Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-1/2026 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, bağban işləyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Qilican kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron informasiya daşıyıcılarından istifadə etməklə, gizli yolla talamaq məqsədilə 22 may 2025-ci il tarixdə saat 09:50-də "xxxx" ASCnin Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən filialının qarşısında ona yaxınlaşaraq kart hesabından pul çıxarılmasında köməklik göstərməsini xahiş edən Zərərçəkmiş şəxs "xxxx" ASC-nə məxsus elektron məlumatlar daşıyıcısı olan kart hesabından sonuncu üçün 150 manat pul çıxardıqdan sonra həmin kartın hesabında 2485 manat məbləğində pul olduğunu görüb, Ruza Allahverdiyevanın "xxxx" ASC-nə məxsus kartını gizli yolla özünə məxsus 5243 7544 4883 5478 nömrəli kartla dəyişərək həmin tarixdə saat 10:01-dən 10:05-dək olan müddətdə 2485 manat pul vəsaitini Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad market”-in qarşısında quraşdırılmış "xxxx" ASC-nə məxsus elektron ödəmə terminalından çıxarmaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ona qarşı verilən mülki iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü Zəhra Gülməmmədova və xx.xx.2016-cı il təvəllüdlü Rüqayyə Gülməmmədli adlı iki övladı vardır. Heç yerdə işləmir və fərdi evlərdə xadiməlik etməklə, günəmuzd pul qazanıb uşaqlarının ehtiyaclarını təmin edir. Belə ki, əri Əli Gülməmmədov 2023-cü ilin oktyabr ayında uzun sürən xəstəlikdən sonra vəfat etmiş, sonuncunun müalicəsi zamanı o, əllərində olan vəsaiti xərcləmiş hətta bəzi şəxslərdən borc da götürmüşdür. O, əri sağaldıqdan sonra özü işləyib borcları qaytaracağını düşünmüş, lakin əri vəfat etdikdən sonra o, heç yerdə işləmədiyindən borclarını qaytarmaq üçün yollar axtarmışdır. 22 may 2025-ci il tarixdə saat təxminən 09- 10 radələrində o, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən "xxxx" bankının qarşısında olan bankomata yaxınlaşmış, özünə məxsus kartında olan 10 manat pulu çıxararkən, ilk dəfə gördüyü, sonradan adının Ruza olduğunu öyrəndiyi qadın yaxınlaşaraq sonuncuya məxsus kartdan pul çıxarılmasında köməklik göstərməyi ondan xahiş etmişdir. O, etiraz etməyib Ruzadan kartı götürüb bankomata yerləşdirərək, 4 rəqəmli kodunu soruşmuş və 4 rəqəmli kodu daxil etdikdə kartın balansında pul vəsaiti olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan, həmin məbləği oğurlamaq qərarına gəlmişdir. Belə ki, Ruza ondan kartından cəmi 150 manat pul çıxarmağı xahiş etmiş və o, Ruzanın kartından 150 manat çıxarıb verdikdən sonra, Ruzaya məxsus kartın əvəzinə Unibank bankına məxsus içərisində 15 manat pul qalmış öz kartını ona vermişdir. Ruza qaytarılan kartın kimə məxsus olduğuna fikir verməyib ona təşəkkürünü bildirərək çıxıb getmiş, o isə bir qədər aralıda, yəni 40-cı məhəllə ərazisində yerləşən “Ordubad market” mağazasının qarşısında quraşdırılmış bankomata yaxınlaşıb ələ keçirdiyi Ruzaya məxsus kart hesabından qalan 2485 manatı çıxarmış, daha sonra oradan uzaqlaşaraq əldə etdiyi pulun 2000 manatı ilə ayrı-ayrı adamlara olan borclarını ödəmişdir. Bundan sonra qalan 485 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Verilmiş mülki iddianı qəbul edir, lakin vurulmuş ziyanı hazırda ödəməyə imkanı yoxdur, lakin gələcəkdə hissə-hissə ödəyə biləcəyini bildirir. Bundan başqa bildirir ki, əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı övladı var, həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını çətinliklə böyüdür, ailənin yeganə qazanc mənbəyi özüdür. Qeyd edir ki, məhkəmənin hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını 2025-ci ilin avqust ayında tam çəkmiş, probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 22 may 2025-ci il tarixdə "xxxx" ASC-nə məxsus kartın hesabında olan 2635 manat puldan 150 manat çıxarmaq istəmiş bu məqsədlə o, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisi yaxınlığında yerləşən banka getmişdir. Əvvəllər tanımadığı, 45-46 yaşında bir qadının terminalın qarşısında dayanıb pul çıxarmaq istədiyini görmüş və həmin qadından ona pul çıxarmaqda köməklik etməsini xahiş etmiş, qadın etiraz etməmiş və o, özünə məxsus kartı həmin qadına vermiş və kart hesabından 150 manat çıxarmaq istədiyini bildirmişdir. Həmin qadın onun kartını alıb terminala salmış və o, da sonuncuya kartının şifrəsini demişdir. Qadın kodu təkrar-təkrar iki dəfə ondan soruşmuş, bundan sonra birinci dəfə 50 manat, ikinci dəfə isə 100 manat çıxararaq kart ilə birlikdə ona vermişdir. O da həmin qadının verdiyi kartı alıb çantasına qoymuş və kart hesabından çıxardığı 150 manat pulun 145 manatını elə oradaca "xxxx"a olan kredit borcuna ödəmiş və bankdan çıxıb gedəndə “Bazarstore” ticarət mərkəzinə girib alış-veriş etmək istəyən zaman kassada ona kart hesabının boş olduğu, pul olmadığı bildirilmişdir. O, nə baş verdiyini bilmədiyi üçün əliboş evə getmiş və axşam uşaqları işdən gələndə onlara baş verən hadisəni danışmışdır. Bundan sonra gəlini Şahid onun "xxxx" mobil tətbiqinə baxanda debit kart hesabında qalmış 2485 manat pulun tam məbləğdə hissəhissə olmaqla çıxarılması barədə məlumatın qeyd olunduğunu bildirmişdir. Nəzakət "xxxx"ın qaynar xəttinə zəng vurmuş və onda olan debit kartının 16 rəqəmli nömrəsini bildirərək, kart hesabından pulun hansı şəkildə çıxarıldığını soruşduqda bankdan Nəzakətə nömrəsini bildirdikiləri debit kartın onun adına deyil, Təqsirləndirilən şəxs adına olduğunu demişlər. Bundan sonra gəlini Şahid DİN-nin 102 xidmətinin zəng mərkəzinə zəng vuraraq, onun debit kartından pul çıxararkən, kartının dəyişdirildiyini və kart hesabından 2485 manat pulunun çıxarılaraq oğurlandığını bildirmişdir. Vermiş olduğunu mülki iddianı müdafiə edərək vurulmuş ziyanın ödənilməsini tələb edir. Bundan başqa təsqirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid da anoloji ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-1 maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə CM-nin 177.2.3-1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.36-37); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 43-45); "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 10-01-dən saat 10-05-dək olan müddətdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid debit kartından cəmi 2485 manat pul çıxarılmışdır. (i.v.24); "xxxx" ASC-dən daxil olmuş kart hesabı üzrə aparılmış əməliyyatların təfərrüatlarını əks etdirən diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 4098******4883 nömrəli kart üzrə xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş əməliyyatlar barədə məlumatlar əks olunmuşdur. Təqdim edilən 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan diskdə 4 ədəd fayl vardır. Həmin fayllardan birincisində Zərərçəkmiş şəxs məxsus müştəri məlumatları, digər 3 ədəd faylda isə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bankomatdan Allahquliyevaya məxsus pul vəsaitlərini çıxarıb oğurlayarkən əks olunmuş 03 ədəd fotoşəkilləri vardır. (i.v.78-84); 01 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.71); 17 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin İŞnə gətirilmiş və həmin tarixdə dayandırılmış icraat təzələnərək davam etdirilmişdir. (i.v.76); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması müəyyən edilmişdir. (i.v. 62); Sumqayıt şəhər Məhkəməsinin 1(060)-192/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. (i.v.63-67); Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Lakin onun əməli CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. “Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli çıxarış və 01 ədəd “CD-R” disk sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilmiş, istintaq sənədlərində X2 qeyd olunan hissələr Zərərçəkmiş şəxs kimi oxunmuş, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahid ifadələri, digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilərək cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 85-90); Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2485 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs şəhid ailəsi üzvüdür. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016cı il təvəllüdlü X5 adlı 02 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. CM-nin 177.2.3-1 maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli qərarına əsasən cinayət məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ruza Allahverdiyevanın "xxxx" ASC-nə məxsus bank kartını gizli yolla özünə məxsus 5243 7544 4883 5478 nömrəli kartla dəyişərək ələ keçirmiş, həmin tarixdə saat 10:01-dən 10:05-dək olan müddətdə həmin kartddan 2485 manat pul vəsaitini ələ keçirməklə oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, qadın olmasını, himayəsində 02 azyaşlı övladının olmasını, ailə başçısı olan ərinin vəfat etdiyi üçün ailəni dolandıran yeganə şəxsin özü olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 17 dekabr 2025-ci il tarixdə tutulduğu 01 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut "xxxx" ASC-dən əldə olunmuş çıxarış vərəqi və 01 ədəd “CD-R” disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 05:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1, 181.1.1, 181.1.2 və 181.2.3-cü maddələrinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş ziyanın əvəzi olaraq Təqsirləndirilən şəxs 2485 manat məbləğində pul tələb etmişdir. Həm təqsirləndirilən şəxsin, o cümlədən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında vermiş olduğu ifadələrindən müəyyən edilmişdir ki, həqiqətən də göstərilən məbləğdə vəsait Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuşdur. Məhkəmə belə olan halda hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 2485 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 09 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından vəkil Müdafiəçi 99 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2025-ci il tarixdə tutulub saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 05:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin, 2485 manat məbləğində vurulmuş ziyan məbləği Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut - "xxxx" ASC-dən əldə olunmuş çıxarış vərəqi və 01 ədəd “CD- R” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(5-155)-1/2026
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-1/2026
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver