Məhkəmə qərarları › İş №1(5-94)-64/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-64/2026

19.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-64/2026 19.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Bağıyev Laçın İsmayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Şamaxı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 fevral 2026-cı il tarixdə, səhər saat 04 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 21 A, 805-ci mənzilin yataq otağında, qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə baş nahiyəsindən vurmaqla döyərək sonuncuya başın təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olımış qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin yanvar ayından qeyri-rəsmi nikahdadır, övladları yoxdur. Bu evlilik həm Samirənin, həm də onun ikinci evliliyidir. Ailəli olduqları müddət ərzində Samirə ilə münasibətləri normal olmuşdur. Lakin, sonuncu dəfə 18 fevral 2026-cı il tarixdə saat 04 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən 805 saylı mənzilin yataq otağında olarkən, aralarında onun spirtli içki içməsi və qısqanclıq səbəbindən mübahisə yaranmışdır. O, aralarında yaranmış mübahisə zamanı əsəbləşdiyi üçün Samirənin sol əli ilə bədənindən tutub, sağ əli ilə baş nahiyyəsindən vurmuşdur. Samirəni vurmaq niyyətində olmamış, hadisə ani baş vermişdir. Hazırda əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin yanvar ayından qeyri-rəsmi nikahdadır, övladları yoxdur. Bu həm Əlvanın, həm də onun ikinci evliliyidir. Ailəli olduqları müddət ərzində Əlvan ilə münasibətləri normal olmuşdur. Lakin, 18 fevral 2026-cı il tarixdə, saat 04 radələrində birgə yaşadıqları mənzilin yataq otağında olarkən, aralarında mübahisə başlamışdır. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan onu vurmuşdur. O da Əlvanın əlindən çıxıb digər otağa keçmişdir. Hadisə bir-iki dəqiqə ərzində davam etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs hər zaman ona qarşı normal münasibətdə olmuşdur, əvvəllər bu kimi hadisələr baş verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 fevral 2026-cı il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs 18 fevral 2026-cı il tarixdə, saat 04 radələrində birgə yaşadıqları ünvan 1 ünvanındakı mənzilin yataq otağında olarkən, Təqsirləndirilən şəxs Ömər oğlunun sol əli ilə bədənindən tutub, sağ əliylə baş nahiyəsindən vurduğu yeri göstərmişdir. (i.v. 10-13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 19 fevral 2026-cı il tarixli, 161 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, 18 fevral 2026-cı il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 16-17) Təqsirləndirilən şəxs barəsində verilmiş arayışdan görünür ki, o, ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət davranış göstərmiş, onun haqqında hər hansı şikayət daxil olmamışdır. (i.v 47-48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər X3 Hüquqi Şəxsinin 21 fevral 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2016-cı il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda olmuş, 2017-ci ildə qeydiyyatdan çıxarılmışdır. (i.v 49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X2 Şəxsinin 23 fevral 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v 50) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 fevral 2026-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 317-1.1-ci maddələri ilə məhkum olunmuş, 11 avqust 2020-ci il tarixli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 22 oktyabr 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş, 26 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v 51) Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 19 mart 2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən ərizəni, Təqsirləndirilən şəxs əvvəllər zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad edilməməsini, qanununvericiliyin yuxarıda sadalanan digər müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına göstərilmiş 12 (on iki) saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat vəsait Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Alyans” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar