Azərbaycan Respublikası adından Hökm Quba Şəhəri İş № 1(5-139)-36/2026 16.03.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Aqamov İbrahim Aleksandr oğlunun iştirakı ilə, ## ####### 2001-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Küpçal kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospekti, “Megastore” marketin yaxınlığında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən vuraraq onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağ orbitanın yan və iç divarlarının, hər iki əng sümüyünün ön, medial və lateral divarlarının çoxqəlpəli yerini dəyişən tripoid tipli sınıqları, burun qanaxması və burundan nəfəsalmanın pozulması ilə müşaiyət olunan burun sümüklərinin qapalı sınığından ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, o təxminən 3-4 gün öncə tanışı Şükürlə birlikdə Qusar rayonundan Quba rayonu, Üçgün kəndinə Şükürün sifariş etdiyi taksi ilə gəlmişdir. Səhəri gün yuxudan oyanıb telefonunun olmadığını gördükdə taksi sürücüsünün mobil nömrəsini tapıb zəng edib mobil telefonunun maşında düşüb-düşmədiyini soruşduqda sürücü avtomobilə baxdıqdan sonra telefonunun orada olduğunu bildirmişdir Taksi sürücüsünə telefonunu gətirib verməsini bildirdikdə o, müxtəlif bəhanələr gətirərək telefonu gətirib verməmişdir. ## ###### 2026-cı il tarixdə o, tanışı Təhminə məxsus mobil telefon ilə adı Hicran olan həmin sürücüyə zəng edib Quba şəhərinə gələn zaman onun mobil telefonunu gətirib verməsini bildirmişdir. Həmin gün o, tanışları Təhmin və Elnur ilə Quba şəhəri, Bazar ərazisində olan yeməkxanalardan birində yemək yeyib spirtli içki qəbul etmişdir. Saat 19 radələrində dostu Təhmin ilə Elnur çölə çıxmış, o, isə otaqda oturmuş, bir qədər sonra Elnur otaqa gəlib Təhmin onun telefonunu taksi sürücüsündən götürdüyünü bildirdikdə, həyətə düşüb dostu Təhminin taksi sürücüsü ilə söhbət etdiyini görüb onlara yaxınlaşmışmışdır. Həmin vaxt o, içkili olduğu üçün taksi sürücüsünü kənara çağırıb onu itələmiş, sürücü yerə yıxılandan sonra təpiklə onu vurmuş və qayıdıb yenidən kafeyə getmişdir. Bir qədər sonra, Təhmin gəlmiş, ondan taksi sürücüsünü niyə vurduğunu soruşduqda, içkili olduğunu, vurma səbəbini bilmədiyini Təhminə bildirmişdir. Hicran ilə aralarında dava-dalaşın baş verməsinə səbəb, içkili olmasını olmuşdur. Dava-dalaş zamanı orada kənar şəxslər olmamış, mübahisə və dava-dalaş zamanı Hicran onu vurmamış, aralarında olan dava-dalaş 1-2 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşqul olur. Hadisə baş verməmişdən təxminən 3 gün öncə Qusar rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu zaman saat 03 radələrində *0066-dan zəng gəlmişdir. Həmin zəngə əsasən o, Qusar rayonu, Balaqusar yolundan 2 nəfər şəxs götürmüş, həmin şəxslərdən birini Quba rayonu, Üçgün kəndi ərazisində, digərini isə Zərdabi qəsəbəsində düşürüb yaşadığı evə getmiş, səhəri gün günorta saatlarında ona zəng edib özünü Renad kimi təqdim edən şəxs gecə vaxtı telefonunun onun avtomobilində qaldığını bildirmiş, o da avtomobilə baxdıqdan sonra mobil telefonun avtomobildə olduğunu bildirmişdir. ##.##.2026-cı il tarixdə Renad ilə danışmış, o, Quba rayonuna gələn zaman ona xəbər edəcəyini bildirmişdir. ##.##.2026-cı il tarixdə saat 19 radələrində Quba şəhəri “Megastore” marketin yaxınlığında olan zaman Renadın ona yıqdığı nömrəyə mesaj yazıb yerini bildirmiş, bir qədər sonra Təhmin adlı şəxs onun bildirdiyi yerə gəlib Renadın mobil telefonunu ondan götürmüşdür. Təhmin onun üçün yanacaq doldurma məntəqəsindən 10 manat dəyərində yanacaq tökdürmüş, yanacağı tökəndən sonra avtomobili kənara çəkib sağollaşan zaman Renad onlara yaxınlaşıb onu kənara çağırmışdır. Qaranlıq yerdə Renad onu itələmiş, onun əlləri cibində olduğuna görə yerə yıxılmış, bu zaman Renad təpiklə onun üz nahiyəsindən təpiklə vuraraq oradan uzaqlaşmışdır.Bundan sonra o, ayağa qalxıb üstünü təmizləyib avtomobilinə minib Quba RMX- na getmiş, orada ona ilk tibbi yardım göstərilmişdir. Aralarında mübahisə və davadalaş Quba şəhəri, “Megastore” marketin yanında qaranlıq küçədə olmuş, mübahisə və davadalaşa səbəb Renadın spirtli içkinin təsiri altında olması olmuş, aralarında mübahisə və davadalaş təxminən 1-2 dəqiqə davam etmiş, mübahisə dava-dalaş zamanı o, Renadı vurmamış, həmin yerdə başqa heç kim olmamışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının ## ###### 2026-cı il tarixli, ** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ orbitanın yan və iç divarlarının, hər iki əng sümüyünün ön, medial və lateral divarlarının çoxqəlpəli yerini dəyişən tripoid tipli sınıqları, burun qanaxması və burundan nəfəsalmanın pozulması ilə müşaiyət olunan burun sümüklərinin qapalı sınığı küt əşyanın əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni ## ###### 2026-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək, bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. İş materiallarına əlavə edilmiş Quba RMX-nin ## ###### 2026-cı il tarixli, **-*-**/*- ***/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın X5 psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in “Vahid informasiya platformasi” tərəfindən təqdim olunmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs Bakı Agır Cinayətlər Məhkəməsinin ## ### 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaya 01 il sınaq müddəti təyin edilməklə, təyin edilmiş cəza şərti hesab edilmiş, cəza müddəti ##.##.2019-cu il tarixdə bitmişdir. Bundan əlavə onun barəsində Azətbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə olan cinayət işinə Quba rayon məhkəməsinin CM-nin ## ###### 2024-cü il tarixli qərarı ilə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nin Quba rayon Küpçal İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışdan və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Küpçal kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirinin ##.##.2020-ci il tarixli əmri ilə “Şücaətə görə” medalı, Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, ##.##.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, ##.##.2020-ci il tarixli Sərəncamı ilə “Fizulinin azad olunmasına görə” medalı, AR NK ##.##.2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakcısı olmaqla medallarla təltif olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd edilən Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğlu tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 04 iş saatı üçün 44 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ38090019449350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: 9900001881, Kod: 805476) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(5-139)-36/2026
Quba Rayon Məhkəməsi Hökm — İş №1(5-139)-36/2026
16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver