Məhkəmə qərarları › İş №1(5-150)-11/2026

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(5-150)-11/2026

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(5-150)-11/2026 18.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, əvvəllər məhkum olunmayan, Saatlı rayon MKTİB-də işləyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs boşanma ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs1 Saatlı şəhəri, H.Əliyev prospekti 190 ünvanında yerləşən “Bol market” ticarət mərkəzində işləməsini güman edərək, 18 fevral 2026-cı il tarixdə saat 13:30 radələrində “Bol market” ticarət mərkəzinə gedib, içəri daxil olaraq orada Zərərçəkmiş şəxs1 görüb yanına yaxınlaşaraq sonuncudan boşanmaq istəmədiyini və müvafiq ticarət mərkəzində ondan xəbərsiz işləməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan həmin vaxt “Bol market” ticarət mərkəzinin işçilərinin və müştərilərinin gözü qarşısında özünü hər kəsdən üstün tutaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs1 binanın içərisində malların yığıldığı vitrinlərin arasında kənar şəxslərin yanında qəsdən bir dəfə sillə ilə sifət nahiyəsinə zərbə vuraraq ona sol yanağın selikli qişasında yara, sol yanaq nahiyədində hematoma və həmin zərbədən yerə yıxılması nəticəsində sol bazunun orta 1/3-də ic səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə qancırlar, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ bayır topuq proyeksiyasında sıyrıqlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, sonra qərəzli xuliqanlıq hərəkətlərinin davamı olaraq kənar şəxslərin yanında Zərərçəkmiş şəxs1 qolundan və paltarından tutub fiziki zor göstərərək bıçaqla öldürmək ilə hədələyib zorla mağazanın binasından çölə çıxarıb yaxınlıqdakı “Muğan” parkına aparmış, həmçinin bu əməlləri ilə 5 dəqiqə müddət ərzində “Bol market” ticarət mərkəzinin iş rejimini və orada olan kənar şəxslərin dincliyini qəsdən pozaraq xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həyat yoldaşı Fidanın boşanmaq istəməsinə dözə bilməyib xx.xx.2026-cı il tarixdə təxminən saat 13:30 radələrində Fidanın təcrübə keçdiyi Saatlı şəhərində yerləşən “Bol market” ticarət mərkəzinə gedib ona, “burada nə işin var” demişdir. Lakin Fidan ona, “özüm bilərəm harada işləyirəm” deməsinə görə o, onun sifət nahiyəsinə sillə ilə zərbə vurmuşdur. Zərbənin təsirindən Fidan yanı üstə yerə yıxılmışdır. Həmin vaxt ticarət mərkəzində olan işçilərdən Cavid və adını dəqiq bilmədiyi şəxslər hadisəyə müdaxilə etmək istəmişlər. Lakin o, həmin şəxslərin üstünə qışqırıb onlara, Fidanın həyat yoldaşı olduğunu deyib yaxına gəlməmələrini tələb etmişdir. Bundan sonra o, Fidanın qol və boyun nahiyəsindən yapışıb onu dartaraq ticarət mərkəzinin arxa qapısından çölə çıxarıb “Muğan” parka aparağa çalışmışdır. Lakin Fidanı Ticarət mərkəzinin qapısından çıxaran zaman orada işçilərdən bir nəfər kişi onları ayırmaq üçün araya girən zaman o, əli ilə həmin şəxsi ticarət mərkəzinə tərəf itələyib onun işinə qarışmamasını bildirmişdir. Bundan sonra Fidanı qollarından tutub onu “Muğan” parka aparıb orada skamyada otuzdurub onunla söhbət edib ona söz-söhbəti yığışdırmasını və gedib yenidən öz həyatlarını davam etdirmələrini xahiş etmişdir. Lakin Fidan onu yaşadığı kəndə aparması üçün gələn və taksi fəaliyyəti göstərən dayısı oğlu X1 döydüyünü deyib qardaşı Səbuhiyə zəng edib məlumat verməsini xahiş etmişdir. Fidanın sözündən sonra Elməddin çıxıb getmişdir. Fidan onunla parkda qalıb söhbət etməyə davam etmişdir. Təxminən 1 saat sonra qaynı Səbuhi parka gəlmişdir. O, da Səbuhiyə əmisioğlu olmasını deyib yaranmış söz-söhbəti qaydaya qoymasını və onun ailəsini özünə qaytarmasına köməklik etməsini xahiş etmişdir. Səbuhi də ona bu məsələnin ona deyil atasına aid olduğunu bildirmişdir. Daha sonra hadisə yerinə Saatlı RPŞ-nin əməkdaşları yaxınlaşıb izahatının alınması üçün onu RPŞ-yə dəvət etmişlər. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, özünü etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Saatlı şəhər Peşə liseyində təhsil aldığıdan həmin peşə liseyi tərəfindən təcrübə keçməyi üçün 1 ay müddətinə Saatlı şəhərində yerləşən “Bol market” ticarət mərkəzinə göndərilmişdir. X2 onun keçmiş həyat yoldaşıdır. xx.xx.2026-cı il tarixdə təxminən saat 13:30 radələrində “Bol market” ticarət mərkəzində praktikada olan zaman onun orada təcrübə keçdiyini bilən Təqsirləndirilən şəxs ticarət mərkəzinə gəlib ona, “burda nə gəzirsn” deyərək sifət nahiyəsinə sillə ilə güclü zərbə vurmuşdur. Zərbənin təsirindən o, sağ yanı üstə yerə yıxılmışdır. Fərid də yerə yıxıldığını görüb qolundan və boyun nahiyəsindən tutub onu sürüyüb ticarət mərkəzinin arxa qapısından çölə çıxarmağa çalışmışdır. Həmin vaxt o, kassanın qarşısında olan metal arakəsmədən yapışmışdır. Lakin Fərid güc tətbiq etdiyi üçün o, məcbur qalıb metal arakəsmədən əlini buraxmışdır. Bundan sonra Fərid onu qolundan dartıb ticarət mərkəzinin qapısından çölə çıxartmışdır. Həmin vaxt Fərdin onun sifət nahiyəsinə vurduğu zərbənin təsirindən başı gicəldiyinə görə halsız olduğu üçün aşağı oturmuşdur. Bu zaman ona kömək etmələri üçün arxasınca gələn Zümrüd və Cavid qapının qarşısında Fəridlə mübahisə etmişlər. Mübahisə zamanı Fərid əli ilə Cavidi kənara itələyib ona, “həyat yoldaşımdır özüm bilərəm” deyib ona işinə qarışmamasını bildirmişdir. Bundan sonra Fərid onu yerdən qaldırıb qollarından yapışıb Muğan parkına aparmağa çalışmışdır. Həmin vaxt o, Fəridə müqavimət göstərmək istəsə də, sonuncu ona səsini çıxaracağı halda üzərində olan bıçaqla onu doğrayacağını demişdir. O, Fəridin dediyi sözdən qorxduğu üçün səsini çıxartmayıb onunla birlikdə Muğan parkına getmişdir. Parkda olarkən Fərid onu skamyada otuzdurub ona məhkəmədən boşanma ərizəsini geri götürməyini və yenidən birgə yaşamalarını tələb edib əgər onun dedikləri ilə razılaşmasa özünü öldürəcəyi barədə video çəkəcəyini, həmçinin onu da öldürəcəyini və atası ilə qardaşını tutdurması üçün onlara böhtan atacağını bildirmişdir. Fəridin onunla mübahisə etməsinə və vurmasına görə onu yaşadığı evə aparması üçün arxasınca gələn taksi fəaliyyəti göstərən həmkəndlisi Elməddin Hənifəyevə qardaşı Şahid4 zəng edib məlumat verməsini xahiş etmişdir. Elməddin də onun ağladığını görüb qardaşına zəng edib Fəridin onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra qardaşı Səbuhi DİN-nin 102 xidmətinə zəng edib Fəridin onu döyməsi barədə məlumat verib onu götürməsi üçün idarə etdiyi avtomobillə Muğan Parka gəlmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib ərizə və izahatının alınması üçün onu Saatlı RPŞ-yə dəvət etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Saatlı şəhəri Heydər Əliyev prospekti 190 ünvanında yerləşən “Bol market” ticarət mərkəzinin müdiridir. xx.xx.2026-cı il tarixdə müdiri olduğu ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı məlumatı ona ticarət mərkəzində nəzarətçi işləyən Şahid1 demişdir. Buna qədər onun hadisə barədə məlumatı olmamışdır. Şahid1 ticarət mərkəzinin müşahidə kamerasının görüntülərini ona göndərdikdən sonra həmin görüntülərdə günorta saatlarında ticarət mərkəzində təcrübə keçməyə gəlmiş Zərərçəkmiş şəxs1 əri Fərid adlı şəxs tərəfindən döyüldüyünü görmüşdür. Hadisə nəticəsində ticarət mərkəzinin iş fəaliyyəti 5 dəqiqə müddətinə pozulmuşdur. Əlavə olaraq bildirmişdir ki, Fərid adlı şəxsin arvadı Zərərçəkmiş şəxs1 döyməsi nəticəsində ticarət mərkəzinin adı cəmiyyət içərisində yaxşı hallanmamış və ticarət mərkəzinin işgüzar imicinə xələl gəlmişdir. Buna görə də həmin hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı şəhəri mərkəzi bazarında yerləşən “Bol market” ticarət mərkəzində nəzarətçi işləyir. xx.xx.2026-cı il tarixdə saat 13:30 radələrində nəzarətçi olduğu üçün ticarət mərkəzinin çay vitrinlərinin yanında dayanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanına gəlib ona salam verərək ondan həyat yoldaşının burada işləyib-işləmədiyini soruşmuşdur. Fərid ondan cavab gözləməmiş anidən həyat yoldaşı olmuş Fidanı vitrinlərin arasında dayandığını görmüşdür. Bundan sonra Fərid ona heç bir söz deməyib cəld Fidanın olduğu yerə getmişdir. O, da Fəridin hərəkətlərindən onun əsəbi olduğunu görüb onun nəsə bir hadisə törədəcəyini ehtimal edib onun arxası ilə getmişdir. Fəridlə Fidanın olduğu yerə çatıb Fidandan Fərdin onun nəyi olmasını soruşmuşdur. Fidan da ona Fəridin onun keçmiş həyat yoldaşı olduğunu demişdir. Fərid də Fidanın bu sözünə əsəbiləşib ona, “mən səndən hələ boşanmamışam” deyib onun sifət nahiyəsinə sillə ilə zərbə vurmuşdur. Zərbənin təsirindən Fidan müvazinətini itirib sağ yanı üstə fırlanmış, yerə yıxılmışdır. Həmin vaxt o, və marketddə satıcı işləyən Saməddin araya girib Fəridi sakitləşdirmək istəmişlər. Lakin Fərid əli ilə onu və Saməddini kənara itələyib Fidanın qolundan və paltarının boyun hissəsindən yapışıb onu məcbur olaraq dartıb vitrinlərin arası ilə marketin arxa qapısına doğru aparmışdır. Həmin vaxt Fidan qışqıraraq kömək istəmişdir. O, isə hadisəyə müdaxilə etməyi üçün onların arxası ilə getmişdir. Həmin vaxt arxasınca Saməddinin gəldiyini görüb ona geri qayıtmasını tapşırıb və irəliyə getmişdir. Lakin ticarət mərkəzinin arxa qapısına çatarkən Fidanın qışqıraraq kömək istədiyini görən ticarət mərkəzinin işçisi olan Şahid3 onların arxası ilə gedib qapının çöl tərəfində Fidana kömək etməsi üçün Fəridin sinəsindən əli ilə itələyib onu dayandırmaq istəmişdir. Həmin vaxt Fidan Fəridin onu apara bilməməsi üçün aşağı oturmuşdur. O, isə ticarət mərkəzinin qapısının ağzında dayanıb Fəridi Fidanı aparmasına mane olmağa çalımışdır. Lakin Fərid onu da əli ilə arxaya itələyib həm Sevincə, həm də ona, “həyat yoldaşımdır özüm bilərəm” deməsinə görə onlar da onun ailə məsələsi olmasını nəzərə alıb hadisəyə müdaxilə etməmişlər. Fərid də Fidanın arxasından qolunu tutub onu məcburi şəkildə Muğan Parkına tərəf aparmışdır. Bundan sonra o, mobil nömrəsi telefonunda olduğuna görə Fidanı marketə gətirən taksi sürücüsü Pərviz adlı şəxsə zəng edib ona hadisə barədə məlumat verib bu barədə Fidanın ailəsinə deməsini bildirmişdir. Daha sonra ticarət mərkəzində işlərinə qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Saatlı şəhəri mərkəzi bazarında yerləşən “Bol market” ticarət mərkəzində xəzinədar işləyir. xx.xx.2026-cı il tarixdə o, marketin yağ yığılan vitrinlərinin yanında olarkən kiminsə kömək edilməsi barədə yardım istədiyini eşitmişdir. O, vitrinlərin arasından kassanın yanına çıxıb səs gələn tərəfə baxan zaman Fidanın Fərid tərəfindən məcburi qaydada gətirildiyini görmüşdür. Təqsirləndirilən şəxs Fidanı kassanın qarşısındakı keçid yoludan keçirib ticarət mərkəzinin qapısından çölə çıxarmağa çalışmışdır. Fidan isə marketin qapısının qarşısında aşağı oturub Fəridin onu aparmasına mane olmaq istəmişdir. O, da Fidanın yalvarışlarını görüb ona kömək etmək istəmişdir. Buna görə də marketin qapısından çölə çıxıb Fəridə Fidanı aparmasına mane olmağa çalışmışdır. Həmin vaxt Fidana kömək etməyi üçün əli ilə Fəridi kənara itələmişdir. Lakin Fərid də əli ilə onu kənara çəkmək istəyən iş yoldaşı Şahid1 kənara itələyib onlara “həyat yoldaşımdı özüm bilərəm nə edirəm” demişdir. Onlar da ailə məsələsi olduğuna görə hadisəyə müdaxilə etməmişlər. Fərid də Fidanı oturduğu yerdən ayağa qaldırıb arxasından qolunu tutaraq onu məcburi şəkildə Muğan Parka tərəf aparmışdır. Bundan sonra ticarət mrkəzində işlərinə qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Saatlı şəhəri mərkəzi bazarında yerləşən “Bol” market ticarət mərkəzində satıcı işləyir. xx.xx.2026-cı il tarixdə o, satıcısı olduğu meyvə vitrinlərin yanında müştərini yola salmışdır. Həmin vaxt konfet vitrinlərinin yığıldığı yerdən səs-küy gəldyini eşidib həmin istiqamətə getmişdir. Belə ki,ondan əvvəl ticarət mərkəzinin administratoru Cavid müəllim və vitrinlərə nəzarət edən Gülbikə adlı iş yoldaşı da səs-küyü eşitdiyi üçün həmin yerə getmişlər. Onlar həmin yerə çatarkən o, Fidanın keçmiş həyat yoldaşı olmuş Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə sillə ilə zərbəsi vurduğunu görmüşdür. Zərbənin təsirindən Fidan müvazinətini itirib sağ yanı üstə fırlanmış, lakin yerə yıxılmamışdır. Həmin vaxt o, Fəridin qolundan yapışıb onu hərəkətlərindən çəkindirməyi üçün kənara çəkmək istəmişdir. Lakin Fərid əli ilə onun çiynindən onu kənara itələmişdir. Bundan sonra Fərid Fidanın qolundan və paltarının boyun hissəsindən yapışıb onu məcbur olaraq vitrinlərin arası ilə marketin arxa qapısına doğru aparmışdır. O, isə hadisəyə müdaxilə etməyi üçün onların arxası ilə getmək istəmiş, lakin Cavid müəllim onu yerlərinə qayıtmalarını tapşırdığı üçün o, da getməyib işlədiyi vitrinin yanına getmişdir. Bundan sonra nə baş verdiyini görməmiş və bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır. Bacının əri Təqsirləndirilən şəxs isə atası Qəzənfərin ögey əmisi oğludur. Bacısı Zərərçəkmiş şəxs1 təhsil aldığı peşə liseyi tərəfindən təcrübə keçməsi üçün Saatlı şəhərində “Bol market” ticarət mərkəzinə göndərilmişdir. Belə ki, bacısını həmin ticarət mərkəzinə hər gün taksi fəaliyyəti göstərən rayonun Dədə Qorqud kəndində yaşayan Pərviz adlı taksi sürücüsü aparıb-gətirmişdir. Lakin hadisə günü də Pərvizin işləri çox olduğuna görə o, bacısını gətirə bilmədiyi üçün həmkəndlisi Elməddin Hənifəyevdən bacısını gətirməsini xahiş etmişdir. Elməddin bacısının arxası ilə getmiş, lakin bacısı Elməddini görüb ona ərinin onu döydüyünü deyib bu barədə ona məlumat verməsini xahiş etmişdir. Elməddin də ona zəng edib Fidanın ona dediklərini demişdir. O da özlərinə məxsus avtomobillə yola çıxıb Saatlı şəhərinə doğru hərəkət etmişdir. Yolda hərəkətdə olarkən DİN-nin 102 xidmətinə zəng edib münaqişə barədə məlumat vermişdir. Daha sonra Muğan Parka gəlmişdir. O, parka çatanda artıq polis əməkdaşlarının da parka gəldikərləni görmüşdür. Polis əməkdaşları onları ərizə və izahat vermələri üçün Saatlı RPŞ-yə dəvət etmişlər. O da bacısı Fidanla birlkdə Saatlı RPŞ-yə gəlmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Bol market” ticarət mərkəzinin inzibati binasıdır. Hadisə yeri Zərərçəkmiş şəxs1 tərəfindən göstərilmişdir. Zərərçəkmiş şəxs1 ilk öncə boşanma ərəfəsində olan əri Təqsirləndirilən şəxs tərəfindən onu heç bir əsas olmadan döyməsini, sifət nahiyyəsinə sillə vuraraq xəsarət yetirdiyi bildirməklə, döyüldüyü yeri, sonra qolundan və paltarından tutaraq zorla mərkəzdən çıxarmağa cəht etdiyi yeri, daha sonra mərkəzin arxa qapısından çıxarıb yaxınlıqdakı “Muğan” parkına apardığı yolu və parkda otuzdurduğu skamyanı göstərdi. Bundan başqa baxış zamanı “Bol market” ticarət mərkəzi videomüşahidə kameraları ilə qeyd alındığı üçün, mərkəzin nəzarətçisi Şahid1 tərəfindən hadisəni qeydə alan 04 ədəd fayl təqdim etdiyindən həmin videogörüntüyə baxış keçirilən zaman fayllar 1, 2, 3 və 4 adlı və müvafiq olaraq 20, 21, 15 və 23 saniyədən ibarət olduğu məlum oldu. Baxış zamanı məlum olur ki, 1 adlı faylın 11-ci saniyəsində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 mərkəzin içərisində, işçilərin və müştərilərin yanında sillə ilə sifət nahiyyəsinə vurur və zərbənin təsirindən o, yerə yıxılır, mərkəzin işçiləri ona müdaxilə etmələrinə qarşı çıxır, 2 adlı faylın 16-cı saniyəsində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 qolundan və paltarından tutub zorla mərkəzin içərisində hərəkət etdirir, 3 və 4 adlı faylda isə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 mərkəzin arxa qapısından zorla çıxarıb yaxınlıqdakı “Muğan” parkına aparır. Videogörüntüdə saat 13:16 kimi əks olunsada, videomüşahidə qurğusunun saatı faktiki saatdan 14 dəqiqə geri qalmasını nəzərə alsaq hadisə saat 13:30 radələrində baş verdiyi müəyyən olunur. Videogörüntülərə baxış zamanı hadisə baş verən zaman mərkəzin işçiləri olan Şahid1, Şahid2 və Şahid3 mübahisə baş verməsin deyə Təqsirləndirilən şəxs aralaşdırmağa və sakitləşdirməyə çalışsalarda Təqsirləndirilən şəxs onları əli ilə itələyərək öz əməlini davam etdiridi. Baxış kecirilməsi haqqında protokol ilə müəyyən edilmişdir ki, hadisə yeri tiçarət mərkəzi olmaqla ictimai yer hesab olunur. Bununla bağlı hadisə yerinin fotoşəkilləri cəkilmiş, həmcinin baş vermiş hadisənin video gürüntüləri 1 ədəd diskdə götürülmüş, bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 23 fevral 2026-çı il tarixli 22 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol yanağın selikli qişasında yara, sol yanaq nahiyəsində hematoma, sol bazunun orta 1/3-də ic səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə qancırlar, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ bayır topuq proyeksiyasında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2026-çı il tarixə uyğun gəlir, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsn əvəllər məhkum olunmamışdır. Lakin Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cnayət işi üzrə icraata CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs şağlamlığında olan xəstəliklə bağlı İİİ dərəcəli əlildir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİİ dərəcəli əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar