Məhkəmə qərarları › İş №1(5-146)-4/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(5-146)-4/2026

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(5-146)-4/2026 05.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Niftaliyev Ayxan Niyaməddin oğlunun katibliyi, xüsusi ittihamçı X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Kərimov Eldar Niyazi oğlunun iştirakı ilə, Kərimov Eldar Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Kərimov Eldar Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, onun həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və mənəvi zərərin əvəzi olaraq 50000 manatın alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 06 aprel 1971-ci ildə Bərdə rayonunda anadan olmuşdur. İİ-ci qrup Qarabağ müharibəsi veteranıdır. Özü sosial şəbəkədə aktivdir. Kərimov Eldar Niyazi oğlu çoxsaylı sosial şəbəkədə davamlı olaraq, böhtan və təhqirlərini davam etdirir. 29 noyabr 2025-ci il tarixdə əldə etdiyi “Nəbz” Tv sosial şəbəkə yayımında ona qarşı böhtanlar və təhqirlər dolu fikirləri paylaşmışdır. O, yazıb “Bu alçağı mən yaxşı tanıyıram. Əsl qazilər çox səmimidirlər. Böhtan, şər bu adamın boyuna biçilib. Mingəçevir İcra başçısından narazı olan qarşısına birinci ağacdan özünü asmağı məsləhətdir. O, öz işini layiqincə yerinə yetirir”. “Kozyol neavastniy”, “kaşşey besmerniy okkili”. “Əlillik statusu” ilə bağlı şübhələr mövcuddur. İddialara əsasən həmin şəxs bir vaxtlar Mingəçevir şəhər xəstəxanasında rəhbər vəzifə tutan Könül Ələkbərovanın dövründən şantaj, hədə-qorxu və saxta sənədlər vasitəsilə özünün birinci qrup əlillik statusu əldə edib. Onun fiziki cəhətdən tam sağlam olmasına dair iddialar isə bu mövzunun xüsusi araşdırılmasını zəruri edir. Bir çoxları haqlı olaraq sual edir: “Əl-ayağı tam sağlam olan biri necə birinci qrup əlil ola bilər?” “Ən diqqətçəkən məqamlardan biri isə odur ki, bu qanunsuz parkovka fəaliyyətinə şərait yaradan şəxs kimi Mingəçevir Bələdiyyəsinin hazırki sədri Anar İsmayılovun adı xüsusi qeyd edilir. Məlumata görə həm Oqtay Cəfərov, həm də icra başçına qarşı qurulan qara yaxma kampaniyasında iştirak edən bəzi şəxslər pərdə arxasından koordinasiya olunur. Bu şəxslərin məqsədi isə real problemlərdən deyil, şəxsi maraqlardan qaynaqlanır”. “İddialara görə Oqtay Cəfərov fiziki sağlam halda qazilik və əlillik statusunu “qalxan” kimi istifadə edərək həm şəhərdə özünü yer zəbt edir, həm də bu yolla pul qazanır”. “Kim olur-olsun, qazilik adından istifadə edib şəhərdə qanunsuz biznes qurmaq olmaz!” Kərimov Eldar Niyazi oğlu ali təhsillidir, həkim ixtisasına malikdir. Deməli bilərəkdən qəsdən onu təhqir edib, böhtan atır. Kərimov Eldar Niyazi oğlu sosial şəbəkədə böhtan və təhqir dolu yazılarını davam etdirir. Kərimov Eldar Niyazi oğlunun bu hərəkətlərindən sonra o, dekabrın əvvəllərində ağır stres keçirdi. Xeyli müddət xəstəxanada müalicə olundu. O, xüsusi ittihamçıya ağır dərəcədə mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayət ilə eyni məzmunlu izahat verərək, Kərimov Eldar Niyazi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Kərimov Eldar Niyazi oğlu izahat verərək, etdiyi əməldən səmimi peşman olduğunu, həmin əməli yanlışlıqda etdiyini, xüsusi ittihamçı Oktay Cəfərovdan üzr istəyərək onunla barışmaq istədiyini bildirdi. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli 11 №li 8 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, N.Nərimanov küçəsi, ev 38, mənzil 50 ünvanında yaşayır. Azərbaycan Respublikası “X4” İctimai Birliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, X5 həmin Birliyin Mingəçevir filialının sədridir. Sosial şəbəkədə “NəbzTV” hesabından Oktay Cəfərov barədə edilən paylaşımın rəy bölməsindən görünür ki, “eldarkerimov255” adlı hesab tərəfindən “Bu alçağı mən yaxşı tanıyıram. Əsl qazilər çox səmimidirlər. Böhtan, şər bu adamın boyuna biçilib. Mingəçevir İcra başçısından narazı olan qarşısına birinci ağacdan özünü asmağı məsləhətdir. O, öz işini layiqincə yerinə yetirir” ifadələri yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.26-cı maddəsinə əsasən xüsusi ittihamçı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir; 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə 293.3.2-cı maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, izah edilsin ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Həmin qərarın 21-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Məhkəmənin mövqeyi: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi Kərimov Eldar Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, onun həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və mənəvi zərərin əvəzi olaraq 50000 manatın alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə hazırlıq iclasında şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanmış və şikayətin bu tələblərə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan plenum qərarından göründüyü kimi xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün mənəvi ziyanın ödənilməsi şərtini irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsinə səbəb olur. Eyni zamanda xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. X5 tərəfindən verilmiş şikayətdən göründüyü kimi o, barəsində şikayət verdiyi şəxsdən mənəvi zərərin əvəzi olaraq 50000 manatın alınıb ona verilməsini tələb etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs qanunda göstərilən qaydada barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi şərti kimi mənəvi zərərin ödənilməsini tələb də bilərdi. Eyni zamanda o, ziyanın ödənilməsi tələbini cinayət mühakimə icraatı zamanı mülki iddia qaydasında verə bilərdi. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Kərimov Eldar Niyazi oğlu barəsində xüsusi ittiham qaydasında şikayəti CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələblərini pozduğundan, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ: Kərimov Eldar Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar