Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(5-155)-10/2026 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, keçmiş polis əməkdaşıdır və hal-hazırda yükdaşıma işləri ilə məşğuldur. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X8 onun qızı Nəzrin Kazımovanın qaynıdır. 10 yanvar 2026-cı il tarixdə sözügedən şəxs qızı Nəzrinə zəng edərək sonuncunu təhqir etməyə başlamış, daha sonra o, dəstəyi qızının əlindən mübahisənin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün almışdır. O, Əkbərdən nə üçün onun qızını təhqir etməsini soruşmuş və sonuncunu onu və onun ailə üzvlərini təhqir etməyə başlamışdır. O, dəstəyi yerə qoyduqdan sonra ona Əkbərin zəngdən əvvəl kürəkəni Əli Kazımova zəng edərək onunla dava etməyə çağırdığı məlum olmuşdur. O, bunu bilən zaman kürəkəni evdə olmamışdır. Dərhal onların yaşadıqları evə getmiş və evə çatan zaman onların Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən parkda mübahisə etdiklərini görmüşdür. O, dərhal DİN-in 102 qaynar xəttinə zəng edərək məlumat vermiş və bundan sonra Əkbər özü ilə evdən götürdüyü kəsici alətlə özünə xəsarət yetirməyə başlamış, onun etdiyi şikayəti geri götürmədiyi təqdirdə özünü yoldan keçən avtomabilin altına ataraq intihar edəcəyinibildirmişdir. O, 102 xidmətinə məlumat verən zaman Sumqayıt ŞPİ-nin Post Patrul xidmətinin əməkdaşlarının ərazidən keçdiyini görmüş və dərhal saxlatdırmışdır. Polis əməkdaşlarına köməklik göstərmələrini xahiş etmişdir. Əkbər onun polis əməkdaşlarını çağırdığını görən kimi evlərinə qaçmış və 00:03 radələrində polis əməkdaşları onu axdarmağa başlamışlar. Polis əməkdaşalrı hadisə yerindən şəxsin yayınmasını görmüşlər və darhal ərazi üzrə aidiyyatı üzrə Polis bölməsinə məlumat vermişlər. X3 hərəkətləri barəsində qanunamüvafiq qaydada ölçü götürülməli, ədalətli məhkəmə araşdırması aparılmalı, nəticədə Əkbərin onun barəsində böhtan xarakterli yuxarıda qeyd olunan dövlət orqanlarına etdiyi şikayətləri əldə edilməli və sonuncu cəzalandırılmalıdır. Yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətimi ləkələyən, cəmiyyət içində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatdığı üçün ünvan 1 ünvanında faktiki yaşayan X3 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətinin məzmununa uyğun çıxış edərək icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi şikayətin icraata götürütülüb-götürülməmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-in 302.1.6-cı maddəsinin imperativ tələbidir. Hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Əkbər İbrahim oğlunu ona görə ittiham edir ki, sonuncu mobil telefonda danışan zaman onu təhqir etmiş, həmçinin onun barəsində dövlət orqanlarına şikayət etmişdir. X8 qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki şikayət ərizəsi üzrə X3 əməllərində cinayət əlamətləri mövcud deyil. Belə ki, hər hansı şəxsin (şəxslərin) mobil telefonda olan mübahisəsi və ya dövlət orqanlarına ərizə və şikayətləri ilə bağlı əməllərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Burada kütləvilik əlaməti mövcud deyil. Yuxarıda da qeyd edildiyi kimi iş üzrə hazırlıq iclasında məhkəmə əmələ mahiyyəti üzrə qiymət verməsə də, ilkin olaraq şikayət verilmiş əməldə cinayət əlamətlərinin olubolmamasına mütləq diqqət yetirməlidir. Məhz istinad edilən əməldə cinayət əlamətləri olduqda, şikayət əsaslı olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirdikdə və işin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmənin icraatına götürülməsi mümkün ola bilər. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələlərin yoxlanılması olduqca əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır. Bu baxımdan hazırlıq iclası mərhələsində şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Bundan əlavə müəyyən edilmişdir ki, şikayət məzmunca Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində doğulduğu ili göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayətin məzmumu CPM-in tələblərinə uyğun olmadığından şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdikyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(5-155)-10/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(5-155)-10/2026
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver