Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(5-139)-15/2026 22.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Barəsində şikayət verilən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası CM-nin 323.2 və 324-cü maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 323.2 və 324-cü maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon sakini X4 özünə məxsus "Facebook" hesabında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi açıq şəkildə və alçaldıcı formada təhqir edən ifadələr, karikatura şəkilləri, həmçinin X7 Əliyev haqqında təhqiramiz paylaşımlar yayımlamışdır. Bu paylaşımlar: Prezidentin ləyaqətini alçaltmaq, dövlət başçısına qarşı açıq şəkildə təhqir, dövlət siyasətini təhqir etmək, Heydər Əliyevin büstü və dövlət atributlarına hörmətsizlik kimi hərəkətləri əhatə edir. Bu hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş ciddi cinayət əməlidir. CM 323.2-Azərbaycan Respublikasının Prezidentini təhqir etmə, Dövlət başçısının ləyaqətini alçaltmaq ağır cinayətdir və aşağıdakı cəza tədbirlərini nəzərdə tutur: azadlığın məhdudlaşdırılması, 1 ilə qədər azadlıqdan məhrumetmə (həbs),CM 324 - Dövlət atributlarını təhqir etmə, Dövlət rəmzləri, Heydər Əliyevin büstü və atributlara təhqir yolverilməzdir və aşağıdakı cəza tətbiq olunur: azadlığın məhdudlaşdırılması,1 ilə qədər həbs,Cinayətin ağırlaşdırıcı halı, sözügedən təhqiramiz paylaşımlar sosial şəbəkədə açıq şəkildə, geniş auditoriyaya yayımlanmışdır. Bu, cinayətin daha ağır xarakter daşıdığını göstərir. Məhkəmə iclasında xüsusi ittihamçı X3 oğlu ərizənin məzmununa uyğun izahat vermişdir. X4 izahatında bildirmişdir ki, Ərəstun Baxışov onun qardaşına pul borcludu, hər türlü bəhanələrə əl atır ki borcu qaytarmasın. Bu da onun növbəti etdiyi bəhanədi, qaldı ki, həmin profil ona aid deyil. Barəsində CM-nin 323.2 və 324-cü maddələrilə şikayəti əsassızdı və şikayətin rədd olunmasını xahiş edir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində sözügedən əməllərin məhz X4 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 323.2 və 324-cü maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №1(5-139)-15/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №1(5-139)-15/2026
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver