Məhkəmə qərarları › İş №1(5-141)-3/2026

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(5-141)-3/2026

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(5-141)-3/2026 10.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, Məhkəmə iclasının katibi Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla yaşayan, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Rusiya Federasiyası istiqamətində “Samur” gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FT” markalı, 42AD330/42ZA330 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində, nəqliyyat vasitəsinin qoşqu hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulan yeşikdən Rusiya Federasiyasının Moskva şəhəri yaxınlığında qanunsuz olaraq əldə edib, daşıyaraq başqasına vermək məqsədilə ölkənin gömrük sərhədinə gətirdiyi, gömrük nəzarətinə bəyan edilməmiş 6 ədəd "Kremlin 0,7 l" markali spirtli içki, 3 ədəd qayıq üçün motor pəri, 08 ədəd bağlamada “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli, təkqat sintetik saplardan ibarət “mülki dövriyyədə olmasına yol verilməyən” (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən həmin kateqoriyadan olan əşyaların siyahısına aid edilən balıqtutan torları saxlamaqla daşımışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə şəxsi qərəzliyinin və ya ədavətinin olmadığını, barəsində irəli sürülmüş ittihamın məzmunu ilə tanış olduğunu, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşadığını,1987-ci ildən bəri yük avtomobili olan tır sürücüsü kimi müxtəlif şirkətlərdə fəaliyyət göstərdiyini, bu vaxtadək barəsində X2suz əşya keçirməklə bağlı araşdırmanın aparılmadığını, xx.xx.2025-ci il tarixdə, idarə etdiyi "DAF FT" markalı, 42AD330/42ZA330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xaçmaz şəhərindən yüklənmiş şaftalı yükünü "Xanoba" gömrük postundan keçməklə Rusiya Federasiyasının Moskva şəhərinə apardığını, şaftalı yükünü Moskva şəhərində yerləşən "Foodcity" adlanan bazar ərazisində boşaltdıqdan sonra, həmin ərazidə yerləşən mağazaların birindən 08 ədəd balıq tutmaq üçün tor, 06 ədəd spirtli içki və 03 ədəd motor pəri aldığını, ümumilikdə həmin mallara 13 min rubl ödədiyini, sonra isə həmin aldığı malları idarə etdiyi "DAF FT" markalı, 42AD330/42ZA330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqu hissəsində əşyaları qoymaq üçün nəzərdə tutulan yeşiyə qoyduğunu, bundan sonra isə 05 sentyabr 2025-ci il tarixdə Rusiya Federasiyasının Belqrad şəhərinə getdiyini, orada idarə etdiyi nəqliyyat vasitəsinə "yağ" yükünün yüklənildiyini, yükü Bakı şəhərinə çatdırılmalı olduğunu, Azərbaycan Respublikasına gəlmək üçün yola düşdüyünü, 08 sentyabr 2025-ci il tarixində "Samur" gömrük postuna daxil olduğunu, həmçinin qeyd olunan əşyaların, yəni balıq torlarının və digər əşyaların keçirilməsinin qanunsuz olması barədə bilmədiyini, buna görə də bəyan edilməli heç bir şeyinin olmadığını bundan sonra Gömrük Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama və baxış zamanı idarə etdiyi nəqliyyat vasitəsinin içərisindən qoşqu hissədə əşyaları qoymaq üçün istifadə etdiyi yeşiyin içərisində 06 ədəd "Kremlin 0.7 L" markalı qalınlığı 0,24 mm olan "Setka" balıqtutan torlar aşkar edildiyini, idarə etdiyi spirtli icki olan araq, 03 ədəd motor pəri, 08 ədəd üzərindəki göstəricilərə əsasən nəqliyyat vasitəsini terminalın duracağına təmin edildiyini, özünün də Xaçmaz Gömrük İdarəsinə izahatını təqdim etmək məqsədilə getdiyini, idarə etdiyi "DAF FT”” markalı 42AD330/42ZA330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən askarlanan 06 ədəd Kremlin 0.7 L" markalı araq, 03 ədəd motor pari, 08 ədəd üzərindəki göstəricilərə əsasən qalınlığı 0.24 mm olan "Setka" balıqtutan torların daşınmasının və ya gəzdirilməsinin qanunsuz olmasından xəbərsiz olduğunu, balıq tutan torları özünə məxsus yonca sahəsini hasarlamaq üçün istifadə edəcəyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs bildirdi ki, o, hansısa əşyanın qanunsuz olduğunu, həmin əşyanı bəyan etməli olduğunu yalnız 30 kq-a qədər olan əşyalara münasibətdə olduğunu bilirdi, ona görə də gömrük əməkdaşlarına bu barədə nəsə deməmişdi. Qeyd olunan torların dövriyyəsinin məhdudlaşdırılması barədə məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Ailəni dolandıran yeganə şəxsdir, övladı talasemiya xəstəsidir. Onun xəstəliyi üçün min-bir əziyyətlə işləyib pul qazanmağa çalışır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxs və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1, mənzil 18-də qeydiyyatda olmaqla yaşadığını, Xaçmaz Gömrük İdarəsində "Samur" Gömrük Postunun inspektoru vəzifəsində çalışdığını, ifadəsinin Qusar RPŞ-nin İstintaq Bölməsində heç bir təzyiq altında olmadan müstəntiq tərəfindən alındığını, 08 sentyabr 2025-ci il tarixində, Rusiya Federasiyasından "Samur" gömrük postunun idxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi "DAF FT" markalı 42AD330/42ZA330 dövlət nömrə nişanlı oblast nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Belqorodskaya Krasnoqvardeyskiy rayon, Zaslona küçəsi, ev 108 ünvanında qeydiyyatda olan 000 "TULÇİNKA RU" şirkətindən, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə idxal olunan yağ yükü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirdiyini, gömrük yoxlaması keçirməzdən əvvəl sürücü Təqsirləndirilən şəxs bəyan etməli hər hansı mallarının olub-olmamasını soruşduğunu, Təqsirləndirilən şəxs Rəflaq oğlunun bəyan etməli hər hansı bir malının olmadığını dediyini, bundan sonra yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirdiyini, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində əşyaları qoymaq üçün nəzərdə tutulan yeşikdə gizlədilmiş, 06 ədəd "KREMLİN 0.7 1" markalı araq, 03 ədəd qayıq üçün motor pəri, 08 ədəd bağlamada “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli balıq tutmaq üçün torlar şəxsən özü tərəfindən görülərək, aşkar edilərək götürülmüş, aşkar edilmiş torlarla bağlı qanunauyğun protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Dövlət Gömrük Xidmətinin əməkdaşları tərəfindən qeydə alınmış fayl adı “VİD-20250613-WA0002” olan 04 dəqiqə 27 saniyəlik CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FT” markalı, 42AD330/42ZA330 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində, nəqliyyat vasitəsinin qoşqu hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulan yeşikdən Rusiya Federasiyasının Moskva şəhəri yaxınlığında qanunsuz olaraq əldə edib, daşıyaraq başqasına vermək məqsədilə ölkənin gömrük sərhədinə gətirdiyi, gömrük nəzarətinə bəyan edilməmiş 6 ədəd "Kremlin 0,7 l" markalı spirtli içki, 3 ədəd qayıq üçün motor pəri, 08 ədəd bağlamada “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli, təkqat sintetik saplardan ibarət , “mülki dövriyyədə olmasına yol verilməyən” (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən həmin kateqoriyadan olan əşyaların siyahısına aid edilən balıqtutan torları aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin xx.xx.2025-ci il tarixli, 08 ədəd bağlamada “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli, təkqat sintetik saplardan ibarət balıq tutmaq üçün torların xx.xx.2025-ci il tarixə olan orta bazar qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, bağlamada “SETKA 0,24 mm” markalı, balıq tutmaq üçün torların yerli bazarda rəsmi satışı yoxdur, “mülki dövriyyədə olmasına yol verilməyən” (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə aid edildiyi üçün onların qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ilkin ekspert rəyindən görünür ki, 08 ədəd bağlamada “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli, təkqat sintetik saplardan ibarət balıq tutan torlar “mülki dövriyyədə olmasına yol verilməyən” (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısının təsdiq edilməsi haqqında” 23 dekabr 2003-cü il tarixli 564- İİQ saylı Azərbaycan Respublikasının Qanunun təsir dairəsinə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Azərbaycan Respublikası Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş 1967-ci il təvəllüdlü Rzayev X4 rayonu, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 saylı təsərrüfatbaşı kitabının 833-cü səhifəsində qeydiyyatdadır. Orta təhsillidir, ailəlidir, üç övladı vardır. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə özünü nümunəvi davranışla aparmışdır. Onun haqqında nümayəndəliyə heç bir neqativ məlumat daxil olmamışdır. İş materiallarında olan 25 dekabr 2025-ci il tarixli Qusar rayon Polis Şöbəsinin İBnin müstəntiqi Hikmət Rəhmanov tərəfindən qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” nğvündə qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs başqa yerə getməməyi barədə iltizam alınmışdır. İş materiallarında olan Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)- 400/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, 6 ədəd "Kremlin 0,7 L" markalı spirtli içki, 3 ədəd qayıq üçün motor pəri müsadirə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 233-1.1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma. Azərbaycan Respublikasının Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında qanunu: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:

19. Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar.

20. Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 08 ədəd bağlamada “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli, təkqat sintetik saplardan ibarət , “mülki dövriyyədə olmasına yol verilməyən” (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən həmin kateqoriyadan olan əşyaların siyahısına aid edilən balıqtutan torları saxlamaqla daşımışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Onun, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, təqsirləndirildiyi maddəyə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini, təqsirini etiraf etməsini, səmimi olaraq əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 233-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasının, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, onun yaşını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 233-1.1-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulan 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-400/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, onun əməlinə qiymət verildiyindən, inzibati xətanın bilavasitə obyekti olan, 6 ədəd "Kremlin 0,7 1" markali spirtli içki, 3 ədəd qayıq üçün motor pəri müsadirə edildiyindən, həmçinin verilmiş ittiham yalnız balıq torlarına münasibətdə olduğundan, qeyd olunanlardan mülki dövriyyəsi qadağan olunmuş və CM-nın 233-1.1-ci maddəsinin təsir dairəsinə düşən yalnız balıq torları olduğundan, məhkəmə hesab edir ki, 6 ədəd "Kremlin 0,7 1" markali spirtli içki, 3 ədəd qayıq üçün motor pəri ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan 8 (səkkiz) ədəd “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli balıq tutmaq üçün torlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalı, 01 (bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanma müddəti ərzində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan 8 (səkkiz) ədəd “SETKA 0,24 mm” markalı, poliamid (CAS 63428-84-2) tərkibli balıq tutmaq üçün torlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın, 01 (bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanma müddəti ərzində saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Qusar rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: GÜNEL SƏFƏRLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar