Məhkəmə qərarları › İş №1(5-155)-32/2026

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-32/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-32/2026 12.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qazax rayonu, Orta Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Orta Salahlı ərazi dairəsi, Orta Salahlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər xəsarət yetirmişdir. Belə ki, o, 17 mart 2025-ci il tarixdə saat 22:45 radələrində, BC kateqoriyalı, AD 132961 seriyalı sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “Kia Cerato minik” markalı ** LB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyib Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən “Dönər Box” adlı yeməkxananın qarşısında yolu sağdan sola keçməkdə olan piyada, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq ön hissəsilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol tərəfli subdural hematoma, sağ gicgah nahiyəsinin kəsilmişdeşilmiş yarası, beş beynin əziyi, travmatik subdural qansızma, sağ gicgah sümüyünün təpə sümüyünə uzanan sınığı ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona məxsus “Kia Cerato” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 17 mart 2025-ci il tarixdə, saat 22:45 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayonla, 42-ci məhəllənin kəsişməsində yerləşən işıqforun yaşıl işığında keçmiş, avtomobili 50 km/saat sürətlə idarə etmiş, qarşıdan da avtomobil gəlmiş, yolun sağ kənarında da “Dönər Box” adlı dönərxana olmuşdur. Həmin vaxt anidən avtomobilin ön sol hissəsi ilə piyadanı vurmuş, piyadanı vuran kimi əyləci sıxmış, bir neçə metr sonra avtomobili saxlamış, piyada avtomobilin ön şüşəsində qalmış və o, dayanan kimi avtomobilin sol kənarına düşmüşdür. O, avtomobildən düşən kimi təcili tibbi yardıma dəfələrlə zəng etmiş və 4-5 dəqiqə sonra təcili tibbi yardım həkim briqadası gəlmiş, həmin piyadanı köməkli təcili tibbi yardım avtomobilinə yerləşdirmiş və bu zaman da polislər gəlmişdir. Həmin vaxt o, avtomobilini hadisə yerində qoyub tanışlarının avtomobili ilə xəstəxanaya getmiş, qohumlarına da bu barədə məlumat vermişdir. Xəstəxanada bilmişdir ki, vurduğu piyada Zərərçəkmiş şəxs olmuşdur. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış və hadisənin necə baş verdiyini göstərmiş, protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs həmin gecə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından qalandan sonra səhərisi gün onun ailəsinin istəyi ilə Bakı şəhərində yerləşən "xxxx"a yerləşdirmiş, orada Zərərçəkmiş şəxs əməliyyat olunmuşdur. "xxxx"-da 20360 manat məbləğində pul ödəmişdir. Bundan başqa, lazım olan dərman ləvazimatları almaq üçün, tibb bacısına və fizioterapevtə onun və onun qohumları tərəfindən ödənişlər edilmişdir. Ümumilikdə 30.000 manatdan çox zərər çəkmiş şəxsin müalicə xərclərinə görə ödəniş edilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində həmin piyadanı görmədiyini, piyadanı vuran zaman gördüyünü və dərhal əyləci sıxdığını, hadisə zamanı hərəkət sürətinin 50 km/saat olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 2017-ci ildən etibarən avtomobil idarə edir və həmin günədək o, heç bir nəqliyyat hadisəsi törətməmişdir. xx.xx.2025-ci il tarixdə, “Kia Cerato” markalı avtomobil ilə evləri istiqamətdə gedərkən Sumqayıt Dövlət Universitetinin yaxınlığında 40-50 km/saat sürətlə işıqfordan sonra dörd yolu keçmiş və piyada keçidindən 40-50 metr keçdikdən sonra maşının nəyəsə dəydiyini görmüşdür. Hadisə ilə bağlı dəfələrlə TTYX-yə zəng vurmuş, üstündən 4-5 dəqiqə keçməmiş TTYX gəlmiş və zərər çəkmiş şəxsi travmatologiyaya aparmışlar. O, həmin gecəni travmatologiyada qalmışdır. Daha sonra hadisə ilə bağlı polis əməkdaşları gəlmiş və birlikdə idarəyə getmişlər. Qarşı tərəf barışmaq üçün ondan 35000 manat məbləğində pul istəmiş, o isə o qədər məbləğdə pulu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Hazırda 10000 manat ödəniş edə bilər. O, son söz olaraq əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsin ailə üzvlərindən üzr istədiyini bildirmiş və məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində qohumu ona zəng edərək Solmazı avtomobilin vurduğunu və hazırda xəstəxanada olduğunu bildirmiş, bundan sonra o, dərhal xəstəxanaya getmiş və orada arvadını Təqsirləndirilən şəxs adlı şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində “Dönər Box” adlı dönərxananın qarşısında yolu keçən zaman vurduğunu bilmişdir. Arvadı 1 gün Sumqayıt xəstəxanasında qalmış və səhərisi gün onu “Ege Hospitala” aparmış, həmin hospitalda əməliyyat olunmuş və uzun müddət müalicə olunmuşdur. 17 aprel 2025-ci il tarixdə həmin hospitaldan arvadını çıxarıb evə gətirmiş və hazırda Solmaz yataq vəziyyətindədir, danışa və hərəkət edə bilmir və heç bir şeyə reaksiya vermir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, hadisə ilə bağlı videogörüntülərə baxmış və görüntülərdə sürücünün sürətinin 60-70 km/saat olduğunu, işıqforun qırmızı işığına düşməmək üçün sürətlə keçməyə çalışdığını görmüşdür. Solmaz avtomobilin ön örtüyünə düşmüşdür. Daha sonra isə sürücü sürəti azaltmayıb tormoz vermədiyi üçün Solmaz ön örtükdən yerə düşmüş və başından zədə almışdır. Həyat yoldaşının təxminən 5000 manat məbləğində əməliyyat pulunu özünün ödədiyini və iki ay təqsirləndirilən şəxsin ödəniş etməsini gözləyib şikayət etmədiyini bildirmişdir. Barışıq üçün keçən il təqsirləndirilən şəxsə 35000 manat təklif etsələr də, o, razılaşmamışdır. Hazırda həyat yoldaşının vəziyyətinin ağır olduğunu və bitkisəl həyat yaşadığını bildirmişdir. Ödədikləri ödənişlərlə bağlı isə oğlunun dəqiq məlumatı vardır və qəbzlər də oğlundadır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində cəza tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi X10 bildirmişdir ki, cinayət işin materiallarında olan “Ege Hospitala” ödənilmiş 20360 manat, tibb bacısına, fizioterapevtə ödənilmiş məbləğlə bağlı qəbzlər və digər qəbzlərdəki ödənişlər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən 3 ay ödənişlərlə bağlı yardım göstərilsə də, 3 aydan sonra heç bir köməklik göstərməmişdir. Hazırda anası zərər çəkmiş Zərərçəkmiş şəxs vəziyyəti ağırdır və yalnız ürəyi döyünür. Onu yaşatmaq üçün aylıq 3000 manat xərc çəkdiklərini və özlərinin də həmin ödənişi kredit götürərək ödədiklərini bildirmişdir. Anasının təkcə beyin qapağının bir müddətdən sonra əməliyyat edilməsi üçün 6000 manat pul lazımdır, qapaq yerinə düşməsə plastmas qapaq qoyulsa isə həmin məbləğin üçqatı lazım olacaq, ona görə də 10000 manatın ödənilməsi ilə razı deyil. Dövlət ittihamçısının çıxışı ilə razı olduğunu və məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsis haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/454 nömrəli material üzrə yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v 1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən, baxış qaranlıq havada keçirilmişdir. Hadisənin növü piyada vurma, yolnəqliyyat hadisəsi yeri küçə, yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 0,5 metr, hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 4,7 m olmuşdur. Hərəkət hissəyə sağdan səki, soldan səki, sonra sağdan evlər, soldan evlər birləşmişdir. Yol işıqlandırılır. Hadisə nəticəsində vurulan piyadaların sayı 1-dir. Piyada yolun sağ kənarda 7 metr məsafədə vurulmuşdur. Hadisədən əvvəl yolu sağdan sola doğru keçir. Nəqliyyat vasitəsinin şüşəsi və ön kapotu zədələnmişdir. Şinlərin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar edilməmişdir. Protokola sxem və şəkillər əlavə edilmişdir. (i.v 5- 15) xx.xx.2025-ci il tarixli, 1660 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. (i.v 16-17) Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AA132961 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdə 10 il müddətinə verilmişdir. (i.v 18) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-LB-*** qeydiyyat nişanlı “KİA SEDAN CERATO Minik” markalı, buraxılış ili 2012 olan ağ mirvari rəngli nəqliyyat vasitəsinin seriya və nömrəsi BB420670-dir. (i.v 19) İş materiallarına əlavə edilmiş Dr. C.Hümbətov tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2025-ci ildə Sumqayıt şəhər Travmatologiya və X3 reanimasiya şöbəsinə daxil olmuşdur. (i.v 21) Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və məhkəmə iclasında video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan diskdə 01 ədəd video fayl vardır. Həmin fayl açılan zaman bir nəfər qadının yolun görüntü olan hissəsindən digər hissəsinə keçmək istəməsi görünür. Qadın asta addımlarla hərəkət edir və yolun ortasına çatmamış sağ tərəfə baxaraq dayanır. Bu zaman yolun sol tərəfindən hərəktdə olan avtomobil ön hissəsi ilə qadını vurur, vuran an arxa stop işığı yanır, yəni əyləcdən vuran an istifadə edir. Piyada avtomobilin üzərində qalır və avtomobil irəlidə dayanan zaman piyada yolun sol kənarına düşür. Görüntünün vaxtına nəzərə salan zaman hadisənin xx.xx.2025-ci il tarixdə, saat 22:45-də olması müəyyən edilir. Bundan sonra ətrafa müxtəlif şəxslər toplaşması müşahidə edilir. (i.v 28) Zərər çəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 34) EGE Hospital tərəfindən verilmiş hesab-fakturadan görünür ki, 20360 manat məbləğində xx.xx.2025-ci il tarixdə hospitala pul ödənilmişdir. (i.v. 41) Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 16,80 manat, 93,35 manat, 30 manat, 1,50 manat, 280 manat, 69 manat, 55,60 manat, 32,40 manat, 3 manat, 49 manat, 49 manat məbləğində aptekdən alınan dərman və digər lavzimatlara, 55 manat, 50 manat, 55 manat olmaqla fizioterapevtə, 250 manat, 350 manat xəstə çarpayısına, 168 manat Referans klinikasından gələn həkimlərə ödəniş edilmişdir. Dəftərə qeyd edilmiş ödənişlərdən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixidək 825 manat məbləğində fizioterapiyaya, xx.xx.2025-ci il tarixdə həkim Aynurə Abdullayevaya 50 manat, tibb bacısı X2 xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, neyrocərrah Emil Yaqubova 40 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1629 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Kia Cerato markalı, 99LB 208 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. (i.v 51-53) Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə BC kateqoriyalı AD132961 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüquqyundan məhrum edilənlər siyasında yoxdur. (i.v. 58) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 395 nömrəli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs "xxxx" MMC-də xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək “Uzun sürən komatoz vəziyyət ilə müşayiət olunan kəllə daxili travma, travmatik subdural hematoma, digər kəllə daxili travmalar” diaqnozu ilə reanimasiya şöbəsində stasionar müalicə almış və xx.xx.2025-ci il tarixində “Dekompressiv trepanasiya, subdural hemotomanın boşaldılması, duraplastika” əməliyyatı icra edilmişdir. (i.v 59) Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 xx.xx.2025-ci il tarixli, 1385 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol tərəfli subdural hematoma, sağ gicgah nahiyyəsinin kəsilmiş-deşilmiş yarası, beş beynin əziyi, travmatik subdural qansızma, sağ gicgah sümüyünün təpə sümüyünə uzanan sınığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsərindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Suqmayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (i.v 61-63) Komisyon məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2025-ci il tarixli, 1229/KEŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “travmatik subdural qansızma, dekompressiv trepanasiya, subdural hematomanın boşaldılması, renoplastika”dan sonrakı vəziyyətin olduğu müəyyən edildi. Qeyd edilən xəstəliklər xroniki gedişlidir. Zərərçəkmiş şəxsnm yataq vəziyyətində olduğunu nəzərə alaraq, onunla hal-hazırda istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq sayılmır. (i.v 70-75) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5396/2025 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (i.v 80-83) Zərər çəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi onun əri Qanuni nümayəndə təyin edilmişdir. (i.v 84) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 91) Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 112-113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat yoxdur.(i.v 116) Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə Sənaye küçəsi, 3/1, ev №277, fərdi evdə yaşayan vətəndaş Təqsirləndirilən şəxs X7 adlı ailə üzvü vardır. (i.v 123) Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə Sənaye küçəsi, 3/1, ev №277, fərdi evdə yaşayan vətəndaş Təqsirləndirilən şəxs uzun müddətdir ki, qeyd olunan ünvanda yaşayır. Bu vaxta qədər onun barəsində heç bir şikayət olmamışdır. Vətəndaşlar və qonşular arasında müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş 01 (bir) ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və təqsirləndirilən şəxsin ifadələri, baxış və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, cinayət işi üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir.( i.v. 117- 121) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. X13 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək özünü təqsirli bilməsini, baş vermiş hadisədən səmimi peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə tibbi yardım göstərərək onu xəstəxanaya çatdırmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərər çəkmiş şəxsə tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırmış, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmiş və zərər çəkmiş şəxslə barışıq əldə etməsə də, ona dəymiş maddi zərəri qismən ödəmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni onun əməlini etiraf edərək özünü təqsirli bilməsini, baş vermiş hadisədən səmimi peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyandan qismən ödəniş etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 13 saata görə 143 (bir yüz qırx üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar