Məhkəmə qərarları › İş №1(5-148)-5/2026

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(5-148)-5/2026

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(5-148)-5/2026 11.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X1 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.2004-cü ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, ev 160-da qeydiyyatda olmaqla orada yaşayan, 30-31 oktyabr 2025-ci il tarixdən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdə, saat 20:30 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Neftçala şəhəri, Babək küçəsindəki fərdi tikilidə yaşayan Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla qanunsuz olaraq içəri daxil olub, evin mətbəxindəki mebelin içərisində olan şüşə vazadan 940 manat pulu və evin yataq otağındakı mebeldən isə 400 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1340 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Əvvəllər bir dəfə yəni, təxminən 4-5 il əvvəl cinayət məsuliyyətinə cəlb olunub. Zərərçəkmiş şəxs onun qohumudur. Belə ki, Elçin onun xalası Könülün əridir. Onlar ailəvi olaraq Neftçala şəhəri, Babək küçəsi ərazisində olan fərdi həyət evində yaşayırlar. 29 oktyabr 2025-ci il tarixdə, saat 19:30 radələrində Elçin ailəsi ilə birlikdə onların evinə qonaq gəlmiş, təqsirləndirilən şəxs, yəni özü də həmin vaxt öz evində olub. Heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı olub. Ona görə də elə evlərində olan zaman özü-özlüyündə belə qərarlaşdırıb ki, Elçinin evinə oğurluğa girsin və nə olsa ələ keçirsin. Amma təxmini olaraq bilib ki, onun evində pul var. Elçin Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində gül satır və daimi olaraq ticarətlə məşğul olur. Axşam saat 20 radələrində evlərindən çıxıb və tək piyada Elçinin evinin yaxınlığına gəlib. Artıq saat 20:30 radələrində evin hasarının yaxınlığındakı sanitar qovşaq tərəfdən hasarı aşaraq həyətə daxil olub. Yol ilə gələrkən Kür çayının sahilində yerdən balaca dəmir parçası tapıb lazım ola biləcəyi üçün üzərində saxlayıb. Evin bütün giriş-çıxışını bildiyi üçün nəyi necə, nə cür, nə vaxt və hansı qaydada edəcəyini artıq dəqiq və tam olaraq bilib. O, evin həyətyanı sahəsində, toyuq-cücə saxlanılan yerin yaxınlığında olan dəmir nərdivanı evin dəhlizinin pəncərəsinin altına gətirmişdir. Oradan yuxarı qalxıb və əlindəki dəmir parçası ilə ağ rəngli, balaca plastik pəncərəni aralayıb açmışdır. Bundan sonra evin dəhlizinə düşmüş və birbaşa evə daxil olmuşdur. Təxmini olaraq hər şeyin yerini əvvəlcədən bilmişdir. Əvvəl evin mətbəxinə keçmiş və mətbəxin mebelinin içərisindəki şüşə vazada olan 940 manat pulu götürüb cibinə qoymuşdur. Bundan sonra mətbəxlə bitişik olan yataq otağına daxil olmuş və oradakı mebelin içərisində olan 400 manat pulu da götürüb cibinə qoymuşdur. Daha sonra isə evi axtarmamışdır. Özünə xərcləmək üçün lazım olan qədər pul oğurladığı üçün evə girdiyi yerdən də evdən çıxmışdır. Əlində olan və özü ilə gətirdiyi dəmir parçasının isə harada düşüb qaldığını dəqiq bilməmişdir. Yenə də həyətə hasardan tullanıb girdiyi yerdən küçəyə tullanaraq çıxıb getmişdir. Piyada tək gəldiyi yolla yaşadığı evə qayıtmışdır. Yolda yerdən boş ağ rəngli siqaret paketi tapmış və oğurladığı pulları həmin boş paketə qoymuşdur. Pulları saydıqda məbləğinin cəmi 1340 manat olduğunu bilmişdir. Piyada tək gələrkən özünə yeməyə xırda və yüngül şeylər almış və oğurladığı puldan 29 manat xərcləmişdir. Saat 22 radələrində yaşadığı evə gəlib çatmışdır. Xalası və onun əri Elçin ailəlikcə artıq birlikdə çıxıb getmişlər. Oğurladığı pulla birlikdə evinə girməmiş, pulu həyətlərinin giriş qapılarının yaxınlığında hasarın dibinə atmışdır. Saat 23:30 radələrində yaşadığı evdə olarkən Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş və ona onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, orada tək törətdiyi oğurluq cinayəti hadisəsini etiraf etmişdir. Oğurladığı pulları özü könüllü olaraq təqdim edib. Əməlindən peşmandır. Zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. 29 oktyabr 2025-ci il tarixdə, saat 19 radələrində ailə üzvləri ilə birlikdə Neftçala şəhərində yaşayan qohumunun, yəni təqsirləndirilən şəxs olan Əzizgilə, onun anasının ad gününü təbrik etmək üçün qonaq gedib. Həmin qonaqlıqda saat 22 radələrinə qədər iştirak etmiş və bundan sonra ailə üzvləri ilə birlikdə daimi yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra ona məlum olmuşdur ki, yaşadığı evdə olmadığı vaxt evin hasarından tullanaraq həyətyanı sahəyə daxil olmuş naməlum şəxs və ya şəxslər evin dəhlizində olan balaca plastik pəncərəni həyətdən kənar müdaxilə ilə açaraq evinə qanunsuz olaraq daxil olmuşdur. Yaşadığı evin mətbəxindəki mebelin içərisində olan şüşə vazadan 940 manat pul və evin yataq otağındakı mebeldən isə 400 manat pul naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq aparılmışdır. 30 oktyabr 2025-ci il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət hadisəsini törətmiş şəxs olan qohumu, yəni Neftçala şəhər sakini Təqsirləndirilən şəxs saxlanılaraq istintaq orqanına təqdim edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun evindən oğurladığı pulları gizlətdiyi yerdən götürərək təqdim etmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam olaraq ödənilib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə məhkəməyə ərizə təqdim edib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisidir. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 30 oktyabr 2025-ci il tarixdə, gecə radələrində Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs Neftçala şəhəri, Babək küçəsi ərazisindəki fərdi yaşayış evindən 1340 pulunun oğurlanmasında şübhəli bilinərək Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində saxlanılıb Neftçala RPŞ-nə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-in NMQ-un baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Neftçala RPŞ-in İTB-in sahə inspektoru, polis leytenantı Şahid3 iştirak edib. Neftçala RPŞ-in inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxsla aparılan söhbət zamanı o, tək olaraq törətdiyi oğurluq cinayəti əməlini etiraf etdikdən sonra oğurladığı 1340 manat pulu təqdim etdmək istədiyini bildirmişdir. Onunla birlikdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisinə gəlmiş və Əziz yaşadığı evin yaxınlığında daş hasarın dibində ağ rəngli boş siqaret paketinin içərisində gizlətdiyi 7 ədəd 100 manatlıq əskinasdan, 6 ədəd 50 manatlıq əskinasdan, 13 ədəd 20 manatlıq əskinasdan, 5 ədəd 10 manatlıq əskinasdan və 1 ədəd 1 manatlıq əskinasdan ibarət olan 1311 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Oğurladığı puldan biz az, yəni təxminən 29 manat məbləğində öz şəxsi məqsədləri üçün mağazadan yeməyə və içməyə şeylər aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və dörd ədəd fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur. Tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Şahid qismində dindirilmiş Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Zərərçəkmiş şəxs tərfindən Neftçala RPŞ-nə ünvanlanmış xx.xx.2026-cı il tarixli, habelə xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclası zamanı təqdim etdiyi ərizələrdən görünür ki, cinayət işi üzrə ona vurulmuş ziyan tam olaraq ödənilmiş, hazırda heç bir şikayət və tələbi yoxdur. Neftçala Rayon Məhkəməsinin 1(053)-30/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, üzərində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, cəza müddəti başa çatdığı üçün xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 30 – 31 oktyabr 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurduğu zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən «qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş cəza şərti hesab edildiyindən onun əməlində cinayətin residivi yoxdur». Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün axşam saat 22.00-dan növbəti gün səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30-31 oktyabr 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar