Məhkəmə qərarları › İş №1(5-93)-23/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(5-93)-23/2026

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-93)-23/2026 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, X2, X8, Ağayeva Hicran İsa qızının və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X2, X8, Ağayeva Hicran İsa qızının və X4 CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini, X2, X8, Ağayeva Hicran İsa qızının və X4 CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

3. Məhkəmə, xüsusi ittiham qaydasında toplanmış materialı nəzərdən keçirib hesab edir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələbləri baxımından qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbi və şikayət əsassız olmaqla, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsinə görə imtina edilməlidir.

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.

5. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.

6. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası.

7. Göründüyü kimi, qanunvericilik şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda CPM-in 293.3-cü maddəsinə qeyd olunan əsasların göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Məhkəmə, həmin xüsusata dair qeyd etməyi zəruri hesab edir ki, X6 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs kimi özü haqqında məlumatları, yəni doğulduğu ili, yaşayış yeri və məşğuliyyət növü, olduğu halda vəzaifəsi barədə məlumatları göstərməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi konkret göstərilməmişdir. X1 müraciətində X2, X8, Ağayeva Hicran İsa qızının və X4 CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etsə də, həmin şəxslərin konkret olaraq CM-in 147-ci maddəsinin hansı hissəsi ilə məsuliyyətə cəlb edilməsini, yəni həmin şəxslərin əməllərində qeyd olunan maddənin hansı hissəsinin tərkib əlamətlərinin olmasını əsaslandırmamış və müraciətində bu barədə heç bir qeyd aparmamışdır.

8. Bununla yanaşı, məhkəmədə müəyyən edilmişdir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə X2, X8, Ağayeva Hicran İsa qızının və X4 ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

9. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə ona böhtan atılmasını, eləcə də həmin əməlin X5, X12, Ağayeva Hicran İsa qızı və X7 tərəfindən törədilməsini təsdiq edən, yəni kütləvi nümayiş etdirilən əsər, media və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır.

10. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

11. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.

12. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir.

13. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir.

14. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir.

15. Bununla yanaşı, şikayət ərizəsinin məzmunundan aydın olur ki, şikayətçi X3 böhtan hesab etdiyi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2, X8, Ağayeva Hicran İsa qızının və X4 işlətiyi ifadələr onların Binəqədi rayon Polis İdarəsində araşdırması aparılmış HK-1/1416 nömrəli material üzrə izahatlarında öz əksini tapmışdır. Belə olan halda, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin izahatında qeyd etdiyi ifadələrin böhtan kimi qiymətləndirilməsi istisna olunur. Həmçinin qeyd edilməlidir ki, Binəqədi rayon Polis İdarəsində araşdırması aparılmış HK-1/1416 nömrəli material üzrə xx.xx.2026-cı il tarixli qərarla X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

16. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır:

17. CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə....

18. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X5, X12, Ağayeva Hicran İsa qızı və X7 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X2, X8, Ağayeva Hicran İsa qızının və X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

19. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2, X8, Ağayeva Hicran İsa qızının və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar