Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(5-141)-5/2026 03.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X3 iştirakları ilə, xx.xx.2004-cü il ildə İraq Respublikasının Diyala şəhərində anadan olmuş, İraq Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, İraq Respublikasının Diyala şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 dekabr 2025-ci il tarixdə, saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonu, Həzrə kəndinə yerləşən 7-ci sərhəd zastavasının xidməti sahəsindən piyada hərəkət etməklə qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 13 dekabr 2025-ci il tarixdə İraq Respublikasından Bakı şəhərinə gəlmiş, növbəti gün Bakı şəhərində pasportunu və içərisində 7000 ABŞ dolları məbləğində pul vəsaiti olan pul kisəsini itirmişdir. O, bu barədə polisə məlumat vermiş, polis əməkdaşları onun pasportunu axtarıb tapa bilməmişlər və səfirliyə müraciət etməsini tövsiyyə etmişlər. Bundan sonra 15 dekabr 2025-ci il tarixdə o, gəzmək və şəkil çəkdirmək üçün Qusar şəhərinə gəlmiş və orada adını xatırlamadığı oteldə iki gün qalıb, bundan sonra taksi sifariş etmiş və sürücüyə ingilis dilində xizəklə sürüşmək istədiyini bildirərək onu həmin yerə aparmasını xahiş etmişdir. Sürücü isə onu 180 manata sərhədə aparmışdır. O, sərhəddə əsgərə yaxınlaşaraq Bakıya getmək istədiyini bildirmiş və orada onu saxlamışlar. O, Rusiyaya getmək istədiyini deməmiş, əvvəllər Rusiyada və Türkiyədə olduğunu demişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 dekabr 2025-ci il tarixdə saat 13 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, 7-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində bir nəfər şübhəli şəxs olmuşdur. O, dərhal əsgər Şahid2lə həmin istiqamətdə hərəkət etmişdir. Qeyd olunan əraziyə çatdıqda Rusiya Federasiyası istiqamətində ərazini müşahidə altında saxlamaqla gizli-gizli hərəkət edən şəxsə dayan komandası vermişdir. Həmin şəxs İraq Respublikası vətəndaşı olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının əməliyyat üzrə müavini Orxan Əhmədovun 17 dekabr 2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə Qusar rayonu Kirik kəndi ərazisində 1 nəfər əcnəbi vətəndaş olması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında, təxminən saat 13:00 radələrində 7-ci sərhəd zastavasının 11-ci sərhəd istiqamətində, dövlət sərhəd xəttindən təxminən 350 metr aralıda 18 nömrəli sərhəd nişanından 150 metr sola qeyd olunan əcnəbi vətəndaş saxlanılmışdır. Saxlanıldıqdan sonra qeyd olunan əcnəbi vətəndaşın İraq vətəndaşı olduğu müəyyən olmuşdur (i/v:6) İş materiallarında olan 17 dekabr 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 13:05-də Əl-X1 pozmaya görə inzibati qaydada tutulmuşdur (i/v:14). İş materiallarında olan 18 dekabr 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur (i/v:29). İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 19.dekabr 2025-ci il tarixli 4(009)-715/2025 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddıəti 17 dekabr 2025-ci il tarixdən hesablanmışdır (i/v: 80-83) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 108). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədinə yanlışlıqla getməsi, əslində məqsədinin Rusiya Federasiyasına keçmək olmaması barədə dəlillərinə qiymət verib qeyd edir ki, yuxarıda sadalanan sübutlarla, o cümlədən şahid ifadələri ilə həmin hal təkzib olunur. Odur ki, məhkəmə həmin şəxsin bu barədə ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da idarəetmə qaydalarının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 dekabr 2025-ci il tarixdə hazırkı iş üzrə inzibati qaydada tutulmaqla həmin tarixdə onun azadlığı faktiki olaraq məhdudlaşdırılmış, daha sonra isə həmin şəxs azad olunmadan 18 dekabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 dekabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxsin cəzaçəkməsinin əvvəli 17 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan halları-yəni onun Azərbaycan Respublikasında yaşayış yerinin və iş yerinin, hər hansı qohumlarının olmamasını, qalmaq üçün hər hansı maddi imkanlarının olmamasını və s. halları nəzərə alaraq hesab edir ki, onun barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 17 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(5-141)-5/2026
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(5-141)-5/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver