Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(5-143)-2/2026 03.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ramik Əşrəfovun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov xüsusi ittiham qaydasında şikayətlə Lerik Rayon Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib barəsində hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik rayonu Daster kənd sakini X2 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və digər dövlət orqanlarına müraciət ünvanlayaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin fəaliyyəti və Xidmət rəisi Ramik Əşrəfov barəsində şər və böhtan xarakterli ittihamlar irəli sürmüşdür. X2 12 sentyabr 2022-ci il tarixində Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayına meşə gözətçisi təyin edilmiş və 12 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. 30 iyul 2025-ci il tarixində X1 mühafizəsinə cavabdeh olduğu Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında Mərkəz əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı qanunsuz olaraq Dövlət meşə fondu torpaqlarının zəbt olunması və orada tikintiquraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Sədaqət Fərziyev mühafizə etdiyi meşə dolayında qanunsuz tikinti-quraşdırma işlərinin aparılması barədə Mərkəzə heç bir məlumat verməmiş, faktı rəhbərlikdən gizlətmiş və buna şərait yaratmışdır. Bundan sonra barəsində vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən ciddi intizam tənbeh tədbirinin tətbiq olunacağını bilərək özü könüllü olaraq işdən azad olunması barədə ərizə təqdim etmiş və ərizəsi nəzərə alınaraq 1 saylı X6 tərəfindən işdən azad olunmuşdur. Lakin işdən azad olunmasından qısa müddət keçməsinə baxmayaraq o, yenidən işə qaytarılması üçün Mərkəzə müraciət etmiş, cavab olaraq ona yenidən işə qəbul olunmasının məqsədəmüvafiq olmadığı bildirilmişdir. Sözügedən cavabı aldıqdan sonra X5 İnkişafı Xidmətinin rəisi barəsində şər və böhtan kampaniyasına başlamışdır. Belə ki, o əsassız olaraq işə qəbul olunması məqsədilə Xidmət rəisinin ondan 5000 (beş min) manat pul tələb etməsi barədə şər və böhtan xarakterli ərizələr yazmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Meşələrin İnkişafı Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Sədaqət Fərziyev heç bir sübut olmadan, yalnız özünün mülahizələrinə əsaslanaraq müxtəlif dövlət orqanlarına şər və böhtan xarakterli ərizələr yazmaqla geniş ictimaiyyət arasında ETSN və onun qurumu olan Meşələrin İnkişafı Xidmətinin vəzifəli şəxsinin işgüzar nüfuzuna xələl gətirmişdir. İşgüzar nüfuz təşkilatın cəmiyyətdə və digər qurumlar arasında mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə ictimaiyyət tərəfindən ona verilən qiymətdir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. X2 müxtəlif dövlət orqanlarına ünvanladığı sözügedən məlumatların doğruluğunu sübut etmədən qeyd olunan hərəkətlərə yol vermişdir. Həmin məlumatların doğruluğunu təsdiq edəcək heç bir sənəd və ya digər materialı təqdim etməmiş, yalnız şəxsi subyektiv və qərəzli mülahizələrinə əsasən bu sahədə dövlətin mənafeyini müdafiə edən, siyayətini həyata keçirən dövlət qürumunun və onun rəhbərinin fəaliyyətini şübhə altına almışdır. Onun bu hərəkətləri ictimaiyyət tərəfindən qurumun təsərrüfat fəaliyyətinə olan etimadının azaldılması və s. hallarla nəticələnmişdir. Beləliklə də Sədaqət Fərziyev Xidmətə və onun rəisinə böhtan atmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı və xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, onların iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X2 tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının İ vitse-prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroruna, Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında korrupsiya idarəsinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o 1995-ci ildən 1 saylı Lənkəran regional idarəsinin Razvandoband meşəbəyliyinin 22 nömrəli dolayında meşə gözətçisi işləmişdir. 10 il işləyəndən sonra bir az müddət fasiləsi olmuş, yenə 2022-ci il sentyabr ayının 11-də həmin vəzifəyə qayıtmışdır. Həmin ərazidə 30 il əvvəl bir ev inşa olunmuşdur. Həmin ev onun vaxtından əvvəl olub. Köhnə evin yerinə onun vaxtında təzə ev tikmək istəmişlər. O, onlara imkan verməmiş və regiona rəsmi ərizə ilə müraciət etmişdir. Gəlib həmin evi onun iştirakı ilə sökmüşlər. Onlar onun üçün tələ qurmaqdan ötrü onun üstünə yıxmaq istəmiş, buna nail ola bilməmişlər. İdarədən ona bildirmişlər ki, “sən ərizə yaz səni bir aylıq işdən çıxaraq, bir aydan sonra yenə işə qaytararıq”. 2025-ci il avqust ayının 13-də ərizə vermiş, bir ay tamam olandan sonra ona demişlər ki, “5000 AZN ver səni işə qaytaraq”. O, pulu verə bilməmiş və oktyabr ayında təzə işçidən pul alıb, onu yerinə vermişlər. X7 İdarəsinin Deportasiya sədri Ramiq Əşrəfov pul istəmişdir. Həmçinin ərizəsində “Ramiq Əşrəfov pula görə təcrübəli işçini işdən azad edirsən bəs mənim 12 baş ailəmi niyə düşünmürsən?”, “İndi mən qalmışam çıxılmaz vəziyyətdə, pensiyaya çıxmağıma 5-6 il var, 60 yaşındayam indi harada iş taparam?” kimi suallar səsləndirmiş, belə məmurların kənd əhalisini sıxışdırdığını və məcbur olub atababa yurdunu atıb Bakı şəhərində günəmuzd işləməyə getdiyini, yaşlı adamı da günəmuzd işə aparmadıqlarını bildirərək ailə vəziyyətini nəzərə alıb Ramiq Əşrəfov barədə tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində böhtan xarakterli məlumatların müxtəlif orqanlara ünvanlanmış ərizə və şikayətdə əks olunması qeyd edilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Əgər böhtan və təhqir xarakterli məlumatlar kütləvi şəkildə yayılmış olsa idi həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. - Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ramik Əşrəfovun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(5-143)-2/2026
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(5-143)-2/2026
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver