Məhkəmə qərarları › İş №1(5-150)-9/2026

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(5-150)-9/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(5-150)-9/2026 12.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Saatlı rayonu Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, subay, Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 dekabr 2025-ci il tarixdə saat 23 radələrində əvvəllər sevgi münasibətində olduğu həmkəndlisi X1 zor tətbiq edərək sağlamlığına yüngül zərər vurma faktı ilə bağlı Saatlı RPŞ-nin İB-də ibtidai istintaqı aparılan cinayət işi üzrə sonuncunun və ailə üzvlərinin şikayətini geri götürmələrini tələb etmək bəhanəsi ilə Aytac Əhmədovanın nənəsi Zərərçəkmiş şəxs1 Saatlı rayon Musalı kəndində yerləşən fərdi yaşayış evinə getmiş, darvaza qapısının bağlı olduğunu görüb hasarın üzərinə çıxaraq həyətə daxil olmuş, bağlı olan evin giriş qapısını döydükdən sonra Zərərçəkmiş şəxs1 və sonuncunun digər nəvəsi Zərərçəkmiş şəxs2 evdə olduğunu bildiyindən onların evin qapısını açmadığını görüb qəzəblənərək evin pəncərəsini sındırmaqla Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradəsi ziddinə evə daxil olub onların mənzil toxunulmazlığını pozmuş, daha sonra cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1 tərəf qətiyyətlə irəliləyərək öz yaşadığı fərdi yaşayış evindən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə evin qonaq otağında şəxsi mübahisəni həll etmək məqsədi daşımayan xuliqanlıq niyyəti ilə, yəni ictimai və şəxsi davranış qaydalarına açıq hörmətsizlik nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla bərabər nümayişkaranə və aqressiv davranışlar sərgiləyərək heç bir səbəb olmadan xx.xx.1954-cü il təvəllüdlü qoca olmaqla ona müqavimət göstərmək imkanına malik olmayan, yəni köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 üzərinə hücum edib sonuncunun yaxın qohumu olan nəvəsi Zərərçəkmiş şəxs2 gözləri qarşısında xüsusi amansızlıqla zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla zərbələr yetirməklə ənsə nahiyəsində, sağ bazu oynağının üst səthində, sağ çiyin qurşağı proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də arxa səthdə və sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən sağlamlığa yüngül zərər vurmaya aid kəsilmiş deşilmiş yaralar ilə müşahidə olunan, həmçinin yumruq və təpiklə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sol gözaltı nahiyədə, sol almacıq sümüyü proyeksiyasında, çənə altı nahiyədə, sağ əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında qançırdan ibarət qəsdən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs2 mətbəxə qaçdığını görüb arxasınca gedərək şəxsi mübahisəni həll etmək məqsədi daşımayan xuliqanlıq niyyəti ilə, yəni ictimai və şəxsi davranış qaydalarına açıq hörmətsizlik nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla bərabər nümayişkaranə və aqressiv davranışlar sərgiləyərək heç bir səbəb olmadan orada olan suqızdıranla, yumruqla və təpiklə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirərək sol təpə-alın nahiyəsində və sağ budun aşağı 1/3-də bayır səthdə qançırlardan ibarət qəsdən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən, həmçinin zərərçəkmişi yerə yıxdıqdan sonra sol qolunu buraraq sol bazu sümüyünün aşağı ucunun qapalı azyerini dəyişən sınığı və sol dirsək oynağının qapalı çıxığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həmkəndlisi X2 ilə sevgili olmuş, onun başqa oğlanlarla danışması ilə bağlı aralarında olan mübahisənin nəticəsində 2025-ci ilin sentyabr ayında dəmir yolu tərəfdə Aytacı döymüş, bundan sonra işləri polisə düşmüş və barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, dəfələrlə Aytacla və ailə üzləri ilə barışmaq istəsə də, onlar razı olmamış, Aytacdan ayrıldıqdan sonra sonuncunun bacısı Zərərçəkmiş şəxs2 ilə təxminən 1 ay müddət olardı ki, yaxın münasibətdə olmuş, onunla görüşür telefonla əlaqə saxlamışdır. 23 dekabr 2025-ci il tarixdə Aydanla yenə görüşmüş, Saatlı şəhərində yerləşən Əzizbəyov məktəbinin yaxınlığından Aydanla birlikdə bazarın qabağına qədər gəlmiş, həmin vaxt Aydan ona Aytacı döydüyünə görə polisdə olan işlə bağlı axşam onlara-nənəsi Saray gilə gəlməsini və orda ailə ilə barışmasını istəmiş, o da Aydanla razılaşmış və axşam gələcəyini bildirmiş, bundan sonra həmin gün təxminən saat 23 radələrində Saatlı rayonu Musalı kəndində yerləşən Sarayın evinə getmiş, evin qarşısına çatan zaman həyətin giriş qapısının bağlı olduğunu görmüş, hasardan aşaraq həyətə düşmüş, evin giriş qapının qarşısına çatmış, qapını 2-3 dəfə döymüş, evin qapısı da bağlı olduğundan evə daxil ola bilməmiş, evdə Aydanın səsini eşitmiş, həmin vaxt Aydan nənəsi Saraya qapını döyən şəxsin kim olduğunu bilmək üçün qapıya baxacağını bildirmiş, Saray ona qapını açmamasını tapşırmış, bundan sonra Saraya qapını döyən şəxsin o olduğunu bildirmiş, Saray ona nalayiq ifadələr işlətmiş və Aydana onun gəlməyi barədə qohumlarına xəbər etməsini demiş, bundan sonra o əsəbləşərək, evin giriş qapısının yaxınlığında olan pəncərəni əli ilə vuraraq qırmış və evə oradan daxil olmuş, Saray onu söydüyü üçün evə daxil olmuş, Saray evdə onun qarşısına çıxmış və ona qarşı yenə nalayiq söyüşlər söymüş, o da əsəbləşib Sarayın baş nahiyəsinə əlində olan bıçağın arxasıyla vurmuş, daha sonra bıçağın tiyəsi ilə Sarayın müxtəlif bədən nahiyələrinə vurmağa başlamış, Saray yerə yıxılmış və onun üzərinə gedərək təpik və yumruq zərbələri endirmiş, Saray özündən keçmiş, Aydan evin içində qışqırmış, Aydanın üzərinə gedərək, onu niyə belə bir problemə saldığını soruşmuş, çünki onu oraya Aydan çağırmış, Aydan üzr istəməyə başlamış, lakin onun üzürünü qəbul etməmiş və üzərinə hücum çəkmiş, həmin vaxtı Aydan mətbəxdə olmuş, mətbəxdə olan suqızdıranla Aydanın baş nahiyəsinə vurmuş, daha sonra yumruq və təpiklə müxtəlif nahiyələrinə vurmağa başlamış, Aydan yerə yıxılmış, Aydanın qolundan tutub burmuş və Aydan bərk qışqırmış, Aydan qolundan xəsarət aldığını bilmiş, daha sonra evlərindən çıxaraq həmin yerdən uzaqlaşmış, nənəsinin evinə girərək orada yatmış və səhər tezdən oyanıb öz evinə gəlmişdir. Törətdiyi bütün bu hərəkətlərdən çox peşmandır. Ona görə də, ona köməklik olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Musalı kəndində nənəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır, o 10-cu sinif şagirdidir, Saatlı şəhəri 2 saylı tam orta məktəbdə oxuyur. Həmkəndlisi Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Xəyal bacısı Aytac Əhmədova ilə bir müddət sevgi münasibətində olmuş, son vaxtlarda Xəyalla narazılıqları olmuş, belə ki Xəyal 2025-ci ilin sentyabr ayında Aytacı dəmir yolu tərəfdə döymüş buna görə də onun şikayəti əsasında Xəyal barəsində Saatlı rayon polis şöbəsində cinayət işi başlanmışdır. Buna görə Xəyalla Aytac ayrılmış, Xəyal dəfələrlə Aytaca və ailə üzvlərinə barışmaq üçün təkliflər etmiş, lakin onlar barışmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 13 radələrində məktəbdən çıxarkən Xəyal məktəbin giriş qapısının qarşısında onu saxlamış, ona “mənim səndən xoşum gəlir, mənimlə sevgili ol” demiş, o isə Xəyala “məni bir də narahat etmə səni istəmirəm” demiş, çünki həm yaşı az olduğundan, həm də Xəyalla bacısı Aytac sevgili olduğuna görə belə demiş, Xəyala yox deyib yanından ayrıldıqdan sonra Xəyal ona yüksək səslə “gör sənin başına nə oyunlar açacam heç yaxşı şeylər olmayacaq” demiş, Xəyalın ona sevgili olmaq təklifi etməkdə də məqsədi Aytacdan qisas almaq olmuş, Xəyalın dediklərinə fikir verməyib Saatlı rayonu Musalı kəndində yerləşən nənəsinin mülkiyyətində olan yaşadığı evə gəlmiş, xx.xx.2025-ci il tarixdə axşam saat 23:10 radələrində yaşadığı evin qapısının ağzından səslər gəldiyini, bundan sonra qapının döyüldüyünü eşitmiş, nənəsi Saraya bu haqda demiş və Saray qapıya tərəf getməyə başlamış, həmin vaxt pəncərə şüşəsinin qırılma səsini eşitmiş, Saray giriş qapısının ağzına çatanda artıq Təqsirləndirilən şəxs pəncərədən evə daxil olmuş, bu zaman Xəyal əlində olan bıçaqla Sarayın baş nahiyəsindən vurmuş, bundan sonra Saray yerə yıxılmış, o çox qorxmuş və qışqırmış, Xəyal nənəsinə çoxsaylı yumruq və təpik vurmağa başlamış, bundan sonra bıçaqla Saraya təxminən 3-4 dəfə zərbələr endirmiş, Saray həmin vaxt özündən getmiş, o isə evin həyətinə qaçmağa çalışmış, bunu görən Təqsirləndirilən şəxs Saraydan əl çəkərək onun üzərinə gəlməyə başlamış, Xəyal onun qolundan tutmuş və qolunu bir neçə dəfə buraraq sındırmış, ona yumruq və təpiklə zərbələr endirmiş, Xəyalın əlindən çıxıb evin qapısına tərəf qaçmış, lakin qapını içəridən bağladığı üçün aça bilməmiş, mətbəxə keçmiş, bundan sonra Xəyal mətbəxə daxil olmuş və mətbəxdə suqızdıran alətlə başından vurmuş, həmin anda o atasına zəng edərək bu barədə xəbər vermiş, bunu eşidən Xəyal oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Barəsində qanuni tədbir görülməsin xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Musalı kəndində nəvəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, həmçinin Xəyal digər nəvəsi Aytacı döydüyü üçün onunla münasibəti yoxdur. Xəyalın barəsində həmin hadisə ilə bağlı cinayət işi açılmışdır. Uzun müddətdir ki, Xəyal şikayətlərini götürmək üçün tələblər edir lakin onlar qəbul etmirlər. xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində Saatlı rayon Musalı kəndində nəvəsi Aydanla birlikdə yaşadığı evdə olmuş, tək olduqları üçün hər axşam yatmamışdan qabaq həyətin və evin qapısını bağlayırmış, həmin gün də evin və darvazanın qapısı bağlı olmuşdur. Təxminən saat 23 radələrində yaşadığı evin qapısının ağzından səslər gəldiyini, bundan sonra qapının döyüldüyünü eşitmiş, həmin vaxtı Aydan da yanında olmuş, o qapıya tərəf getməyə başlamış, “kimdi kimdi” deyən zaman birdən evin giriş qapısına yaxın olan pəncərənin şüşəsinin qırılma səsini eşitmiş, bir şəxs pəncərədən içəri daxil olmuş, Aydan da, o da qışqırmış, giriş qapısının ağzına çatanda içəri girənin artıq Təqsirləndirilən şəxs olduğunu görmüş, Xəyal heç nə deməmiş, əlində olan bıçaqla onun başından vurmuş, o yerə yıxılmış, Xəyal ona çoxsaylı yumruq və təpik vurmağa başlamış, bıçaqla ona zərbələr vurmuş, bundan sonra o özündən getmiş, qalan hadisəni o özündən getdiyi üçün görməmiş, xəstəxanada ayılan zaman Xəyalın nəvəsi Aydanın qolunu sındıraraq ona da xəsarətlər yetirdiyini öyrənmişdir. Xəyalın evlərinə gəlməsindən tamamilə xəbərsiz olmuşlar. Təqsirləndirilən şəxs şikayətçidir. Barəsində qanuni tədbir görülməsin xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun əmisi oğludur. O və ailəsi onunla qonşuluqda Saatlı rayonu Musalı kəndində yaşayır. Həmkəndlisi Təqsirləndirilən şəxs Ataxanın qızını döydüyünə görə Ataxan uşaqlarını və arvadını Bakıya aparmış, amma məktəbə getdiyi üçün evdə Ataxanın qızı Aydan və ona baxmaq üçün anası Saray qalmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 24 radələrində Ataxan ona zəng vurmuş və tez evə getməyini tapşırmış, o da təcili olaraq Ataxanın evinə getmiş, qapı açıq olduğu üçün içəriyə girmiş, çöldə divanda Aydan qolunu tutub zarıyırmış. Bir azda içəri keçmiş və Sarayın yerdə huşsuz uzanıqlı vəziyyətdə görmüş, dərhal təcili yardıma zəng vurmuş və daha sonra Ataxana yığmış, olanları danışmış, Aydan ona Təqsirləndirilən şəxs evə girdiyini bunları etdiyini bildirmiş, həkimlər gəlib ilkin tibbi yardım göstərib onları xəstəxanaya aparmış, bir neçə saat sonra Ataxan və Naibə də xəstəxanaya gəlmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs aralarında olan xx.xx.2026-cı il tarixli üzləşdirmə protokuldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən, o, hadisənin baş vermə mexanizmi və digər xüsusatlarla bağlı halları əyani olaraq göstərdi. İşdə olan xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən, o, hadisənin baş vermə mexanizmi və digər xüsusatlarla bağlı halları əyani olaraq göstərdi. İşdə olan hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli 2610 saylı protokoldan görünür ki, hadisə yeri Saatlı rayonu Musalı kəndində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evidir. Hadisə yerindən cinayət aləti olan dəstəkdən aşağı tiyə hissəsi sınmış halda olan bıçaq götürülmüşdür. İşdə olan məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 241 saylı rəyində göstərilir ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə “sağ qulaqarxası, ənsə nahiyəsinin, bazunun, sağ qoltuqaltı nahiyənin çoxsaylı kəsilmiş yaraları” diaqnozu ilə Saatlı RMX PHŞ-nin Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsində, sağ bazu oynağının üst səthində, sağ çiyin qurşağı proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də arxa səthdə, sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən kəsilmiş-deşilmiş yaralar kəsici deşici alətin-təqdim olunmuş bıçağın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunmuş sol gözaltı nahiyədə, sol almacıq sümüyü proyeksiyasında, çənəaltı nahiyədə, sağ əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 242 saylı rəyində göstərilir ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə “dirsək sümüyünün yuxarı ucunun sınığı” diaqnozu ilə Saatlı RMX PHŞ-nin TTTY şöbəsinə müraciət edərək tibbi yardım almışdır. Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol bazu sümüyünün aşağı ucunun qapalı azyerini dəyişən sınığı, sol dirsək oynağının qapalı çıxığı, sol təpə-alın nahiyəsində, sağ budun aşağı 1/3-də bayır səthdə qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Ayrı-ayrılıqda dərəcəsinə görə sol bazu sümüyünün aşağı ucunun qapalı azyerini dəyişən sınığı, sol dirsək oynağının qapalı çıxığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Digər xəsarətlər sol təpə-alın nahiyəsində, sağ budun aşağı 1/3-də bayır səthdə qançırlar sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2026-cı il tarixli 18/35 saylı ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilən bıçaq tiyəsi və dəstəyi ayrılma xətti üzrə birləşdirildikdə zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararsız, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfatməişət təyinatlı mətbəx bıçağını təşkil edirlər. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini qoca və aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı və xüsusi amansızlıqla törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1 və 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin dörd günü bərabər tutulur. Odur ki, cəza təyin edilərkən qeyd olunan hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 dekabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 26 dekabr 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Eyni zamanda 29 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 30 noyabr 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 29 noyabr 2025-ci il tarixdən 30 noyabr 2025ci il tarixədək və 24 dekabr 2025-ci il tarixdən 26 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan Saatlı rayon prokurorluğunda saxlanılan cinayət aləti olan 01 sınmış bıçaq məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş altı ay müddətə islah işləri cəzası 01 ay, 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2025-ci il tarixdən 30 noyabr 2025-ci il tarixədək və 24 dekabr 2025-ci il tarixdən 26 dekabr 2025-ci il tarixədək, yəni üç gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 mart 2026-cı il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Saatlı rayon prokurorluğunda saxlanılan cinayət aləti olan 01 sınmış bıçaq məhv edilsin. İş üzrə 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar