Məhkəmə qərarları › İş №1(5-154)-6/2026

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(5-154)-6/2026

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(5-154)-6/2026 02.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, onun vəkili (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 20 dekabr 2025-ci il və 12 yanvar 2026-cı il tarixlərdə "Tiktok" sosial şəbəkəsində özünün istifadəsində olan "perviz.siyezen" hesabında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 5-ci (Sumqayıt) sahil nəzarəti şöbəsinin 30-cu (Böyük Həmyə) sahil bölməsinin rəisi 3-cü dərəcəli kapitan X4 barəsində həqiqətdən kənar, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən, peşəkar fəaliyyətinə zərbə vuran və onu nüfuzdan salmağa yönəldilmiş, tamamilə böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Beləliklə, Pərviz Xankişiyevin qeyd edilən tarixlərdə sözügedən sosial şəbəkədə istifadəsində olan "perviz.siyezen" hesabında paylaşdığı videoçəkilişdən görünür ki, o, Elvin Əmirlini mobil telefon vasitəsilə video müşahidəyə alaraq, xüsusi ittihamçının barəsində "quldur" yazısını qeyd etmiş, digər video görüntüdə isə "rüşvətxor" olduğunu bildirmişdir. Bundan sonra, həmin video görüntülərin şərhlər bölməsində böhtan və təhqir xarakterli məlumatlar göstərmişdir. Göründüyü kimi, Pərviz Xankişiyevi "Tiktok" platformasında özünün istifadəsində olan "perviz.siyezen" hesabında yalan olduğunu bilə-bilə xüsusi ittihamçını nüfuzdan salan, onun şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada alaçaldan məlumatları internet informasiya ehtiyatında yaymışdır. Odur ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək ona əlavəsinin olmamasını qeyd edib, məzmununun izahatı kimi qəbul edilməklə, şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 şikayəti qəbul etməyərək göstərdi ki, o, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Pərviz Xankişiyevin vəkili (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin mövqeyini müdafiə edib, şikayəti qəbul etməyərək göstərdi ki, X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrinin tərkib əlamətləri olmadığına görə bu şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Bu mənada məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırılmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, şikayət vermiş şəxs özü haqqında məlumatları təfərrüatlı şəkildə əks etdirməmiş, habelə doğulduğu il, eləcə də yaşayış yeri barədə dəqiq bilgi göstərməmişdir. Eyni zamanda, şikayət vermiş şəxs tərəfindən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) da tam şəkildə əks etdirilməmişdir. Yəni, Elvin Əmirli şikayətində Pərviz Xankişiyevin "Tiktok" platformasında özünün istifadəsində olan "perviz.siyezen" hesabında 20 dekabr 2025-ci və 12 yanvar 2026-cı il tarixlərdə paylaşımlar etdiyini göstərsə də, ehtimal olunan qanunla qadağan edilən əməllərin nədən ibarət olması (ona qarşı törədilməsini istinad etdiyi əməllərin hər birini necə qiymətləndirməsi), harada, nə vaxt və necə törədilməsi, bu zaman zərərə məruz qalması haqqında məlumatları ətraflı şəkildə aydınlaşdırmamışdır. Digər tərəfdən, şikayətdə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş aydın və düzgün göstərilməli olmasına baxmayaraq, cinayət prosessual qanunvericiliyin bu tələbi də, şikayətçi tərəfindən yerinə yetirilməmişdir. Xüsusi ittiham işində məhkəmə işi yalnız şikayətçinin tələbi əsasında başlayır, ona görə də xahiş aydın, konkret və hüquqi baxımdan düzgün olmalıdır. Yəni, məhkəmə açıq şəkildə başa düşməlidir ki, sən konkret şəxsin, konkret əmələ görə, konkret maddə üzrə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirsən. Bu zaman “Xahiş edirəm” hissəsində şəxsin dəqiq göstərilməsi ((adı, soyadı (imkan daxilində), digər tanıdıcı məlumatlar (ünvan, telefon, iş yeri və s. – məlumdursa)), əməlin hüquqi təsvirinin (hansı əməli törədib, bu əməl necə və nə vaxt baş verib), cinayət məcəlləsinin maddəsinin (həmin əməl CM-nin hansı maddəsinə uyğundur), açıq hüquqi tələbin (cinayət məsuliyyətinə cəlb edilməsi ifadəsi mütləq olsa da, qeyri-müəyyən, emosional ifadələr qeyd edilməməlidir) əks etdirilməsi vacibdir. Bundan başqa, şikayətdə şikayətin verildiyi tarix (ay və gün) və yer də göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Sözügedən Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Bu Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Qeyd olunan Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət Məcəlləsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarın 6-cı hissəsində da qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci hissəsində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPMin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyinə görə X1 Azərbaycan Respublikası Cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar