Məhkəmə qərarları › İş №1(5-85)-5/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(5-85)-5/2026

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(5-85)-5/2026 23.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 10:00-12:00 radələrində videoçəkiliş edib onun barəsində alçaldıcı ifadələr istifadə edərək tiktok sosial şəbəkəsində “seyranseyran569" adlı istifadəçi profilində paylaşaraq onun şərəf və layəqətini alçaltmaq niyyətini daşımışdır. Məhkəməyə təqdim etdiyi dəlillərdən olan video diskdən açıq aydın görünür ki, X1 informasiya vasitələrindən cinayətkarcasına istifadə edərək, yəni, TikTok sosial şəbəkəsində "seyranseyran569" səhifəsində 2 dəqiqə 49 saniyədən ibarət olan videoda izləyicilərə onun barəsində "Sözüm burdan Sərxan sənədi, sən kəndində kəssəyində nə eləmisən onu hər kəs bilir, deməyin bilmirik, indi keçmisən Nehrəmin o 70-75 yaşında qoca qadınları, qoca anaları, aldadıb çıxıb qaçmaqla bu kişilikdən deyil. Bu gün dörd gündür mən anamın hesabına səsimi çıxarda bilmirəm, sən o çörəyi apar ver gör ana yeyəcək?", “Canın çıxsın duz səpməmisənsə öz ailənə uşağına yedirt, onu bu xalqa yedirtmə”, “Sən o qoca insanları aldadıb çıxıb qaçmaqla kişilikdən deyil”, “Elə eləməki başqa hərəkət olsun, burda mən hər bir insana da deyə bilərəm sənin nə hərəkətlərinin olduqlarını”, “Kişisənsə gəlirsən o çörəyi dəyişirsən”, “İnsan insana da o çörəyi verər şərəfsiz?”. Qeyd olunan paylaşımlar uzun müddət internet məkanda qalıb, paylaşıma bəyənmə və şərhlər verilmişdir. Bundan sonra, xüsusi ittihamçını iş yerində, qohum və dostlarının arasında tanıyan bilən şəxslər bu videonu ona göndərmişlər. Nəticədə, xüsusi ittihamçı, ailə üzvləri, xüsusəndə valideynləri sarsıntı və ciddi həyacan keçirmişlər. Eyni zamanda o, Yaycı kənd 1 saylı tam orta məktəbinin müəllimidir, bu hal onu şagirdləri arasında ciddi şəkildə nüfuzdan salmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X5 məhkəməyə ərizə ilə müracit edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə şikayətlə məhkəməyə müraciət etdiyini, hazırda Seyran Nağıyevlə aralarında barışıq əldə etdiyini, bu səbəbdən də şikayətə baxılmadan ger qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxs X3 müraciətini nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Məhkəmə, yuxarıda sadalanan normaları rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar