Məhkəmə qərarları › İş №1(5-148)-8/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(5-148)-8/2026

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(5-148)-8/2026 11.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 04 fevral 2026-cı il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında audio-video yazı istifadə edilməklə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 09 yanvar 2026-cı il tarixdə, saat təxminən 12:16 radələrində Neftçala rayonu, Bankə qəsəbəsində yaşadıqları evdə aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döyərək sonuncuya sifətin sol, boynun sol aşağı nahiyələrinin sıyrıqları, sol almacıq, sağ gözaltı nahiyənin şişkinliyi və qançırları, sağ gözün ağlı qişasının qansızması ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Bankə qəsəbəsində yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar təxminən 3 il müddətdir ki, qeyri-rəsmi münasibətdədirlər. Onların bir oğlan övladları vardır. Onların dəfələrlə ailədaxili mübahisələri olmuşdur. Nigar təxminən 1 həftə müddət idi ki, Salyan rayonuna valideynlərinin yaşadığı yerə getmişdir. Həmin müddət ərzində o, evdə olan bəzi məişət əşyalarından istifadə etmişdir. Nigar xx.xx.2026-cı il tarixdə, səhər saatlarında Neftçala rayonu, Bankə qəsəbəsində yaşadıqları evə qayıtmışdır. Evə gəldikdən sonra Zərərçəkmiş şəxs ondan evdə olan bəzi məişət əşyalarından niyə istifadə etdiyini soruşmuşdur. Onlar bu mövzuda mübahisə etməyə başlamışdır. Həmin vaxt Nigar stolun üzərində olan bıçağı götürərək özünə xəsarət yetirəcəyini bildirmişdir. O, Nigar əqli cəhətdən qüsurlu olduğu üçün onun üzərinə çox getməmiş, biraz sakitləşdikdən sonra özünə xəsarət yetirməsin deyə bıçağı onun əlindən almışdır. O, həmin vaxt Nigarı bıçaqla öldürməklə hədələməmişdir. Sadəcə özünə xəsarət yetirməsin deyə bıçağı onun əlindən almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs anası Lalə Babayevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, bundan əsəbləşdiyi üçün xx.xx.2026-cı il tarixdə, saat təxminən 12:16 radələrində Neftçala rayonu, Bankə qəsəbəsində yaşadıqları evdə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar qeyri-rəsmi münasibətdədirlər. Bu münasibətdən onların bir oğlan övladı olmuşdur. Onların dəfələrlə ailədaxili mübahisələri olmuşdur. O, təxminən 1 həftə müddətdir ki, Salyan rayonuna valideynlərinin yaşadığı yerə getmişdir. Həmin müddət ərzində o, “Whatsapp” statusunda müxtəlif videolar paylaşırmış. X1 “Whatsapp”da yazaraq, niyə belə videolar paylaşdığını demişdir. O, qaynanasına nə paylaşacağını özü biləcəyini demişdir. O, xx.xx.2026-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində yaşadığı evə gəlmişdir. Həmin vaxt Əliniyaz evdə olmuşdur. O, evə daxil olduqdan sonra Əliniyaz ona niyə anası Laləyə elə söz dediyini soruşmuş və onun üz nahiyəsinə sillə ilə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmağa başlamışdır. O, həmin vaxt stolun üzərində olan bıçağı götürərək əgər onu yenə vurarsa, özünə xəsarət yetirəcəyini bildirmişdir. Həmin vaxt Əliniyaz özünə xəsarət yetirməsin deyə bıçağı onun əlindən almışdır. Sonradan isə həmin bıçaqla onu öldürməklə hədələməyə başlamışdır. xx.xx.2026-cı il tarixdə, saat 12:16 radələrində Neftçala rayonu, Bankə qəsəbəsində yaşadıqları evdə olan zaman qeyri-rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs aralarında yaranmış ailə münasibətləri zəminində mübahisə zamanı onun üz nahiyəsinə sillə ilə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır, onlar yaşadıqları evdə ikisi olmuşdur. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə ərizəni məhkəməyə təqdim edir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 12 yanvar 2026-cı il tarixli, 09 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sifətin sol, boyunun sol aşağı nahiyələrinin sıyrıqları, sol almacıq, sağ gözaltı nahiyənin şişkinliyi və qançırları, sağ gözün ağlı qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə sillə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eləcə də barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar