə tanış ola biləcəyi kütləvi yayım formasında təqdim edilməmişdir. Bu səbəbdən də həmin məlumatların yayılması CM-nin 147 və 148-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan obyektiv cəhəti formalaşdırmır. Eyni zamanda, məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tələblərinə əsasən, xüsusi ittiham qaydasında şikayətə baxılarkən barəsində şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda faktın və ya subyektiv qiymətləndirmənin ifadə olunması fərqləndirilməli, habelə dövlət orqanlarına ünvanlanan müraciətlərin mahiyyət etibarilə şəxsin hüquqlarının müdafiəsi məqsədi daşıması da qiymətləndirilməlidir. Bu baxımdan, təqdim olunmuş materiallardan görünən hal üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müraciətinin bir dövlət orqanına ünvanlanması və hüquqlarının müdafiəsi məqsədi ilə edilməsi, eləcə də məlumatların kütləvi yayım xarakteri daşımaması, həmin əməldə cinayət tərkibinin mövcudluğu barədə nəticə çıxarmağa imkan vermir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində göstərilən hüquqi mövqeyə əsasən, böhtan və təhqir xarakterli məlumatların dövlət orqanına ünvanlanmış müraciətdə əks etdirilməsi onların kütləvi çıxış formasında yayılması hesab edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əlamətləri mövcud deyildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar