Məhkəmə qərarları › İş №1(5-93)-1/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(5-93)-1/2026

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-93)-1/2026 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qanunsuz olaraq yaşayış sahəsində daxil olub xeyli miqdarda ziyan vurmaqla oğlurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 sentyabr 2025-ci il tarixdə, saat 21:00 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinin hasarından tullanaraq, dəmir alətlə güc tətbiq edib yataq otağının plastik pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 3.600 manat olan 18 qram 585 əyyarlı 1 ədəd “Cartier” markalı qızıl boyunbağı, dəyəri 2.000 manat olan 4 qram 750 əyyarlı 1 ədəd brilyant qaşlı qızıl üzüyü, dəyəri 700 manat olan 2 qram 585 əyyarlı 1 ədəd gül formalı qızıl üzüyü, dəyəri 600 manat olan 3 qram 585 əyyarlı 1 ədəd qaşsız qızıl üzüyü, dəyəri 500 manat olan 5 qram 585 əyyarlı 1 ədəd zirikon qaşlı qızıl üzüyü, dəyəri 300 manat olan 2 qram 585 əyyarlı 1 ədəd zirikon qaşlı qızıl üzüyü, dəyəri 450 manat olan 3 qram 585 əyyarlı 1 cüt dördbucaqlı şəklində qızıl sırğanı, dəyəri 200 manat olan 1.5 qram 585 əyyarlı 1 cüt zirikon qaşlı qızıl sırğanı, dəyəri 150 manat olan 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd klondan ibarət gümüş dəsti, dəyəri 350 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd klon və 1 qolbağından ibarət gümüş dəsti, dəyəri 50 manat olan 1 ədəd tək qaşlı gümüş üzüyü, dəyəri 50 manat olan 1 ədəd tək qaşlı gümüş üzüyü, dəyəri 8 manat olan 1 cüt bijuteriya sırğanı, dəyəri 18 manat olan 1 ədəd bijuteriya qolbağı, dəyəri 20 manat olan 1 ədəd bijuteriya boyunbağını və 800 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 9.796 (doqquz min yeddi yüz doxsan altı) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də Zərərçəkmiş şəxs məxsus evə daxil olaraq, oğurluq etmişdir. O, həmin evdən içərisində pul və zinət əşyaları olan qutunu götürərək, evdən çıxmışdır. Qutunun içərisində 350 manat pul, 1 ədəd qızıl uşaq sırğası olmuş, digər zinət əşyaları isə bijuteriya olmuşdur. O, qızıl uşaq sırğasını və pulu götürmüş, bijuteriyaları isə yaxınlıqdakı boş əraziyə atmışdır. Onun oğurladığı qutunun içərəsində ittihamda qeyd edilən qızıllar mövcud olmamışdır. Oğurladığı qızıl sırğanı 120 manata satmışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Sonda Təqsirləndirilən şəxs bir daha cinayət törətməyəcəyini bildirmiş, barəsində təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 sentyabr 2025-ci il tarixdə yaşadığı evdən oğurluq hadisəsi baş vermişdir. O, həmin gün 1-2 saatlıq evdən çıxmışdır. Evə qayıtdıqdan sonra ilk öncə mətbəxə daxil olmuş, daha sonra yataq otağından səs gəldiyini eşidib yataq otağına keçmişdir. Yataq otağına daxil olaraq işığı yandırmış, otağın pəncərəsinin və şifonyerin qapısının açıq olmasını, pərdələrin isə çəkili olduğunu görmüşdür. Bu zaman o, evə kiminsə daxil olmasını bilmişdir. Otaqdakı güzgülü şkafın üstünə baxdıqda qızıl zinət əşyalarının və pulunun olduğu qutunun yerində olmadığını görmüşdür. O, dərhal bacısına zəng vuraraq, evə kiminsə daxil olmasını bildirmiş, daha sonra isə 102 xidmətinə yığmışdır. Bundan bir qədər sonra evinə polis əməkdaşları gəlmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bacısıdır. Hadisə baş verən gün bacısının qızı Könül onların yaşadığı Xırdalan şəhərinə dırnaq ustasının yanına gəlmişdir. Onlar bacısı ilə danışaraq, axşam bir yerdə görüşüb yemək yeməyi qərarlaşdırmışlar. Həmin gün axşam saat 19:00 radələrində o, onun qızı Fatimə, bacısı Pərvanə və bacısı qızı Könüllə birlikdə Abşeron rayonunda yerləşən “Boranı” restoranına getmiş, orada yemək yemişlər. Bundan sonra o, qızı ilə birlikdə öz yaşadığı evə getmiş, bacısı Pərvanə və bacısı qızı Könül isə öz evlərinə yollanmışlar. Onlar evə çatdıqdan bir qədər sonra gecə saatlarında bacısı Pərvanə ağlaya-ağlaya ona zəng vuraraq, evdən oğurluq olduğunu bildirmiş və onları öz evlərinə çağırmışdır. O, bundan sonra qızı ilə birlikdə bacısı Pərvanənin yaşadığı evə getmişdir. Evə çatdıqda bacısı Pərvanə ona özünə məxsus qızılların və bir miqdar pulunun oğurlandığını bildirmişdir. O, bacısıgilə çatdıqdan bir qədər sonra polislər gəlmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalasıdır. Hadisə baş verən gün o, xalası Pərvanəgildə olmuşdur. Axşam saat 19:00 radələrində xalası Pərvanə ilə evdən çıxaraq Abşeron rayonunda yerləşən “Boranı” restoranına gedərək, orada anası və xalası qızı Könüllə görüşərək yemək yemişlər. Bundan sonra o, anası ilə birlikdə öz yaşadıqları evə, xalası Pərvanə və xalası qızı Könül isə öz evlərinə yollanmışlar. Onlar evə çatdıqdan bir qədər sonra xalası Pərvanə anası Aygülə zəng vuraraq, ağlaya-ağlaya evdən oğurluq olduğunu bildirmiş və onları öz evlərinə çağırmışdır. O, bundan sonra anası ilə birlikdə xalası Pərvanənin yaşadığı evə getmişdir. Onlar xalasıgilə çatdıqdan bir qədər sonra ora polislər gəlmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2025-ci ilin sentyabr ayında hazırda dəqiq xatırlamadığı gündə səhər saatlarında qardaşı Ruslan onun yaşadığı ünvana gəlmiş, özü il birlikdə 1 ədəd uşaq sırğası gətirmişdir. Ruslan ondan həmin sırğanı satmağını xahiş etmişdir. O, həmin sırğanı yaşadıqları Bakıxanov ərazisində yerləşən bazarda qızıl dükanlarının birində 125 (yüz iyirmi beş) manata satmışdır. Bundan sonra pulun 65 manatını Ruslanın bank kartına göndərmiş, qalan hissəsi ilə Ruslanın daha əvvəldən mövcud olan borcunu ödəmişdir. Bir müddət sonra polislər ona zəng edərək, qardaşı Ruslanı saxladıqlarını və onun oğurladığı əşyaları təqdim etməsini bildirmişlər. Bundan sonra o, Ruslanın onun evində qoyduğu bijuteriyaları polisə təqdim etmişdir. O, Ruslanın ona verdiyi zinət əşyalarını oğurlamasından xəbərdar olmamış, həmin əşyaların Ruslanın həyat yoldaşı Ləmana aid olduğunu bilmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu yaxınlığında yerləşən fərdi evlərdən birində təmir işi ilə məşğul olmuşlar. Hadisə baş verən gün axşam saat 6-7-dək bir yerdə işləmişlər. İşlərini qurtardıqdan sonra adətləri üzrə işlədikləri yerin yaxınlığında onun xalası oğlunun işlətdiyi kafeyə yemək yeməyə getmişlər. Onlar Ruslanla birlikdə yemək yeyib, bir qədər də spirtli içki qəbul etmişlər. Kafedə olduqları zaman siqaretləri qurtardığından, o, öz bank kartını verərək, Ruslandan marketə gedib siqaret almasını xahiş etmişdir. Ruslan marketdən siqaret alıb gətirmiş, daha sonra çölə çıxmışdır. O, təxminən 23:30-dək kafedə oturmuş, daha sonra evə getmək üçün taksi sifariş etmişdir. Bundan sonra o, Ruslanın mobil telefonuna bir neçə dəfə zəng vurmuş, lakin telefona zəng çatmamışdır. Bir müddət sonra Ruslan telefonunu açmış, o, evə getmək üçün taksi sifariş etdiyini bildirmiş və Ruslandan harada olmasını soruşmuşdur. Ruslan ona gəldiyini demişdir. Bir müddət sonra taksi gəlmiş, o, yolu keçərək taksidə əyləşmişdir. Bu zaman Ruslan taksinin arxa qapısını açaraq maşına əyləşmişdir. Onlar hər dəfə evə gedəndə Ruslan adətən metronun yanında düşərək, metro ilə evlərinə gedirmiş. Saat gec olduğundan və metro bağlandığından, onlar razılaşmışlar ki, birlikdə onun yaşadığı ünvana getsinlər, daha sonra ikinci ünvanı vursunlar, Ruslan da həmin taksi ilə öz evinə getsin. Onun yaşadığı evə çatdıqda taksi sürücüsü əlavə sifariş götürdüyünü, Ruslanı evə apara bilməcəyini demişdir. Onlar taksidən düşüb, Ruslan üçün yeni taksi sifariş etməyi qərara almışlar. Yaşadığı evə çatdıqda, Ruslan ayaqyoluna girmək üçün onunla birlikdə evə qalxmışdır. Evdə Ruslan ayaqyoluna girib çıxmış, Ruslandan sonra isə o, ayaqyoluna girmişdir. Ayaqyolundan çıxdıqdan sonra görmüşdür ki, stolun üstündə qızıl zinət əşyaları vardır. Ruslandan həmin qızılları haradan almasını soruşduqda, Ruslan ona oğurluq etdiyini demişdir. O, əsəbləşərək Ruslanı evdən qovmuşdur. Həmin günün səhəri polis əməkdaşları gəlib ilk öncə onu bölməyə aparmışlar. O, hadisəni polislərə danışmış, daha sonra Ruslana zəng vuraraq gəlib təslim olmasını demişdir. Ruslan da gəlib təslim olmuşdur. Məhkəmə istintaqında Şahid5 Zərərçəkmiş şəxs, şahidlər Şahid4 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə şahid qismində dəvət edilməsinə baxmayaraq, Şahid6 məhkəmə iclaslarına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclaslarında iştirak etməyən Şahid6 ibtidai istintaq dövründə vermiş olduğu ifadələr elan olunaraq, tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/2485 nömrəli material üzrə törədilən oğurluq cinayəti faktına görə Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə ünvan 5 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-14); • “zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vət. Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 31); • “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 oktyabr 2025-ci il, saat 15:00-dan tutulmuş hesab edilmişdir (i.v. 52-53); • “götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-6496-9534 nömrəli kart hesabından çıxarış, 01 cüt qızıl sırğanı satması ilə bağlı alqı-satqı qəbzi, 01 cüt bijuteriya sırğa, 01 ədəd bijuteriya qolbağı, 01 ədəd bijuteriya boyunbağı götürülmüşdür (i.v. 71); • “təqdim etmə, baxış keçirilməsi və maddi sübutları götürmə haqqında” xx.xx.2025ci il tarixli Protokoldan görünür ki, Şahid1 01 cüt bijuteriya sırğa, 01 ədəd bijuteriya qolbağı, 01 ədəd bijuteriya boyunbağını təqdim edərək qardaşı Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini bildirmişdir (i.v. 73); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 92-93); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(001)-652/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 02 oktyabr 2025-ci il tarixdən hesablanmışdır (i.v. 119-124); • Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur (i.v. 127); • Materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/3387 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda məmulatların metalı qiymətsiz metal (mis əsaslı) ərintisindən hazırlanmışdır, ümumi çəkisi 31,57 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Məmulatlar kustar üsulla hazırlanmışdır, bijuteriyadırlar (i.v. 130-132); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v.137-138); • “X2” MMC-nin 04 dekabr 2025-ci il tarixli 255 nömrəli “daşınar əmlakın qiymətləndirilməsinə dair obyektlərin tədqiqi” rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, işlənmiş vəziyyətdə olan 01 cüt bijuteriya sırğanın 2025-ci ilin sentyabr ayına olan təqribi dəyəri 3,00 (üç) manat, 01 ədəd bijuteriya qolbağın dəyəri 5,00 (beş) manat, 01 ədəd bijuteriya boyunbağının dəyəri isə 10 (on) manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 18,00 manat məbləğində müəyyən edilir. 1 ədəd “Cartier” markalı qızıl boyunbağının, 1 ədəd brilyant qaşlı qızıl üzüyün, 1 ədəd gül formalı qızıl üzüyün, 1 ədəd qaşsız qızıl üzüyün, 1 ədəd zirikon qaşlı qızıl üzüyün, 1 ədəd zirikon qaşlı qızıl üzüyün, 1 cüt dördbucaqlı şəklində qızıl sırğanın, 1 cüt zirikon qaşlı qızıl sırğanın, 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd klondan ibarət gümüş dəstin, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd klon və 1 qolbağından ibarət gümüş dəstin, 1 ədəd tək qaşlı gümüş üzüyün və 1 ədəd tək qaşlı gümüş üzüyün nəzəri olaraq 2025-ci ilin sentyabr ayına olan ümumilikdə dəyəri 5704,00 (beş min yeddi yüz dörd) manat məbləğində müəyyən edilir (i.v. 180-186); • “əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 cüt bijuteriya sırğa, 01 ədəd bijuteriya qolbağı, 01 ədəd bijuteriya boyunbağı, Şahid1 məxsus "xxxx" ASC-yə aid 4169- 7388-6496-9534 nömrəli kart hesabından çıxarış, 01 cüt qızıl sırğanı satması ilə bağlı alqı-satqı qəbzi iş üzrə sübut əhəmiyyəti kəsb etdikləri nəzərə alınmaqla maddi sübut kimi tanınmışlar (i.v. 189); • “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə uyğun olaraq oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, 177.2.4-cü maddəsinə görə isə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin hissənin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir (19-cu hissə); yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür (20-ci hissə); özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə olsun. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci hissə). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4- cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaların içərisində satdığı 01 ədəd qızıl sırğadan başqa qızıl olmaması, digər əşyaların qiymətsiz bijuteriyalar olması və həmin əşyaları oğurluq etdiyi evin yaxılığındakı boş sahəyə tullaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs bununla oğurlanmış əşyaların dəyərini azaltmağa və məsuliyyətini yüngülləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs bu ifadəsi iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təkzib olunur. Belə ki, iş üzrə məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs ondan oğurlanmış zinyət əşyalarının hər birini ətraflı təsvir edə bilmiş, həmçinin məhkəmədə ifadə vermiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs oğurladığı qızıl zinət əşyalarını onun evində stolun üstünə tökdüyünü və oğurlanmış əşyaları gördüyünü bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə himayəsində azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM 59.1.13) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun cəza müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2025-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən törətdiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. CPM-in 197.1.4-cü maddəsinə uyğun olaraq mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. CPM-in 198.1-ci maddəsinə görə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Belə olan halda iş üzrə maddi sübut qismində tanınaraq, Zərərçəkmiş şəxs qaytarılmış 01 cüt bijuteriya sırğa, 01 ədəd bijuteriya qolbağı, 01 ədəd bijuteriya boyunbağı onun istifadəsində, Şahid1 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6496-9534 nömrəli kart hesabından çıxarış və 01 cüt qızıl sırğanı satması ilə bağlı alqı-satqı qəbzi isə cinayət işinin materiallarında saxlanılmalı, habelə iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 330 (üç yüz otuz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs qaytarılmış 01 cüt bijuteriya sırğa, 01 ədəd bijuteriya qolbağı, 01 ədəd bijuteriya boyunbağı zərərçəkmiş şəxsin istifadəsində, Şahid1 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6496-9534 nömrəli kart hesabından çıxarış və 01 cüt qızıl sırğanı satması ilə bağlı alqı-satqı qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 330 (üç yüz otuz) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən onun elan olunduğu andan, Təqsirləndirilən şəxs isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar