Məhkəmə qərarları › İş №1(5-139)-20/2026

Quba Rayon Məhkəməsi Hökm — İş №1(5-139)-20/2026

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(5-139)-20/2026 09.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, subay, məhkumluğu olmayan, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi xalis çəkisi 11.107 qram narkotik vasitə marixuananı əldə edib daşımaqla saxlamışdır. Quba RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 19 oktyabr 2025-ci il tarixdə, saat 22:00 radələrində ünvan 1i ünvanında saxlanılaraq, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd "LD" siqaret qutusunun içərisində marixuana olduğu aşkar edilmişdir. 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 11,107 qram bitki məşəlli kütlə, tərkibində, narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər bir neçə dəfə "nəşə və ya ot" kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bir neçə gün əvvəl yaşadığı Quba rayonu Aşağı-Atuc kəndində piyada hərəkətdə olarkən kənd yolunun kənarında 01 ədəd "LD" markalı siqaret qutusu görmüş, həmin siqaret qutusunun içinə baxan zaman içərisində narkotik maddə olduğunu görmüşdür. Narkoik istifadə etdiyinə görə həmin qutunu cibinə qoyaraq yaşadığı kəndə gəlmişdir. xx.xx.2025-cі il tarixdə həmin kütlədən bir dəfə kağıza bükərək istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Quba rayonu Vladimirovka kəndi ərazisində olduğu zaman 4 nəfər polis əməkdaşı küçədə onu saxlayaraq narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirərək üzərində qanunsuz narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı həmin siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüş, bu vaxt narkotik vasitənin ümumi çəkisi 15,30 qram olmuşdur. Bundan sonra polis əməkdaşları onu Quba RPŞ-nin inzibati binasına aparmışlar. Polis şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə müvafiq qaydada polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə qablaşdırılmışdır. Heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamış, narkotik vasitə satan şəxsləri tanımır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində bildirmişdir ki, Quba rayonu, Aşağı-Atuc kəndi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs ünvan 1ində olmasını müəyyən edərək 19 oktyabr 2025-ci il tarixdə saat 22 radələrində onu kənd ərazisində saxlamışlar. Özlərini təqdim etdikdən sonra, onun qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması barədə Quba rayon polis şöbəsinə məlumat daxil olduğunu və buna görə videoçəkiliş aparılmaqla üstünü yoxlanılmasının zəruri olduğunu bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd "LD" markalı siqaret qutusunu çıxarıb onlara təqdim etmişdir. Siqaret qutusu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyə malik bitki kütləsi aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlənin narkotik vasitə qurudlmuş marixuana olduğunu və həmmin marixuananı bir neçə gün əvvəl yaşadığı kənd ərazisindən gəzərkən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanması zamanı üzərindən daşınması və saxlanılması qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Sonra yoxlamanın keşirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar, araşdırmanın davam etdirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Quba RPŞ-nin inzibati binasına aparmılar. Polis şöbəsində Quba RPŞ-də təhqiqatçı Elvin Nəcəfov və dəvət olunmuş vəkil Müdafiəçi iştirakı ilə müvafiq sənədləşdirilmə həyata keçirilərək zərfdə olan narkotik vasitəyə bənzər kütləyə baxış keçirilməklə Təqsirləndirilən şəxs təhqiqatçı Elvin Nəcəfov tərəfindən narkotik vasitə ilə bağlı suallar verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli, 20/917 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş - bir ədəd zərfdəki 01 ədəd "LD" siqaret qutusunda təmiz çəkisi 11,107 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025- ci il tarixli 6784 nömrəli rəyində görünür ki,Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində aparılan baxış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd "LD" markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim edir, siqaret qutusu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunur. Aşkar edilmiş 11.107 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi üz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat Statistik informasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Aşağı-Atuc İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Aşağı-Atuc kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,057 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi subut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə ona ittiham elan olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatına görə 22 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 11.057 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu Aşağı-Atuc kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzasının icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 2 (iki) iş saatına görə 22 (iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11.057 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar