Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-93)-19/2026 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X3, X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Xüsusi ittiham qaydasında şikayət vermiş X8 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3, X1 və X2 CM-in 147 və 148ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.
2. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək, yaranmış zərurətlə əlaqədar xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmənin hazırlıq iclasında tədqiq edilmiş:
3. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, yaranmış zərurətlə əlaqədar xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
4. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayəti və təkrar ərizəni ələqəli şəkildə araşdıraraq hesab edir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.
5. Belə ki, məhkəmənin hazırlıq iclasında X8 məhkəməyə təkrar ərizə təqdim edərək X9 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: 88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir;...
7. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə etmək hüququna malikdir.
8. Bundan başqa, CPM-in 302-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunması əsaslarından biri kimi CPM-in 302.1.8-ci maddəsində şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi nəzərdə tutulmuşdur.
9. Məhkəmə onu da bildirmək istəyir ki, xüsusi ittiham qaydasında şikayət ona əlavə edilmiş iş materialları ilə birlikdə araşdırılan zaman o da müəyyən edilmişdir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə də riayət olunmamışdır.
10. Qeyd edilməlidir ki, CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.
11. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.
12. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası.
13. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X8 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs kimi özü haqqında məlumatları, yəni doğulduğu ili, yaşayış yeri və məşğuliyyət növü, olduğu halda vəzaifəsi barədə məlumatları göstərməmişdir. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, yəni şəxsin soyadı, adı, atasının adı ilə yanaşı yaşayış yeri göstərilməmişdir. Həmçinin həmin şəxslərin hansı cinayət əməllərini törəmtələri ilə bağlı konkret qeyd aparılmamışdır.
14. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.
15. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir.
16. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamış, həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs verdiyi şikayətdən imtina etmişdir. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir.
17. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X7, X5 və X6 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X3, X1 və X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.
18. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X3, X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova