Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(5-164)-4/2026 18.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Azəriqaz” X2 Xidmət Sahəsində çilingər işləyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 avqust 2025-ci il tarixdə, saat 10 radələrində Ucar şəhəri, Oğuz küçəsində "xxxx" ASC-nin inzibati binasının arxa hissəsində Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunu onlayn formada müraciət etməklə "xxxx" BOKT MMC-dən 500 manat məbləğində kredit almasına köməklik göstərdiyini deməklə aldadıb internet resurslarından istifadə edərək mobil telefon tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 zəruri anket məlumatları ilə onlayn formada "xxxx" BOKT MMC-də qeydiyyatdan keçib kredit şəklində rəsmiləşdirdiyi 500 manat pul vəsaitinin 50 manatı komissiya xərci kimi tutulduqdan sonra qalan 450 manatı sonuncunun xəbəri və icazəsi olmadan, gizli olaraq 20 avqust 2025-ci il tarixdə, saat 10:24-də informasiya texnologiyalarından istifadə edib öz istifadəsində olan "xxxx" ASC-dən alınmış 4169 7388 9345 3781 nömrəli kart hesabına yükləməklə Zərərçəkmiş şəxs1 aid ümumilikdə 500 (beş yüz) manat məbləğində pulu gizli olaraq qəsdən talayıb informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2025-ci ilin avqust ayının son günlərində, istintaqa dəqiq məlum olmayan vaxtda Ucar şəhəri, Oğuz küçəsində Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncunu onlayn formada müraciət etməklə "SF Azerbaijan” ("xxxx") BOKT MMC-dən 150 manat məbləğində kredit almasına köməklik göstərdiyini deməklə aldadıb internet resurslarından istifadə edərək mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 zəruri anket məlumatları ilə onlayn formada "SF Azerbaijan” ("xxxx") BOKT MMC-də qeydiyyatdan keçib kredit şəklində rəsmiləşdirdiyi 150 manat pul vəsaitini sonuncunun xəbəri və icazəsi olmadan, gizli olaraq 03 sentyabr 2025-ci il tarixdə, saat 06:16-da informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan "xxxx" ASC-dən alınmış 4169 7388 9345 3781 nömrəli kart hesabına yükləməklə Zərərçəkmiş şəxs2 aid ümumilikdə 150 (yüz əlli) manat məbləğində pulu gizli olaraq qəsdən talayıb təkrarən informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, törətmiş olduğu əmələ görə səmimi olaraq peşmandır. Ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X10 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsində çilingər işləyir, himayəsində iki azyaşlı uşağı var. Ucar rayonu, Qazyan kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun tanışları olmuşlar. Pünxan və Zenfira əvvəllər onlayn formada kredit götürmək üçün köməklik məqsədilə ona müraciət etmişlər. Əvvəllər Pünxan və Zenfiranın pullarını ələ keçirməmişdir. Maddi vəziyyəti pis olduğuna görə 1 dəfə 2025-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 xəbəri olmadan 450 manat pulunu və 1 dəfə 2025-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 xəbəri olmadan 150 manat pulunu ələ keçirmiş, başqa heç zaman, heç bir cinayət törətməmişdir. Pünxana və Zenfiraya qarşı etdiyi əmələ görə də peşmandır. Belə ki, 19 avqust 2025-ci il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs1 ona zəng vurub telefonuna "xxxx" adlı saytdan 500 manat kredit götürmə imkanının olması ilə bağlı mesajın gəldiyini bildirərək özünün bundan anlayışı olmadığı üçün, mümkündürsə, həmin pulu götürməyə köməklik etməsini xahiş etmişdir. Onun da maddi vəziyyəti yaxşı olmadığına görə və pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 adına kreditlə veriləcək pulu sonuncudan xəbərsiz özünə götürmək qərarına gəlmiş və bu səbəbdən Zenfiraya səhər tezdən Ucar şəhəri, Oğuz küçəsinə, "xxxx"ın binasının yanına gəlməsini bildirmişdir. 20 avqust 2025-ci il tarixdə, saat 10 radələrində Zenfira ona zəng vurub Ucar şəhərində olduğunu bildirmiş, o, Ucar şəhəri, Oğuz küçəsinə, "xxxx"ın binasının yanına getmiş, "xxxx"ın binasının arxa tərəfində görüşərkən Zenfira bir daha ona öz adına onlayn qaydada kreditlə pul götürməsini xahiş etmişdir. O da Zenfiraya məxsus telefonda "xxxx" adlı proqrama daxil olmuş, sonra öz telefonunda Zenfiranın şəxsiyyət vəsiqəsində olan anket məlumatları ilə və Zenfiranın videomüraciəti ilə qeydiyyatdan keçdikdən sonra Zenfiranın 500 manat kreditlə götürə biləcəyini, qarşılığında 50 manat komissiya haqqı tutulacağını öyrənərək sonuncuya bu barədə məlumat vermişdir. Görünüş yaratmaq məqsədi ilə Zenfiraya pulun köçürülməsi üçün kart hesabını tələb olunduğunu bildirmiş və hansı karta qeyd olunan pulun köçürüləcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 da ona telefonda öz kartının nömrəsini göstərmiş, lakin fikri həmin pulu Zenfiradan xəlvətcə öz kart hesabına köçürmək olduğu üçün Zenfiraya heç nə demədən pulun köçürülməsi üçün sonuncunun kart nömrəsini deyil, öz istifadəsində olan 4169 7388 9345 3781 nömrəli kartını qeyd etmişdir. Bundan sonra yalandan Zenfiraya növbəti 3 gün ərzində pulun Zenfiraya məxsus kart hesabına yükləniləcəyini bildirmişdir. Az sonra həmin 500 manat məbləğində puldan 50 manat komissiya haqqı tutulmaqla 450 manat məbləğində pul ona məxsus 4169 7388 9345 3781 nömrəli "xxxx" kartına yüklənmişdir. Bu barədə Zenfiranın heç xəbəri olmamış, sonuncuya yalandan 50 manat komissiya haqqı tutulmaqla kart hesabına 450 manat məbləğində pulun köçürüləcəyini demişdir. Zenfira da etiraz etməmiş və heç nədən şübhələnməyərək uzaqlaşıb getmişdir. O isə 4169 7388 9345 3781 nömrəli "xxxx" kart hesabına köçürülən pulu özü üçün xərcləmişdir. 3-4 gündən sonra Zərərçəkmiş şəxs1 zəng vurub kartına heç bir məbləğdə pulun yüklənmədiyini bildirmiş, o isə yalandan bunu yoxlayıb xəbər verəcəyini deyərək az sonra Zenfiraya zəng vurub yalandan "xxxx" adlı kredit təşkilatından imtina gəldiyini və Zenfiraya pulun verilməyəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra, 2025-ci ilin avqust ayının son günlərində, təxminən avqustun 28-də Zenfiranın qohumu Zərərçəkmiş şəxs2 onun istifadəsində olan 077 *** ** ** nömrəsinə zəng vurub əlaqə saxlayaraq özünün anlayışı olmadığı üçün "xxxx" programı vasitəsi ilə özü üçün kreditlə 150 manat pul götürməsini istədiyini bildirərək köməklik göstərməsini xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün Pünxanın adına kreditlə veriləcək pulu özünə götürmək qərarına gəlmiş və bu səbəbdən sonuncuya səhər tezdən Ucar şəhəri, Oğuz küçəsində çayxananın yanına gəlməsini bildirmişdir. Pünxan səhəri günü, saat 11 radələrində zəng vurub idarə etdiyi VAZ-2104 markalı avtomobil ilə həmin yerə gələrək onunla görüşmüş və adına "xxxx" programı vasitəsi ilə kreditlə pul götürməyə köməklik göstərməsini xahiş etmişdir. O da öz telefonu vasitəsi ilə "xxxx" programına daxil olmuş və Pünxanın şəxsiyyət vəsiqəsində olan anket məlumatları ilə qeydiyyatdan keçtdikdən sonra, sonuncunun adına kreditlə 150 manat məbləğində pulun üç iş günü ərzində veriləcəyi təsdiqləndiyi üçün, həmin pulu özünə götürmək qərarına gəlmişdir. Real görünüş yaratmaq üçün pulun köçürülməsi üçün kart hesabını tələb olunduğunu bildirmiş və hansı karta pulun köçürüləcəyini soruşmuş, Pünxan da telefonda öz kartının nömrəsini göstərmişdir. Lakin pulu ələ keçirmək üçün Pünxana heç nə demədən pulun köçürülməsi üçün sonuncunun kart nömrəsini deyil, öz istifadəsində olan "xxxx"a aid 4169 7388 9345 3781 nömrəli kartını qeyd etmişdir. Bundan sonra Pünxana növbəti 3 iş günü ərzində pulun ona məxsus karta yükləniləcəyini, həmin gün cümə günü olduğundan gələn həftənin iş günlərində pulun köçürüləcəyini bildirmişdir. Pünxan da uzaqlaşıb getmişdir. 03 sentyabr 2025-ci il tarixdə, səhər saat 06 radələrində "xxxx"dan ona məxsus 4169 7388 9345 3781 nömrəli kart hesabına Pünxana köçürülməli olan həmin 150 manat pul yüklənmiş və o həmin pulu özü üçün xərcləmişdir. 03 sentyabr 2025-ci il tarixdə Pünxan zəng vurub artıq həftənin üçüncü iş günü olduğunu və müraciətdən 3 iş günü keçdiyini, lakin kart hesabına 150 manat pulun yüklənmədiyini bildirmiş, o isə yalandan Pünxana maraqlanıb bu barədə xəbər verəcəyini bildirmiş və bir az sonra zəng vurub guya "xxxx" kredit təşkilatından Pünxana imtina gəldiyini və pulun verilməyəcəyini bildirmişdir. Zenfiradan və Pünxandan xəbərsiz götürdüyü pulların aylıq ödənişini etmədiyinə görə işlərin üstü açılmışdır. Belə ki, "xxxx" adlı kredit təşkilatından Zenfiranın adına sonuncudan xəbərsiz öz kartına yönəltməklə 500 manat pul götürdüyü vaxtdan bir ay keçdiyinə görə və həmin pulun faizi ödənilmədiyinə, yəni aylıq ödəniş həyata keçmədiyinə görə həmin təşkilatdan Zenfiraya zəng olunaraq kreditin ödənilməsi tələb olunmuş, sonuncu da yalnız həmin vaxt onun 20 avqust 2025-ci il tarixdə xəbərsiz "xxxx"dən 50 manat komisiyya haqqı tutulmaqla 500 manat krediti 4169 7388 9345 3781 nömrəli "xxxx" kartına yönəltməklə həmin məbləğdə pullarını ələ keçirdiyini öyrənmişdir. Bundan sonra Zenfira zəng vurub nə səbəbə ondan xəbərsiz bu hərəkəti etdiyini soruşduqda, Zenfiraya əlacsız qalıb maddi vəziyyətinin çox pis olduğuna görə sonuncunun adına sənədləşdirilmiş 500 manat pulun 50 manatı komissiya haqqı tutulmaqla 450 manat pulunu öz kartına yönəldərək çıxartdığını, sonuncuya bu barədə heç nə deyə bilmədiyini söyləmişdir. Həmçinin, Pünxanın da adına götürülmüş 150 manat pulun aylıq ödənişini, yəni faizini ödəmədiyinə görə, bir ay keçdikdə "xxxx" kredit təşkilatından Zərərçəkmiş şəxs2 zəng gələrək kreditin ödənilməsi tələb olunduqda sonuncu bilmişdir ki, 03 sentyabr 2025-ci il tarixdə "xxxx"dan adına 150 manat pul götürülərək onun 4169 7388 9345 3781 nömrəli "xxxx" kartına yüklənmişdir. Pünxan zəng vurub nə səbəbə ondan xəbərsiz bu hərəkəti etdiyini soruşduqda, Pünxana da əlacsız qalıb, maddi vəziyyətinin çox pis olduğuna görə adına sənədləşdirilmiş 150 manat pulu öz kartına yönəldərək çıxardığını, sonuncuya da bu barədə heç nə deyə bilmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməlini etiraf edərək peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini nəzərə alıb ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Qazyan kəndində yaşayır. Həyat yoldaşı gözdən əlil olduğu üçün dolanışığı çətindir. Ucar şəhər sakini Təqsirləndirilən şəxs onun tanışıdır. Əvvəllər bir neçə dəfə onlayn formada kreditə pul götürmüş, lakin telefondan və proqramlardan anlayışı olmadığı üçün Rüfətə müraciət etmiş və sonuncu ona köməklik göstərmişdir. 20 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona kreditlə ayrılmalı olan 500 manat pul vəsaitini öz bank kartı hesabına köçürməklə oğurlamışdır. Belə ki, 19 avqust 2025-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs zəng vurub "xxxx" adlı saytdan 500 manat kredit götürmə imkanının olması ilə bağlı telefonuna mesajın gəldiyini bildirmiş və anlayışı olmadığı üçün bunu yoxlamaq istədiyini, əgər mümkün olsa pul götürməyə köməklik göstərməsini xahiş etmişdir. Rüfət isə ona səhər tezdən Ucar şəhərinə gəlməsini bildirmişdir. 20 avqust 2025-ci il tarixdə, saat 09-dan sonra Ucar şəhərinə gəlib Rüfətlə zəngləşmiş və Rüfət ona Ucar şəhəri, Oğuz küçəsində yerləşən "xxxx"ın binasının yanına gəlməsini bildirmişdir. Az sonra Ucar şəhərində "xxxx"ın binasının arxa tərəfində Rüfətlə görüşmüş, telefonunda "xxxx"dan mesajın gəldiyini Rüfətə göstərdikdə sonuncu telefonunda həmin proqrama daxil olmuş, sonra öz telefonu ilə hansısa əməliyatlar edərək şəxsiyyət vəsiqəsi və videoşəkilişlə, yəni sifət tanıma ilə qeydiyyatdan keçərək həqiqətən 500 manat pulun kreditlə götürə biləcəyini öyrənmişlər. Bir neçə dəqiqə Rüfət telefonla işləyərək ondan kart hesabının nömrəsini soruşmuş və az sonra, yəni növbəti 3 gün ərzində 50 manat komissiya haqqı tutulmaqla həmin kart hesabına 450 manat məbləğində pulun yüklənəcəyini bidirmişdir. O da Rüfətə inanaraq sağollaşıb təşəkkür edib çıxıb getmişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs zəng vurub "xxxx" adlı kredit təşkilatından kartına pulun yüklənmədiyini bildirmiş, sonuncu ilə bunu yoxlayıb ona xəbər edəcəyini deyərək az sonra əlaqə saxlayıb "xxxx" adlı kredit təşkilatından kreditin verilməsində ona imtina olunduğunu və pulun verilməyəcəyini bildirmişdir. Bundan sonra qohumu Zərərçəkmiş şəxs2 da söhbət əsnasında onlayn formada kredit götürmək istədiyini bildirdikdə sonuncuya Rüfət barədə demiş və Pünxan ondan Rüfətin nömrəsini alıb 2025-ci ilin avqust ayının son günlərində öz adına "xxxx" programı vasitəsi ilə kreditlə 150 manat pul götürmək üçün Rüfətlə zəngləşib görüşmüşdür. Rüfət Pünxanın da adına onlayn formada kredit götürərək sonrakı günlərdə yalandan kreditin verilməsində imtina olunduğunu bildirmişdir. Nə o, nə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onların pullarını ələ keçirdiyini əvvəlcədən bilməmişlər, habelə heç nədən şübhələnməmişlər. Növbəti ayda, yəni 2025-ci ilin sentyabr ayının 20 tarixindən sonra "xxxx" adlı kredit təşkilatından zəng olunaraq 20 avqust 2025-ci il tarixdə götürdüyü 500 manat kreditin aylıq ödənişini nə səbəbə gecikdirməsi və ödəməməsi barədə sual verilmişdir. O isə telefonda danışan şəxsə kredit götürmədiyini və heç nədən xəbərinin olmadığını bildirmişdir. Şəxsiyyət vəsiqəsinin FİN nömrəsini soruşan "xxxx" adlı kredit təşkilatının əməkdaşına şəxsiyyət vəsdiqəsinin anket məlumatlarımı bildirdikdə, sonuncu ona 20 avqust 2025-ci il tarixdə, saat 10 radələrində adına videoqeydiyyatla 500 manat kreditin rəsmiləşdirilərək 50 manat komisiyya haqqı tutulmaqla 450 manat pulun öz tərəfindən qeyd olunan 4169 rəqəmlə başlayan sonu isə 3781 rəqəmlə bitən Təqsirləndirilən şəxs adlı şəxsin kart hesabına köçürüldüyünü bildirmişdir. Onda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə ondan xəbərsiz adına 500 manat kredit götürərək öz kart hesabına yönəltməklə pulunu ələ keçirmişdir. O dərhal Rüfətə zəng vurub bu barədə məlumat verərək nə səbəbə ona qarşı bu hərəkəti etdiyini soruşmuş, Rüfət isə imkansızlıq ucbatından məcbur olub adına götürülən pulu öz kartına yönəltdiyini və həmin pulları çıxardıb öz ehtiyacları üçün xərclədiyini bildirərək etdiyi əməli etiraf etmişdir. O da Rüfətə narazılıq edərək tez zamanda adına olan krediti bağlamasını, özünə pulun lazım olduğunu bildirmişdir. Az müddət keçmişdir ki, eyni qaydada Pünxana da "xxxx"-dan zəng gələrək kreditin aylıq ödənişinin gecikdirilməsi barədə məlumat verilmiş, sonuncu da Rüfətin onun adına 03 sentyabr 2025-ci il tarixdə 150 manat kreditin götürərək öz adına olan kart hesabına yüklətdiyini öyrənmiş və Rüfətə zəng vurub narazılığını bildirərək kreditin bağlamasını tələb etmişdir. O bir qədər gözləsə də, Rüfət krediti bağlamamış, "xxxx" adlı kredit təşkilatından ona ödəniş etməsi üçün tez-tez zənglərin gəldiyini nəzərə alaraq, 2025-ci ilin oktyabr ayının sonlarında Rüfətin Ucar şəhəri Vaqif küçəsində yaşadığı ünvana gedib sonuncunun valideyinlərinin yanında narazılıq edərək kreditin bağlamasını tələb etmiş, sonra isə polisə gəlib ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmişdir, şikayəti və tələbi yoxdur, tutulmasını istəmir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Qazyan kəndində yaşayır. Ucar şəhər sakini Təqsirləndirilən şəxs onun tanışıdır. Uzaq qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Rüfətlə tanış olmuşdur. 2025-ci ilin avqust ayının son günlərində söhbət əsnasında Zenfiranın Təqsirləndirilən şəxs köməkliyi ilə onlayn formada kredit rəsmiləşdirdiyini öyrənmiş və əvvəl də bir neçə dəfə "xxxx"dan kredit götürdüyü üçün bunun təxmini necə olduğunu bilsə də, dəqiq anlayışı olmadığı üçün Təqsirləndirilən şəxs ona da kömək etməsini xahiş etmişdir. Zenfira Rüfətin nömrəsini ona verdikdə 2025-ci ilin avqust ayının son günlərində, təxminən 28-də sonuncunun 077 *** ** ** nömrəsinə zəng vurub əlaqə saxlayaraq anlayışının olmadığı üçün "xxxx" programı vasitəsi ilə 150 manat kreditə pul götürməkdə kömək etməsini xahiş etmişdir. Rüfət ona səhər tezdən Ucar şəhəri, Oğuz küçəsində çayxanının yanına gəlməsini bildirmişdir. Səhəri günü, saat 11 radələrində idarə etdiyi “VAZ-2104” markalı avtomobil ilə həmin yerə gedərək Rüfət ilə görüşmüş və sonuncudan "xxxx" proqramı vasitəsi ilə kreditlə 150 manat pul götürməyə köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs telefonu vasitəsi ilə "xxxx" proqramına daxil olaraq şəxsiyyət vəsiqəsində olan anket məlumatları ilə qeydiyyatdan keçdikdən sonra, adına kreditlə 150 manat məbləğdə pulun üç iş günü ərzində veriləcəyini bildirmiş və pulun hansı karta köçürülməli olduğunu soruşduqda Rüfətə telefonda öz kartının nömrəsini göstərmişdir. Həmin günü həftənin son günləri olduğundan Rüfət pulun növbəti həftənin 3 iş günü ərzində kartına yüklənəcəyini bildirmişdir. O isə Rüfətə təşəkkür edib getmişdir. Həftənin 3-cü günü, 03 sentyabr 2025-ci il tarixdə Rüfətə zəng vurub artıq həftənin üçüncü iş günü olduğunu və müraciətdən 3 iş günü keçdiyini xatırladaraq kart hesabına 150 manat pulun yüklənmədiyini bildirmişdir. Rüfət isə maraqlanıb bu barədə xəbər verəcəyini demiş və az sonra ona zəng vurub "xxxx" kredit təşkilatından kreditlə bağlı imtina gəldiyini və ona pulun verilməyəcəyini bildirmişdir. O da Rüfətə inanmışdır. Lakin bir aydan az keçmişdir ki, "xxxx" kredit təşkilatından ona zəng olunaraq 03 sentyabr 2025-ci il tarixdə 150 manat kreditin aylıq ödənişini nə səbəbə gecikdirdiyini və ödəmədiyini soruşmuşlar. O isə telefonda danışan şəxsə həmin tarixdə kredit götürmədiyini və kartına pulun yüklənmədiyini bildirmişdir. Həmin şəxs isə şəxsiyyət vəsiqəsinin FİN nömrəsini soruşan zaman sonuncuya anket məlumatlarını bildirdikdə avqust ayının sonunda müraciəti əsasında 03 sentyabr 2025-ci il tarixdə, saat 06 radələrində öz tərəfindən qeyd olunan 4169 rəqəmlə başlayan sonu isə 3781 rəqəmlə bitən Təqsirləndirilən şəxs adlı şəxsin kart hesabına 150 manat pulun köçürüldüyünü bildirmişdir. Həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxs ondan xəbərsiz adına 150 manat kredit götürərək öz kart hesabına yönəltməklə pulunu ələ keçirmişdir. Dərhal Rüfətə zəng vurub bu barədə maraqlandıqda Rüfət imkansızlıq ucbatından məcbur olub onun adına götürülən pulu öz kartına yönəltdiyini və həmin pulları çıxardıb öz ehtiyacları üçün xərclədiyini bildirərək etdiyi əməli etiraf etmişdir. Rüfətə narazılıq edərək tez zamanda adına olan krediti bağlamasını tələb etmiş, eyni zamanda Zenfira ilə danışanda Rüfətin onun da adına krediti rəsmləşdirərkən pulu öz kart hesabına yüklətdiyini öyrənmişdir. Dəfələrlə Rüfət ilə əlaqə saxlayandan sonra sonuncu ona cəmi 90 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmişdir, şikayəti və tələbi yoxdur, həbs olunmasını tələb etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır, Təqsirləndirilən şəxs onun oğludur, Rüfətin himayəsində iki azyaşlı övladı var. X12 İstismarı Sahəsində çilingər kimi çalışaraq ailəsini dolandırır. Rüfətin son zamanlar maddi çətinlikləri yaranmış, lakin ona bu barədə heç nə deməmişdir. 2025-ci ilin oktyabr ayının sonlarında yaşadığı evə Ucar rayonu, Qazyan kənd sakini Zərərçəkmiş şəxs1 adlı qadın gələrək Rüfət barəsində narazılıq edərkən bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2025-ci ilin avqust ayında həmin Zenfira adlı qadının öz xahişi ilə sonuncunun öz telefonu vasitəsi ilə onlayn formada kreditə 500 manat pul rəsmiləşdirərək pulu öz kart hesabına göndərmiş, Zenfira da sonrakı vaxtda Rüfətin onu aldatdığını biləndən sonra pulunu tələb etmiş, ona görə də Rüfətlə aralarında narazılıq yaranmışdır. Oğlu Rüfətdən bu barədə ətraflı maraqlandıqda, sonuncu ehtiyacı olduğu üçün 2025-ci ilin avqust ayında Zenfiranın öz xahişi ilə sonuncuya telefon vasitəsi ilə onlayn formada kredit götürərkən pulun yüklənməsi üçün öz kart hesabını qeyd etdiyini və sonuncuya gəlməli olan 500 manat pulun 50 manatının komissiya kimi tutulmaqla 450 manat məbləğinin öz kartına yükləndiyini, bu barədə Zenfiraya heç nə demədiyini, bir neçə gün sonra maraqlananda isə yalandan Zenfiraya güya kreditin verilməsində imtina olunduğunu bildirdiyini, aylıq ödəniş vaxtı çatanda Zenfiraya kredit verən şirkətdən zəng gələndən sonra sonuncunun pulunun onun tərəfindən götürlüdüyünü bildiyini söyləmişdir. Eyni zamanda, oğlu Rüfət başqa bir Pünxan adlı şəxsə də Zenfiraya etdiyi kimi yalandan kredit götürərkən pulu xəbərsiz öz kart hesabına 150 manat pul yüklədiyini bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 11 yanvar 2026-cı il tarixli, 18-1-77/2-70/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2026-cı il tarixli, 5-80-11/2-87 nömrəli arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 sentyabr 2023-cü ildə doğulmuş X6 və 04 noyabr 2024-cü ildə doğulmuş X3 adlı iki uşağı var. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən yaxşı xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini və törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X4 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2025-ci il tarixdə, saat 18:00-dan şübhəli şəxs qismində tutulmuş, 28 noyabr 2025-ci il tarixdə, saat 16:30-da təqsirləndirilən şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı izahatına əlavə etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış 4169 7388 9345 3781 kart hesabına 20 avqust 2025-ci il tarixdə 450 manat, 03 sentyabr 2025-ci il tarixdə isə 150 manat pul vəsaitinin mədaxil olunmasını əks etdirən fotoşəkillərin surəti və həmin fakları təsdiq edən, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 21 yanvar 2026-cı il tarixdə alınmış 4169 7388 9345 3781 kart hesabına 2025-ci ilin avqust-sentyabr ayları üzrə məxaric və mədaxil edilən pul vəsaitlərini əks etdirən çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Ucar rayonu icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı izahatına əlavə etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış 4169 7388 9345 3781 kart hesabına 20 avqust 2025-ci il tarixdə 450 manat, 03 sentyabr 2025-ci il tarixdə isə 150 manat pul vəsaitinin mədaxil olunmasını əks etdirən fotoşəkillərin surəti və həmin fakları təsdiq edən, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 21 yanvar 2026-cı il tarixdə alınmış 4169 7388 9345 3781 kart hesabına 2025-ci ilin avqust-sentyabr ayları üzrə məxaric və mədaxil edilən pul vəsaitlərini əks etdirən çıxarış cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(5-164)-4/2026
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(5-164)-4/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver