Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(5-137)-7/2026 02.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və xüsusi ittihamçı X4 iştirakı ilə, xx.xx.1996-cı ildə anadan olmuş, AR vətəndaşı, Qəbələ rayonu Yeni Dızaxlı kəndində qeydiyyatda olan X7 barəsində AR CM-nın 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X7 barəsində ondan ötrü xüsusi ittiham qaydasında şikayət edilmişdir ki, o, “TikTok” sosial şəbəkəsində 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X8 haqqında X9 tərəfindən edilən paylaşıma 2025-ci ilin yanvar ayında “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu yorum verərək şəhidin şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Xüsusi ittihamçı X9 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Yeni Dızaxlı kəndində yaşayır və dövlət tərəfindən yardım kimi verilən iribuynuzlu heyvanları saxlamaqla məşğul olur. Təsərrüfatında olan heyvanların otarılmasından ötrü torpaq sahəsi ayrılması barədə müraciətinə baxılmadığı üçün yerli bələdiyyədən şikayət etmiş, bələdiyyə sədri X3 qohumu olduğuna görə sonuncu ilə münasibətləri pozulmuşdur. X7 bu səbəbdən ona qarşı qərəzli olmuş və “TikTok” sosial şəbəkəsində 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X8 haqqında etdiyi paylaşımına 2025-ci ilin yanvar ayında “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu yorum verərək şəhidin şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Həmin məlumatların yayılması X5 insanlar arasında hörmətdən salmaq və şəhid adını ləkələmək məqsədi daşıdığı üçün onun mənəvi əzab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. Ona görə də, X7 böhtana və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. X7 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Yeni Dızaxlı kəndində yaşayır və bələdiyyədən torpaq sahəsi alaraq fərdi qaydada heyvandarlıqla məşğul olur. X9 onun qohumudur və əvvəllər münasibətləri həmişə yaxşı olmuşdur. Heyvanlarının saxlanmasından ötrü torpaq sahəsinin ayrılması ilə əlaqədar X9 2024-cü ildə bələdiyyə sədrindən şikayət etdiyi üçün ona iradını bildirmiş və bu səbəbdən münasibətlərində soyuqluq yaranmışdır. 2025-ci ilin yanvar ayında “TikTok” sosial şəbəkəsində idmanla məşğul olan həmyaşıdı haqqında “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu paylaşım etmiş və həmin yorum səhvən 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X8 haqqında X4 paylaşımında yer almışdır. Bu barədə bildikdən sonra X6 zəng edib ondan üzr istəsə də, Əmrah ondan şikayətçi olmuşdur. Onun 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X5 təhqir etmək və ya ona böhtan atmaq məqsədi olmamışdır. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların» da dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 107 saylı Qərarının 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri);2.1.2. valideynləri;2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qərarın 4.1-ci bəndinin 3-cü abzastına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qərarın 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 şəhid ailəsi statusu olmadığından 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X8 haqqında “TikTok” sosial şəbəkəsində yayımlanan paylaşımlara edilən yorumlarla əlaqədar şikayət etmək hüququ yoxdur. AR CM-nın 148-ci madəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. Məhkəmə hesab edir ki, X3 “TikTok” sosial şəbəkəsində 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X8 haqqındakı paylaşıma “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu yorumunda AR CM-nın 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri yoxdur. AR CPM-nin 302.1.2-cı maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə hesab edir ki, “Tiktok. com” sosial şəbəkəsində 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X8 haqqında yayımlanan paylaşıma “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu yorumda cinayət əlamətləri olmadığından və X4 bununla bağlı xüsusi ittiham qaydasında şikayət etmək hüququ olmadığından X7 barəsində AR CM-nın 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X7 barəsində AR CM-nın 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinasyət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(5-137)-7/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(5-137)-7/2026
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver