Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(5-145)-15/2026 11.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1990-cı ildə Lerik rayonu, Ağ çay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində xx.xx.2026-cı il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-2003/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 13260 (on üç min iki yüz altmış) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda aliment üzrə öhdəliyini yerinə yetirmişdir. Tələbkar da bunu təsdiq edə bilər. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs ilə 2013-cü ildə el adəti ilə toy edərək evlənmişdir. Nikahlarının rəsmiləşməsi sonradan, yəni xx.xx.2014-cü il tarixdə olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü ildə Rahilə və xx.xx.2017-ci ildə Yunus adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Odur ki, Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Masallı rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 (on) gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş və izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-2003/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(050)-233/2023 saylı qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Övladları Rahilə və Yunus anaları Əsmərin yanında və himayəsindədirlər. Təkrar evlənməmişdir. Masallı rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimat əsasında Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qətnaməsinə əsasən 13260 (on üç min iki yüz altmış) manat ödənilməmiş aliment borcu yaranmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qətnaməsi üzrə həm icra, həm də istintaq müddətində Zərərçəkmiş şəxs aliment ödənişi etməmişdir. Qeyd olunan aliment borcunu hazırda ödəməyə imkanı yoxdur. Qeyd olunan qətnamə üzrə borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıqlar edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi halda cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə icra məmuru tərəfindən ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Hazırda fərdi əməklə məşğuldur. Usta kimi evlərdə işləyir. Aylıq qazancı 1000 (bir min) manat olur. Qazancını özünə xərcləyir. İşlədiyi və məşğulluq mərkəzindən təklif olunan işlərin əmək haqqı az olduğu üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13260 manat aliment borcu tam ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs aliment borcunun tam şəkildə ödənildiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə el adəti ilə toy edərək evlənmişdir. Nikahlarının rəsmiləşməsi sonradan, yəni xx.xx.2014-cü il tarixdə olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü ildə Rahilə və xx.xx.2017-ci ildə Yunus adlı övladları doğulmuşdur. Son zamanlar ailə münasibətləri çox pis olmuşdur. Belə ki, Elçin ailəyə laqeyd və məsuliyyətsiz yanaşmış, uşaqlarla münasibəti yaxşı olmamış və aralarında tez-tez mübahisələr yaranmışdır. Bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Elçin uşaqları ilə maraqlanmamışdır. Ona görə də o, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 1698/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Təkrar evlənməmişdir. Övladları onun yanında və himayəsindədirlər. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüklərindən maddi tələbatları da xeyli artmışdır. Təqsirləndirilən şəxs ev tikinti ustası işləyir. Qazancı kifayət qədər yaxşıdır. Aylıq 2000 (iki min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də inzibati həbs olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-2003/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qətnaməsi üzrə ona bu günə qədər ümumiyyətlə aliment ödəməmişdir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qətnaməsi üzrə ona təqdimatın verildiyi xx.xx.2025-ci il tarixə qədər 13260 (on üç min iki yüz altmış) manat məbləğində aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs ona istintaq müddətində ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam tələb edir. O, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər yaranan 13260 (on üç min iki yüz altmış) manat aliment borcunun alınaraq ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1698/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunmasından ötrü borclu Təqsirləndirilən şəxs göndərilmişdir. İcra işi üzrə borclu Təqsirləndirilən şəxs verilmiş könüllü müddət ərzində tələbi təmin etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması müəyyən olunmuşdur. Bundan sonra “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunmasından ötrü Masallı RPŞyə göndərilmişdir. Masallı RPŞ-də borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə 640235 saylı axtarış işi açılmışdır. Həmçinin borclu barəsində xx.xx.2023-cü il tarixdə dövlətlərarası axtarış qərarı elan olunması üçün Masallı RPŞ-nə müraciət olunmuş və Masallı RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə dövlətlərarası axtarış elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Masallı Rayon Məhkəməsinin 8(050)-233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş və xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə borclu Əsədov X4 RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayon icra və probasiya şöbəsinə gətirilmiş, lakin tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək borcluya aliment borclarının ödənilməsi ilə bağlı 1 (bir) ay müddətində vaxt verilməsini xahiş etmiş və ona hər hansı bir inzibati protokol tərtib edilməsini istəməmişdir. Bundan sonra borclu yaranmış aliment borcundan ödəniş etmədiyindən, həmçinin tələbkarın ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin 3(050)- 2003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs işlə təmin olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Lənkəran- Astara Regional məşğulluq filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Lənkəran-Astara Regional məşğulluq filialının 3-17-2/2-59713/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda borclu Təqsirləndirilən şəxs filiala müraciət etmədiyi və bununla əlaqədar ünvanına məktub göndərildiyi bildirilmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Masallı rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs aliment işi üzrə xx.xx.2021-ci il tarixdən ödəməli olduğu 13260 (on üç min iki yüz altmış) manat aliment pulundan tələbkar Zərərçəkmiş şəxs heç bir aliment ödənişi etməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər 13260 (on üç min iki yüz altmış) manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına və onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlətin adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Cinayət işi üzrə şahid Masallı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaqda verdiyi ifadədən görünür ki, o, icra məmuru Şahid1 ibtidai istintaqda göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş; ● Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd ərazi icra nümayəndəliyi tərəfindən bağlanmış 11 saylı nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. ● xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021-ci il nömrəli qətnaməsi üzrə Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. ● Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(050)-233/2023 saylı qərardadından görünür ki, xx.xx.1990-cı ildə Lerik rayonu, Ağ Çay kəndində anadan olmuş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. ● Masallı Rayon Məhkəməsinin 3(050)-2003/2020 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1698/2021-ci saylı icra sənədi üzrə icra tələbini üzrlü səbəb olmadan icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. ● Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon, Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. ● xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 1698/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tələb edilmiş və məsuliyyəti diqqətinə çatdırılmışdır. ● Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ● Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2026-cı il tarixli protokoldan və xx.xx.2026-cı tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saat 12:00 dəqiqədə Yasamal rayon ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilmiş, xx.xx.2026-cı il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarına məhkəmə məcmu halında qeyd edilən sübutların mötəbərliyi və mümkünlüyü baxımından qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə qeyd olunan sənədlərə əsasən, onu qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1-ci və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçiyə ödənilməsi üçün onun işlədiyi Masallı Rayon Vəkil Bürosunun hesablaşma hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 40, 41, 43, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edərək aliment borcunu tam şəkildə ödədiyinə görə həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Masallı Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərar elan olunduqdan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(5-145)-15/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(5-145)-15/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver