Məhkəmə qərarları › İş №1(5-144)-4/2026

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(5-144)-4/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(5-144)-4/2026 12.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, əməlində cinayətin residivi olan, Lənkəran şəhəri, P.Təhməzov küçəsi ev 4, mənzil 26-da qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 15 oktyabr 2025-ci il tarixdə Lənkəran şəhəri "Böyük bazar" adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə, ağ rəngli kristallardan ibarət, təmiz çəkisi 0,433 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 15 oktyabr 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 12:54-də Lənkəran şəhəri, Şirəli Axundov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılarkən 0,433 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynində olmuş şalvarın sağ yan cibinden sellofan kəsiyinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa 28 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə anası Zərərçəkmiş şəxs pul istəməsi ilə əlaqədar aralarında ailə-məişət zəminində baş vermiş münaqişə zamanı qəsdən təpiklə sonuncunun döş qəfəsinin sol nahiyəsinə bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sol İX-Х qabırğaların sınığı xəsarətini yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilk öncə məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək, CM-in 234.1-ci maddəsində göstərilən əməli törətdiyi, lakin CM-in 127.1-ci maddəsində göstərilən əməli törətmədiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsiylə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini yandırıb tüstüsünü udmaqla istifadə edir. Narkotik vasitələri Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri Böyük Bazar ərazisində, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manat verərək istifadəsi üçün 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin gün, saat 12 radələrində Lənkəran şəhəri Şirəli Axundov küçəsində piyada hərəkətdə olarkən qarşısına bir neçə mülki geyimli şəxslər çıxaraq yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçilərindən biri videokamera ilə onları görüntüyə almışdır. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamışdır. Baxış zamanı Cavid adlı polis işçisi tərəfindən onun üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyini təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini, şalvarının sol yan cibindən isə 16 manat pul əskinasını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Cavid adlı polis işçisi üstünə baxış keçirmiş və üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkarlanmış bükümün ona məxsus olduğunu, həmin bükümü saxlanıldığı gün, günorta saatlarında Böyük Bazar ərazisində olan tanımadığı şəxsə 10 manat verməklə aldığını, öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan metamfetamin iştirakı ilə elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi 0,48 qram olmuşdur. Üzərindən aşkarlanmış 16 manat pul əskinası ona geri qaytarılmışdır. Sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada protokol tərtib edilmiş və təhqiqatçı tərəfindən zərfə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Sonra seçdiyi müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. Özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün bədənində ağrılar olur. Bu səbəbdən o, hər gün həmin vasitələrdən əldə edib istifadə edir. Üzərindən aşkar edilən bir bükümdə metamfetamini xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Lənkəran şəhəri, Böyük Bazar ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almış və həmin şəxsdən əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır. Narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Tapan zaman özü istifadə edir. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Bundan başqa anası Zərərçəkmiş şəxs vurmamış, ona xəsarət yetirməmişdir. Bu barədə ifadə vermək istəmir. Təqsirləndirilən şəxs ona anası Zərərçəkmiş şəxs xəsarət alması, istintaq zamanı bu barədə verdiyi ifadə üzrə isə suallara qəti şəkildə cavab verməkdən imtina etmiş, bu barədə ümumiyyətlə ona suallar verilməsini qəbul etməmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 1 ünvanında qızı Sevinc, nəvəsi Hüsaməddin və oğlu İlhamla birlikdə özünə məxsus olan evdə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, narkotik vasitələr aludəçisidir. Dəfələrlə narkotik vasitələr gəzdirdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 15 oktyabr 2025ci il tarixdə İlham yenidən narkotik vasitələr gəzdirməsinə görə polis tərəfindən tutulsa da, prokurorluq tərəfindən məhkəmə olana kimi azadlığa buraxılmışdır. Dəfələrlə özünə narkotik vasitələr almaq üçün ondan pul tələb etmiş, o, vermədikdə onu incitmişdir. Sonuncu dəfə 28 oktyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, yaşadığı mənzildə oğlu İlhamla birlikdə olarkən İlham yenidən ondan özünə narkotik vasitə almaq üçün pul tələb etdikdə pulu olmadığını demiş, İlham isə onu dilənməyə məcbur etmişdir. O, bunu etmədikdə İlham onu ədəbsiz küçə söyüşləri ilə söyüb yaxınlaşaraq sol böyrünə bir təpik zərbəsi vurmuş və daha sonra ayaqqabısını götürüb həmin böyrünə yenidən bir zərbə vurmuşdur. Bundan sonra nəfəsi tutulmuş və o, yerə yıxılmışdır. Daha sonra özünə gəlmiş və qışqırmağa başlamışdır. İlham onun özünə gəlməyini görüb, qolundan yapışmış və onu bazara apararaq məcbur etmişdir ki, dilənçilik edib onun üçün pul qazansın. Daha sonra onlar bazara getmiş və o, İlhamın dediyi məbləğ qədər, yəni 20 manat dilənərək ona vermişdir. Daha sonra evə qayıtmışdır. O, bir neçə gün evdə uzansa da, ağrılarının çoxalmasını görüb, bununla bağlı əvvəl Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmiş, sonradan məlum olmuşdur ki, onun sol tərəfdən İX-X qabırğaları sınmışdır. Aldığı xəsarəti oğlu İlham ona yetirmişdir. Onun barəsində şikayətçi olduğunu və onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, münaqişənin Lənkəran şəhəri, P.Təhməzov küçəsi, ev 4, mənzil 26-da yerləşən yaşadığı evin içərisində baş vermiş və münaqişə gedən zaman ora heç kim yaxınlaşmamışdır. Bazarda dilənçilik edib qayıtdıqdan sonra evə gəlmiş və bu barədə qızı Sevincə bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə tərəfindən raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur. Ondan başqa şöbənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis kiçik leytenantı Şahid3 Sərəstan oğlu da tədbirin keçirilməsində iştirak etmişlər. 15 oktyabr 2025-ci il tarixdə, saat 12:54-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əskərov X3 şəhəri, Şirəli Axundov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində təqdim etdiyi əşyalardan başqa digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kütlə 0.48 qram çəkidə olmuş və zərfdə qablaşdırılmışdır. Daha sonra zərf möhürlənmiş, zərfin üzərinə müvafiq qeydlər aparılmış, saxlanılan şəxs və iştirak edən digər şəxslər tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni Lənkəran şəhəri, Böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 10 manata almış, özü narkotik vasitələr və psixotrop maddələr qəbul edəndir və həmin maddələrin satışı ilə məşğul deyildir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. O, evli olub ayrılmış və bir övladı var. O, sadaladığı ünvanda anası Zərərçəkmiş şəxs və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Qardaşı İlham narkotik vasitələr aludəçisidir. O, bir neçə dəfə həmin vasitələrdən istifadə etdiyinə görə məhkum olunub. 28 oktyabr 2025-ci il tarixdə oğlu Hüsaməddin ilə birlikdə rəfiqəsinin evinə qonaq getmişdir. Həmin gün saat təxminən 12-13 radələrində evə qayıtdıqda anası Zərərçəkmiş şəxs zarıdığını və ağrılar içərisimdə olduğunu görmüşdür. Ondan nə baş verdiyini soruşduqda İlhamın onu döydüyünü və sol böyründən təpiklə vurduğunu bildirmişdir. Bundan sonra o, anasına xəstəxanaya getməsini bildirmiş, lakin o, razılaşmamışdır. Üzərindən bir neçə gün keçdikdən sonra yəni xx.xx.2025-ci il tarixdə anasının ağrılarının çoxalması səbəbindən onu həkimə aparmışdır. Orda müəyyən olunmuşdur ki, anasının sol İX-X qabırğaları sınmışdır. Qardaşı Təqsirləndirilən şəxs ümumilikdə narkotik vasitələr alüdəçisi olduğundan hər gün evdə münaqişə yaradır. Onun və anası Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək onları təhqir edir. Anası Zərərçəkmiş şəxs isə bir neçə dəfə döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və tərəflərin razılığı ilə ifadəsi elan edilməklə tədqiq edilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 Sərəstan oğlu da Şahid1 ifadəsində göstərdikəri ilə oxşar məzmunda ifadələr vermişlər. Cinayət işinin materiallarında olan 15 oktyabr 2025-ci il tarixli "əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair" protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə, saat 12:54-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran şəhəri, Şirəli Axundov küçəsində saxlanılmış, üstü yoxlanılarkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə elektron tərəzidə çəkisi 0,48 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə çıxarıb təqdim etmiş, qablaşdırılmış və zərf möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 15 oktyabr 2025-ci il tarixli "təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və üzərinə qeydlər yazılmış 1 ədəd zərfə baxış keçirilmiş, içərisindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş və proses videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2025-ci il tarixli 19/399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd zərfdəki bükümdə təmiz çəkisi 0,433 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2025-ci il tarixli, 544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə psixotrop maddələrdən əldə edərək istifadə etməyə başlamış, qeyd edilən maddələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 02 dekabr 2025-ci il tarixli 4086 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 20 yanvar 2026-cı il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış ekspertizadan qaytarılmış təmiz çəkisi 0,383 qram psixotrop maddə olan metamfetamin məhkəməyədək saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 03 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, Lənkəran şəhər sakini Əskərova X2 ŞRPŞ-ə müraciət edərək 28 oktyabr 2025-ci il tarixində saat 12 radələrində özünə məxsus fərdi yaşayış evində olarkən, oğlu Təqsirləndirilən şəxs tərəfindən ona pul verməməsi səbəbindən təpiklə sol böyründən qəsdən zərbələr vurularaq döyülməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 05 yanvar 2026-cı il tarixli "zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında" protokoldan görünür ki, Əskərova X2 şəhəri, Paşa Təhməzov küçəsi, ev 4, mənzil 26 ünvanında hadisənin baş verdiyi yeri istintaqa göstərərək, oğlu Təqsirləndirilən şəxs onun sol böyür nahiyəsindən təpiklə bir neçə zərbə endirdiyini, nəticədə sol İX-X qabırğalarının sındığını zərbələrin təsirindən yerə yıxıldığını və oğlu tərəfindən zorla dilənərək pul gətirməyə məcbur edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2025ci il tarixli, 958 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol İX-X qabırğaların sınığı müəyyən olunmuşdur, bu xəsarət bərk küt əşyanın təsirindən (təpiklə vurulma nəticəsində əmələ gələ bilən) törənmiş və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan arayış, xasiyyətnamə və onu səciyələndirən digər məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subaydır, işləmir, Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında yaşayır.və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1957-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subaydır, təqaüdüçü, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamə və hökmdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “tutulma” protokolundan görünür ki, 15 oktyabr 2025-ci il tarixdə, saat 14:05-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Tutma saatı Təqsirləndirilən şəxs faktiki olaraq saxlandığı xx.xx.2025-ci il tarixdə saat 12:54 dəqiqədən hesablanmışdır. 17 oktyabr 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasının xx.xx.2026-cı il tarixli 1(5- 144)-4/2026 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması, CM-nin 61.1.7-ci maddəsinə əsasən qocaya qarşı törədilməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edilir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Sərəstan oğlunun ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0,433 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, təqsirləndirilən şəxsə CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci tarixdə cəzanın sonu ilə azad edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Məhkəmə sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə, yəni cinayətlərin məcmusuna əsasən ona törətdiyi hər bir cinayət əməlinə görə ayrılıqda cəza təyin edilməklə təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,383 qram psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 3 gün müddət ona təyin edilmiş 3 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 3 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2026-cı il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,383 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 60 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar