Məhkəmə qərarları › İş №1(5-154)-11/2026

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(5-154)-11/2026

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(5-154)-11/2026 02.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci ildə ünvan 1 ünvanında yaşayan (bugünə qədər bir neçə dəfə məhkum olunmuş, işsiz) vətəndaş X3 xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərdə kütləvi nümayiş etdirilmiş olan internet informasiya ehtiyatında “Tiktok” platformasında özünün istifadəsində olan “perviz.siyezen” hesabı vasitəsilə öz çirkin əməllərini ört basdır etmək məqsədilə ona qarşı yalan, böhtan, təhqir və cəmiyyət içində nüfuzuna ciddi xələl gətirmiş məlumatlar yaydığı üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X7 barəsində yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları X6 20 dekabr 2025-ci il və 12 yanvar 2026-cı il tarixlərində kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatı olan “Tiktok” platformasında özünün istifadəsində olan “pərviz.siyezen” hesabında yaymışdır. Xüsusi ittiham qaydasında şikayət 18 fevral 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində tərtib olunmuşdur. X2 informasiya vasitəsində öz çıxışı zamanı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları o, cümlədən onun ünvanına böhtan və təhqir xarakterli başlıq ilə “Tiktok” platformasında özünün istifadəsində olan “pərviz.siyezen” hesabında yerləşdirilmiş, eləcə də şərhlərdə təmsil etdiyi dövlət qurumunun və onların ünvanına nalayiq ifadələr işlədilmişdir. Nəticədə, Pərviz Xankişiyev tərəfindən internet informasiya ehtiyatında barəsində böhtan və təhqir xarakterli ifadələr işlədilmiş, şərəf və ləyaqətinə qarşı alçaldıcı ifadələr söylənilmiş, həmçinin cəmiyyət içərisində nüfuzlarına xələl gətirilmişdir. Beləliklə, Pərviz Xankişiyevin qeyd edilən tarixdə “Tiktok” platformasında özünün istifadəsində olan “pərviz.siyezen” hesabında onun şəklini və videoçəkilişi yerləşdirməklə barəsində öz mülahizələrinə əsaslanan ittihamlar irəli sürmüş, onun şərəf və ləyaqətini cəmiyyət qarşısında alçaltmış, işgüzar nüfuzunu zədələmişlər. Barəsində şikayət verilən şəxs X6 aşağıdakı məzmunda böhtan xarakterli məlumatları “Tiktok” platformasında özünün istifadəsində olan “pərviz.siyezen” hesabında səsləndirilmişdir: (video yazı 08:15 saatda çəkilmişdir). Azərbaycanın daxilindəki bir çox insanların və təşkilatların haqqında xaricə məlumatlardan ötürən və Azərbaycana qarşı “Tiktok" mobil tətbiqində çıxışlar edən məhz Qabil Məmmədova da qeyd olunan çəkilişlərin X6 tərəfindən ötürülməsi olmuşdur. X11 rayon ərazisində balıqçılıq fəaliyyəti adı altında qanunsuz əməllərlə məşğul olur. Belə ki, qanunla müəyyən edilmiş qaydada balıq ovuna sahildən dənizə üzmə vasitəsi ilə getməsi 2 milədək müəyyən olunub, lakin vətəndaş rəhbərlik etdiyi manqanın şəxsi heyəti onun göstərişinə əsasən 20 mil dərinliyə gedir. Qeyd olunan səbəblərə görə də o, dəfələrlə inzibati məsuliyyətə cəlb olunaraq tədbir görülməsi üçün toplanılmış materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin qeyd etmək istəyir ki, 13 sentyabr 2013-cü ildə balıqçılıq fəaliyyəti adı altında Rusiya Federasiyası Dərbənd şəhər istiqamətindən Azərbaycan Respublikası istiqamətində Xəzər dənizində dövlət sərhədini pozaraq mühərrikli üzmə vasitəsi ilə qeyri-qanuni yolla Azərbaycan Respublikasının ərazi sularına daxil olaraq Xaçmaz rayon ərazisinə Azərbaycan Respublikası vətəndaşını qanunsuz gətirmişdir. Qeyd olunanlarla əlaqədar keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Pərviz Xankişiyev və həmin şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bununla yanaşı 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şimal istiqamətində hərəkəti gözlənildikdə P.Xankişiyev qəsdən yol kənarında “ocaq" qalamış və bu səbəbə görə də Siyəzən rayon Polis şöbəsi tərəfindən P.Xankişiyevin həmin hərəkətlərinə görə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olaraq 15 gün inzibati qaydada həbs olunmuşdur. Lakin, qeyd olunanlarla kifayətlənməyərək vətəndaş Pərviz Xankişiyev balıq ovu altında çirkin və qanunsuz əməllərini həyata keçirmək niyyəti ilə müxtəlif bəhanələrə əl atmaqdadır. Balıqçılıq fəaliyyəti ilə məşğul olduğu halda qanunsuz üzmə vasitələri alaraq müvafiq qurumlardan qeydiyyatdan keçirməyərək, qeyd olunan ərazilərdə qanunsuz əməlləri həyata keçirməsi üçün gizlətmişdir. Pərviz Xankişiyev 1-ci dərəcəli kapitan X8 “Watsap” nömrəsinə səsli mesaj ataraq onu, və digər hərbi qulluqçuları, o cümlədən “Böyük Həmyə” SNB-nin rəisi kapitan-leytenant X9 ünvanına (əslən Qazax rayonunandır) təhqir, böhtan və nalayıq ifadələr işlətmişdir. Həmçinin “Qazaxdan kişi çıxmayıb Salyandan qız” kimi sözləri qeyd etmişdir. Hesab edir ki, X1 nümayiş etdirilmiş açıq internet informasiya ehtiyatında yaydığı bu məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və onun barəsində ittiham xarakterli çıxışları şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqını, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, region əhalisinə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət içərisində, hərbi xidmət etdiyi kollektivdə və yaşadığı regionda alçaldıcı formada nüfuzdan salmışdır. Onu da qeyd edir ki, hal hazırda Pərviz Xankişiyev nüfuzdan salıcı, böhtan xarakterli, təhqiramiz və nalayiq ifadələrlə sosial şəbəkədə yaymaqda davam etdirir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək ona əlavəsinin olmamasını qeyd edib, məzmununun izahatı kimi qəbul edilməklə, şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Pərviz Xankişiyevin vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Ramil Süleymanov, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin mövqeyini müdafiə edib, şikayəti qəbul etməyərək X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinin tərkib əlamətlərinin olmadığını göstərib bu şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Bu mənada məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırılmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, şikayət vermiş şəxs tərəfindən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam şəkildə əks etdirilməmişdir. Yəni, Əliyar Məmmədzadə şikayətində Pərviz Xankişiyevin "Tiktok" platformasında özünün istifadəsində olan "perviz.siyezen" hesabında xx.xx.2025-ci il və 12 yanvar 2026-cı il tarixlərdə paylaşımlar etdiyini göstərsə də, ehtimal olunan qanunla qadağan edilən əməllərin nədən ibarət olması (ona qarşı törədilməsini istinad etdiyi əməllərin hər birini necə qiymətləndirməsi), harada, nə vaxt və necə törədilməsi, bu zaman zərərə məruz qalması haqqında məlumatları ətraflı şəkildə aydınlaşdırmamışdır. Digər tərəfdən, şikayətdə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş aydın və düzgün göstərilməli olmasına baxmayaraq, cinayət prosessual qanunvericiliyin bu tələbi də, şikayətçi tərəfindən yerinə yetirilməmişdir. Xüsusi ittiham işində məhkəmə işi yalnız şikayətçinin tələbi əsasında başlayır, ona görə də xahiş aydın, konkret və hüquqi baxımdan düzgün olmalıdır. Yəni, məhkəmə açıq şəkildə başa düşməlidir ki, sən konkret şəxsin, konkret əmələ görə, konkret maddə üzrə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirsən. Bu zaman “Xahiş edirəm” hissəsində şəxsin dəqiq göstərilməsi ((adı, soyadı (imkan daxilində), digər tanıdıcı məlumatlar (ünvan, telefon, iş yeri və s. – məlumdursa)), əməlin hüquqi təsvirinin (hansı əməli törədib, bu əməl necə və nə vaxt baş verib), cinayət məcəlləsinin maddəsinin (həmin əməl CM-nin hansı maddəsinə uyğundur), açıq hüquqi tələbin (cinayət məsuliyyətinə cəlb edilməsi ifadəsi mütləq olsa da, qeyri-müəyyən, emosional ifadələr qeyd edilməməlidir) əks etdirilməsi vacibdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Sözügedən Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Bu Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Qeyd olunan Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət Məcəlləsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarın 6-cı hissəsində da qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11ci hissəsində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPMin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyinə görə X3 Azərbaycan Respublikası Cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar