Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(5-85)-2/2026 18.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Babək rayonu, Didivar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 2 (iki) azyaşlı uşaq anası, işsiz, Babək rayonu Didivar kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan, məhkumluğu olmayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası DİN Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 07 yanvar 2026-cı ildə Babək Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Babək rayonu Qoşadizə məhəlləsində yerləşən qohumu X2 məxsus evdə olarkən qəsdən tamah məqsədilə evin qonaq otağındakı paltar şkafında olan pul qabından 700 ABŞ dolları (1190 manat) və 1500 manat pulu gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya ümumilikdə 2690 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin 24 oktyabr 2025-ci ildə baş verdiyini, şəxsiyyət vəsiqəsini itirdiyi üçün Babək Rayon Polis İdarəsinə müraciət etdiyini və polisdən şəxsiyyət vəsiqəsini alıb günorta zərərçəkmiş şəxs olananasının əmisi oğlu Zərərçəkmiş şəxs evinə getdiyini, evə oğurluq məqsədilə getmədiyini, daimi olaraq həmin evə gedib-gəldiyini, qardaşının sinif yoldaşı Fəqan adlı şəxsin evlərə internet çəkdiyini, nənəsigilə internet çəkmək üçün ona zəng edən vaxt Fəqanın Şahid3 nömrəsini verdiyini və Rahibin gəlib nənəsigilə internet çəkdiyini, Muxtərgilə dəfələrlə internet çəkmək üçün gəlsələr də çəkə bilmədiklərini, Şahid3 evlərə “Araznet” vasitəsilə internet çəkdiyindən onu da Muxtərgilə çağırmaq qərarına gəldiyini, həmin vaxt yəni Rahib orada internet çəkəndə Muxtərgilin evindən pul oğurladığını, belə ki, hamama duş almağa girdiyini, həmin vaxt su çənində su qurtardığından Muxtərin anası Fatmaya məlumat verdiyini və onun baka su vurmağa getdiyini, həmin vaxt geyim götürmək üçün Muxtərin arvadının otağına getdiyini və orada pul qabında 700 dollar və 1000 manat pul olduğunu görüb götürdüyünü, həmin pulu borclarına, 455 manat mağazaya verdiyini, 500 manat öz kartına yüklədiyini, qalan puldan torta olan borcuna verdiyini, həmçinin Cəlalə müəlliməyə və 140 manat isə başqa bir şəxsə olan borcuna verdiyini, qalan pulu Naxçıvan Şəhəri, Qaraxanbəyli kəndində yerləşən nənəsi Səyalə Nağıyevaya məxsus evdə saxladığını, zərərçəkmiş şəxsə dəymiş zərər olan 2690 manat pulun hamısını ödədiyini, etdiyi əməldən peşman olduğunu, indiyədək oğurluq etmədiyini, oğurluq etməyi əvvəlcədən fikirləşmədiyini, paltar götürmək məqsədilə otağa girdiyini və həmin vaxt pulu gördükdə oğurluq etmək niyyətinin yarandığını, pulu qonaq otağından götürdüyünü, subay və himayəsində biri 5, digəri isə 3 yaşında olmaqla iki azyaşlı övladının olduğunu, işsiz olduğunu, 360 manat aliment aldığını, başqa gəlirinin olmadığını, daimi olaraq Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində nənəsinə məxsus evdə yaşadığını, ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunduğunu, əvvəllər oxşar əməllərlə bağlı inzibati və ya cinayət məsuliyyətə cəlb olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs evindən götürdüyü pulun hamısını tam şəkildə ödədiyini, 2 uşağının nəzərə alınaraq aşağı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsin əmisi nəvəsi olduğunu, onunla ədavətinin olmadığını, Göyərçingillə yaxın münasibətlərinin olduğunu, Göyərçinin anası və nənəsi ilə birlikdə tez-tez onlara gəldiyini, hadisə olan vaxt özünün işdə olduğunu, Göyərçinin günorta onlara gəldiyini, nahar fasiləsində evə gəldiyi vaxt onu evdə gördüyünü, həmin vaxt evdə anası və azyaşlı uşaqlarının olduğunu, arvadının sonradan evə gəldiyini, toya getmək məqsədilə axşamçağı saat 1730 radələrində evə gəldiyini, həmin vaxt maşından düşərkən Göyərçinin tələm-tələsik getdiyini gördüyünü, pul götürmək məqsədilə qonaq otağında pul qabına baxanda pulun olmadığını gördüyünü, anasından və arvadından soruşduğunu, həmin gün saat 18-19 radələrində polisə müraciət etdiyini, Göyərçin həmin gün onlarda olduğundan ondan şübhələndiyini, internet çəkdirməyi arvadının Göyərçinə dediyini, Göyərçinin isə həmin şəxsləri məsləhət gördüyünü, internet çəkən şəxsləri evə Göyərçinin çağırdığını, anasının deməsinə görə interneti çəkən şəxslərin saat 4-ə qədər evdən getdiyini, dəymiş zərərin tam şəkildə ödənildiyini, heç bir şikayətinin olmadığını, pulun özünə aid olduğunu, təsərrüfatla məşğul olduğunu və pulu müəyyən müddət ərzində yığdığını, pul qabını qonaq otağında geyim əşyalarının arasında saxladığını, onun yerini yalnız ailə üzvlərinin bildiyini, Göyərçinin əvvəlcədən pul qabının yerini bilmədiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Araznet MMC-də işlədiyini, təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxslə hər hansı qohumluğu və ədavətinin olmadığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Göyərçinin ona zəng edib nömrəni ona Fəqanın verdiyini bildirdiyini, Fəqanla həmkəndli olduğunu, Göyərçinin ona ilk dəfə zəng etdiyi tarixi xatırlamadığını, Göyərçinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində internet xətti çəkiləcəyini dediyini, həmin vaxt Babək rayonu, Cəhri qəsəbəsində internet xətti çəkdiyini, işini bitirdikdən sonra onun dediyi ünvana yaxınlaşacağını dediyini və işini bitirdikdən sonra Naxçıvan şəhəri, Qaraxanbəyli kəndinə gedib interneti çəkib təhvil verdiyini və həmin gün ünvandan ayrıldığını, bir müddət sonra Göyərçinin yenidən zəng etdiyini və onun xahişi ilə Babək rayonu, Babək şəhəri Qoşadizə məhəlləsindəki evə gedib internet xətti çəkdiyini, tarixi xatırlamadığını, həmin evdə bir balaca uşaq, Muxtərin arvadı və bir yaşlı xanımın olduğunu, Zərərçəkmiş şəxs özünün də kabellərin çəkilməsində ona kömək etdiyini, Göyərçinin həmin vaxt orada olduğunu, həmin vaxt modem nasaz olduğundan şirkətə məlumat verdiyini və modemi dəyişdiyini, Muxtərin iş bitəndə onu maşınla yola saldığını, internet xəttini evin girişində salona çəkdiyini, şirkətin abunəçilərə 200 metrədək kabeli pulsuz verdiyini, Zərərçəkmiş şəxs internet çəkməyin qarşılığında 20 manat pul və əlavə 60 metr kabel istifadə olunduğundan 30 manat ödəniş aldığını, internetin aktivləşməsi üçün 20 manatın “Birbank” vasitəsilə ödənildiyini, iş gördüyü müddət ərzində ev sahibinin onun yanında olduğunu, Təqsirləndirilən şəxs orada nəsə etməsini, hansısa otağa girib-çıxmasını görmədiyini, belə ki, həyətdə daha çox işlədiyini, saat 11 radələrində Zərərçəkmiş şəxs evində olduğunu və təqribən iki saatdan çox həmin evdə işlədiyini, həyətdə işlədiyi vaxt yaşlı xanımın çölə çıxmadığını, Zərərçəkmiş şəxs evindən ayrıldıqdan sonra Naxçıvan şəhərində obyektdə internet xətti çəkdiyini, həmin vaxt polis əməkdaşlarının zəng edib olduğu ünvanı soruşduğunu, gedib izahat verdiyini və həmin izahatı təsdiq etdiyini qeyd etmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxslə hər hansı qohumluğu və ədavətinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, fərdi sahibkarlıqla məşğul olduğunu, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşadığını və 10 ildir ki, orada mağaza işlətdiyini, Təqsirləndirilən şəxs mağazaya gəlib-getdiyini, bu vasitə ilə onu tanıdığını, Təqsirləndirilən şəxs orada nənəsigildə qaldığını, 4-5 ay əvvəl Göyərçinin dayısı ilə marketə gəldiyini və nisyə mal götürmək istədiyini dediyini və ona nisyə mal verdiyini, bu minvalla ona nisyə mal satdığını, onun da vaxtında borclarını bağladığını, Təqsirləndirilən şəxs ona borcu olduğunu, sonuncu dəfə kartı ona atmağı istədiyindən bank kartını ona göndərdiyini və Göyərçinin bank kartına 450 manat pul köçürdüyünü, Göyərçinin dayısının da borcu olduğunu, buna görə Göyərçinin həm özünün, həm də dayısının borcunu karta atdığını, Göyərçinin borcunu bağladıqdan təqribən 1 həftə sonra yenə gəlib nisyə ərzaq götürdüyünü, Təqsirləndirilən şəxs oğurluq etməsini polis əməkdaşlarının onu Polis İdarəsinə çağırdığı vaxt öyrəndiyini, onun oğurluq etməsini öyrəndikdən sonra Göyərçinin mağazaya gəlmədiyini və ondan borc pul istəmədiyini bildirmişdir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşadığını, Təqsirləndirilən şəxs onun baldızının qızı olduğunu, Göyərçinin onlarda sentyabr ayından yaşadığını və bu müddət ərzində Göyərçinin başqa hər hansı bir yerdən oğurluq etməsini görmədiyini, evin bir otağında Göyərçinin övladları ilə qaldığını, digər otaqlarda özlərinin qaldığını, Göyərçinin yol pulu olmadığı vaxt ondan 1-2 manat pul istədiyini, ona pul verdiyini, bir dəfə Göyərçinə pul lazım olduğu üçün rəfiqəsindən borc pul alıb ona verdiyini, özünün də həmişə həmin rəfiqəsindən borc pul aldığını, sonra isə qaytardığını, Göyərçinin rəfiqəsindən borc pul götürdüyü tarixi xatırlamadığını, aldığı 145 manat civarındakı borcu iki gün sonra özü vasitəsilə qaytardığını, həmin pulu isə oğurluq hadisəsindən 2-3 gün sonra qaytardığını, Göyərçinin nəyə görə borc pul aldığını ona demədiyini, işdən gəldiyini və yemək yeməyə hazırlaşan zaman Göyərçinin otağa girdiyini, bir-iki dəqiqə sonra isə polislərin gəldiyini, Təqsirləndirilən şəxs oğurluq etməsini polis əməkdaşları gəldiyi vaxt öyrəndiyini, Göyərçinin hətta onların marketə olan borcunu ödədiyini, bunu hadisədən sonra öyrəndiyini, Göyərçinin işləmədiyini, nənəsinin pensiyası ilə dolandığını, həmçinin özü və yoldaşının Göyərçinə ehtiyacı olanda pul verdiklərini, Göyərçindən orada yaşadığına görə pul tələb etmədiklərini qeyd etmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Naxçıvan Beynəlxalq hava limanında bağban işlədiyini, təqsirləndirilən şəxsin onun bacısı qızı olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Göyərçinin uşaqlıqdan onlarda böyüdüyünü və yaşadığını, boşandığını, boşandıqdan sonra Göyərçinin əvvəlcə ata evinə gedib orada qaldığını, 2025ci ilin iyun ayından isə onlarla yaşadığını, özünün qızı olmadığından Göyərçini öz qızı kimi bildiyini, polis əməkdaşları onlara gəldiyi vaxtadək bu hadisədən məlumatının olmadığını və onlar gəldikdən sonra Göyərçinin oğurluq etməsini öyrəndiyini, polis şöbəsində isə Göyərçinin onun əmisi oğlunun evindən oğurluq edilməsini öyrəndiyini, Təqsirləndirilən şəxs hazırda onlarla birlikdə yaşadığını və ara-sıra təmizlik işi görməklə dolanışığını təmin etdiyini, Göyərçinin oxşar hüquqpozmalar törətməsi barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Babək rayonu, Babək şəhəri Qoşadizə məhəlləsində yaşadığını, təqsirləndirilən şəxsin onun qaynının nəvəsi olduğunu, zərərçəkmiş şəxsin isə oğlu olduğunu, toyuqlara dən apardığı vaxt Göyərçinin qapını açıb içəri girdiyini, Göyərçindən nə səbəbə gəldiyini soruşduqda “ürəyim istədi, gəldim sizi görəm” dediyini, onu evə dəvət etdiyini, evdə bir müddət oturduqdan sonra məscidə gedib gəldiyini, həmin vaxt Göyərçinin evdə onun gəlini ilə birlikdə olduğunu, özü evə gələndən sonra gəlininin uşaqları hazırlığa apardığını, Göyərçinin ona duş almaq istədiyini dediyini, hamamda olarkən onu çağırıb “su qurtardı, bi şey ver çiynimə atım çıxım” dediyini, Göyərçinin suyu qəsdən bağladığını, yaxud da həqiqətən suyun qurtardığını bilmədiyini, Göyərçinə “aşağı enirəm su vuram və borunun havasını çıxaram, su gələndə mənə de” deyib həyətə çıxdığını, Göyərçinin isə “yaxşı” dediyini, sonra dəfələrlə Göyərçini səsləyib su gəlib-gəlmədiyini soruşsa da, heç bir cavab vermədiyini, xeyli vaxt keçdikdən sonra onun pəncərəni açıb suyun gəldiyini dediyini, həmin vaxt onun üzünün qızardığını hiss etdiyini, suyun dolmağını gözləyən zaman gəlininin evə gəldiyini, həmin vaxt Göyərçinin evdən getmək üçün paltarlarını geyinib hazır vəziyyətdə gözlədiyini gördüyünü, ona “bəs qalacağam deyirdin” deyə soruşduğunu, Göyərçinin isə “maşınların əl-ayağı kəsilməmiş, gedim” dediyini, həyətdən çıxarkən oğlu Muxtərlə qarşılaşdığını və ona “60 manat sənə borcum var, 200 manat da pul göndərəcəyəm heyvan kəsib mənə ət verərsən” dediyini, sonra evə qayıdıb divanda əyləşdiyini, gəlinin isə mətbəxdə yemək hazırladığını, Muxtərin onu toya çağırdıqlarını dediyini və pul götürmək üçün otağa getdiyini, baxanda 3000 manat pulun yerində olmadığını dediyini, həmin gün Göyərçindən başqa heç kimin evə gəlmədiyini, buna görə Göyərçini evlərinə çağırıb ona pulu götürübsə qaytarıb ona verməsini və heç kimə heç nə deməyəcəyini bildirsə də, onun boynuna almadığını, məcbur qalıb polisə müraciət etdiklərini və daha sonra polislərin evə gəlib araşdırma apardığını, Təqsirləndirilən şəxs həmişə onların evlərinə gələn adam olduğunu, həmin vaxt onun nə məqsədlə gəlməsini bilmədiyini, ona arxayın olduğu üçün evdən pul oğurlayacağını düşünmədiyini, həmin gün həmçinin evə ustanın gəlib internet çəkdiyini, ustanın həmin vaxt evin çölündə internet xəttini çəkdiyini, evə daxil olduğu vaxt özünün onun yanında oturduğunu və ustanın cihazı qoşub çıxıb getdiyini, onun həmin vaxt heç bir otağa keçmədiyini, ustanı evə Göyərçinin çağırdığını, evdən cəmi 3000 manat məbləğində pulun oğurlandığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Babək rayonu, Babək şəhəri Qoşadizə məhəlləsində yaşadığını, təqsirləndirilən şəxsin onun ərinin əmisinin nəvəsi olduğunu, zərərçəkmiş şəxsin isə əri olduğunu, Göyərçinin həmişə onların evinə gəlib-getdiyini, hətta bəzən qaldığını, hadisə günü Göyərçinin gəlib “sizi görməyə gəlmişəm” dediyini, evə gəlib oturduqdan sonra evdə “Wi-fi” olub olmamısını soruşduğunu, ona olmadığını bildirən zaman Göyərçin “nəyə görə “Wi-fi” yoxdur, mənim tanışım var, çağırım çəksin” dediyini, Göyərçinin bir nəfərə zəng etdiyini və həmin şəxsin gəlib evə “Wi-fi” çəkdiyini, onlar üçün yemək hazırladığını, daha sonra evə gələn ustanı yola saldıqdan sonra uşaqları hazırlığa apardığını, Göyərçinin evdə qayınanası Fatma ilə qaldığını, Göyərçinin gələndə onlarda qalacağını bildirsə də evə qayıtdıqdan 1 saat sonra fikrini dəyişdiyini və getmək istədiyini dediyini, Göyərçinə 5 manat yol pulu verdiyini və tələm-tələsik getdiyini, axşamçağı saat 17-18 radələrində yoldaşının evə gəldiyini və toya getmək istədiyini, pul qabını götürmək üçün otağa getdiyini, həmin vaxt pulunun yerində olmadığını dediyini, Muxtərin pulu kimin götürdüyünü soruşduğunu, evdə işləyən ustanı tək halda qoymadıqlarını, lakin Göyərçinin evdə tək qaldığını və ondan şübhələndiyini bildirdiyini, artıq pulun oğurlanmasının onlara məlum olduğunu, evdən 2900 manat pul oğurlandığını, sonra Göyərçinə zəng edib tezliklə onlara gəlməsini dediklərini, Göyərçinin onlara gəldiyi vaxt ona ”bilirik sən götürmüsən, gətir pulu qaytar, heç kim bilməsin” dediklərini, Göyərçinin isə pulu götürmədiyini bildirdiyini və polis çağırmağı onlardan istədiyini, məsələni öz aralarında həll etmək istəsələr də, Göyərçinin davamlı olaraq etdiyi əməli inkar etdiyini, onlara “siz mənə şər atırsınız, mənim üzərimdən çıxmasa başınıza görün nə oyun açacağam” dediyini, məcbur qalıb polisə məlumat verdiklərini, pul qabını yataq otağında şkafın ön hissədində saxladıqlarını və şkafı açan kimi pul qabının göründüyünü, Göyərçinin əvvəllər dəfələrlə onlardan borc pul istədiyini, oğurluq edən vaxt da Göyərçinin onlara borclu olduğunu bildirmişdir. “Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında” 03 noyabr 2025-ci il tarixli, ********* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan 24 oktyabr 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Babək şəhəri Qoşadizə məhəlləsində X2 məxsus yaşayış evidir. Evin qonaq otağında qəhvəyi rəngli skafin içərisində olan qəhvəyi rəngli pul qabının içərisində olan 07 ədəd 100-lük ABŞ dolları, 03 ədəd 200-lük və 09 ədəd 100-lük Azərbaycan manatı əskinasları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. (i.v. 7-15) Cinayət işinin materiallarında olan 25 oktyabr 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış aparılan yer Təqsirləndirilən şəxs oğurladığı pulların bir qismini gizlətdiyi dayısı Şahid5 məxsus Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən yaşayış evidir. Baxış zamanı Təqsirləndirilən şəxs 07 ədəd 100-lük ABŞ dolları və 01 ədəd 200-lük Azərbaycan manatı əskinasları evin yataq otağında yerləşən paltar şkafındakı paltarların altında gizlətdiyi müəyyən edilmişdir. Baxış zamanı qeyd olunan pul əskinasları aşkar edilərək götürülmüşdür. (i.v. 34-43) Cinayət işinin materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 məhkəmə-psixiatrik ekspertizasının 05 dekabr 2025-ci il tarixli 589 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 123-129) İstintaq zamanı zərərçəkmiş şəxs X4 18 noyabr 2025-ci il tarixdə Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab olunan ona məxsus milli və xarici valyutadan ibarət ümumilikdə 2690 manat pulun ona qaytarılmasını xahiş etmiş və 18 noyabr 2025-ci il tarixli aktla 2690 manat pul Muxtar Həsənova təhvil verilmişdir. (i.v. 81-86) İstintaq zamanı zərərçəkmiş şəxs X4 22 dekabr 2025-ci il tarixdə Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v. 134) Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabda Təqsirləndirilən şəxs məhkumluğunun olmaması göstərilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Həmin qərarın 21-ci bəndinə görə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, şahid ifadələri və digər yazılı sübutlar əsasında tam sübuta yetirilmişdir. Sözügedən halla bağlı təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə araşdırması gedişində törədilən əməlin ona aidiyyəti və tərəfindən törədilməsinin sübuta yetirilməsini mübahisələndirməmiş, təqsirləndirilən şəxsin xeyrinə şübhələr müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyini məsələsində hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin təmin edilməsinin labüdlüyünü nəzərə alaraq, cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması ilə bağlı göstərişlərini, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünün yoxlanılması ilə bağlı göstərişləri rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olmasını, ziyanı tamamilə ödəyib, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzası yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Plenum qərarının 3-1-ci bəndində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən CM-in 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52- 1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. CM-in 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması təsbit edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasından irəli gələn mütləq məhdudiyyətlərin qoyulması cəzanın məqsədi baxımından kifayətdir və əlavə vəzifələrin qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin məcəllənin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadələrindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Didivar kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Naxçıvan şəhəri Qaraxanbəyli kəndinə yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə hesab edir ki, şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin olunmuş, məhkəmənin qərarı ilə işdə iştirak etməyə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin məcəllənin 193.4-cü maddəsinin tələbinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat göstərilmiş xidmətə görə 330 (üç yüz otuz) manat vəsait dövlət büdcəsindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ayrılmış vəsaitlərin hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №1(5-85)-2/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(5-85)-2/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver