Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-47/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9 xx.xx.1980-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı, 2 nömrəli Uşaq Poliklinikasında tibb bacısı işləyən, əvvəllər məhkum olunmuş, subay, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, ev 42, mənzil 77-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsi barədə hökm çıxarılması haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2005-ci ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində müəllim, 2014-cü ildən 2016-cı ilə qədər 291 nömrəli Ekologiya liseyinin direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən bu günə kimi Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışır. Qeyd etməlidir ki, 2018-ci ildən Xətai rayonu 2 nömrəli Uşaq Poliklinikası tərəfindən liseyə tibb bacısı kimi təhkim olunmuş X7 03 dekabr 2025-ci il tarixində 2 nömrəli Uşaq Poliklinikasının müvafiq əmri ilə Poliklinikaya geri çağırılmışdır. Bu hadisədən sonra müxtəlif qurumlara haqqında şər-böhtan xarakterli şikayətlər ünvanlayan A.Nəsibova xx.xx.2026-cı il tarixdə Xəzər TV-də yayımlanan Xəzər Xəbər-də “Tibb bacısı 2000 manat vermədiyi üçün işdən çıxarılıb?” başlığı ilə canlı müsahibə vermişdir. Özü arxadan müsahibə verərək onun şəkillərini yayımlayan A.Nəsibova onun ondan guya 2000 AZN tələb etdiyini söyləmiş və onu işdən onun çıxardığını vurğulamışdır. Halbuki tibb bacısını işə qəbul etmək və ya uzaqlaşdırmaq məktəb direktorunun səlahiyyətlərindən uzaqdır, onu işəgötürən və iş yerini dəyişən qurum 2 nömrəli Poliklinikadır (Təbibdir). Eyni müsahibədə ona töhmət verilməmiş işdən uzaqlaşdırdığını da vurğulayır ki, bu da ictimayətdə barəsində mənfi fikir yaratmaq üçün verdiyi növbəti yalan məlumatdır. Çünki ona töhmət vermək də məktəb direktorunun səlahiyyətində deyil və A.Nəsibova işdən çıxarılmamışdır, sadəcə işlədiyi 2 nömrəli Uşaq Poliklinikasına geri çağırılmışdır. Növbəti böhtan isə onun Aidəni kimlərinsə üzünə dayanmağa məcbur etməsidir ki, bu ifadələr sırf böhtan, onun işgüzar nüfuzunu alçaltmağa yönəlikli uydurmalarıdır. A.X11-də çıxışından sonra müxtəlif saytlarda (BakuNews.az, BizimƏsr, XALQ online, Xəbər Dalğası, Xüsusi.X16, Oxu.az, Qafqazinfo.az, Poliqon.info, BakuNews, Yeni Söz.az, İfadə TV, İZditor.az, Təhsil Media, Tərəqqi.az, Yenixəbər.org, MediaTv.az, Stimulxəbər.az, Kainat.TV) tirajlanan xəbərlərdə saxta profillər açaraq onun şəxsi və işgüzar nüfuzuna xələl gətirən sifarişli rəylər yazan və ya yazdıranlardan biri də məhz. A.Nəsibovadır, çünki özünün vatsap statusunda paylaşdığı profil onun və liseyin haqqında mənfi rəy yazan profildir və həmin videogörüntünü əks etdirən flash kartı ərizəsinə əlavə edir. Göründüyü kimi, X3 əməlində ona qarşı AR Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin əlamətləri mövcuddur. xx.xx.2026cı il tarixdə saat 14:11 radələrində A.Nəsibova liseyin qarşısında idarə etdiyi avtomobillə onun yolunu kəsərək onun və direktor müavinlərinin 15 dəqiqə liseyə girişinə mane olmuşdur və buna görə DİN-in 102 xidmətinə məlumat verəndən sonra onlar liseyə daxil ola bilmişlər. Bununla bağlı Xətai RPİ-nin 37-ci Polis X1 AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati icraatın açılması haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 fevral 2026-cı il tarixli qərarı ilə X7 AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 75 manat cərimə edilmişdir. Bununla yanaşı Xətai rayon Polis İdarəsinin 37-ci X2 təhdid edərək həyatını məhv edəcəyini və ömrünü bu yola həsr edəcəyini bildirmişdir. Bu barədə 22 yanvar 2026-cı il tarixli akt tərtib edilmişdir. Aktın surətini ərizəsinə əlavə etmişdir. Beləliklə, xx.xx.1980-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olımış, azərbaycanlı, AR-nın vətəndaşı, 2 nömrəli Uşaq poliklinikasında tibb bacısı işləyən, əvvəllər məhkum olunmuş, subay, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, ev 42, mənzil 77-də qeydiyyatda olan və yaşayan X7 AR Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasının yuxarı həddində cəza təyin edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş X9 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, tərəfindən X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilmişdir. Hal-hazırda şikayətinə düzəliş etmək istəyir. 2016-cı ildən hal-hazıradək direktor işlədiyi Heydər Əliyev adına Liseyə 2018-ci ildən Xətai rayonu 2 nömrəli Uşaq Poliklinikası tərəfindən tibb bacısı kimi təhkim edilmiş X7 13 yanvar 2026-cı il tarixdə Xəzər TV-də yayımlanan Xəzər Xəbər-də “Tibb bacısı 2000 manat vermədiyi üçün işdən çıxarılıb” başlığı ilə ünvan 2 ünvanın yanında canlı müsahibə verərək onun fotoşəkillərini yayımlayaraq “Bura gələndə X10 məni qarşıladı direktor o idi dedi ki, bura dəyirman deyil 2000 verəcəksən rahat işləyəcəksən filan bəsməkan. Mən də xanıma bildirdim ki, buna gücüm çatmayacaq xanım mənə heç nə demədi bir az əsəbləşdi bir az narazı, hə siz bilirsiz də mən kiməm mən burda ömürlük direktoram və sonra xanım məni bir neçə dəfə çağırdı yanıma filankəsin üzünə dur, filan valideynin üzünə durmaq lazımdır. Bilirsən də burda işləyirsənsə mən deyənləri eləməlisən” kimi ifadə işlədərək onu qanunsuz və əsassız olaraq rüşvətlə ittiham etdiyindən Aidə Nəsibovanın əməlində Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinin, (ağır cinayətdə ittiham etməklə böhtan atma) əlamətləri mövcuddur. Heydər Əliyev adına Lisey Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsidir. Aidə Nəsibovanın qeyd edilən müsahibəsi barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yayması ictimaiyyətdə, qohumlar, şagirdlər və valideynlər arasında onun işgüzar nüfuzuna, işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmişdir, həmin şəxslərin yanında onun nüfuzunu salmışdır. Aidə Nəsibovanın bu hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir. Odur ki, xx.xx.1980-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı, 2 nömrəli Uşaq Poliklinikasında tibb bacısı işləyən, əvvəllər məhkum olunmuş, subay, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, ev 42, mənzil 77-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və nümayəndəsi Müdafiəçi1 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini yaradan hərəkətlərə yol verməsi, A.X11-də çıxışından sonra müxtəlif saytlarda (BakuNews.az, BizimƏsr, XALQ online, Xəbər Dalğası, Xüsusi.X16, Oxu.az, Qafqazinfo.az, Poliqon.info, BakuNews, Yeni Söz.az, İfadə TV, İZditor.az, Təhsil Media, Tərəqqi.az, Yenixəbər.org, MediaTv.az, Stimulxəbər.az, Kainat.TV) tirajlanan xəbərlərdə saxta profillər açaraq onun şəxsi və işgüzar nüfuzuna xələl gətirən sifarişli rəylər yazan və ya yazdıranlardan biri olması qeyd edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən X3 həmin məlumatları dəqiqliklə nə vaxt, hansı ardıcıllıqla törətməsi qeyd edilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(5-94)-47/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-47/2026
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver