Məhkəmə qərarları › İş №1(5-150)-3/2026

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(5-150)-3/2026

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(5-150)-3/2026 05.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi Babayev samir Hakim oğlunun, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Saatlı rayonu Əliabad kəndində qeydiyyatda olan, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 365,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Saatlı rayonu, Qıraqlı kəndində yaşadığı evin yaxınlığında həmin narkotik vasitəni əynindəki gödəkçənin içərisində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 20:17-dən 20:27-dək olan müddətdə üstünə baxış keçirilərkən əynindəki gödəkçənin içərisində 1 ədəd narıncı rəngli polietilen torbanın içərisində şəffaf rəngli torbada qanunsuz olaraq əldə edib saxladığı həmin xeyli miqdarda, təmiz çəkisi 365,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 1 ildir ki, narkotik vasitə olan el arasında nəşə kimi tanınan çətənə bitkisindən istifadə edir. O, həmin bitkidən tapanda istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Saatlı rayonu Qıraqlı kəndinin çöl sahəsində su kollektorunun yaxınlığında yerləşən yurd sahəsinə nəzarət etmək üçün getmişdir. Həmin vaxt axşam radələrində yurd yerindən yaşadığı evə gələn zaman qeyd etdiyi su kollektorunun yaxınlığında, yolun kənarında 01 ədəd narıncı rəngli sellofan torba görmüşdür. Həmin torbanı götürüb içərisinə baxan zaman içərisində el arasında nəşə adlanan qurudulmuş marixuana olduğunu görmüşdür. O, əvvəllərdə marixuanadan istifadə etdiyi üçün sellofan torbanın içərisinə baxan kimi marixuana olduğunu tanımışdır. Bundan sonra həmin sellofan torbanı götürüb əynində olan gödəkçənin içərisinə qoymuşdur. Bundan sonra o, piyada yaşadığı Qıraqlı kəndində yerləşən evinə tərəf getməyə başlamışdır. Təxminən saat 20:17 radələrində Saatlı rayonu Qıraqlı kəndində yaşadığı evin yaxınlığındakı yolda piyada hərəkətdə olan zaman yanında bir avtomobil dayanmış və içərisindən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə maşından düşərək ona yaxınlaşmış, özlərini təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər, həmçinin xidməti vəsiqələrini göstərərək, onun özünü təqdim etməyini istəmişlər. Ona özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etmək təklif edilmişdir. O, əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, əynində olan gödəkçənin içəri hissəsindən 01ədəd narıncı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin 01 ədəd narıncı rəngli sellofan torbadakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 01 ədəd sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür.Bütün bunlarla bağlı protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 13 dekabr 2025-ci il tarixdə Saatlı rayon Qırağlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB nin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 20:17 radələrində Saatlı rayon Qıraqlı kəndi ərazisində piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq, ona həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək, üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub- olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkcənin içəri hissəsindən 01 ədəd narıncı rəngli sellofan torbanı, əynindəki şalvarın sol yan cibindən 01 “Redmi” markalı mobil telefonu, 01 ədəd 5 manatlıq pul əskinazını, 01 qutu siqareti və 01 ədəd alışqanı, şalvarın sağ yan cibindən 01 qutu siqareti çıxarıb təqdim etmişdir. Bundan sonra həmin narıncı rəngli sellofan torbanın içərisində “narkotik” olduğunu, həmin “narkotiki” tapdığını bildirmişdir. Həmin sellofan torba açılıb içərisinə baxılarkən, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 372 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd “Redmi” markalı mobil telefon və Təqsirləndirilən şəxs müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı tərəflərindən protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadələsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda onun ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 dekabr 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin içərisində saxladığı 01 ədəd narıncı rəngli sellofan torba ilə birlikdə 372 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. 13 dekabr 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayon Qıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd narıncı rəngli sellofan torba ilə birlikdə 372 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında 13 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:17 dəqiqədə Saatlı Rayonu Qıraqlı kəndində yaşadığı küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin vaxtdan CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-bioloji ekspertizanın 14 dekabr 2025-ci il tarixli 18/838 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi– 365,0 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertin 05 yanvar 2026-cı il tarixli 15 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ- yə daxil olmuş Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən müəyən olunur ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Saratov vilayəti Engels rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2016-cı il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadalıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 7-cü bəndinin 4-ci hissəsində gösrərilmişdir ki, xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluqların birbaşa yaxud müvafiq prodsedurdan sonra nəzərə alımasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, bu məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alına bilməz. Lakin digər hüquqi məsələlərin həllində məsələn AR Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyətini qiymətləndirilərkən nəzərə alına bilər. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə kustar üsulla hazırlanmış marixuananın miqdarı 5 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, Şəhid atası olan babasının onun himayəsində olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, üzərindən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 13 dekabr 2025-ci il tarixdən 15 dekabr 2025-ci il tarixədək tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 13 dekabr 2025-ci il tarixdən 15 dekabr 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı,cəzasının əvvəli 04 fevral 2026-cı il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, təqsirləndirilən şəxs X2 narkoloji dispanserində qeydiyyata alınmalı və Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır (CM93.1.2). İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 365 qram olan tədqiqatdan sonra qalıq qalmış 364,90 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir(CPM-132). İş üzrə maddi sübut olan 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 67,30 (altmış yeddi tam otuz) manat manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2025-ci il tarixdən 15 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzasının əvvəli 05 fevral 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Saatlı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 365 qram olan tədqiqatdan sonra qalıq qalmış 364,90 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi tam otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar