Məhkəmə qərarları › İş №1(5-139)-47/2026

Quba Rayon Məhkəməsi Hökm — İş №1(5-139)-47/2026

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Hökm Quba Şəhəri İş № 1(5-139)-47/2026 17.03.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon vəkil bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğlunun iştirakları ilə ## #### 1995-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı evli, orta təhsilli, fərdi əməklə məşğul olan əvvəllər məhkum olunmayan, Quba rayonu Hacıhüseynli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə, saat 18 radələrındə Quba rayonu. Hacıhüseynli kəndində yerləşən evdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsindən yumruqla qəsdən vurub sağ qolundan dartaraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş alnında ortada qançır, sağ əlin baş barmağının ovuc səthində yumşaq toxumanın əziyi və qançır-hematomasından ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Yeganənin əridir. Hadisə baş verməmişdən bir qədər əvvəl bacısı Yeganə əri Qüdrət ilə aralarında olan söz-səhbətə görə onun yaşadığı evə gəlmişdir. ## ###### 2026-cı il tarixdə, saat 18 radələrində yaşadığı Quba rayonu Hacıhüseynli kəndinə olarkən bacısını əri Qüdrət arvadı şahid1 və övladlarını aparmaq üçün onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Yeganə getmək istəmədiyini üçün onunla Qüdrətin arasında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı o, əsəbləşib yumruqla Qüdrətin başından vuraraq onun sağ qolundan dartmışmışdır. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, orada onlardan başqa bacısı şahid1 və atası şahid2 qızı da olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki şahid1 onun arvadıdır. Aralarında olan söz-səhbətə görə arvadı Yeganə uşaqlarınıda götürərə Quba rayonunun Hacıhüseynli kəndində yaşayan atası Fərmanın evinə getmişdir. ## ###### 2026-cı il tarixdə, saat 18 radələrində arvadı Yeganəni və uşaqlarını evinə gətirmək üçün o, Quba rayonunun Hacıhüseynli kəndinə getmişdir. Arvadı Yeganə onunla yaşadıqları evə qayıtmaq istəmədiyi üçün həmin vaxtı evdə olan qaynı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tahir onun başından yumruqla vuraraq sağ qolundan sıxıb dartaraq ona xəsarət yetirmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, orada arvadı şahid1 da olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmadığını bildirərək ona qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 hazırda ifadə vermək istəmədiyini bildirmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs ## ###### 2026-cı il tarixdə, saat 18 radələrində yaşadığı Quba rayonu Hacıhüseynli kəndinə arvadı şahid1 və övladlarını aparmaq üçün gəlmiş, həmin vaxt Yeganə getmək istəmədiyini bildirdiyi üçün aralarında söz mübahisəsi yaranmış, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs qəzəblənərək Qüdrəti dartmış, Qüdrət də Tahiri yaxasından tutaraq özünə tərəf çəkmiş, münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid1 göstərmişdir ki, əri Zərərçəkmiş şəxs ## ###### 2026-cı il tarixdə, saat 18 radələrində onu və övladlarını yaşadıqları evə aparmaq üçün atası şahid2 məxsus Quba rayonu Hacıhüseynli kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxt o, əri Qüdrətlə yaşadıqları evə qayıtmaq istəmədiyi üçün aralarında söz mübahisəsi yaranmış Mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs əsəbləşərək əri Qüdrətin qolundan dartmışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmətibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – alnında ortada qançır, sağ əlin baş barmağının ovuc səthində yumşaq toxumanın əziyi və qançır – hematoması küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni ## ###### 2026-cı il tarixə uyğun gəlir. Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Quba RMX-nin ##.##.2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Quba rayonu, Hacıhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs xəstəxananın X6 psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in “Vahid informasiya platformasi” tərəfindən təqdim olunmuş sənəddən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nin Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Hacıhüseynli kəndində qeydiyyatda olmaqla yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə cinayət əməli törətməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğlu tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 04 iş saatına görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ###### tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə xərci və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ38090019449350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: 9900001881, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar