Məhkəmə qərarları › İş №1(5-95)-14/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-14/2026

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-14/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küç ev 29, mənzil 7/6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, yeni tikilidə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Albalılıq yaşayış massivi, Musa Nağıyev küçəsi, dalan 7-də yerləşən Zərərçəkmiş şəxs məxsus olmaqla yaşadığı nömrəsiz fərdi yaşayış evini bir müddət müşahidə edib işıqlarının axşamlar sönülü olmasını görüb evdə heç kimin olmadığını bilərək xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində həmin evin hasarından aşaraq həyətə daxil olub orada yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin plastik materialdan olan sağ yan pəncərəsini sıxıb açaraq pəncərədən evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz daxil olaraq oradan masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 25 manat təşkil etməklə cəmi 50 manat dəyərində 02 ədəd kamera aparatından və divara quraşdırılmış 900 manat dəyərində 120 sm diaqonallı 01 ədəd “Sony” markalı televizordan ibarət cəmi 950 manat dəyərində əmlakları götürüb evə girdiyi pəncərədən həyətə oradan isə hasardan aşaraq küçəyə çıxardıb özü ilə apararaq özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 950 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan fərdi tikilidə yaşayır. 2025-ci ilin dekabr ayının əvvəllərində maddi çətinlikdən əziyyət çəkdiyinə görə yaşadığı massivdə yerləşən evlərin hansısa birindən oğurluq edərək əldə etdiyi əşyanı satmaqla əldə etiyi pula maddi çətinliklərini aradan qaldırmağı planlaşdırmışdır. Bu məqsədlə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Musa Nağıyev küçəsi, dalan 7 ünvanında yerləşən sonradan ad, soyad və ata adının Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi iki mərtəbəli fərdi yaşayış evində bir neçə gün ərzində yaşayışın olmamasını müəyyən edərək oranı müşahidə etməyə başlamışdır. Müşahidə etdiyi Zərərçəkmiş şəxs məxsus evə xx.xx.2025ci il tarixdə də heç kimin gəlib getmədiyini dəqiqləşdirdikdən sonra həmin evə gizli daxil olaraq oradan oğurluq etmək qərarına gəlmiş və xx.xx.2025-ci il tarixdən xx.xx.02025-ci il tarixə keçən gecə saat 01:00 radələrində evin hasarını yaxınlaşaraq oranı aşmaqla həyətə qanunsuz daxil olmuşdur. Daha sonra iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin sağ yan hissəsində plastik materialdan olan pəncərəni zor tətbiq etmədən mexaniki üsulla açaraq pəncərədən evin qonaq otağına qanunsuz daxil olmuşdur. O, evin qonaq otağında olan divardakı 120 sm dioqanallı 1 (bir) ədəd “Sony” markalı televizoru, habelə qonaq otağında olan masanın üzərindəki iki ədəd kamera cihazını götürərək, pəncərədən çıxmış, daha sonra həyətdə olan pilləkən vasitəsilə hasara çıxaraq oradan yerə düşüb, oğurladığı əşyaları götürərək oradan uzaqlaşmış və yaşadığı ünvana getmişdir. Televizoru yaşadığı ünvanda saxlamışdır ki, uyğun müştəri tapan kimi onu satsın. Lakin televizoru satmağa imkan tapmamış xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən qeyd edilən evdən oğurluq etməsi müəyyən edilmiş və o oğurladığı televizoru polis əməkdaşlarına qaytarmışdır. Təqsirləndirilən şəxs oğurladığı televizorun 900 (doqquz yüz) manat, iki ədəd kameranın isə hər birinin 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 950 manat məbləğində ziyan vurduğunu qəbul etmişdir. O oğurladığı televizorun zərərçəkmiş şəxsə qaytarıldığını, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini nəzərə alınmasını barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evindən təkbaşına çıxaraq ərazini tərk etmiş, həmin vaxt evdə və həyətdə hər hansı bir şübhəli hal müşahidə etməmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində yenidən bağ evinə qayıtmış, evin giriş qapısını açarla açaraq içəri daxil olmuşdur. Daxil olarkən evin birinci mərtəbəsinin sağ tərəfdə yerləşən pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Həmin zaman evin qonaq otağından ona məxsus olan, 120 sm ölçülü 900 (doqquz yüz) manat dəyərində “Sony” markalı televizorun, habelə hər biri 25 (iyirmi beş) manat dəyərində olan iki ədəd müşahidə kamerasının (ümumi dəyəri 50 manat) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Baş vermiş hadisə ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Ona ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Sonrakı günlərdə polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs müəyyən edilmiş və sonuncu onun evindən taladığı televizoru polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra mütsəntiq tərəfindən həmin televizor ona tanınmaya təqdim edilmiş, o da evindən oğurlanan televizoru görərək tanımış, mestəntiq tərəfindən televizor ona saxlanılması üçün təqdime dilmişdir. Zərərçəkmiş şəxs daha sonra bildirmişdir ki, hadisə ilə bağlı şikayət və tələbi yoxdur. Evdən qeyd olunan əşyalardan başqa hər hansı digər əmlak oğurlanmamış, hadisənin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan günlərində birində baş vermiş, Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, onu evinin ətrafında görməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilən: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Musa Nağıyev küçəsi, dalan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evdən televizor oğurlanması haqqında məlumat Bakı şəhəri Xəzər rayon polis idarəsinin 2-ci polis şöbəsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayon polis idarəsinin 2-ci polis şöbəsinə ünvanladığı ərizədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Musa Nağıyev küçəsi, dalan 7 ünvanında yerləşən evindən bir ədəd 900 manat dəyərində “Sony” markalı televizor və iki ədəd müşahidə kamerası oğurlanmış, ümumilikdə ona vurulmuş maddi ziyan ***-**** manat təşkil edir. Hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi evə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanan “Sony” markalı televizor ona təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən ev hansı ardıcıllıq daxil olması, habelə evdən əşyaları gizli olaraq taladıqdan sonra hansı qaydada çıxmasını əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddə ilə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2026-cı il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayətin predmeti olan “Sony” markalı televizor maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı iddia və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilmiş və məhkumluğu hadisə törədilən tarixə ödənilmişdir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatı”larına əsasən, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma dövründə müdafiə etmiş vəkil X7 hər iş saatına görə 11 manat olmaqla sərf etdiyi 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat, həmçinin məhkəmə icraatı dövründə müdafiə etmiş vəkil X6 hər iş saatına görə 11 manat olmaqla sərf etdiyi 10 iş saatı üçün 110 (yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat təşkil edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ... ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. (52-1.4.) Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti ... azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün ... hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 177.1-ci maddəində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə ... beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177.2.1-177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi(bundan sonra mətndə CPM): 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini … məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. 124.2-ci maddəsinə əsasən cinayət prosesində (124.2.1.) şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələri, (124.2.3.) maddi sübutlar, (124.2.4.) istintaq və məhkəmə hərəkətlərinin protokolları və (124.2.5.) digər sənədlər sübut kimi qəbul olunur. 125-ci maddəsinə əsasən CPM-in tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. 141.2-ci maddəsinə əsasən cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən ... müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün ... əsası kimi qəbul edilə bilər. Bu halda sübutların tədqiq edilmədən müəyyən olunmuş halları cinayət prosesinin digər iştirakçılarına deyil, yalnız razılığa gələnlərə münasibətdə müəyyən edilmiş hesab olunur. 193.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa ... cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. 197.1-ci maddəsinə əsasən (197.1.5.) şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərina aid edilir. (197.2.) ... məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarına (bundan sonra mıtndə Plenum Qərarı) əsasən məhkəmələr oğurluğa ... dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin ... olmadığı vaxt ... əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Plenum Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə ... qanunsuz daxil olmaq dedikdə oğurluq ... məqsədilə həmin yerlərə gizli ... formada girmək başa düşülməlidir. Plenum Qərarının 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış ... sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq ... daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən ... yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi ... başa düşülür. Plenum Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən ... cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında (bundan sonra mətndə Sərəncam) qeyd edilmişdir ki, ... məhkəmə icraatı zamanı ... az ağır ... cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndinə əsasən cəzanın ... məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza ... tətbiqi genişləndirilsin. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamına əsasən, onların məcmusunu ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hadisənin baş vermə faktını etiraf etsə də, onun təqsirliliyi yalnız bu etirafla deyil, iş üzrə toplanmış və bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə təsdiqini tapmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini sübuta yetirən həlledici sübut kimi yuxarıda qeyd edilən cinayətin predmeti olan televizorun Təqsirləndirilən şəxs yaşayış yerindən aşkar edilməsi, ifadələrin yerində yoxlanılması və digər istintaq hərəkətləri çıxış edir ki, bu sübut da prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməsi səbəbindən heç bir şübhə doğurmur və ittihamın əsasını təşkil etmək üçün tam yararlıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsiri Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq edilmiş ifadəsi ilə də öz təsdiqini tapır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 141.2-ci maddəsinə əsasən həm ittiham tərəfi, həm də müdafiə tərəfi cinayətin predmeti olan televizorun dəyərinin 900 (doqquz yüz) manat, iki ədəd müşahidə kamerasının hər birinin dəyəri 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə vurulmuş ziyanın 950 (doqquz yüz əlli) manat olmaqla qəbul etdiklərini, cinayətin predmetinin dəyəri haqqında hər hansı mübahisə olmadığını bəyan etdiklərindən bu hissədə hər hansı tədqiqiqatın (cinayətin predmetlərinin qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirilmə) aparılmasına lüzum bilmir, çünki bununla bağlı tərəflərin məlum mövqeyi vardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, əməlinin cinayət olmasını aradan qaldıran və ya onu cinayət məsuliyyətindən azad edən hallar müəyyən edilmədiyindən, ona qanunla nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsində təsbit edilmiş fundamental prinsipləri – ədalət (maddə 8.1), cəzanın məqsədləri (maddə 41) və cəza təyin etmənin ümumi əsaslarını (maddə 58.3) rəhbər tutur. Məhkəmə həmçinin, bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini, xüsusilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının göstərişlərini nəzərə alır. Məhkəmə, həmçinin cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və taladığı televizoru zərərçəkmiş şəxs qaytarmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, məhkəmə cəza növünü seçərkən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən digər məlumatları da diqqətdən kənarda saxlaya bilməz. Cinayətin mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmasını, törətdiyi əməli maddi çətinlikdən əziyyət çəkməsi ilə əlaqədar olmasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi alternativ cəza növlərini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmə cinayət törətmiş şəxs barəsində işin konkret hallarını və şəxsiyyəti haqqında məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu, xüsusən də cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırmasını nəzərə alaraq, onun islah olunmasının hələ də cəmiyyətdən təcrid edilmədən mümkün olduğu qənaətinə gələrək, cəzanın ədalətlilik prinsipinə tam uyğun olmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini zəruri və kifayətdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla 4 gün hesabı ilə hesablanmalı və təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından həmin müddət çıxılmaqla qəti cəza təyin edilməlidir. O cümlədən Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlaklar müəyyən edilmədiyindən xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “Sony” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma dövründə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 hər iş saatına görə 11 manat olmaqla sərf etdiyi 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat, məhkəmə icraatı dövründə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 hər iş saatına görə 11 manat olmaqla sərf etdiyi 10 iş saatı üçün 110 (yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T. BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

3. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

4. Təqsirləndirilən şəxs cəzasının icrası müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.

5. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.

6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın.

7. İş üzrə maddi sübut kimi tanınmış “Sony” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın.

8. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın.

9. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma dövründə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat, həmçinin məhkəmə icraatı dövründə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 10 iş saatı üçün 110 (yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T. BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün.

10. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

11. Apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar