Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-1/2026 26.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Keddau (Keddaoui) Abdelhamidin iştirakları ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 12 fevral 1985-ci ildə X7 Respublikasının Sdi Lakhdar şəhərində doğulmuş, X7 Respublikası vətəndaşı, ailəli, himayəsində üç uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işsiz, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Keddau (Keddaoui) Abdelhamidin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Keddau (Keddaoui) Abdelhamid bilə-bilə saxta, Belçika Krallığına məxsus ümumvətəndaş pasportundan istifadə etməklə Azərbaycan Respublikasından Almaniya Federativ Respublikasına getməyə cəhd etmişdir. Belə ki, o, Belçika Krallığına getmək üçün viza əldə edə bilmədiyindən yaşamaq və işləmək üçün Almaniya Federativ Respublikasından tranzit keçərək Belçika Krallığına getmək məqsədilə 21 oktyabr 2025-ci il tarixdə, saat 00:04-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Bakı şəhərinin Xəzər rayonunda yerləşən “Heydər Əliyev” X5 sərhəd nəzarəti şöbəsinin sənədlərin yoxlanışı sərhəd naryadına Türkiyə Respublikasına gedəcəyini deyərək təqdim etdiyi, özünə məxsus ********* nömrəli X7 Respublikası ümumvətəndaşı pasportunu “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində həmin istiqamətdə getməsi ilə bağlı rəsmiləşdirib, dövlət sərhəd buraxılış məntəqəsindən keçəndən sonra, tranzit zalda olduğu zaman bilə-bilə saxta sənəddən, yəni istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən istintaqa məlum olmayan vaxtda və yerdə özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış Belçika Krallığına məxsus GY7823604 nömrəli pasportundan istifadə etməklə Bakı-Frankfurt aviareysinə internet üzərindən bilet almış, Azərbaycan Respublikasından Almaniya Federativ Respublikası gedən təyyarənin minik qapısına yaxınlaşıb, əldə etdiyi bileti və saxta Belçika Krallığına məxsus pasportu aviaşirkətin əməkdaşına təqdim etmiş, lakin təqdim etdiyi ümümvətəndaş pasportunun müvafiq səhifəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə məxsus giriş-çıxış tarix ştampları olmadığı üçün aviaşirkətin nümayəndəsi tərəfindən sərhəd naryadına məlumat verilmiş, sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxtalaşdırılmış Belçika Krallığına məxsus GY7823604 nömrəli pasporta böyüdücü lupa və “Régula 4203” markalı cihazla yoxlanıldıqda həmin sənədlərdə müdafiə elementlərinin olmaması, mikroçapların və ofsetin nümunəyə uyğun olmaması müəyyən edilərək saxlanılmış, bununla da bilə-bilə saxta sənəddən istifadə etsə də, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçməkdə ifadə olunan cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Keddau (Keddaoui) Abdelhamid CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də faktiki olaraq etirafedici ifadə verərək göstərmişdir ki, 18 oktyabr 2025-ci il tarixdə Əlcəzair-İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. X8 Hava Limanında özünə məxsus olan X9 Respublikasına aid pasportunu sərhəd naryadına təqdim etmiş və pasportunu yoxladıqdan sonra dövlət sərhədindən buraxılmışdır. Bakı şəhərində olan İstanbul-Gold hotelində qaldıqdan sonra yenidən Türkiyə Respublikasında qayıtmaq qərarına gəlmişdir. 21 oktyabr 2025-ci ildə X8 Hava Limanına gəlmiş, gömrük və təhlükəsizlik xidmətlərini keçdikdən sonra pasport nəzarətinə yaxınlaşmışdır. Özünə məxsus X7 Respublikası pasportunu sərhədçiyə təqdim etmiş və dövlət sərhədindən buraxılmışdır. Tranzit zala keçdikdən sonra Bakı-Frankfurt aviareysinin də qeydiyyatının getdiyini görmüş, üzərində olan Belçika Krallığına məxsus ümumvətəndaş pasportu əsasında internet üzərindən Bakı-Frankfurt aviareysinə bilet almışdır. Daha sonra Belçika Krallığına məxsus olan ümumvətəndaş pasportunu aviaşirkətin əməkdaşına təqdim etmiş, aviaşirkətin əməkdaşı onun adına olan Belçika Krallığına məxsus pasporta baxış keçirən zaman pasportda giriş-çıxış möhürlərini olmadığını bildirmiş və sərhəd naryadına məlumat vermişdir. Daha sonra o sərhədçilər tərəfindən saxlanılmışdır. Üzərində olan Belçika Krallığına məxsus ümumvətəndaş pasportunu 2024-cü ilin fevral ayında Belçika krallığında olduğu zaman 2000 avro müqabilində xarici pasport verən özəl bir şirkətin əməkdaşından almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının sərhəd nəzarəti şöbəsinin zabit nəzarətçisi Şahid3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:00-dan xx.xx.2025-ci il saat 09:00-dək X8 Hava X11 şöbəsi Terminal - 1 də sənədlərin yoxlanışı sərhəd naryadına təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 00:04 radələrində R-TK0337 saylı Bakı- İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respbulikasına gedən X7 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini müəyyən edilmiş qaydada keçmiş, daha sonra minik zalında gözləmiş və üzərində öz anket məlumatları əks edirilmiş Belçika Krallığına məxsus ümumvətəndaş pasportundan istifadə etməklə LH613 saylı Bakı-Frankfurt aviareysinə internet üzərindən bilet almışdır. Saat 02:00-da Təqsirləndirilən şəxs LH613 saylı Bakı-Frankfurt aviareysinə minik zamanı hava gəmisinə buraxılmaq üçün üzərində olan Belçika Krallığına məxsus GY7823604 nömrəli ümumvətəndaş pasportunu və Belçika Krallığa məxsus yaşayış kartını Lufthansa aviaşirkətinin əməkdaşı olan Şahid1 Valeryeviçə təqdim etmiş, aviaşirkətin əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi Belçika Krallığına məxsus GY7823604 nömrəli ümumvətəndaş pasportuna baxış keçirən zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus giriş-çıxış tarix ştamplarının mövcud olmadığını görmüş və bu barədə ona məlumat vermişdir. Dərhal onların olduğu yerə yaxınlaşmış və sərnişin Təqsirləndirilən şəxs hansı ölkənin vətəndaşı olduğunu soruşmuşdur. O isə cavabında ona Belçika Krallığı vətəndaşı olduğunu və üzərində olan Belçika Krallığı yaşayış kartını onlara təqdim etmişdir. Təqdim etdiyi Belçika Krallığına məxsus ümumvətəndaş pasportuna ilkin olaraq baxış keçirmiş, pasportun səhifələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus giriş-çıxış tarix ştamplarının mövcud olmağını görməmiş, bu barədə növbə rəisi kapitan Şahid2 məlumat vermişdir. Növbə rəisi Şahid2 də, onların olduğu yerə gəlib, sərnişin Təqsirləndirilən şəxs təqdim etdiyi Belçika Krallığına məxsus ümumvətəndaş pasportuna və yaşayış kartına baxış keçirdərək onların saxta olması barədə aidiyyəti üzrə məruzə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs X8 Hava X11 şöbəsində saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının sərhəd nəzarəti şöbəsinin zabit nəzarətçisi, kapitan Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid, “Deutsche Lufthansa” aviaşirkətinin stansiya üzrə agent vəzifəsində çalışan Şahid1 Valeryeviç göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonunda yerləşən Heydər Əliyev X5 gözləmə zalında Bakı- Frankfurt istiqamətində uçacaq təyarrəyə minik zamanı sərnişin Təqsirləndirilən şəxs hava gəmisinin içərisinə buraxılmaq üçün Belçika Krallığına məxsus ümumvətəndaş pasportunu və mobil telefonunda minik talonunu ona təqdim etmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi Belçika Krallığına məxsus ümumvətəndaş pasportunu səhifələrinə baxış keçirmiş, baxış keçirdiyi zaman sərnişin Təqsirləndirilən şəxs üzərində başqa pasport olub olmamasını və Bakı şəhərinə haradan gəldiyini sual etmiş, o isə cavabında ona Belçika Krallığına məxsus yaşayış kartını göstərib, üzərində hər hansısa pasportunun olmamasını və Frankfurt-Bakı aviareysi ilə 18- 19 oktyabr tarixlərində gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi Belçika Krallığına məxsus ümumvətəndaş pasportunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus giriş-çıxış tarix ştamplarının mövcud olmadığını görmüş və bu hal onda şübhə yaratmışdır. Bu barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını məlumatlandırmışdır. Təxminən 2-3 dəqiqə sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları yaxınlaşıb sərnişin Təqsirləndirilən şəxsözləri ilə aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, həmin sərnişin Təqsirləndirilən şəxs X7 Respublikası vətəndaşıdır, X7 Respublikasına məxsus pasportla Bakı-İstanbul aviareysinə özünə bilet almış, lakin gözləmə zalında olduğu zaman Belçika Krallığına məxsus pasportdan istifadə edib, internet üzərindən Bakı-Frankfurt reysinə bilet almış və Belçika Krallığına məxsus pasportla hava gəmisinə daxil olmaq istəmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-leytenantı Elşən Verdiyevin 21 oktyabr 2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs (Keddaouı Abdelhamid) X8 Hava Limanında sərhəd nəzarəti şöbəsində sənədlərin yoxlanışı sərhəd naryadına təqdim etdiyi X7 Respublikasına məxsus ********* nömrəli pasport İAMAS-da rəsmiləşdirilərək dövlət sərhədindən buraxılmışdır. Vətəndaş Təqsirləndirilən şəxs (Keddaouı Abdelhamid) tranzit zalda olarkən Belçika Krallığına məxsus pasport və İD kart əsasında LH0613 nömrəli Bakı- Frankfurt aviareysinə online bilet və minik talonu alaraq Azərbaycan Respublikasında Almaniya Federativ Respublikasına gedən təyyarənin minik qapısına yaxınlaşmış, biletini və Belçika Krallığına məxsus pasportunu aviakompaniyanın əməkdaşına təqdim etmişdir. Pasportda sərhəd naryadının giriş-çıxış tarix ştampları olmadığı üçün sərhəd naryadı tərəfindən Belçika Krallığına məxsus pasporta və İD karta baxış keçirilən zaman tam saxta olduğu üçün 21 oktyabr 2025-ci il tarixdə saat 02:10 radələrində saxlanılmışdır. Dövlət Sərhəd Xidmətinin Əməliyat-axtarış baş idarəsindən alınmış sorğunun cavabından görünürki, Təqsirləndirilən şəxs (Keddaouı Abdelhamid) 2 (iki) halda rəsmi qaydada dövlət sərhədindən hərəkəti qeydə alınmışdır. Dövlət Təhlükəsizliyi Xidmətindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs (Keddaouı Abdelhamid) barəsində əməliyyat əhəmiyyətli və nüfuzdan salan məlumatlar daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasın Mərkəzindən daxil olmuş ekspert rəyindən görünür ki, təqdim olunmuş Təqsirləndirilən şəxs (Keddaouı Abdelhamid) adına olan GY7823604 nömrəli Belçika Krallığına məxsus pasporta və həmin şəxsin adına olan ***-*******-48 nömrəli Belçika Krallığına məxsus eyniləşdirici karta oxşar tədqiqat obyektləri xüsusi mühafizə (poliqrafik, texnoloji və fiziki kimyəvi) vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır və Belçika Krallığının pasportuna və eyniləşdirici kartına uyğun deyildir. “Tutma haqqında protokol”dan görünür ki, Keddau (Keddaoui) Abdelhamid 21 oktyabr 2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Keddau (Keddaoui) Abdelhamidin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmışdır. X7 Respublikasının Dini İşlər və Vəqflər Nazirliyindən verilmiş xasiyyətnamədən görünür ki, Keddau (Keddaoui) Abdelhamid Şəlf şəhərinin Ət-Taqva məscidində xx.xx.2024-cü il tarixdən imam-professor kimi imamlıq vəzifəsini icra edir, geniş hörmət və ümumi etimad qazanmışdır. X7 Respublikasının Vətəndaşlıq Vəziyyəti haqqında ailə vərəqindən görünür ki, Keddau (Keddaoui) Abdelhamidin himayəsində biri xx.xx.2019-cu, ikisi isə xx.xx.2022-ci il təvəllüdlü olmaqla üç azyaşlı uşaqları var. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Keddau (Keddaoui) Abdelhamid əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Keddau (Keddaoui) Abdelhamid bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd etməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Keddau (Keddaoui) Abdelhamidin törətdiyi cinayət əməli CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən, Keddau (Keddaoui) Abdelhamidin ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını və müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz (CM-nin 63.3-cü maddəsi). Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər (CM-nin 52.1-ci maddəsi). “CM-nin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi biləbilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Keddau (Keddaoui) Abdelhamidə yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxs Keddau (Keddaoui) Abdelhamidin əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi hər bir maddəyə nisbətdə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən (cinayətlərin məcmusuna az ağır cinayətlər daxildirsə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, maddi sübut kimi tanınmış GY7823604 nömrəli pasport cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 720 (yeddi yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxs Keddau (Keddaoui) Abdelhamiddən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Keddau (Keddaoui) Abdelhamid CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Keddau (Keddaoui) Abdelhamidə CM-nin 29,318.1 maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Keddau (Keddaoui) Abdelhamidə qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 21 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keddau (Keddaoui) Abdelhamid əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 720 (yeddi yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Keddau (Keddaoui) Abdelhamiddən tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) keçirilsin. Maddi sübut kimi tanınmış GY7823604 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə onun bildiyi dildə tərcümə edilmiş halda verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(5-95)-1/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-1/2026
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver