Məhkəmə qərarları › İş №1(5-152)-7/2026

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(5-152)-7/2026

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(5-152)-7/2026 17.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Füzuli Rayon Məhkəməsinin 1(064)- 42/2025 saylı, 03 iyun 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.5, 69.3, 228.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələəsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələəsinin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin oktyabr ayının ortalarında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Salyan şəhər sakini Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən və saxlanc yeri hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq 01 ədəd 210 manat dəyərində Samsung markalı Tozsoran, 01 ədədi 150 manat olan 300 manat dəyərində 02 ədəd Tefal markalı qazan dəsti, 01 ədəd 140 manat dəyərində Tefal markalı tava dəsti, 01 ədədi 80 manat olan 480 manat dəyərində 06 ədəd MDF materiallı, akril boyalı stul dəsti, 01 ədəd 550 manat dəyərində 5x4 ölçüdə Sahara markalı xalça, 01 ədədi 250 manat olan 500 manat dəyərində 02 ədəd 3x2 ölçüdə Sahara markalı xalça, 01 ədədi 180 manat olan 540 manat dəyərində 03 ədəd 2x2 ölçüdə Sahara markalı xalça, 01 ədədi 50 manat olan 250 manat dəyərində 05 ədəd Sahara markalı ədyal, 01 ədədi 80 manat olan 240 manat dəyərində 03 ədəd Miss Cotton markalı yorğan, 01 ədədi 70 manat olan 140 manat dəyərində 02 ədəd Soft Cotton markalı hamam dəsti, 01 ədəd 100 manat dəyərində Quicks markalı tərəvəz doğrayan, 01 ədəd 90 manat dəyərində Tefal markalı elektrikli çaydan, 01 ədəd 45 manat dəyərində Erflog markalı fincan dəsti, 01 epep 90 manat dəyərində Avangarde markalı bakal dəsti, 01 ədəd 40 manat dəyərində Rosy markalı stəkan dəsti, 01 ədəd 120 manat dəyərində Royal Bone boşqab dəsti, 01 əpер 60 manat dəyərində Tefal markalı bıçaq dəsti, 01 ədədi 30 manat olan 120 manat dəyərində 04 ədəd Atak markalı süfrəni gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4015 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib verdiyi ifadəsində göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Füzuli Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən barəsində təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasını sonuncu hökmlə təyin edilən 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hazırda Penitensiar Xidmətin 5 saylı saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilənədək Salyan şəhəri 20 Yanvar küçəsində yaşamışdır. Qardaşı Şahid1 Salyan şəhəri, H.Məmmədov küçəsi, ev 5də yaşayır. O, qardaşıgilin evinə tez-tez gedir. Qardaşıgilin evi ilə qonşuluqda tanımadığı şəxsə məxsus və istifadə olunmayan fərdi yaşayış evi olmuşdur. O, həmin evin yanından tez-tez ötüb keçirmiş. Buna görə də, həmin evdə heç kimin yaşamadığını bilirmiş. Sonradan ona məlum olmuşdur ki, həmin ev Zərərçəkmiş şəxs məxsusdur. Maddi cəhətdən çətinlik çəkdiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 2024-cü ilin oktyabr ayının ortalarında gecə saat 12 radələrində həmin fərdi yaşayış evinə gedərək pəncərədən evə daxil olmuşdur. Belə ki, o, pəncərəni bir qədər itələyən kimi pəncərə açılmış və o, gizlin formada oğurluq etmək məqsədilə evə daxil ola bimişdir. Evə daxil olmağı bacardıqdan dərhal sonra evdə olan əşyaları evin arxa tərəfində yerləşən pəncərədən səs-küy olmaması və məişət əşyalarınınn sınmaması üçün yavaşca yerə atmağa başlamışdır. O, evin küçəyə baxan pəncərəsindən evə daxil olmuşdur. Lakin oğurladığı əşyaları evin arxa tərəfində olan pəncərəsindən çıxartmışdır. Belə ki, oğurladığı əşyalara 01 ədəd Tozsoran, 02 ədəd qazan dəsti, 01 ədəd tava dəsti, 06 ədəd stul dəsti, 01 ədəd 5x4 ölçüdə xalça, 02 ədəd 3x2 ölçüdə xalça, 03 ədəd 2x2 ölçüdə xalça, 05 ədəd ədyal, 03 ədəd yorğan, 02 ədəd hamam dəsti, 01 ədəd tərəvəz doğrayan, 01 ədəр elektrikli çaydan, 01 ədəd fincan dəsti, 01 ədəd bakal dəsti, 01 ədəd stəkan dəsti, 01 ədəd boşqab dəsti, 01 ədəd bıçaq dəsti, 01 ədədi süfrə daxil olmuşdur. O, qeyd edilən əşyaları oğurladıqdan sonra gecə vaxtı stulları Ağabalagilin həyətinə gətirib həyətdə gizlətmişdir. Qalan əşyaları isə Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən “Salyan" şadlıq sarayının həyətinə aparıb orada gizlətmişdir. Bundan sonra, o, öz evinə getmişdir. Səhər tezdən ilk öncə Ağabalagilin evinə getmişdir. Həyətdə gizlətdiyi stulları evin qarşısına gətirmişdir və qardaşı Ağabalanı çağırmışdır. Bir qədər sonra Ağabala evin qapısını açıb həyət düşmüşdür. Ağabala həyətdə stulları gördükdən sonra ondan stulları haradan əldə etdiyini soruşmuşdur. O, Ağabalaya qızı evlənərkən həmin stulları kreditə aldığını, hazırda isə qızı ilə dalaşdığı üçün ondan stulları aldığını və həmin stulları satmaq istədiyini demişdir. Ağabala da ona həmin stulları satmaqda köməklik edəcəyini demişdir. Bir qədər sonra, о, Ağabala ilə küçədə söhbət edən zaman təsadüfən qonşuları Ayşənlə rastlaşmışlar. O, Ayşənə stul satdığını demişdir. Ayşən də stullara baxmaq istədiyini, təzə olacağı təqdirdə alacağını demişdir. O, Ayşənə stulların təzə olduğunu demişdir. Ayşən ondan stulları haradan əldə etdiyini soruşmuşdur. O, Ayşənə də qızı evlənərkən həmin stulları kreditə aldığını, hazırda isə qızı ilə dalaşdığı üçün ondan stulları aldığını və həmin stulları satmaq istədiyini demişdir. Bundan sonra Ayşən stulları onun evinə gətirmələrini istəmişdir. Onlar da stullardan birini götürüb Ayşənin evinə aparmışlar. Ayşən stula baxdıqdan sonra onları almaq istədiyini demiş və ondan stulları neçəyə satdığını soruşmuşdur. O, stulları ümumilikdə 80 manata satdığını demişdir. Ayşən 06 ədəd stula ümmumilikdə 60 manat verə biləcəyini demişdir. Ona pul lazim olduğu üçün Ayşənlə qiymət barədə razılaşmışdır. Bundan sonra onlar Ağabalagilin həyətində olan digər 05 ədəd stulu da gətirib Ayşənə vermişdir. Ayşən də 09 ədəd stulun pulunu, yəni 60 manat pulu ona vermişdir. O, Ayşənə satdığı stullardan əldə etdiyi 60 manatdan Ağabalaya heç bir məbləğdə pul verməmişdir. Həmçinin qabaqcadan da Ağabalaya pul verəcəyini vəd verməmişdir. Ağabala onun qardaşı olduğu üçün ona stulları satmaqda köməklik etmişdir. Lakin nə Ağabalanın, nə də ki Ayşənin həmin stulların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Qalan əşyalar isə 2 gün həmin "Salyan" şadlıq sarayının həyətindəki yardımçı tikilidə qalmışdır. Etdiyi oğurluq əməlindən heç kimin məlumatının olmadığını görüb həmin əşyaları da tanımadığı şəxsə məxsus taksi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Vasmoy” adlı bazara aparıb orada satmışdır. Törətdiyi əməllərdən peşman olduğunu, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin dindirmə protokolları, baxış və götürmə, tanınmaya təqdim etmə istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy, cinayət işi üzrə götürülmüş maddi sübut, digər istintaq hərəkəti protokolları, əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşasa da, 2017-ci ildə ünvan 4yaşayış evini almışdır. Lakin, həmin evdə ümumiyyətlə yaşamamışdır. Buna baxmayaraq o, həmin evə yaşamaq üçün lazimi məişət əşyaları alıb qoymuşdur. Bu səbəbdən arabir evə gedib nəzarət edirmiş. Sonuncu dəfə təxminən 2024-cü ilin sonunda həmin evə gedərək hər bir şeyə diqqət etmişdir. Həmin vaxta qədər evdən heç nə oğurlanmamışdır. 28 avqust 2025-ci il tarixdə günorta saatlarında hazırda yaşadığı evdə istifadə etmədiyi bəzi məişət əşyalarını Salyan şəhəri H.Məmmədov küçəsində yerləşən evinə qoymaq üçün aparmışdır. Evə daxil olan zaman pəncərənin açıq olduğunu görmüşdür. Dərhal evə daxil olub oğurluq olub-olmadığını müəyyən etmək üçün otaqlara baxmışdır. Bu zaman evdən oğurluq olduğunu müəyyən etmiş və dərhal Azərbaycan Respublikası DİN-in "102" Xidməti-X8 zəng edərək evindən oğurluq edildiyini bildirmişdir. Lakin, həmin vaxt evindən dəqiq olaraq hansı əşyaların oğurlandığını bilmədiyi üçün Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən yalnız tozsoran və qazan dəstinin oğurlanmasını bildirmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, evindən 01 ədəd 210 manat dəyərində Samsung markalı Tozsoran, 01 ədədi 150 manat dəyərində Tefal markalı 02 ədəd qazan dəsti, 01 ədəd 140 manat dəyərində Tefal markalı tava dəsti, 01 ədədi 80 manat dəyərində olan 06 ədəd MDF materiallı, akril boyalı stul dəsti, 01 ədəd 550 manat dəyərində 5x4 ölçüdə Sahara markalı xalça, 01 ədədi 250 manat dəyərində 02 ədəd 3x2 ölçüdə Sahara markalı xalça, 01 ədədi 180 manat dəyərində 03 ədəd 2x2 ölçüdə Sahara markalı xalça, 01 ədədi 50 manat dəyərində 05 ədəd Sahara markalı ədyal, 01 ədədi 80 manat dəyərində 03 ədəd Miss Cotton markalı yorğan, 01 ədədi 70 manat dəyərində 02 ədəd Soft Cotton markalı hamam dəsti, 01 ədəd 100 manat dəyərində Quicks markalı tərəvəz doğrayan, 01 eded 90 manat dəyərində Tefal markalı elektrikli çaydan, 01 ədəd 45 manat dəyərində Erflog markalı fincan dəsti, 01 ədəd 60 manat dəyərində Avangarde markalı bakal dəsti, 01 ədəd 40 manat dəyərində Rosy markalı stəkan dəsti, 01 ədəd 120 manat dəyərində Royal Bone boşqab dəsti, 01 ədəd 90 manat dəyərində Tefal markalı bıçaq dəsti, 01 ədədi 30 manat dəyərində 04 ədəd Atak markalı süfrə oğurlanmışdır. Buna görə də 15 noyabr 2025-ci il tarixdə bu barədə Salyan Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək evindən yuxarıda adlarını qeyd etdiyim əşyaların oğurlandığını bildirmişdir. Ona məxsus məişət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 4015 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan şəhəri H.Məmmədov küçəsi ev 5-də yaşayır, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Afətlə onun yaxın münasibəti vardır. Əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin oktyabr ayında yaşadığı evdə olarkən Afətin onu çağırdığını eşitmişdir. O, Afətin səsini eşitdikdən sonra qapını açıb həyətə düşmüşdür. Bu zaman Afətin həyətə 6 ədəd stul gətirdiyini görmüşdür. O, Afətdən stulları haradan əldə etdiyini soruşmuşdur. Afət ona qızı evlənərkən kreditə həmin stulları aldığını, hazırda isə qızı ilə dalaşdığı üçün ondan stulları aldığını və hazırda həmin stulları satmaq istədiyini demişdir. O da Afətə həmin stulları satmaqda ona köməklik edəcəyini demişdir. Bir neçə saatdan sonra, o, Afətlə küçədə söhbət edən zaman təsadüfən qonşuları Ayşənlə rastlaşmışlar. Afət Ayşənə stul satdığını demişdir. Ayşən də stullara baxmaq istədiyini, təzə olacağı təqdirdə alacağını demişdir. Afət stulların təzə olduğunu demiş və Afətdən stulları haradan əldə etdiyini soruşmuşdur. Afət Ayşənə qızı evlənərkən kreditə həmin stulları aldığını, hazırda isə qızı ilə dalaşdığı üçün ondan stulları aldığını və hazırda həmin stulları satmaq istədiyini demişdir. Bundan sonra Ayşən stulları onun evinə gətirmələrini istəmişdir. Onlar da stullardan birini götürüb Ayşənin evinə aparmışdır. Ayşən stula baxdıqdan sonra almaq istədiyini demişdir. Ayşən Afətdən stulları neçəyə satdığını soruşmuşdur. Afət 06 ədəd stulu 80 manata satdığını demişdir. Ayşən 06 ədəd stula ümmumilikdə 60 manat verə biləcəyini demişdir. Afət də Ayşənlə razılaşmışdır. Bundan sonra onlar həyətində olan digər 05 ədəd stulu da gətirib Ayşənə vermişlər. Ayşən 09 ədəd stulun pulunu, yəni 60 manat pulu Afətə vermişdir. Afət Ayşənə satdığı stullardan əldə etdiyi 60 manatdan ona heç bir məbləğdə pul verməmişdir. Həmçinin qabaqcadan da ona pul verəcəyini vəd verməmişdir. Afət onun qardaşı olduğu üçün o, stulları satmaqda Afətə köməklik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 28 avqust 2025-ci il tarixli Zərərçəkmiş şəxs Valdimiroviç Salyan RPŞ-nə ünvanladığı ərizəsindən görünür kinaməlum şəxs və şəxslərin dəqiq bilmədiyi tarixdə ona məxsus olan Ə.Rzayev küçəsində yerləşən fərdi yaşayış evindən pəncərədən daxil olmaq yolu ilə 95 manat dəyərində 1 ədəd tozsoran və qazan dəsti oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. 28 avqust 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokolundan və fotoşəkillərdən görünür ki, hadisə yeri Salyan şəhəri H.Məmmədov küçəsi ev 17 ünvanında yerləşirmişdir. 06 sentyabr 2025-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs Valdimiroviçin müraciəti əsasında toplanmış material üzrə naməluim şəxs və ya şəxslərin əməllərində cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09 sentyabr 2025-ci il tarixli məktubundan göprünür ki, DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədinin (İAMAS məlumat bankında olan) xx.xx.1971-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız və orta (02 dəfə) barmaqlarının əksləri (paltar şkafının güzgüsü üzərindən götürülmüş izlər) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. 09 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Elşad Bağırlının cinayət işi başlanmasınıpn rədd edilməsi haqqında 06 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilmişdir. 13 dekabr 2025-ci il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs Valdimiroviçin 28 avqust 2025-ci il tarixdə Salyan rayon Polis şöbəsinə yazdığı ərizə əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan rayon Polis Şöbəsinin İB-nə verilmişdir. 22 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. 05 yanvar 2026-cı il tarixli arayışından görünür ki, 2024-cü ilin oktyabr ayı ərzinde Salyan rayonu ərazisində adları qeyd edilən məişət əşyalarının satış qiyməti aşağıdakı kimidir: 1) 01 ədəd Samsung markalı Tozsoranın qiyməti - 210 manat 2) 01 ədəd Tefal markalı qazan dəstinin qiyməti - 150 manat 3) 01 ədəd Tefal markalı tava dəstinin qiyməti - 140 manat 4) 01 ədəd MDF materiallı, akril boyalı stulun qiyməti - 80 manat 5) 01 ədəd 5x4 ölçüdə Sahara markalı xalçanın qiyməti - 550 manat 6) 01 ədəd 3x2 ölçüdə Sahara markalı xalçanın qiyməti - 250 manat 7) 01 ədəd 2x2 ölçüdə Sahara markalı xalçanın qiyməti - 180 manat 8) 01 ədəd Sahara markalı ədyalın qiyməti - 50 manat 9) 01 ədəd Miss Cotton markalı yorğanın qiyməti - 80 manat 10) 01 ədəd Soft Cotton markalı hamam dəstinin qiyməti - 70 manat 11) 01 ədəd Quicks markalı tərəvəz doğrayanın qiyməti - 100 manat 12) 01 ədəd Tefal markalı elektrikli çaydanın - qiyməti 90 manat 13) 01 ədəd Erflog markalı fincan dəstinin qiyməti - 45 manat 14) 01 ədəd Avangarde markalı bakal dəstinin qiyməti - 60 manat 15) 16) 01 ədəd Rosy markalı stəkan dəstinin qiyməti - 40 manat 01 ədəd Royal Bone boşqab dəstinin qiyməti 120 manat 17) 01 ədəd Tefal markalı bıçaq dəstinın qiyməti - 90 manat 18) 01 ədəd Atak markalı süfrənin qiyməti - 30 manat. Salyan rayonu İHB-nin Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC tərəfindən verilmiş 12 yanvar 2026-cı il tarixli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1961-ci il təvəllüdlü arvadı- X2 ibarətdir. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 13 yanvar 2026-cı il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. 13 yanvar 2026-cı il tarixli “qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmışdır. 16 yanvar 2026-cı il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və fotoşəkillərdən görünür ki, Ağayev X5 şəhəri 20 Yanvar küçəsində yerləşən “Salyan” şadlıq sarayına gəlmiş və şadlıq sarayının həyətindəki yardımçı tiklini göstərərək oğurluq nəticəsində əldə etdiyi digər əşyaları həmin yardımçı tiklidə gizlətdiyini bildirmişdir. 17 yanvar 2026-cı il tarixli "Təqdim olunmuş əşyalara baxış keçirilməsi və götürülməsi bərədə" protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs alaraq yaşadığı evdə saxladığı və istintaqa təqdim etdiyi 04 ədəd stul MDF materiallı, akril boyalı stullardır. Baxış zamanı stullar maddi sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürülmüşdür. 17 yanvar 2026-cı il tarixli "Əşyalara baxış keçirilməsi və saxlanılması üçün verilməsi bərədə” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talayıb oğurladığı 04 ədəd stul işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 17 yanvar 2026-cı il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs oğurladığı sutullar işin faktiki hallarını təsdiq edən sübut əhəmiyytinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasın üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Salyan RMX-nin 19 yanvar 2026-cı il tarixli 18-1-68/2-109/2026 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il tarixdən "Opioidlərin” qəbulundan yaranan asılılıq sindromu ilə narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hisəssi 09 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, o, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (07-08 noyabr 2024- cü il) həbsdə saxlanılması nəzərə alınaraq bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 11 ay (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Füzuli Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-сі maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilən 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İbtidai istintaq orqanının 19 yanvar 2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2026-cı il yanvarın 13-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş;Şahid1 və Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş;zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus və məhkəməyədək saxlanılması üçün sahibinə 04 ədəd stul iş üzrə maddi sübut kimi, təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu, hadisə yerinə abaxış protokolu, mağaza sahibi Aşur Kərimov tərəfindən verilmiş 05 yanvar 2026-cı il tarixli arayış və digər istintaq hərəkətlərinin protokol və sənədləri sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə edilmiş; ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınması; cinayət işinin istintaq sənədlərində hadisə yeri Salyan şəhəri H.Məmmədov küçəsi ev 17 kimi oxunması; cinayət işinin istintaq sənədlərində hadisənin baş vermə tarixi 2024-cü ilin oktyabr ayının ortaları kimi oxunması; cinayət işinin istintaq sənədlərində Təqsirləndirilən şəxs evə ayrı-ayrı vaxtlarda bir neçə dəfə evə daxil olması, qanunsuz evə daxil kimi oxunması; qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddələrinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 58.1-ci maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinə münasibətdə əməldə residiv yoxdur. Belə ki, tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hisəsi 09 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, o, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki cinayət əməli 2024-cü ilin oktyabr ayında törədildiyindən cinayətlərin residivi yaranmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 1(064)-42/2025 saylı, 03 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinin tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, Ağayev X5 Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Füzuli Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-сі maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilən 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi, hazırki cinayət əməli məhkum Təqsirləndirilən şəxs barəsində Salyan və Füzuli Rayon Məhkəmələri tərəfindən hökm çıxarılmazdan əvvəl, yəni 2024-cü ilin oktyabr ayında törədilmiş, bu səbəbdən də CM-nin 66.5-ci maddəsinin tətbiq olunması zəruridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, onun cəzaçəkmə müddətinin əvvəli Füzuli Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd stulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Salyan Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 1(064)-42/2025 saylı, 03 iyun 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.5, 69.3, 228.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 02 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Füzuli Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 04 fevral 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd stulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Salyan Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar