Məhkəmə qərarları › İş №1(5-145)-12/2026

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(5-145)-12/2026

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(5-145)-12/2026 17.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsndə Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı şəhəri, E.Hüseynov küçəsi, ev 26-da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saat 15 radələrində Masallı şəhəri, Z.Əliyeva küçəsində yerləşən avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs yolun kənarında olan zibillik sahəni qarışdırdığı üçün ona irad bildirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin üz və sol qol nahiyələrinə yumruqla qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, burnun və sol saidin qançırı və sol göz almasının ağlı qişasının yayılmış qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək izahatında göstərdi ki, avtomobil təmiri ustasıdır. xx.xx.2026-cı il tarixdə müştəri olmadığına görə həmdə hava küləkli olduğu üçün işlədiyi yerdən çıxıb məhlədə gəzməyə başlamışdır. Hadisə baş vermiş yer yaşadığı evin yaxınlıında yerləşir, məhəllədə gəzərkən həmin yerə çatdığı zaman ərazinin traktor vasitəsi ilə hamarlandığını görmüşdür. Əvvəllər həmin ərazi zibillik olmuş, insanlar tərəfindən zibil tökülərmiş. Eləcədə həmin əraziyə köhnəlmiş avtomobil ehtiyat hissələrinə atılmışdır. Usta olduğu üçün işinə yararlı ola biləcək lazımı şeyləri oradan götürmüş və daha sonra təmir etmişdir. Həmin vaxt orada heç kim olmamışdır. O, həmin ərazidə torpağı eşələməyə başlamışdır. Birdə kiminsə onu çağırdığını eşitmişdir. Qalxıb baxdığı zaman bir nəfər şəxsin ona nəsə dediyini görmüşdür. O, lik öncə həmin şəxsin ərazinin sahibi olduğunu düşünmüşdür. Qulaqları yaxşı eşitmir. Həmin şəxs əli ilə ona işarə edərək çağırmışdır. Oda həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxs ona “sən burda nə edirsən” demişdir. Oda cavabında yerdən dəmir parçası, qırıntısı götürdüyünü demişdir. Söhbət zamanı həmin şəxsdən ərazinin onun olub olmamasını soruşmuş, lakin şəxs sözdən yayınmış və ona cavab verməmişdir. Söhbət etdikləri zaman həmin şəxs qəflətən bir dəfə yumruqla onu üz nahiyəsindən vurmuşdur. Həmin vaxt Rəhimin əlinin içində nəsə olmuşdur. Kimi isə vurmaq niyyəti olmamışdır. Oda əsəbləşmiş və özünü müdafiə etmək üçün ona əl atmışdır. Həmin vaxt bir yumruğu, silləsi dəyib, o bunu inkar etmir. Bundan sonra müvazinətlərini saxlaya bilməyib ikisidə yerə dəymişlər. Rəhimin durub yenədə ona hücum çəkdiyini görmüşdür. O, onun əlindən çıxıb qaçmışdır. Qaçdığı zaman həmin şəxsin arxasıycan gəldiyini görmüşdür. Bir iki dəfə fırlandıqdan sonra həmin şəxs daha onun ardıycan gəlməmişdir. Ancaq arxadan ona nalayiq sözlər demişdir. Evə gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə ilə bağlı şifahi şəkildə izahat vermişdir. Yarım saat sonra isə polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar, oda şöbədə ifadə vermişdir. Əməlindən peşmandır. İkisidə yaşlıdır, o, Rəhimdən üzr istəyir. Dəymiş ziyanıda işləyib ödəyəcəkdir. Məhkəmədən ona ən aşağı həddə cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, həyat yoldaşı qan təzyiqi və şəkər xəstəsidir. Fəhlə bazarından yaşadığı evə gəldiyi zaman arvadı ona qan təziqinin qalxdığını gedib ona dərman almasını demişdir. Oda evdə nahar etdikdən sonra dərman almağa getmişdir. O, Z.Əliyeva küçəsində yaşayır, hadisə baş verən ərazi hamarlanmışdı. O, oradan keçdiyi zaman həmin ərazidə heç kim olmamışdır. Qayıdıb gələndə isə İntiqamı orada görmüşdür. Ona heç bir söz deməmişdir. İntiqam isə onu çağıraraq “bura gəl, bura gəl” demiş və ona nalayiq sözlər deyərək “sən beləsən, o dəfə sən məni belə elədin, sənə göstərəcəm” demişdir. O, həmin şəxsə yaxınlaşmışdır ki, aydınlaşdırsın ki, görsünkü həmin şəxs nə deyir, onu başa salsın. Yaxınlaşdıqdan sonra İntiqam bir dəfə yumruqla onu vurmuş, yumruq onun sol gözündən dəymişdir. O, özünü itirərək yerə yıxılmışdır. Bu zaman İntiqam bir dəfədə onu vurmuşdur, təpik və ya yumruqla olduğunu bilməmiş, lakin zərbə burnundan dəymişdir və burnunda güclü qan axmağa başlamışdır. Bundan sonra o, İntiqamın qarşısından qaçmışdır, heç bir şey tapa bilməyib əyilib yerdən ot götürüb burnuna tutmuşdur. Bu zaman İntiqam onu döyməyə davam etmişdir. O, isə məəttəl qalmışdır ki, İntiqamın onu nə səbəbə döyür, axı o, onu tanımır. Sonra bir təhər ondan ayrılıb qaçıb yaşadığı evə getmişdir. Sonra arvadı onun xəsarət aldığını görüb onu xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə olunmuş və gözünün möhkəm zədələndiyini demişlər, ona müalicə yazıb evə buraxmışlar. Xəstəxanada olduğu zaman polis əməkdaşları xəstəxanaya gəlmişlər və onu həmin vəziyyətdə görmüşlər. O, hadisədən sonra 20 gün evdə yataraq müalicə olunmuş, İntiqam isə bu müddət ərzində bir dəfədə olsun gəlib onun qapısını açıb ona baş çəkməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, Rəhimi dərman almaq üçün aptekə göndərmişdir. Belə ki, o, qan təzyiqi və şəkər xəstəsidir. Dərmanı qutardığı üçün əri Rəhimə gedib dərman almasını, velosipedlə gedib tez gəlməsini demişdir. Lakin Rəhim getdikdən sonra gec gəlmişdir. Həyət qapısı açılan zaman tez pəncərəyə çıxmışdır və bu zaman Rəhimin üzündən qan axdığını, gözünün görünmədiyini görmüşdür. Nə olduğunu soruşduğu zaman Rəhim tanımadığı bir şəxsin onu yanına çağırdığını və yumruqla bir dəfə gözündən vurduğunu, sonrada əlində olan taxta parçası ilə onu başından və qollarından vurduğunu demişdir. Tez Rəhimi göürüb yola çıxıb taksi ilə xəstəxanaya aparmışdır. Xəstəxanada buz gətirib qoymuşlar daha sonra rentgen etmişlər. Rentgen gözlədikləri zaman polis əməkdaşları zəng vurub şöbəyə gəlmələrini demişlər, Rəhim isə şöbəyə gələ bilməyəcəyini, rentgen müayinəsi olacağını demişdir. Bundan sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər və bildirmişlər ki, İntiqam özü gəlib şöbədə izahat vermişdir ki, onu döyüblər. Əri Rəhim 20 gün yataq şəraitində olmuş, lakin İntiqam bir dəfədə olsun gəlib ərinin vəziyyəti ilə maraqlanmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 14 yanvar 2026-cı il tarixli, 28 saylı tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, burnun və sol saidin qançırı və sol göz almasının ağlı qişasının yayılmış qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruq və taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 13 yanvar 2026-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 (iki) ay 06 (altı) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, E.Hüseynov küçəsi ev 26-da qeydiyyatda olmaqla arvadı X2, xx.xx.2007-ci il tvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, törətmiş olduğu əməldə özünü təqsirli bilib əməlindən peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və məhkumluğunun ödənilməməsi və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməməsi hissi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivi kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən, qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməli və ya seçilməli (məhz hansı tədbirinin) olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar